Məhkəmə qərarları › İş №2(006)-4319/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4319/2022

10.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4319/2022 10.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi və s.» tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına olan **********10003 saylı abonent kodunda qeyd edilmiş 1035,89 (bir min otuz beş manat səksən doqquz qəpik) manat məbləğində borcun silinməsi və elektrik enerjisinin sərfiyyatına görə ödədiyi pulun tutulmuş hissəsinin məbləğinin müəyyən edilərək cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən sahəsi iddiaçının mülkiyyətindədir və bu barədə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ona MA seriyalı ******* saylı xx.xx.2010-cu il tarixli çıxarış verilmişdir. İddiaçı həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə pasport qeydiyyatındadırlar. Cavabdehlə 2006-cı ildə bağlanmış müqaviləyə əsasən, iddiaçının istifadəsinə verilmiş sayğac 2021-ci ildə “Smart-kart” tipli sayğacla dəyişdirilmişdir. Yeni sayğac quraşdırılarkən müvafiq akt tərtib edilmiş və elektrik enerjisinin sərfiyyatına görə borcunun olmaması barədə iddiaçıya məlumat verilmişdir. Buna baxmayaraq, yeni sayğac quraşdırıldıqdan sonra elektrik enerjisi sərfiyyatına görə terminallar vasitəsilə iddiaçı tərəfindən ödənilmiş pulun təxminən 20 %-i nəyə görəsə silinirmiş. İddiaçı buna əhəmiyyət verməmiş, lakin son 3 ayda elektrik enerjisi sərfiyyatına görə terminallar vasitəsilə iddiaçı tərəfindən ödənilmiş pulun təxminən 50 %-nin silinməsinə başlanılmışdır. Məlum faktları nəzərə alaraq, iddiaçı elektrik enerjisi sərfiyyatına görə terminallar vasitəsilə **********10003 saylı abonent koduna ödədiyi pulun bir hissəsinin hansı əsasla borca və ya nəyə görə silinməsi barədə açıqlama verilməsinə dair xx.xx.2022-ci il tarixli məktubla "xxxx" ASC-nin Suraxanı RETSİ-yə müraciət etmiş, həmin idarədən iddiaçıya ünvanlanmış 91SŞ-114 saylı xx.xx.2022-ci il tarixli məktubdan elektrik enerjisi sərfiyyatına görə 1035,89 manat borcunun olması məlum olmuşdur. Sözügedən borcla bağlı cavabdeh tərəfindən iddiaçıya həmin vaxta qədər məlumat verilməmiş və iddiaçı hər hansı digər mənbədən məlum borcla bağlı məlumat almamış, habelə “Smart-kart” tipli sayğac quraşdırılarkən bu borcla bağlı akt tərtib edilməmiş və həmin akt iddiaçıya təqdim edilməmişdir. Cavabdeh sözügedən məktubunda bu borcun necə və hansı tarixdə yaranması barədə açıqlama verməmiş, habelə məlum borcun hüquqi əsaslarını qeyd etməmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulur. Belə ki, cavabdeh məlum borcun necə və hansı tarixdə yaranması barədə heç bir açıqlama vermədən, bu barədə iddiaçıya rəsmi məlumat vermədən enerji istehlakına görə ödənilən pulun bir hissəsini müvafiq səlahiyyət olmadan tutmuşdur. Buna görə də cavabdehin bu qanunsuz hərəkətləri iddiaçının istehlakçı hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə təqdim edərək, baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edib, əvvəlki məhkəmə iclasında verdiyi izahata uyğun izahat verərək, iddianı qəbul etmədiyini, hazırda silinməsi tələb olunan borc məbləğinin 2015-ci ilədək yaranmış borc olduğunu qeyd edib, iddiaçı tərəfindən iddia ərizəsinin qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti (3 il) ötdükdən sonra məhkəməyə verildiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iddia müddətinin tətbiq edilməsi barədə ərizəni nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı "xxxx" ASC-nin Suraxanı RETSİ-dən silinən məbləğlərin əsası və səbəblərinin açıqlanmasını xahiş etmişdir. Mülki işin materiallarında olan Suraxanı Rayonu Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçının mənzilində istehlak olunmuş elektrik enerjisinin dəyəri ödənilmədiyi üçün xx.xx.2022-ci il tarixinə 1035,89 manat borcu olduğundan, ödədiyi məbləğin 50 %-i borcdan silinir, digər 50 %-i onun elektrik enerjisindən istifadə edə bilməsi üçün SMART sayğaca yüklənir. Mülki işin materiallarında olan abunə haqqında sənəddən görünür ki, İddiaçı verilmiş **********10003 saylı abonent kodunun sayğac quraşdırılan xx.xx.2021-ci il tarixinə 1035,89 manat məbləğində borcu olmuş, sayğac quraşdırmadan sonra ödənilən 908 manatdan 666 manatı karta yüklənmiş, 242 manat borcun ödənilməsinə yönəldilmişdir və hazırki borcun məbləği 793,89 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı verilmiş **********10003 saylı abonent kodunun sayğac quraşdırılan xx.xx.2021-ci il tarixinə 1035,89 manat məbləğində borcu olmuşdur. Borcun yaranma tarixi isə 2015-ci ilə qədər olan dövrə təsadüf etmişdir. İddiaçının evinə xx.xx.2021-ci il tarixində yeni sayğac quraşdırılmış, onun tərəfindən abonent kodu üzrə kart hesabına ümumilikdə 908 manat məbləğində ödəniş edilmiş, bu məbləğin 666 manat hissəsi karta yüklənmiş, 242 manatı isə mövcud borcun ödənilməsinə yönəldilmişdir. Hazırda iddiaçının cavabdehə olan borcunun məbləği 793,89 manat təşkil edir və qeyd edilməlidir ki, bu borc məbləği də 2015-ci ilədək yaranmışdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının cavabdehə olan borcunun yaranma vaxtı 2015-ci ilə qədər olan dövrə təsadüf etmişdir. Mülki qanunvericiliyin normalarına əsasən, həmin borc öhdəliyi ilə bağlı cavabdehin iddiaçıdan ödəniş etmək tələbi artıq qüvvəsini itirmişdir, ona görə də iddiaçı hazırki iddia tələbi ilə iddia qaldırmaqla həmin borcun silinməsini məhkəmə qaydasında tələb etməkdə qismən haqlı olmuşdur. Belə ki, iddiaçının iddia tələbinin “**********10003 saylı abonent kodunda qeyd edilmiş 1035,89 (bir min otuz beş manat səksən doqquz qəpik) manat məbləğində borcun silinməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı ona aid olan abonent kodunda qeyd edilmiş 1035,89 manat məbləğində borcun silinməsini tələb etsə də, iş materiallarından müəyyən edilir ki, hazırda iddiaçının **********10003 saylı abonent kodu üzrə cavabdehə 793,89 manat məbləğində borcu vardır. Bu səbəbdən də iddia bu hissədə qismən təmin edilməli, İddiaçı adına olan **********10003 saylı abonent kodunda qeyd edilmiş 793,89 (yeddi yüz doxsan üç manat səksən doqquz qəpik) manat məbləğində borc silinməlidir. İddia tələbinin “elektrik enerjisinin sərfiyyatına görə iddiaçının ödədiyi pulun tutulmuş hissəsinin məbləğinin müəyyən edilərək cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən iddiaçı tərəfindən cavabdehə elektrik enerjisinin sərfiyyatına görə 242 manat məbləğində ödəniş edilməsi müəyyən edilmişdir. Lakin mülki qanunvericiliyin normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin bu hissəsində haqlı olmamışdır, bu səbəbdən də iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2-551.2.1-ci maddəsinə görə, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 554.2-ci maddəsinin tələbinə əsasən, öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Sözügedən Məcəllənin 383-cü maddəsinə görə, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Beləliklə, məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən hesab edir ki, iddiaçının cavabdehə olan 793,89 manat məbləğində borcu Mülki Məcəllənin 551.2.1-ci maddəsində nəzərdə tutulan digər vaxtaşırı ödənişlərdən yaranmış borc kimi qiymətləndirilməli və hazırki hüquq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti Mülki Məcəllənin 551.2-551.2.1-ci maddəsinə əsasən beş il kimi müəyyən edilməlidir. İddiaçının cavabdehə olan 793,89 manat məbləğində borcu 2015-ci ilədək yarandığından, cavabdehin iddiaçıdan həmin borcu tələbetmə müddəti olan 5 ildən artıq vaxt keçməsi halı aşkardır. Bu səbəbdən də cavabdehin sözügedən borc öhdəliyi üzrə iddiaçıya qarşı tələb irəli sürmək hüququ 2020-ci ildən etibarən artıq mövcud deyildir. Belə ki, həmin borcun yarandığı tarixdən 5 ildən artıq müddət keçdiyi, bu günə qədər "xxxx" ASC borc tələbi ilə bağlı məhkəmədə iddia qaldırmadığı və cavabdeh tərəfindən borcun olmasını etiraf etməklə əlaqədar hər hansı hərəkət edilmədiyi üçün artıq həmin öhdəliyə xitam verilmişdir. Göstərilənlərə əsasən, iddiaçı 793,89 manat məbləğində borca münasibətdə borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçı tərəfindən 242 manat məbləğində pulun öhdəlik müddətinin keçdiyini bilmədən ödənilməsinə baxmayaraq, iddiaçı müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəməkdə isə haqlı olmamışdır. Göstərilənlərə əsasən, iddia qismən təmin olunaraq, İddiaçı adına olan **********10003 saylı abonent kodunda qeyd edilmiş 793,89 (yeddi yüz doxsan üç manat səksən doqquz qəpik) manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin, cavabdehin nümayəndəsi tərəfindən verilən iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə aşağıdakı hüquq normalarına əsasən münasibət bildirməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 375-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə müvafiq olaraq, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 380.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il Qərarından görünür ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqeni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə ərizəni qeyd edilən hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilən ərizə iddiaçıya deyil, cavabdehə aid olan iddia müddətinin keçməsini özündə ehtiva edir. Belə ki, iddiaçıya məxsus abonent koduna yazılan borc 2015-ci ilədək yaranmış borcdur, həmin borcun yaranmasından 5 ildən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməmiş, iddiaçı həmin borcu etiraf etməsinə dair hər hansı hərəkət etməmiş, yəni borc üzrə heç bir ödəniş etməmiş, buna görə də cavabdehin iddiaçıdan borcu tələb etməsinə dair qanunla müəyyənləşdirilən iddia müddəti ötürülmüşdür. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən edilən 242 manat məbləğində ödəniş iddia müddətinin axımı dövrünə təsadüf edən 2015-2020-ci illərdə deyil, yalnız 2021-ci ilin mart ayından sonra olmuşdur. Beləliklə, müəyyən olunur ki, "xxxx" ASC tərəfindən borcun məhkəmə qaydasında tələb edilməsi ilə bağlı olan iddia müddətinin axımını kəsən hərəkət nə iddiaçı, nə də cavabdeh tərəfindən edilməmişdir. Buna görə də iddiaçı müddətin keçməsi ilə əlaqədar cavabdeh qarşısında olan öhdəliyinə xitam verilməsi səbəbindən məhkəməyə müraciət edərək borcun silinməsini tələb etməkdə haqlıdır. Qanunvericiliyə əsasən, cavabdeh isə həmin borcu iddiaçıdan 5 il ərzində (yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında olan öhdəlik münasibətləri digər vaxtaşırı ödənişlərdən yaranmış münasibətlər kimi qiymətləndirilir), yəni 2020-ci ilədək tələb edə bilərdi. Göstərilənlərə əsasən, cavabdeh tərəfindən verilən iddia müddətinin tətbiq edilməsi barədə ərizə əsassız olduğundan təmin edilməməlidir. Hazırki məsələ ilə əlaqədar iddia müddətinin kəsilməsi üçün 2 hal mövcud olmalı idi: 1. "xxxx" ASC-nin yaranmış borcun ödənilməsi ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət etməsi; 2. İddiaçı yaranmış borcun etiraf edilməsi ilə bağlı hər hansı hərəkəti etməsi (məsələn, borca görə ödəniş etməsi). Lakin göründüyü kimi, "xxxx" ASC borc yarandıqdan sonra 5 il müddətində müvafiq tələblə məhkəməyə müraciət etməmiş, İddiaçı isə borcunun olmasını etiraf məqsədilə hər hansı hərəkət etməmişdir. Beləliklə, müəyyən edilir ki, 2015-ci ildən başlayan iddia müddətinin axımı 5 il ərzində kəsilməmişdir və 2020-ci ildə həmin müddət başa çatmışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi iddiaçı tərəfindən iddia müddəti ötürülmədən verildiyindən, iddia müddətinin tətbiq edilməsinə dair ərizə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı adına olan **********10003 saylı abonent kodunda qeyd edilmiş 793,89 (yeddi yüz doxsan üç manat səksən doqquz qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar