Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4302/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, Ərizəçi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Novruzov Murad kimi qeyd edilən 1964-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, ev 114 nömrəli fərdi yaşayış evinə dair dekabr 1964-cü il tarixdə tərtib edilmiş texniki pasportun Novruz Murad oğluna, yəni eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, babası Novruz Murad oğlunun adına Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 114 nömrəli fərdi yaşayış evinə dair dekabr 1964-cü il tarixdə tərtib edilmiş texniki pasportda adının Novruz Murad oğlu olmasına baxmayaraq, Novruzov Murad kimi qeyd olunmuşdur. Halbuki, özünə məxsus ölüm haqqında şəhadətnamə, atasının ölüm və doğum haqqında şəhadətnamə ilə də sübut olunur ki, babasının adı Novruz Murad oğludur. Qeyd edilən texniki pasportda göstərilən fərdi yaşayış evinin sahibi babası olmuş, babasından vərəsəlik qaydasında nənəsinə və ondan da ona miras qalmışdır. Həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları tanınıb və buna dair dövlət reyestrindən çıxarışda verilib. Göründüyü kimi, daşınmaz əmaka dair əşya hüququnun almasına dair hüquqmüəyyənedici sənədi mövcuddur. Ərizəyə əlavə edilən dövlət reyetrindən çıxarışla müəyyən olunur ki, vəsiyyət üzrə vərəsə olaraq babasından qalmış əmlaka, o cümlədən, hazırkı evə mülkiyyət hüququnun olması mübahisəsizdir. Hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Daha sonra ərizəçinin vəkili və nümayəndəsi Vəkil tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Novruzov Muradın adına tərtib edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 12.1964-cü il tarixli, 507933 nömrəli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun xx.xx.1969-cu il tarixdə ölmüş Novruz Murad oğluna məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi və vəkili X5 ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. MPM-nin 305.1.1-ci, 307.2.5-ci, 308-ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçinin yaxın qohumu olan babasının sənəddə göstərilən adı və atasının adı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı ilə düz gəlmədiyindən, hüquq müəyyən edici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır. Respublika VVA arxivi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş 13/2-460-01 nömrəli doğum haqqında şəhadətnamənin dublikatından görünür ki, Süleyman Novruz oğlu xx.xx.1932-ci ildə Bakı şəhərində anadan olmuş və bu barədə xx.xx.1932-ci il tarixdə Nərimanov rayon VVADQ şöbəsində 91 nömrə ilə doğum haqqında aktın qeydi tərtib edilmiş, ata qrafasında Novruz Murad oğlu, ana qrafasında Kübra Yaqub qızı qeyd edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş 12.1964-cü il tarixli, 507933 nömrəli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, sözügedən ev Novruzov Murada məxsusdur. 1 Saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 05/Q-4215/69 nömrəli nikah haqqında şəhadətnamənin dublikatından görünür ki, Novruz Murad oğlu ilə X10 nikaha daxil olmuşlar və bu barədə Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.1966-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 117 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Novruz soyadı verilmişdir. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, AZ-İİ saylı, 272733 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Novruz Murad oğlu xx.xx.1969-cu ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1969-cu il tarixdə 1211 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi kəskin ürək qan-damar çatışmazlığı kimi müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1978-ci il tarixdə verilmiş Vİ- ЖГ seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, atası Süleyman Novruz oğlu, anası X3r. Nəsimi rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş, AZ-İ serialı, 130676 nömrəli ölüm haqqında şəhadətnamənin suətindən görünür ki, Süleyman Novruz oğlu xx.xx.2005-ci ildə ölmüş və bu barədə ölüm haqqınd akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 380 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi beyin insultu kimi müəyyən edilmişdir. Ərizəçi ilə qızı X8 (X1 nümayəndəsi) arasında bağlanılmış xx.xx.2017-ci il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsinin suətindən görünür ki, X6 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini hədiyyə alan-Ərizəçi bağışlamışdır. Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, fərdi yaşayış evinin qeydiyyata alındığı reyestr kitabında qeyd olunan hüquq sahibləri ilə idarənin arxivində saxlanılan fərdi yaşayış evinə dair dekabr 1964-cü il tarixdə tərtib edilmiş texniki pasporta qeyd edilmiş hüquq sahibi Novruzov Murad arasında əlaqələndirici sənəd təqdim edilməmişdir. Bundan əlavə fərdi yaşayış evinin yerləşdiyi ümumi əraziyə digər şəxsin idarəyə müraciəti daxil olmuşdur. “Daşınmaz Əmlakın dövlət reystri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçirilməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təstiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın dövlət reystri haqqında” Azərbaycan Respublikası qanununun15-ci maddəsinin müddəalarına əsasən ərizənin icasından imtina edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atasını da, babasını da tanıyır. Ərizəçinin babasının adı Novruz, nənəsinin adı Kübrə idi. Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 114 nömrəli fərdi yaşayış evi əvvəldən babasına məxsus idi, hazırda ərizəçiyə məxsusdur, o, orada yaşayır. Ərizəçinin 2 bacısı var, qardaşı yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atasını da, babasını da tanıyır. Ərizəçinin babasının adı Novruz, nənəsinin adı Kübrə idi. Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 114 nömrəli fərdi yaşayış evi əvvəldən babasına məxsus idi, hazırda isə ərizəçiyə məxsusdur, o, orada yaşayır. Ərizəçinin 2 bacısı var, qardaşı yoxdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, məhkəməyə təqdim edilmiş çoxsaylı sənədlərdə ərizəçinin babasının adının “Novruz Murad oğlu” kimi qeyd edildiyi halda, 12.1964-cü il tarixli, 507933 nömrəli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda “Novruzov Murad” kimi qeyd edilmişdir. Bu səbəbdən ərizəçi Novruz Murad oğlunun oğlu Süleyman Novruz oğlunun vərəsəsi kimi bir sıra sənədləşmə işlərində çətinlik çəkmişdir. Ərizəçinin hüquqmüəyyənedici sənədləri verən təşkilata müraciət etməsinə baxmayaraq (Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə), ona “Novruzov Murad”-ın “Novruz Murad oğlu” ilə eyni şəxs olmasına dair sənəddə səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilmiş, bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçinin mərhum babasının adı ilə (Novruz Murad oğlu) 12.1964-cü il tarixli, 507933 nömrəli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilmiş “Novruzov Murad” adı düz gəlmədiyindən, ərizəçi isə “Novruz Murad oğlu” ilə “Novruzov Murad”ın eyni şəxs olmasına dair faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilməli, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Novruzov Muradın adına tərtib edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 12.1964-cü il tarixli, 507933 nömrəli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun xx.xx.1969-cu il tarixdə ölmüş Novruz Murad oğluna məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Novruzov Muradın adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş 12.1964-cü il tarixli, 507933 nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un xx.xx.1969-cu il tarixdə ölmüş Novruz Murad oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4302/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4302/2022
20.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver