Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4381/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı «istehlakçıların hüquqlarının qorunması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı «istehlakçıların hüquqlarının qorunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxxxxxx» ASC tərəfindən hesablanmış 5.000 manat məbləğində borcun əsassız və qanunsuz hesablandığı müəyyən olunmaqla, həmin borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona Bakı şəhəri Mərdəkan qəsəbəsi Mərdəkan bağları 1094 ünvanda yerləşən bağ evində (abonent kodu **********80000) yaşamadığı 2018-ci ilin oktyabr ayından 2020-ci ilin mart ayına olan tarixə qədər olan dövr üçün işığın əlavə sərfiyyatına görə 5.000 manat məbləğində borc barəsində bildiriş təqdim edilmişdir. Buna görə də, o, «xxxxxxxx» ASC-yə müraciət edərək, həmin borcun ləğv edilməsini (silinməsini) xahiş etmişdir. Cavabdeh təşkilat xx.xx.2020-ci il tarixli cavab məktubunda, guya A270991121 zavod nömrəli sayğacın hesablama-uçot dəstinə baxış keçirən zaman qüsur (elektrik sayğacının dövlət və alt qapaq möhürlərinin pozulması) aşkar edildiyini, xx.xx.2020-ci il tarixdə Sayğac quraşdırma və Uçota Nəzarət idarəsinin 177923 saylı «sayğacların və transformatorların yoxlanılması protokolu» tərtib edildiyini, akta əsasən mənzilə itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədi ilə 43.715 kvts əlavə sərfiyyat hesablanaraq 4.808 manat 65 qəpik məbləğində əlavə ödəniş sənədi təqdim edildiyi qeyd edilmiş və onun xahişi təmin edilməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, cavabdeh təşkilatın irəli sürdüyü səbəblər bəhanədir, qanunsuz və əsassızdır. Çünki, cavabdeh tərəfindən ondan xəbərsiz sökülmüş sayğac onun mənzilindən 200 metr uzaqlıqda, transformatorun çəpərinin içində quraşdırılmış olub, ona görə də, o, həmin sayğaca kənar müdaxilənin olub-olmamasından xəbərsiz olmuşdur. Həmçinin qeyd edilən səbəbdən onun həmin sayğacı qoruması da fiziki cəhətdən qeyri-mümkün olub. Cavabdeh təşkilat sayğacı ondan xəbərsiz, gizlicə söküb aparıb, sökərkən nə bir fotoşəkil çəkilib, nə də video çəkiliş aparılıb, halbuki həmin təşkilat əməkdaşlarının son model telefonları var. Əgər sayğaca kənar müdaxilə olubsa, möhürü qırılıbsa, bu vizual olaraq müşahidə edilə bilər və akt elə yerində, qonşuların iştirakı ilə tərtib edilib, yerində də foto və video çəkiliş aparıla bilərdi. Söküntünün sənədsiz-sübutsuz, çəkilişsiz, gizli aparılması onu deməyə imkan verir ki, sayğacda ya hər hansı problem olmayıb, ya da sayğac onun təqsiri olmadan nasaz olub. Cavabdeh təşkilat ona qarşı qanun pozuntusu törədib, cavabdeh onun hüquqlarını kobud surətdə pozub, bunun nəticəsində də o, əsəb gərginliyi və stress keçirmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə «xxxxxxxx» ASC-nin əməkdaşları abonent İddiaçı məxsus Bakı şəhəri Mərdəkan qəsəbəsi Mərdəkan bağları 1094 ünvanda xx.xx.2019-cu il tarixdə quraşdırılmış A270991121M131746 nömrəli AMPY(5219A) tipli elektrik sayğacına baxış keçirmiş, baxış zamanı «3467 kvts sayğac üzərində mövcuddur, kompüter məlumat bazasına daxil edilməyib, sayğacın dövlət möhüründə müdaxilə izləri var» qüsurunun aşkar olunması səbəbilə NDM seriyalı 015319 saylı xx.xx.2020-ci il tarixli müvafiq akt tərtib edilmişdir. Akt tərtib edilən zaman abonent yaşadığı mənzilin qapısını açmadığından həmin aktın tərtib edilməsində iştirak etməmişdir. «xxxxxxxx» ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 43715 kvts itirilmiş elektrik enejisinin dəyəri (48126 kvts : 364 x 365 gün) – 4543 kvts = 43715 kvts x 0,11 manat = 4.808 manat 65 qəpik məbləğində müəyyən edilməklə abonentin **********80000 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Həmçinin, iddiaçının hal-hazırkı tarixədək limitdən artıq elektrik enerjisi sərfiyyatına görə olan borcunu da nəzərə aldıqda onun xx.xx.2020-ci il tarixə olan ümumi borcu 5.100 manat təşkil edir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı yaşadığı Bakı şəhəri Mərdəkan qəsəbəsi Mərdəkan bağları 1094 ünvana verilən elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş NDM seriyalı 015319 saylı aktda qeyd olunmuşdur ki, həmin ünvanda elektrik enerjisinin istifadə qaydalarına riayət edilməsi yoxlanılmışdır. Məlum olmuşdur ki, 3467 kvts sayğac üzərində mövcuddur, kompüter məlumat bazasına daxil edilməyib, sayğacın dövlət möhüründə müdaxilə izləri var. Qeyd olunan akta əsasən iddiaçıya əlavə sərfiyyat üçün cəmi 4.808 manat 65 qəpik borc hesablanmışdır ((48126 kvts : 364 x 365 gün) – 4543 kvts = 43715 kvts x 0,11 manat = 4.808 manat 65 qəpik). Akt tərtib olunarkən abonent və şahidlərin iştirakı təmin edilməmişdir. «Elektroenergetika haqqında» xx xxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin faktiki hallarından göründüyü kimi, yuxarıda qeyd olunan akt tərtib olunarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, istehlakçının hüquqları pozulmuşdur. Belə ki, sayğac iddiaçının mənzilindən 200 metr uzaqlıqda, transformatorun çəpərinin içində quraşdırıldığından həmin sayğaca kənar müdaxilənin olmasına nəzarət etməsi yaxud onu qoruması iddiaçının imkanı xaricindədir, belə olduğu təqdirdə o, sayğacla bağlı hər hansı məsuliyyət daşıya bilməzdi. Həmçinin yuxarıda qeyd olunan akt tərtib edilərkən nə iddiaçının, nə də şahidlərin iştirakı təmin edilməmiş və onlar tərəfindən müvafiq qaydada imzalanmamışdır. Göründüyü kimi İddiaçı adına olan **********80000 saylı abunə koduna hesablanmış 4.808 manat 65 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Mərdəkan qəsəbəsi Mərdəkan bağları 1094 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********80000 saylı abunə koduna hesablanmış 4.808 manat 65 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. İddianın qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçıya mübahisələndirdiyi akta görə 5.000 manat deyil, 4.808 manat 65 qəpik elektrik enerjisi borcu yazılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Mərdəkan qəsəbəsi Mərdəkan bağları 1094 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********80000 saylı abunə koduna hesablanmış 4.808 manat 65 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4381/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4381/2020
28.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver