Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4311/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 43 saylı Notariat Ofisini cəlb etməklə Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 43 saylı Notariat Ofisini cəlb etməklə Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdə X6 ilə rəsmi nikaha daxil olmuşdur. Nikahda olduqları müddətdə digər əmlaklarla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 153 a ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 34,92 kv.metrdən ibarət fərdi yaşayış evi (sonradan – mübahisəli əmlak) xüsusi mülkiyyətə verilmişdir. Əri xx.xx.2013-cü il tarixdə öldüyündən vərəsəlik işinin açılması üçün notariat kontoruna müraciət etmişdir. Lakin həmin dövrdə mübahisəli əmlaka dair çıxarış onda olmadığından vərəsəlik şəhadətnaməsində həmin əmlak qeyd olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə çıxarışın dublikatının verilməsi ilə bağlı müraciət etdiyi zaman müəyyən olunmuşdur ki, mübahisəli əmlak 2015-ci il tarixdə ərinin bacısına ərinin atası tərəfindən bağışlanmışdır. Müqavilə bağlanan zaman ölmüş ərinin sağlığında verilmiş etibarnamədən istifadə edilmişdir. Halbuki, həmin etibarnamə əri öldüyü zaman öz hüquqi qüvvəsini itirmişdir. Göstərilənlərə əsasən, Bakı şəhəri 43 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-190 reyestr №-li daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə və bağışlama müqaviləsi əsasında cavabdehin adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 43 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-190 reyestr №-li daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə lazımi qaydada xəbərdarlıq edilmiş, lakin üçüncü şəxs məhkəməyə məktubla müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səadət Sarayının xx.xx.1993-cü il tarixli Vİ-JQ serialı 351007 №-li Nigahın bağlanması haqqında Şəhadətnamədən görünür ki, X7 ilə X5 nikahlarını bağlamışlar və arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin AZ-İ 640963 №-li xx.xx.2013-cü il tarixli Ölüm haqqında Şəhadətnaməsindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 26 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsindən görünür ki, X2 vərəsəsi İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin MA seriyalı ******* №-li xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınma əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, mübahisəli əmlak xüsusi mülkiyyət hüququ əsasında X3 məxsusdur. İş materiallarında olan Bakı şəhəri 43 saylı Notariat Kontorunun 4Ə-190 №-li xx.xx.2015-ci il tarixli Notariat İşindən görünür ki, X6 mübahisəli əmlakın yerləşdiyi 0,12 ha torpaq sahəsinin 0,3 ha hissəsini və onun üzərində yerləşən 14,38 kv.m 1 otaqlı bağ evini xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Cavabdeh hədiyyə etmişdir. Adıçəkilən notariat işindən görünür ki, hədiyyə verən qismində Məmədov Eşqinin adından etibarnamə üzrə nümayəndə X4 iştirak etmişdir. Həmin etibarnamə xx.xx.2010-cu il tarixdə otuz illik müddətinə Bakı şəhəri 27 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmişdir. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, mübahisəli əmlak Eşqin Məmmədova məxsus olmuş, Eşqin Məmmədov sağ ikən X1 xx.xx.2010-cu il tarixdə 30 illik müddətinə onun adından hərəkətlər etmək üçün etibarnamə vermiş, sonuncu isə Eşqin Məmmədov öldükdən sonra mübahisəli əmlakın bir qismini həmin etibarnamə əsasən Cavabdeh bağışlamışdır. Hazırda iddiaçı mübahisə predmeti olan bağışlama müqaviləsinin etibarsız hesab edilməsini istəyir. Məhkəmə hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-339.4-cü maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 365.1.8-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Göründüyü kimi, mübahisəli əmlak əslində xitam verilmiş etibarnamə əsasında bağışlanmışdır. Bu əsasdan həmin bağışlama əqdi etibarsız hesab edilməlidir. Həmçinin məhkəmə bağışlama müqaviləsinin bağlanmasının üzərindən keçən vaxt üçün bildirir ki, qeyd olunan hal iddiaçıya 2020-ci ilin avqust ayında notariat ofisinə mübahisəli torpaq sahəsini vərəslik şəhadətnaməsi əsasında adına rəsmiləşdirmək üçün müraciət edən zaman bəlli olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, Bakı şəhəri 43 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-190 reyestr №-li daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 43 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-190 reyestr №-li daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4311/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4311/2020
06.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver