Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-440/2023 20.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Ərizəçi X3 iştirakı ilə Ərizəçi X3 (Bakı şəhəri Nəsimi RİH Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X2 rayon İcra Hakimiyyətini (Qəyyumluq və Himayəçilik Komissiyasını) maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı, xx.xx.1998-ci il tarixdə Gədəbəy rayonu, Köhnəqışlaq kəndində doğulmuş X4 psixi qüsurlarına görə hərəkətlərini idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X7 ərizəsini onunla əsaslandırmışdır ki, 06 may 2016-cı il tarixdə X9 ilə rəsmi nikaha daxil olmuşdur. Lakin 1997-ci ildən ailə qurmuşlar və birgə təsərrüfat aparmışlar. Birgə nikahdan xx.xx.1998-ci il təvəllüdlü X10 adlı bir övladları var. Qızı Ayşən İ qrup əlildir, faktiki olaraq tam fəaliyyət qabiliyyətsizdir. Gündəlik həyatında digər şəxslərin köməyi olmadan hərəkət edə, öz zəruri ehtiyaclarını ödəyə bilmir. Hesab edir ki, onun qızı Ayşənə qəyyum təyin edilməsi zəruridir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi X7 məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə (Qəyyumluq və Himayəçilik Komissiyası) məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, X7 ilə X11 arasında nikah 06 may 2016-cı il tarixdə Gədəbəy rayonu İnəkboğan kəndi İƏD üzrə nümayəndəliyində 08 saylı akt qeydi ilə bağlanmış, nikah bağlanandan sonra arvada Xəlilova soyadı verilmişdir. X10 xx.xx.1998-ci il tarixdə Gədəbəy rayonu, Köhnəqışlaq kəndində doğulmuşdur, atası X7, anası X6r. İş materiallarına əlavə olunmuş tibbi sənədlərlə (7 saylı Uşan poliklinikası tərəfindən verilmiş 783/314 saylı xəstənin ambulator və stasionar talonundan çıxarış) tanış olduqdan sonra, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-5166/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 724 saylı ekspert rəyindən görünür ki, X5 uşaq serebral iflicinin qalıq əlamətləri, ağır əqli geriliklə müəyyən edilir. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmir və onları şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də, X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Yuxarıda qeyd olunan rəydən göründüyü kimi, X1 ilə əlaqədar olaraq məhkəmə iclasında iştirakı mümkün deyil. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, öz hərəkətlərinin mənasını dərk etməyən və onları idarə etmək iqtidarında olmayan X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Ərizəçi Şəhid ailəsi statusuna malik şəxs olmaqla, dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1998-ci il tarixdə Gədəbəy rayonu, Köhnəqışlaq kəndində doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-440/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-440/2023
20.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver