Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-437/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X5 iştirakı ilə, onun əvəzinə Bakı şəhəri 1 saylı notariat ofisində 07.03.2020-cil il tarixdə verilmiş 71190 reyestr nömrəli etibarnamə ilə iştirak edən X3 ilə alıcı Cavabdeh arasında Bakı şəhəri, Qaradağ rayonu, Qurd qapısının yanı ünvanında yerləşən ümumi sahəsi 3 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə özünə məxsus hissəsini (3 ha) satıcının mülkiyyətinə verilməsinə dair 22.09.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X5 iştirakı ilə, 22.09.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə rəsmiləşən müqavilə ilə, onun əvəzinə Bakı şəhəri 1 saylı notariat ofisində 07.03.2020-ci il tarixdə verilmiş 71190 reyestr nömrəli etibarnamə ilə iştirak edən X3 Bakı şəhəri, Qaradağ rayonu, Qurd qapısının yanı ünvanında yerləşən ümumi sahəsi 3 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə özünə məxsus hissəsini (3 ha) alıcı Cavabdeh mülkiyyətinə vermişdir. DƏDRX tərəfndən 16.10.2014-cü il tarixdə İddiaçı verilmiş **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə (3 ha) satıcı 0na məxsusdur. 22.09.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin 6-cı bəndinə görə, satıcı daşınmaz əmlakı 600.000 (altı yüz min) manata satmış, alıcı isə həmin qiymətə almışdır. Tərəflər arasında olan razılaşmaya baxmayaraq, alıcı Cavabdeh hazırkı dövrə qədər pulun ödənilməsini təmin etməmişdir. Belə ki, qeyd edilən müqavilənin 5-ci bəndinə görə, alıcı bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği satıcılara notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Göründüyü kimi bankda açılan depozit hesaba pulun ödənilməsi müqavilədə göstərilsə də, bununla bağlı depozit hesaba indiki dövrə qədər hər hansı məbləğin ödənilməsi həyata keçirilməmişdir. Şəxs aldadaraq pulu verməmişdir. Bununla bağlı, notariat işinə baxış keçirilərsə, kassa mədaxil və ya məxarİc order qəbzlərinin mövcud olmaması müəyyən ediləcəkdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Bakı şəhəri, Qaradağ rayonu, Qurd qapısının yanı ünvanında yerləşən ümumi sahəsi 3 ha olan torpaq sahəsi ilə bağlı verilmiş xüsusi mülkiyyət hüququ ilə ona məxsus, qeydiyyat tarixi 16.10.2014-cü il, qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* nömrəli çıxarış ondadır. Yəni, alqı-satqı müqaviləsində alıcı tərəfindən pulun ödənildiyi təqdirdə, satıcının müqavilənin 7-ci bəndinin tələblərinə görə, müqavilənin təsdiq olunduğu müddətdən sonra satıcının daşınmaz əmlaka aid sənədləri alıcıya verməyi öhdəsinə götürməsi barədə müddəası icra edilmiş olardı. Göründüyü kimi müqavilənin subyektiv tərkibi, yazılı bağlanması, tərəflərin iradə ifadəsi kimi meyarlara əməl edilməsinə baxmayaraq, Mülki Məcəllə ilə müəyyənləşdirilmiş tələblərə cavab vermir, çünki alqı-satqı müqaviləsində pulun veriləcəyi və ya verilməsi müəyyən olunur. Lakin hazırkı vəziyyətdə pul verilməmişdir ki, bu da alıcı tərəfindən satıcının aldadılması kimi qiymətləndirilməlidir. Eyni zamanda, müqavilənin 11-ci bəndinə görə, satıcı müqavilənin bağlandığı 22.09.2020ci il tarixdən satıcının torpaq sahəsini alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürməsi müəyyən olunsa da, hazırkı dövrə qədər torpaq sahəsi satıcının faktiki sahibliyi və istifadəsindədir. Göründüyü kimi sadalanan hallar, yəni sənədlərin əslinin hazırkı dövrə qədər satıcıda olması, torpaq sahəsi üzərində satıcının faktiki sahiblik etməsi halları alıcının satıcıya müqavilə üzrə müəyyənləşdirilmiş pulu vermədiyinin göstəricisidir. Alıcının satıcını aldatması və eyni zamanda Mülki Məcəllə və müqavilənin şərtləşdirilmiş şərtlərinin pozulması ilə bağlandığı üçün bağlanmış müqavilə etibarsız əqddir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ünvanlayaraq məhkəmədən işə mövcud sübutlar və tərəfindən təqdim edilmiş ərizə əsasında iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qurd Qapısının yanı ünvanında yerləşən 3 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 16.10.2014-cü il tarixdə qeydiyyata alınmışdır. ünvan 3 ünvanlanmış 22.09.2020-ci il tarixdə 4Ə-206 saylı reyestrlə rəsmiləşdirilmiş Bakı şəhəri, Qaradağ rayonu, Qurd Qapısının yanı ünvanında yerləşən torpaq sahəsinin alqı-satqı müqaviləsinə dair sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, - 22.09.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qurd Qapısının yanı ünvanında yerləşən 3 ha torpaq sahəsini alıcı Cavabdeh mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 600.000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqaviləni İddiaçı etibarnamə üzrə nümayənədəsi X3 imzalamışdır. - Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən 07 mart 2020-ci il tarixdə 7E-71190 reyestr nömrəsi ilə qeydə alınmış AR-İİ seriyalı, 028683 nömrəli etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, etibar edən İddiaçı adından etibar edilən X3 həmin etibarnamə ilə Azərbaycan Respublikasının ərazisində yerləşən ona məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq qoymaq, ipotekadan (girovdan) azad etmək, özəlləşdirmək, icarə və kirayə vermək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, zəruri sənədləri təhvil verməyi, rüsumları, kommunal və digər xərcləri ödəməyi, adına miras qəbul etməyi və onlardan imtina etməyi, vərəsəlik işini sənədləşdirməyi, miras paya sərəncam verməyi, bağışlamağı, bununla bağlı onu notarial ofislərində təmsil etməyi, ona məxsus əmlaklara istənilən şəxsi qeydiyyata salmağı, bununla bağlı adından ərizələr verməyi, ünvanlı sosial yardımla bağlı müraciət etməyi, lazımi sənədləri təqdim etməyi, adından təmsilçilik sənədləri tərtib etdirməyi, ailə təmsilçisini seçməyi, ərizəni təsdiq etməyi, bütün şəxslərdən, idarələrdən, təşkilatlardan, o cümlədən qeydiyyatda olduğu mənzil ilə bağlı istənilən ərizəni yazmağı, bu tapşırığın yerinə yetirilməsi üçün onu Azərbaycan Respublikasının bütün səlahiyyətli orqanlarında, nazirliklərdə, səfirliklərdə, konsulluqlarda, AR ƏMDK yanında DƏDRX-in ərazi idarəsində, daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən dövlət orqanlarında, “Azəriqaz” İB-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, MİS və bələdiyyə orqanlarında, icra hakimiyyətində, DSK-də, DMX-də, XİN-də, ƏN-də, DİN DYPİ RQİŞ-də, VVAQ şöbələrində, “Asan xidmət” mərkəzində, “Azercell”, “Bakcell”, “NAR” şirkətlərində, AR DMX-də, məktəblərdə, notariat ofislərində, vergi orqanlarında, “CARGO Terminal”-da hava limanında, gömrük məntəqələrində, sığorta şirkətlərində, SMF-da, telefon qovşağında, kooperativ və ictimai təşkilatlarda, dövlət idarələrində, orqanlarında, qeyri-dövlət qurumlarında, təşkilat və digər orqan, qurum və təşkilatlarda təmsil etməyi, istənilən bankda adına olan hesablardan istifadə etməyi, sərəncam verməyi, hesab üzrə bütün bank əməliyyatları aparmağı, pul məbləğləri almağı/qoymağı, həmçinin depozitin (əmanətin) faizlərini və əsas məbləğlərini almağı, adından hesab açmağı və bağlamağı, pul köçürülmələri həyata keçirməyi, ipoteka müqaviləsini bağlamağı, adından zamin durmaq, bank kartlarını və onlara aid olan pin-kodlarını götürməyi və dəyişməyi, sifariş etməyi, adından depozit məbləği yaratmağı, əmanətin müddəti bitdikdə onu yeni müddətə yerləşdirməyi, ona aid olan bütün hesablardan çıxarışlar və hesablar haqqında arayışlar tələb etməyi və almağı, adına gələn yükləri qəbul etməyi, gömrük işlərini rəsmiləşdirməyi və gömrük rüsumlarını ödəməyi, adından nömrələr rəsmiləşdirməyi, lazım gəldikdə onları dublikatlarını almağı, nömrələrdən çıxarışları əldə etməyi, ona aid olan istənilən arayışları və digər sənədləri almağı, toplamağı, təhvil verməyi, onun adından sənədləşmə işlərini aparmağı, adından istənilən məzmunlu razılıq ərizələri yazmağı, notariusa müraciət etmək, notariat qaydasında rəsmiləşdirilən sənədləri imzalamaq və bu tapşırıqları yerinə yetirməsi zamanı ortaya çıxa biləcək digər zəruri hərəkətlərin yerinə yetirilməyi 5 il müddətinə, 07.03.2025-ci il tarixədək etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməcəyi nəzərdə tutulmuşdur. - 22.09.2020-ci il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh alqı-satqı müqaviləsinə əsasən AZ52MUGA**********00202AZM02 hesabına 100.000 manat məbləğində pul köçürülmüşdür. - 3 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən "xxxx" ASC-nin Nərimanov filialına ünvanlanmış ərizəyə əsasən, Cavabdeh tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqısı müqaviləsi üzrə ödənilməli olan 100.000 manat məbləğində müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında 27.000 manat vergi məbləğinin X2, qalan 73.000 manatı X1 verilməsi üçün bankda olan **********00202AZM02 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. - 22.09.2020-ci il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh alqı-satqı müqaviləsinə əsasən AZ52MUGA**********00202AZM02 hesabına 500.000 manat məbləğində pul köçürülmüşdür. - 3 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən "xxxx" ASC-nin Nərimanov filialına ünvanlanmış ərizəyə əsasən, Cavabdeh tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqısı müqaviləsi üzrə ödənilməli olan 500.000 manat məbləğində müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında X1 verilməsi üçün bankda olan **********00202AZM02 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə 14.01.2022-ci il tarixdə ünvanlanmış 22.09.2020ci il tarixli, AN-İ seriyalı ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” üzrə pul vəsaitinin ödənilməsini təsdiq məxaric çeklərinin surətindən görünür ki, 73.000+500.000 manat məbləğində pul AZE seriyalı 07754664 nömrəli şəxsiyyət vəsiqəsinin sahibi olan şəxs (X3) tərəfindən məxaric edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 22.09.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, özünə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qurd qapısının yanı ünvanında yerləşən 3 ha torpaq sahəsini 600.000 manata Cavabdeh satmışdır. Qeyd edilən məbləğ Cavabdeh tərəfindən notariusun depozit hesabına köçürülmüş və daha sonra X3 tərəfindən məxaric edilmişdir. Hazırda iddiaçı AN-İ seriyalı ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Mübahisəli əqdin etibarsız hesab edilməsinə əsas kimi iddiaçı alıcı-cavabdeh tərəfindən müqavilə ilə əmlakın qiyməti kimi müəyyən edilmiş məbləğin notariusun depozit hesabına hal-hazıradək yerləşdirilməməsinə istinad edir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının istinad etdiyi hallara əsasən iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci və 339.3-cü maddələri təşkil edir. Mülki Məcəllənin 339.2-ci maddəsinin tələblərinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən müəyyən olunur ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin maddələrin məzmununa görə “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır. Aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının 22.09.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması məqsədi ilə aldadılması barədə dəlillər öz təsdiqini tapmamış, mübahisə predmeti olan alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı notariat əməliyyatları qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notariat hərəkətlərinin aparılması əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatla (bundan sonra “Təlimat”) tənzimlənir. Təlimatın 38-ci bəndinə görə, notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Təlimatın 46-cı bəndinə əsasən, notarius daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən, əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququnu və layihəsi notarius tərəfindən hazırlanmadığı halda, müqavilənin qanunauyğunluğunu yoxlayır. Təlimatın 48-ci bəndinə əsasən, daşınmaz əmlak (o cümlədən, tikintisi başa çatdırılmamış daşınmaz əmlak) obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq olunarkən, notarius daşınmaz əmlaka sərəncam verənin və ya onun nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi və daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı, habelə “Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və X6”nə daxil olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin məqsədləri üçün tələb olunan məlumatları (kənd təsərrüfatı təyinatlı torpaqların keyfiyyət qrupları, şərti ballar) “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Ərizədə arayışın daşınmaz əmlakın sərəncam verilməsinə dair notariat hərəkətinin aparılması məqsədi ilə əldə edilməsi göstərilməli və müraciət edən şəxsin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, hazırki işdə mübahisələndirilən daşınmaz əmlakın alqı-satqısı müqaviləsi qanunvericiliyə uyğun şəkildə bağlanılmış, həmin müqavilə, müqavilə tərəfi olan şəxslər tərəfindən imzalanmış və hərəkətlərinin hüquqi nəticələri onlara məlum olmuşdur. İddiaçı alqı-satqı müqaviləsinin aldatma nəticəsində bağlanmasına, müqavilə ilə əmlakın qiyməti kimi müəyyən edilmiş məbləğin alıcı-cavabdeh tərəfindən notariusun depozit hesabına hal-hazıradək yerləşdirilməməsinə istinad etsə də, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisələndirilən müqavilədə əşyanın qiyməti kimi qeyd edilən məbləğ Cavabdeh tərəfindən notariusun depozit hesabına köçürülmüş, məbləğ X3 tərəfindən məxaric edilmişdir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia rədd edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-437/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-437/2022
31.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver