Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4314/2025 08.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən evi 2006-cı ildə AN-1 ******* saylı alqı-satqı yolu ilə almış və həmin evə dair çıxarışı vardır. Müqaviləyə əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 2009cu ildən elektrik enerjisi ilə təmin olunmuşdur. Qeyd olunan ünvanı digər şəxsə satmaq istəyərkən məlum olmuşdur ki, 2001-ci ildən 1079 manat 82 qəpik borcu yaranmışdır. Bu borcdan iddiaçının məlumatı olmayıb, çünki iddiaçı 2006-cı ildən həmin əmlakı alarkən hər hansı bir borc barəsində ona məlumat verilməmişdir. Bu faktları təsdiq etmək üçün eyni zamanda iddiaçı orada yaşayan qonşuların iştirakı ilə notarius vasitəsi ilə akt tərtib etmişdir. Həmin aktda qeyd olunur ki, iddiaçı 2006-cı ildən bu evi alqı-satqı yolu ilə almış, 2009-cu ilə qədər burada təmir işləri gedib və 2009-cu ildən faktiki bu ünvanda yaşayır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya məxsus **********70000 saylı abonent koduna hesablanmış 1079.82 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, o, evi 2006-cı ildə almış və oraya 2009-cu ildə köçmüşdür. 2001-2002-ci illərdə həmin evdə yaşamamış, o dövrə aid borcu yoxdur. Yaşadığı müddət ərzində həmişə ödənişlərini tam və vaxtında yerinə yetirmişdir. Borcun olmağından evi satarkən xəbəri olmuşdur. Hazırda elektrik sayğacı mənzilin yeni mülkiyyətçisinin adına keçirilə bilmir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan xx.xx.2009-cu il tarixli akta əsasən Buzovna qəsəbəsindəki Natavan küçəsi, ev 37-də yaşayan İddiaçı qonşuları həmin aktla həmin evin sahibi Səfiyə Əlibaxış qızının vəfatından sonra 1994-cü ildən 2006-cı ilin mart ayına qədər həmin ev yararsız hala düşdüyü üçün orada yaşayışın olmadığını, 2006-cı ildə Natavan küçəsindəki 37 saylı mülkün İddiaçı Səfiyə Əlibaxış qızının qohumu X1 alqı-satqı yolu ilə aldığını, həmin evin əsaslı təmirinin 2009-cu ildə başa çatdığı üçün İddiaçı orada yaşamağa başladığını bildirmişlər. 7.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, abonent kodu **********70000 olan sayğaca 2001-2002-ci illər üzrə 1079.82 manat məbləğində borc hesablanmışdır. 8.Mülki işin materiallarında olan X2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 tərəfindən Bakı şəhəri, Buzovna qəsəbəsi, Natavan küçəsi, 37 saylı ev İddiaçı mülkiyyətinə verilmişdir. 9.Mülki işin materiallarında olan Barmek Azərbaycan EŞ MMC tərəfindən Səfiyə Əlibaxış qızına ünvanlanan bildirişə əsasən onun Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Natəvan küçəsi, mənzil 37 üzrə borcu yoxdur, hesablamalarda xx.xx.2002-ci il tarixinə qədər olan borc nəzərə alınmamışdır. 10.Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, qeyd edilən ünvana aid **********70000 saylı abunə kodu üzrə elektrik enerjisi hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə 1079.82 manat borcun olduğu müəyyən edilmişdir. Bu borc 2009-cu ilədək yaranmışdır və ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Borcun yaranma tarixindən beş ildən artıq müddət keçdiyinə görə baxılması mümkün deyildir. "xxxx" ASC tərəfindən **********70000 saylı abunə kodu üzrə borcun olmamasına dair arayış verilməmişdir. Bu səbəbdən abunə kodunda ad dəyişikliyi edilərkən və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən qeyd edilən borc mənzilin mülkiyyətçisi tərəfindən ödənilməlidir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 2006-cı il tarixdə iddiaçı tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş, 2009-cu il tarixdən həmin evdə yaşamağa başlamış, 2024-cü ildə evi başqasına satmış və həmin şəxs evə dair sayğacı öz adına keçirmək istədiyi zaman sayğac üzrə 2001-ci ildən 1079.82 manat məbləğində borcun qaldığı müəyyən edilmişdir. 12.Hazırda iddiaçı, həmin sayğac üzrə borcun onun tərəfindən fərdi yaşayış evi əldə edilməmişdən öncə yarandığını iddia edərək, həmin borcun silinməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 14.«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır 15.«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 17.Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. 18.“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 19.Hazırki iş üzrə işin müəyyən edilən hallarına əsasən iddiaçı, borcun silinməsini tələb etdiyi mənzili 2006-cı ildə alqı-satqı yolu ilə əldə etmiş, həmin mənzildə 2009-cu il tarixdən etibarən yaşamağa başlamış və sonradan mənzili başqa şəxsə özgəninkiləşdirmişdir. Mənzilin hazırki mülkiyyətçisi mənzildə yerləşən elektrik sayğacını adına keçirmək istədiyi zaman müəyyən edilmişdir ki, sayğac üzərində 2001-2002-ci illərə dair 1079.82 manat məbləğində borc mövcuddur. Hazırda iddiaçı borcun onun mənzili aldığı və yaşadığı dövrdə yaranmadığını iddia edərək borcun silinməsini tələb edir. 20.Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı, hazırki vəziyyətdə mənzilin mülkiyyətçisi olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. 21.Odur ki, iddia tələbi subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından əsassız hesab edilməklə təmin edilməməlidir. 22.Məhkəmə həmçinin, onu da qeyd edir ki, borcun silinməsi tələbini borcun yaranmasını əsassız hesab etdiyi halda ya mənzilin əvvəlki mülkiyyətçisi, ya da sayğacı öz adına keçirməsi və yeni abunə kodu ala bilməsi üçün iddiaçıdan mənzili alqı-satqı yolu ilə əldə edən hazırki mülkiyyətçisi irəli sürə bilər. 23.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 24.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4314/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4314/2025
08.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver