Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4350/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "ipoteka müqaviləsinin ləğv olunması və mülkün ilkin vəziyyətinə qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "ipoteka müqaviləsinin ləğv olunması və mülkün ilkin vəziyyətinə qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 iyun 2008-ci ildə G236-08 (Ə) saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 50000 manat məbləğində əmlakın ipoteka ilə Gəncə şəhəri, X11 küçəsi 96 ünvanında yerləşən fərdi yaşayış evi yüklü edilərək qarşılıqlı razılığa gələrək müqavilə imzalamışdır. Həmin mülk atası X3 adına 31.04.2017-ci ildə DƏDRX-nin Gəncə Ərazi İdarəsindən çıxarış verilmişdir. İddiaçı həmin mülkdə qeyydiyyatdadır. 2007-ci ildən də həmin mülkdə yaşayır. Mülk kredit müqaviləsinə əsasən ipoteka ilə yüklü edilərkən onun bu barədə qeydiyyatda və həddi-büluğa çatmağına baxmayaraq, heç bir razılıq ərizəsi verməmiş, heç bir sənədə imza etməmişdir. Bu barədə heç bir məlumatı olmamışdır. Onun hüququları qanunla pozulmuş, sənədlər saxtalaşdırılmış, yaşadığı mülk ipoteka ilə yüklü olunmuşdur. Odur ki, ipoteka müqaviləsinin ləğv olunması və mülkün ilkin vəziyyətə qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Gəncə şəhəri, X11 küçəsi 96 ünvanında yerləşən mülkün 20 iyun 2008-ci il tarixli, G236-08 (Ə) saylı kredit müqaviləsinə əsasən qanunsuz olaraq bağlanmış ipoteka müqaviləsinin ləğv olunması və mülkün ilkin vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdi. Bu əsasdan məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək qeyd etdi ki, iddia tələbi tam əsassızdır. İpoteka müqaviləsi lazımi şəxslə və qanunamüvafiq qaydada bağlanmışdır və etibarlıdı. Bu əsasdan nümayəndə iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib,iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün «Nikoyl» X1 Gəncə filialı ilə X7 arasında 20 iyun 2008-ci il tarixli, G236-08 (İ)-2 saylı İpoteka müqaviləsi bağlanılmışdır. Həmin İpoteka müqaviləsinə əsasən yuxarıda qeyd olunan əsas kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası X5 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi 96 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekası ilə təmin olunmuşdur. Həmin müqavilədən görünür ki, bu müqavilənin müddətinin bitməsi tərəfləri müqavilə üzrə yaranmış öhdəliklərin icrasından azad etmir. Müqavilə kredit və ona hesablanmış faiz borcu və digər öhdəliklər tam ödənildikdən sonra öz qüvvəsini itirir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, «Nikoyl» X1 Gəncə filialı ilə X7 arasında bağlanılmış 20 iyun 2008-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən X5 36 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsinin təminatı kimi Bank və ipotekaqoyan X7 arasında 20 iyun 2008-ci il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən X3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi 96 ünvanında yerləşən fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi 96 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır və həmin evdə yaşayır. Mülk kredit müqaviləsinə əsasən ipoteka ilə yüklü edilərkən onun tərəfindən heç bir razılıq ərizəsi verilməmiş və heç bir sənəd imzalanmamışdır. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə öhdəliyin icrası təminatı olaraq ipoteka müqaviləsinin ləğv edilməsini və X3 mülkiyyətində olan fərdi yaşayış evinin yüklülükdən azad edilməsini xahiş etmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən ipoteka müqaviləsinin tərəfləri «Nikoyl» X1 Gəncə filialı və X6r. İddiaçı isə müqavilənin tərəfi deyil və həmin müqavilə üzrə hər hansı hüquqa və vəzifəyə malik deyil. Məhkəmə həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli qərarını əsas gətirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov(ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz kimi hüquqi mövqe ortaya qoymuşdur. Məhkəmə digər tərəfdən qeyd edir ki, müqavilənin ləğv edilməsi haqqında razılaşma müqavilənin tərəfləri arasında müqavilə bağlanılması yolu ilə həyata keçirilir və bununla bağlı razılaşma olmadıqda tərəflər məhkəməyə müraciət edə bilərlər. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının sözügedən müqaviləni mübahisələndirməyə subyektiv hüququ yoxdur. AR Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (maddə 423.2). Məhkəmə hesab edir ki, iddiaçı ipoteka müqaviləsinin tərəfi olmadığından, o müqavilə üzrə hər hansı hüquq və vəzifəyə malik deyil. Bu səbəbdən onun həmin müqavilənin ləğv edilməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edirki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddiaçının subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Məhkəmə həmçinin vurğulayır ki, yaşayış sahəsinə dair istifadə hüququna malik olan, onun mülkiyyətçisi olmayan şəxslərin ipoteka müqaviləsinin bağlanmasına razılığın verilməsi şərti nəzərdə tutulmamışdır. Buna görə də ipoteka müqaviləsinin bağlandığı vaxt bu cür razılığın alınması ipoteka saxlayan üçün mütləq şərt deyildir. Bundan əlavə, ipotekanın reallaşdırılması nəticəsində vəziyyəti pisləşmiş belə şəxslər ipoteka müqaviləsini yuxarıda qeyd olunan əsasla mübahisələndirmək deyil, ipoteka saxlayanı təmin etmək üçün ipotekanı özünə keçirmək ixtiyarları vardır (Mülki Məcəllənin 315-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 11.07.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» 12 aprel 2004-cü il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması əqdin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. İddianın mülkin ilkin vəziyyətinə qaytarılması hissəsi ipoteka müqaviləsi ilə birbaşa bağlı olduğundan, digər tələb təmin olunmadığıdan yüklülükdən azad edilmədə prosessual qənaət prinsipi baxımından əlavə araşdırılma aparılmadan iddia ipoteka yüklülüyündən azad edilmə hissəsində də təmin edilməməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "ipoteka müqaviləsinin ləğv olunması və mülkün ilkin vəziyyətinə qaytarılması" tələbinə dair iddia ərizəsi təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "ipoteka müqaviləsinin ləğv olunması və mülkün ilkin vəziyyətinə qaytarılması" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4350/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4350/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver