Məhkəmə qərarları › İş №2(006)-4395/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4395/2023

23.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4395/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab olunması, borcun ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın, protokolun və s. etibarsız hesab olunması, borcun ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilib, cavabdeh "xxxx" ASC-nin Binəqədi rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli R № 290483 saylı aktın, 435652 nömrəli protokolun və 015242 nömrəli akt-protokolun ləğv olunması və onun əsasında yaranan 767.39 manat borcun silinərək iddiaçı tərəfindən ödənilmiş 767.39 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Kunanbayev küçəsi, döngə 2, məhəllə 3126-da yerləşən 20C nömrəli fərdi yaşayış evi İddiaçı məxsusdur, hazırda ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. İddiaçı xx.xx.2008-ci il tarixdən məişət abonenti (əhali) olaraq elektrik enerjisinin istehlakçısıdır. Elektrik enerjisi sərfinə görə hesablaşma elektrik sayğacı fərdi yaşayış evində deyil, həmin fərdi yaşayış evinin hasarının xarici tərəfindən quraşdırılmışdır. Elektrik enerjisi sayğacı dəmir qutunun içərisində yerləşir və qutunun açarı isə sahəyə baxan Binəqədi rayonu Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşlarının özündə olur və qutuya həmin idarənin əməkdaşları müdaxilə edərək işıq sərfiyyatına əsasən müvafiq qəbz tərtib edə bilirlər. İddiaçı məişət abonenti (əhali) olaraq elektrik enerjisinin istehlakçısı olduğu xx.xx.2008-ci il tarixdən sonuncu dəfə ödəniş etdiyi xx.xx.2023-cü il tarixinə sayğac göstəricisinə əsasən sərf etdiyi elektrik enerjisinə görə 9356.64 manat borc hesablanmış və iddiaçı tərəfindən 9360.33 manat (3.69 manat isə artıq ödənilmişdir) ödəniş edilmişdir. Sonuncu dəfə ödəniş etdiyi xx.xx.2023-cü il tarixinə avans ödənişləri nəzərə alınmaqla borc məbləği 26.31 manat olmuş, iddiaçı tərəfindən 30 manat ödənilmiş və xx.xx.2023-cü il tarixinə 3.69 manat artıq ödəniş yaranmışdır. Lakin xx.xx.2023-cü il tarixinə "xxxx" ASC-nin Binəqədi rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən iddiaçıya edilmiş xəbərdarlıqda qeyd olunur ki, “Sizin istifadə edilmiş elektrik enerjisinə görə 23 avqust 2023-cü il tarixinədək 763 manat məbləğində borc vardır. Borcunuzu 25 avqust 2023-cü il tarixinə qədər ödəməyiniz tələb olunur. Əks təqdirdə sizə verilən elektrik enerjisi 23 avqust 2023-cü il tarixində saat 12:00-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı X1 Qaydalarının 9.13-cü bəndinin İİ abzasına əsasən xəbərdarlıq edilmədən dayandırılacaqdır. Həmin müddət ərzində borcla əlaqədar Binəqədi rayonu Enerji Təchizatı və Satışı İdarəsinə müraciət edə bilərsiniz”. İddiaçı öz növbəsində yaranmış məsələ ilə əlaqədar aidiyyəti quruma müraciət etmiş və həmin müraciət əsasında məlum olmuşdur ki, 09 iyun 2023-cü il tarixində Binəqədi rayonu Enerji Təchizatı və Satışı İdarəsinin məişət abonenti (əhali) istehlakçılar qrupu tərəfindən tərtib edilmiş aktda (akt R № 290483) göstərilmişdir ki, “X1 Qaydalarına əsasən növbəti oxunma zamanı küçə divarında quraşdırılmış elektrik sayğacının parametrləri baza ilə düzgün deyil və optik gözlə oxumaq olmur. Axan yük amper maşa vasitəsilə ölçüldü, İİ – 1.8 A, İİİ - 1.7 A, İİİİ – 1.4 A. Tələb: sayğac yenisi ilə əvəz olunsun və laboratoriya şəraitində yoxlanılsın”. 25 iyul 2023-cü il tarixində "xxxx" ASC-nin Sayğac quraşdırma və uçota nəzarət idarəsi tərəfindən tərtib olunmuş “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması” haqqında 435652 nömrəli protokolda göstərilmişdir ki, 290483 nömrəli akta əsasən sayğac yenisi ilə əvəz olundu, çıxarılan sayğac sellofan torbaya qoyularaq möhürlə möhürləndi. (25A) avtomat qoyuldu. № ******* möhürlə sayğacla birgə möhürləndi. 01 avqust 2023-cü il tarixində isə "xxxx" ASC-nin Laboratoriya Mərkəzi tərəfindən tərtib olunmuş “Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında” 015242 nömrəli akt-protokolda göstərilmişdir ki, “Sayğacın alt qapaq və dövlət möhürü pozularaq daxili sxemi dəyişdirilib. Proqram əlavəsi oxunan zaman sayğacın faktiki seriya nömrəsi “330886703” olduğu halda, “3108821” olduğu aşkar edilmişdir. İddiaçının qeyd edilən tərtib olunmuş sənədlərdən məlumatı olmamış, ümumiyyətlə sayğac sökülüb aparılarkən, yəni xx.xx.2023-cü il tarixində onlar evdə olmamış və onlara əvvəlcədən heç bir xəbərdarlıq edilmədən birbaşa akt tərtib olunmuşdur. Belə ki, "xxxx" ASC-nin Sayğac quraşdırma və uçota nəzarət idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli protokolunun qeyd hissəsində də göstərilmişdir ki, abonent iştirak etmədi. Sözügedən məsələ ilə bağlı iddiaçı şikayət ərizəsi ilə Azərişıq” ASC-nin Binəqədi rayonu Enerji Təchizatı və Satışı İdarəsinə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, 51/316 saylı müraciətə cavab məktubunda qeyd olunmuşdur ki, “Binəqədi RETSİ-yə ünvanladığınız xx.xx.2023-cü il tarixli, Bdx 23/575 saylı müraciətiniz tərəfimizdən araşdırıldı. Sizin müraciətinizlə əlaqədar olaraq bildiririk ki, əməkdaşlarımız tərəfindən elektrik sayğacına baxış keçirilən zaman sayğacın ekranının optik gözlə oxunmaması və sayğac nömrəsinin kompüter bazası ilə uyğun olmadığı aşkar edilmişdir. 09 iyun 2023-cü il tarixində 290483 saylı akt tərtib olunmuşdur. 25 iyul 2023-cü il tarixli 435652 saylı protokola əsasən sayğac yenisi ilə əvəz edilmiş və çıxarılan sayğaca laboratoriya şəraitində rəy verilməsi üçün göndərilmişdir. Laboratoriya tərəfindən yoxlama zamanı möhürlərin pozulması, sxemin dəyişdirilməsi aşkar edilmişdir. Komissiya üzvləri tərəfindən xx.xx.2023-cü il tarixində 015242 saylı protokol tərtib edilərək imzalanmışdır. Akta əsasən 767.39 manat hesabat verilmiş və yaranmış borcun ödənilməsi üçün yazılı xəbərdarlıq təqdim edilmişdir. xx.xx.2023-cü il tarixinə 763.70 manat borcunuz yaranmışdır. Borc realdır və tərəfinizdən ödəniş edilməlidir”. Həmin bu tarixə qədər iddiaçının müxtəlif aylar üzrə müxtəlif borcları yaranmış və vaxtlı-vaxtında da borclar ödənilmişdir. Lakin iddiaçının işığa heç bir vaxt yüksək məbləğdə borcu olmamış və mütəmadi olaraq hər ay işığın istifadəsinə görə yaranmış borcu ödəmiş və həmin məbləğlər isə aylar üzrə dəyişirdi. "xxxx" ASC-nin Binəqədi rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 09 iyun 2023-cü il tarixli (akt R № 290483) akta, 435652 nömrəli protokola və 015242 nömrəli Akt-protokola əsasən dəymiş ziyanın iddiaçı tərəfindən ödənilməsi ilə iddiaçı razı deyil. Çünki elektrik enerjisi haqqının bir ay ərzində 26.31 manat olduğu halda növbəti aydan birdən-birə artaraq 767.39 manat təşkil etməsi mümkün deyil, absurddur. Sözügedən borc xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən iki ödəniş qəbzi üzrə ödənilmişdir (müvafiq olaraq 763 manat və 5 manat). Bu səbəbdən iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. Eyni zamanda, abonent olaraq abonent tərəfindən sayğaca kənar müdaxilə olmamış və yaranmış borcun iddiaçı ilə heç bir əlaqəsi yoxdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddianın təmin edilib, cavabdeh "xxxx" ASC-nin Binəqədi rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli R № 290483 saylı aktın, 435652 nömrəli protokolun və 015242 nömrəli akt-protokolun etibarsız hesab olunması, onun əsasında əsassız yaradılmış 767.39 manat borcun ləğv edilməsi və məcburi ödətdirilmiş 767.39 manat pulun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4395/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın, protokolun və s. etibarsız hesab olunması, borcun ləğv edilməsi və pul” iddia tələbinin “435652 saylı protokolun və 015242 saylı akt-protokolun etibarsız hesab olunması” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmış, iddiaçıya eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, 4 ildir ki, "xxxx" ASC-nin həmin əraziyə baxan nəzarətçisidir. İddiaçıya məxsus evin sayğacı onun iştirakı ilə aktlaşdırılıb və bu zaman o, video çəkiliş aparıb. Belə ki, optik göz adlanan cihaz istehsal olunduqdan sonra – təxminən 1 il yarım əvvəl onlara tapşırılmışdır ki, həmin cihaz vasitəsilə oxunmayan sayğacları aktlaşdırsınlar. İddiaçıya məxsus evin sayğacı da optik göz vasitəsilə oxunmadığından, “bazada mövcud deyil” yazısı göründüyündən, onlar sayğacı dəyişdirmişlər. Ərazidə 1500 abonent olduğundan sayğacı dəyişdirən zaman qapı döyməyin problem olduğunu, lakin iddiaçının qapısını döydüyünü, hətta sayğacı dəyişdirmək barədə qərar qəbul edildikdən sonra 1 həftə ərzində iddiaçının nömrəsini axtarıb onu xəbərdar etmək istədiyini qeyd edib, sayğac dəyişdirilən zaman plombun üstündə olduğunu, möhürünün isə laboratoriyada açıldığını əlavə etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, şahid ifadəsinə iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: 09 iyun 2023-cü il tarixli R № 290483 saylı aktda qeyd edilmişdir ki, istehlakçı İddiaçı (abonent kodu: **********00094) məxsus Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə ünvanında yerləşən 94 nömrəli evdə X1 Qaydalarına əsasən növbəti oxunma zamanı küçə divarında quraşdırılmış elektrik sayğacının parametrləri baza ilə düzgün deyil və optik gözlə oxumaq olmur. Axan yük amper maşa vasitəsilə ölçüldü, İİ – 1.8 A, İİİ - 1.7 A, İİİİ – 1.4 A. Tələb: sayğac yenisi ilə əvəz olunsun və laboratoriya şəraitində yoxlanılsın. İddiaçı məxsus ünvan 3 ünvanı üzrə (**********00094) abunə haqqında sənədin bağlanan aktlar bölməsindən görünür ki, xx.xx.2023-cü ildə 435652 nömrəli protokola əsasən sayğac dəyişmə qeydi edilmiş, xx.xx.2023-cü ildə “EİQ pozulması” qeydi ilə Rİ290483 nömrəli akt üzrə abonent koduna 767.39 manat məbləğində borc yazılmışdır. xx.xx.2023-cü il tarixli icra vərəqində qeyd edilmişdir ki, İddiaçı məxsus 7-ci mikrorayon, 3123-cü məhəllə, ev 94 ünvanı üzrə (**********00094) sayğacın nömrəsinin bazadakı ilə uyğun olmaması müəyyən edilmiş, sayğacın yenisi ilə əvəz edilməsi qərara alınmışdır. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli xəbərdarlığından görünür ki, istehlakçı İddiaçı (abonent kodu: **********00094) istifadə etdiyi elektrik enerjisi sərfinə görə yaranmış 763 manat məbləğində borcun xx.xx.2023-cü il tarixinə qədər ödənilməsi, əks təqdirdə verilən elektrik enerjisinin müvafiq qaydaya uyğun olaraq xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli xəbərdarlığına İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etiraz ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixli xəbərdarlığın əsassız hesab edilərək ləğv edilməsi, xəbərdarlıqda qeyd olunan istifadə edilmiş elektrik enerjisi sərfinə görə xx.xx.2023-cü il tarixinədək 763 manat məbləğində əsassız hesablanmış borcun silinməsinə göstəriş verilməsi xahiş edilmişdir. "xxxx" ASC-nin Binəqədi RETSİ-nin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, əməkdaşlar tərəfindən elektrik sayğacına baxış keçirilən zaman sayğacın ekranının optik gözlə oxunmaması və sayğac nömrəsinin kompüter bazası ilə uyğun olmadığı aşkar edilmişdir. xx.xx.2023-cü ildə 290483 saylı akt tərtib olunmuşdur. Akta əsasən 767.39 manat hesabat verilmişdir. Yaranmış borcun ödənilməsi üçün yazılı xəbərdarlıq təqdim edilmişdir. xx.xx.2023-cü il tarixinə 763.7 manat real borcunun olması bildirilmiş, ödənişin təmin edilməsi tələb edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən **********00094 nömrəli abonent kodu üzrə "xxxx" ASC-nin hesabına cəmi 768.00 (763.00 + 5.00) manat məbləğində ödəniş edilmişdir. Beləliklə, iş materialları və tərəflərin izahatları əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə ünvanında yerləşən 94 nömrəli ev İddiaçı məxsusdur. Ev üzrə iddiaçının X1 üçün abonent kodu **********00094-dür. xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla iddiaçıya məxsus evin küçə divarında quraşdırılmış sayğacın parametrləri yoxlanıldıqdan sonra R № 290483 saylı akt tərtib edilərək sayğacın yenisi ilə əvəz olunması və laboratoriya şəraitində yoxlanılması qərara alınmışdır. Bu zaman sayğacın plombuna və möhürünə müdaxilə edilməsi aşkar edilməmişdir. xx.xx.2023-cü ildə protokol tərtib edilərək sayğac dəyişdirilmişdir. xx.xx.2023-cü ildə isə 290483 nömrəli akt üzrə abonent koduna 767.39 manat məbləğində borc yazılmışdır. Cavabdeh xx.xx.2023-cü ildə iddiaçıya xəbərdarlıq ünvanlayaraq, 2 gün ərzində borcun ödənilməsini tələb etmiş, əks təqdirdə elektrik enerjisinin xəbərdarlıq edilmədən dayandırılacağını bildirmişdir. İddiaçı isə həmin xəbərdarlığa yazılı etiraz təqdim edərək, əsassız hesablanmış borcun silinməsinə göstəriş verilməsini xahiş etmişdir. Onun etirazına cavabdehin Binəqədi RETSİ-nin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, əməkdaşlar tərəfindən elektrik sayğacına baxış keçirilən zaman sayğacın ekranının optik gözlə oxunmaması və sayğac nömrəsinin kompüter bazası ilə uyğun olmadığı aşkar edilərək, xx.xx.2023-cü ildə 290483 saylı akt tərtib olunmuş, akta əsasən 767.39 manat hesabat verilmiş, yaranmış borcun ödənilməsi üçün yazılı xəbərdarlıq təqdim edilmişdir. xx.xx.2023-cü il tarixinə 763.7 manat real borcunun olması iddiaçıya bildirilmiş və ödənişin təmin edilməsi tələb edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı məcbur qalıb cəmi 768 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iddia tələbinin “09 iyun 2023-cü il tarixli R № 290483 saylı aktın etibarsız hesab olunması” hissəsinə münasibətdə qeyd edir ki, tələbin qanuni əsası yoxdur. Belə ki, aktın müvafiq qaydalara uyğun olaraq tərtib edilməsi, buna görə də etibarsız hesab edilməsinə əsasın olmaması mübahisəsizdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “09 iyun 2023-cü il tarixli R № 290483 saylı akt əsasında əsassız yaradılmış 767.39 manat borcun ləğv edilməsi” hissəsinə münasibətdə bildirir ki, iddiaçıya qeyd etdiyi məbləğdə əsassız borcun yazılması mübahisəsizdir, belə ki, sayğaca onun müdaxilə etmədiyi və məhz onun təqsiri nəticəsində zərər dəymədiyi, sayğac cavabdehin əməkdaşları tərəfindən çıxarılarkən plombunun və möhürünün üstündə olduğu, yalnız laborator şəraitdə həmin möhürün açıldığı, sayğacın evin hasarının çölündə quraşdırıldığına görə işçi vəziyyətdə saxlanılmasına da müvafiq qaydalara əsasən iddiaçının deyil, cavabdehin cavabdehlik daşıması müəyyən edildiyindən, bu hallar iddiaçıya 767.39 manat borcun əsassız yazılması nəticəsinə gəlməyə əsas verir. Eyni zamanda, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca hər ay baxış keçirilsə də, akt tərtib edilən tarixlə əlaqədar 767.39 manat borcun müəyyən edilməsi məntiqə uyğun deyildir. Lakin hazırda həmin borc iddiaçı tərəfindən ödənildiyindən və iddiaçının borcu olmadığından, məhkəmə hesab edir ki, hazırki tələb təmin edilməməlidir. Eyni zamanda qeyd edilməlidir ki, bu hal iddiaçıya həmin pulun geri ödənilməsini tələb etmək hüququ verir. Beləliklə, nəticə olaraq iddia tələbinin “məcburi ödətdirilmiş 767.39 manat pulun iddiaçıya geri qaytarılması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, yuxarıda qeyd edilənlərə müvafiq olaraq bu tələb əsaslı olduğundan təmin edilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia təmin edilməlidir. Əks halda, yəni iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: 7.6-cı bəndində qeyd edilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.11-ci bəndinə görə, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 7.13-cü bəndində qeyd edilmişdir ki, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. 7.15-ci bəndinə əsasən, hesablaşma elektrik sayğaclarının örtük qutularında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin plombu olmalıdır. 8.2-ci bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.14-cü bəndində qeyd edilmişdir ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.17, 8.17-2-ci bəndlərinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdeh "xxxx" ASC-dən 767.39 (yeddi yüz altmış yeddi manat otuz doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 104.1-ci maddəsinə əsasən, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 767.39 (yeddi yüz altmış yeddi manat otuz doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar