Məhkəmə qərarları › İş №2(006)-4373/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4373/2024

28.08.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4373/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçinın nümayəndəsi və vəkili Nümayəndə2, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin ərizədə qeyd edilən halları: Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞB/16-2024-001235 №-li barışıq sazişi bağlanmışdır. Sözügedən barışıq sazişi ilə tərəflər aşağıda qevd edilənləri razılaşdırırlar: tərəflər nikahın pozulmasına razıdır və bununla bağlı qaldırılacaq məhkəmə iddiasına etiraz etməyəcəklər; tərəflər nikahın pozulması və bununla əlaqədar bütün məhkəmə mübahisələri üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldıracağına razılaşırlar; tərəflər birgə nikah dövründə anadan olmuş övladları xx.xx.2009-cu iİ təvəllüdlü X1 atast Ərizəçi, xx.xx.2012-ci il təvəllüdlü X2 isə atası- Maraqlı şəxs himayəsinə qalmasına razıdır və bununla bağlı heç bir iddia irəli sürntəyəcəklərini və heç bir etiraz etməyəcəklərini qeyd edirlər, tərəflər heç biri digərindən aliment tələb etmir. Sözügedən barışıq sazişində sazişin icra müddəti dərhal olaraq müəyyən edilsə də, saziş icra edilməmişdir. Ərizəçinin tələbi: xx.xx.2024-cü il tarixli, MŞB/16-2024-001235 №-li barışıq sazişinin təsdiq edilməsi və icraya yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsin etirazı: Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçinın nümayəndəsi və vəkili Nümayəndə2 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs barışıq sazişinin təsdiq olunmasına etiraz etmədi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2024-cü il tarixli MŞB/16/2024-001235 nömrəli Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış barışıq sazişinə əsasən,

1. Tərəflər nikahın pozulmasına razıdır və bununla bağlı qaldırılacaq məhkəmə iddiasına etiraz etməyəcəklər.

2. Tərəflər nikahın pozulması və bununla əlaqədar bütün məhkəmə mübahisələri üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırılacağına razılaşırlar

3. Tərəflər birgə nikahdan anadan olmuş övladları 01,06.2009-cu il təvəllüdlü X1 atası Ərizəçi himayəsində qalmasına razıdır və bununla bağlı heç bir iddia irəli sürməyəcəkləri və heç bir etiraz etməyəcəklərini qeyd edirlər.

4. Tərəflər birgə nikahdan anadan olmuş övladları xx.xx.2012-ci il təvəllüdlü X2 anası Maraqlı şəxs himayəsində qalmasına razıdır və bununla bağlı heç bır iddia irəli sürməyəcəklərmi və heç bır etiraz etməyəcəklərini qeyd edirlər.

5. Tərəflər heç biri digərindən aliment tələb etmir. AZ-İİ seriyalı 939739 nömrəli doğum haqqında şəhadətmənin surətinə əsasən, X4 xx.xx.2012-ci il tarixdə Naxçıvan MR-da doğulmuşdur, anası Maraqlı şəxs, atası Ərizəçidur. AZ-İİ seriyalı 306191 nömrəli doğum haqqında şəhadətmənin surətinə əsasən, X3 xx.xx.2009-cu il tarixdə Naxçıvan MR-da doğulmuşdur, anası Maraqlı şəxs, atası Ərizəçidur.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 19.1-cu maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 63.1-ci maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

Məhkəmənin mövqeyi: Qanunvericilik mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinanın qanunazidlik və başqa şəxslərin mənafeyi kimi 2 halını müəyyən etmişdir. Bunlar barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Belə ki, məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurubvurmadığını və s.) yoxlamalıdır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olmadığı qənaətinə gələrsə onun təsdiqindən imtina etməlidir, əks halda isə onu təsdiqləyir. Məhkəmə iş materiallarını, proses iştirakçılarının izahatlarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə barışıq sazişinin “Tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 (hansı valideynin yanında qalması məsələsinin həlli) ilə bağlı heç bir iddia irəli sürməyəcəkləri”nə dair hissəsinin təsdiq edilməsindən imtina edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Tərəflər arasında bağlanmış barışıq sazişinin qeyd edilən müddəaları məhkəməyə müraciət etmək hüququndan imtinanı nəzərdə tutduğundan, buna görə həmin hissələr etibarsız olduğundan məhkəmə sazişi həmin hissədə təsdiq etməkdən imtina edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, nikahın pozulmasına dair işlərə yalnız iddia icraatı qaydasında baxılması mümkün olduğundan nikahın pozulması hissəsində də barışıq sazişi təsdiq edilməməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin təsdiq edilməyən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanunazidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, qalan hissədə - “Tərəflər birgə nikahdan anadan olmuş övladları xx.xx.2009cu il təvəllüdlü X1 atası Ərizəçi himayəsində qalmasına razıdır və bununla bağlı heç bir etiraz etməyəcəklərini qeyd edirlər. Tərəflər birgə nikahdan anadan olmuş övladları xx.xx.2012-ci il təvəllüdlü X2 anası Maraqlı şəxs himayəsində qalmasına razıdır və bununla bağlı heç bır etiraz etməyəcəklərini qeyd edirlər. Tərəflər heç biri digərindən aliment tələb etmir” hissəsində barışıq sazişini təhlil edərək məhkəmə hesab edir ki, həmin hissələrdə ərizəçinin Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil, həmin hissələrdə saziş qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda sazişin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə sözügedən barışıq sazişinin hissəvi təsdiq edilməsini məqsədəmüvafiq hesab edir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan barışıq sazişindən görünür ki, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci Ərizəçi nümayəndəsi tərəfindən ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə xüsusi icraat qaydasında ərizə təqdim edilməsi üçün ərizəçinin nümayəndəsi tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş mediasiya xərci (50 manat) və dövlət rüsumunun (50 manat) yarısı - 50 manat Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 14 avqust 2024-cü il tarixdə Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/16/2024-001235 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Tərəflər birgə nikahdan anadan olmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X1 atası Ərizəçi himayəsində qalmasına razıdır və bununla bağlı heç bir etiraz etməyəcəklərini qeyd edirlər.

2. Tərəflər birgə nikahdan anadan olmuş övladları xx.xx.2012-ci il təvəllüdlü X2 anası Maraqlı şəxs himayəsində qalmasına razıdır və bununla bağlı heç bir etiraz etməyəcəklərini qeyd edirlər.

3. Tərəflər heç biri digərindən aliment tələb etmir. Mediasiya xərci və dövlət rüsumunun 50 manat hissəsi Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar