Məhkəmə qərarları › İş №2(006)-4351/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4351/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4351/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********2026 olan Samsung Galaxy A30 markalı telefon üçün 509 manat ödənilməmiş hissə, 162 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********79242 olan X4 9 markalı telefon üçün 1902 manat ödənilməmiş hissə, 572 manat cərimə borcu olmaqla ümumilikdə 3145 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 oğlu iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********2026 və **********79242 olan Samsung Galaxy A30 və X4 9 markalı telefonlar almış və nəticədə 3145 manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 724 (12 ay x 60 manat+4 manat ilkin ödəniş) manat İMEİ Kodu **********2026 olan Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə, 671 manat olmaqla ondan, 509 manat ödənilməmiş hissə, 162 manat cərimə miqdarında borc yaranmışdır.xx.xx.2019-cuil tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2197 manat (12 ay x 159 manat+289 manat ilkin ödəniş) İMEİ Kodu **********79242 olan X4 9 markalı telefon üçün ümumilikdə, 2474manat olmaqla ondan, 1902 manat ödənilməmiş hissə, 572 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 510 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilər üzrə isə borc öhdəliyi tam ödənilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cuil tarixli ******* saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, “xxxxxxxxxxx” MMC 724 manat dəyərində İMEİ Kodu **********2026 olan Samsung Galaxy A30 markalı telefonu müqavilədə göstərilən şərtlərlə Cavabdeh verməyi, Cavabdeh isə müqavilədə alınan əşyanın dəyərini 4 manat ilkin ödəniş etməklə 12 ay ərzində hər ay 60 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00841898 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, “xxxxxxxxxxx” 2197 manat dəyərində İMEİ Kodu **********79242 olan X4 9 markalı telefonu müqavilədə göstərilən şərtlərlə Cavabdeh verməyi, Cavabdeh isə müqavilədə alınan əşyanın dəyərini 289 manat ilkin ödəniş etməklə 12 ay ərzində hər ay 159 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən “xxxxxxxxxxx” MMC-yə ümumilikdə 3145 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi, əks halda aidiyyəti üzrə müvafiq dövlət qurumuna müraciət olunacağı barədə “xxxxxxxxxxx” MMC tərəfindən xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasənalqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasənəşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, Cavabdeh “xxxxxxxxxxx” MMC ilə bağladığı xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********2026 və **********79242 olan Samsung Galaxy A30 və X4 9 markalı telefonlar onun istifadəsinə verilmiş, Cavabdeh isə müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, nəticədə 3145 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə ümumilikdə 734 manat cərimələrin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğlər müvafiq olaraq 70 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxxxxxxxxx” MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 25 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli 00823691 saylı müqavilə üzrə 509 manat əsas borc, 20 manat cərimə, cəmi 529 manat pul vəsaiti, xx.xx.2019-cu il tarixli 00841898 saylı müqavilə üzrə 1902 manat əsas borc, 50 manat cərimə, cəmi 1952 manat pul vəsaiti və 25 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli 00823691 saylı müqavilə üzrə 509 (beş yüz doqquz) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 529 (beş yüz iyirmi doqquz) manatpul vəsaiti Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilsin. xx.xx.2019-cu il tarixli 00841898 saylı müqavilə üzrə 1902 (min doqquz yüz iki) manat əsas borc, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1952 (min doqquz yüz əlli iki) manat pul vəsaiti Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilsin. 25 (iyirmi beş) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar