Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-444/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh (Bakı şəhəri 14 saylı Notariat Ofisini maraqlı şəxs qismində qeyd etməklə) qarşı «daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (Bakı şəhəri 14 saylı Notariat Ofisini maraqlı şəxs qismində qeyd etməklə) qarşı «daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 11 dekabr 2017-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri Nəsimi rayonu A.Qurbanov küçəsində yerləşən 48 saylı, ümumi sahəsi 791,95 m2 olan evə dair bacısı – Cavabdeh ilə digər şəxslər arasında bağlanmış alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış evi paylı mülkiyyət olmuşdur. Cavabdehlə aralarında razılaşmaya əsasən bacısı ilə o, paylarını satmağı qərara almışlar. Bacısı Cavabdeh ona təklif etmişdir ki, əmlakı satarkən hərəsi öz payları adından çıxış etmək əvəzinə o, əvvəlcədən öz payını bacısına bağışlama yolu ilə versin, bacısı isə tək mülkiyyətçi olaraq əmlaka dair alğı-satqı işini həyata keçirsin. 11 dekabr 2017-ci il tarixdə o, mülkiyyətçisi olduğu, ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 27 aprel 2016-cı il tarixdə adına verilmiş **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1/8 hissədə əmlakı bacısı – Cavabdeh bağışlamışdır. Daha sonra bacısı tərəfindən ev digər şəxslərə satılmışdır. Evin satışından əldə olunan vəsaiti o, bacısından dəfələrlə tələb etsə də, sonuncu bundan min bir bəhanə ilə boyun qaçırmışdır. 06 mart 2019-cu il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək saxlanılmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli 1(008)-262/2019 saylı hökmü ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 08 iyun 2021-ci il tarixdə cəza müddətinin sona çatması səbəbilə azad olunmuşdur. Həbsdən çıxandan sonra da, bacısından onu aldatmasını, törətdiyi əməlin qanunsuz olmasını, evini əlindən almasının əvəzinə razılaşmalarına uyğun vəsaiti ona verməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Halbuki onların razılaşmaları evin hədiyyə verilməsinə görə deyil, evin satışını asanlaşdırmaq üçün olmuşdur. Həmin zaman notariat kontorunda alğı-satqı işində onlara köməklik göstərən vasitəçi Rəsul adlı şəxs olmuş və alğı-satqının asanlaşdırılması üçün bağışlanmanın olmasını da onlara sonuncu təklif etmişdir. Hesab edir ki, hazırda onunla cavabdeh arasında 11 dekabr 2017-ci il tarixdə bağlanılmış bağışlama müqaviləsinin ləğv edilməsi, bacısı – Cavabdeh ilə Bakı şəhəri Nəsimi rayonu A.Qurbanov küçəsində yerləşən 48 saylı, ümumi sahəsi 791,95 m2 olan evə dair digər şəxslərlə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Qoşmaya əlavə edilmiş notariat işindən də göründüyü kimi, bağışlama müqaviləsi bağlanarkən bütün zəruri sənədlər notariat işinə əlavə edilmiş və tərəfindən də 23 sentyabr 2021-ci il tarixdə notariat işi tam, təsdiq edilmiş surətdə alınmışdır. Hazırkı iddiasına qoşma olaraq həmin sənədləri tam şəkildə əlavə edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia tamamilə qanunsuz və əsassızdır, əsl həqiqəti əks etdirmir. Ona görə də, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı ilə qardaş-bacı olmaqla, iddiaçı əvvəllər anasına məxsus mənzilin 2/18 hissəsində ailəsi ilə bərabər yaşamış, 2003-cü ildə öz yaşadığı payı satıb başqa yerə köçmüşdür. Qeydiyyatda olmamışdır. İddiaçı heç vaxt heç bir yerdə işləməmiş, avara, tüfeyli həyat tərzi keçirmiş, narkotik vasitələrin satışı və qəbulu ilə məşğul olmuşdur. 8 dəfə narkotik üstündə məhkumluq həyatı yaşamışdır. 2016-cı ilin əvvəllərində iddiaçı həbsdən növbəti dəfə azad olunmuşdur. Bundan sonra iddiaçı onun yanına gəlmiş, həbsdən çıxdığını, qalmağa yeri olmadığını, arvadı və uşaqlarının Almaniyaya gedib orada yaşadıqlarını bildirmiş və ona sığınacaq vermələrini xahiş etmişdir. O, iddiaçıya demişdir ki, gəlib analarının yanında qalsın, analarına baxsın. İddiaçı bu təkliflə razılaşmışdır. Hətta iddiaçını həmin dövrdə analarının mənzilinə qeydiyyata da salmışlar. Lakin iddiaçı analarına baxmamışdır. Bir neçə ay sonra anaları vəfat etmişdir. Bundan sonra iddiaçı damların üstünü satıb, özünə pul əldə etmişdir. İddiaçıya mənzilə çıxarış da almışdır ki, insan olub, otursun. Ancaq belə olmamışdır. 2017-ci ilin axırlarında iddiaçı gəlib demişdir ki, evi satmaq istəyir. O, bununla razı olmamışdır, qəti olaraq buna etiraz etmişdir. Hətta digər bacısı da buna razı olmamışdır. Ancaq iddiaçı öz dediyinin üstündə durmuşdur. İddiaçı özü gedib Rəsul adlı makleri tapmış, ev alan tapmışlar. 11.12.2017-ci il tarixdə onlar, yəni özü, evi alan X6, Rəsul və Azadın arvadı və qızı da olmaqla, 14 saylı Notariat Kontoruna getmişlər. Onu da qeyd edir ki, mərhum anası ona və Azada bağışlama müqaviləsi yazmışdı, iddiaçı yalnız özünə məxsus yaşayış sahəsini satırdı. Notariat kontorunda iddiaçıdan vergi ödəməyi tələb etmişlər. Ancaq iddiaçının pulu yox idi. Onda belə qərara gəlmişlər ki, maklerlə iddiaçı ona bağışlama müqaviləsi bağlasınlar, bundan sonra evi o satsın. Belə də etmişlər. Əvvəlcə bağışlama müqaviləsi bağlamışlar. Sonra da evi o, 15.000 manata Brilyanta satmışdır. Həmin prosesdə istər iddiaçının arvadı və qızı, eləcə də Brilyantın oğlu və gəlini iştirak etmişdir. Evin pulunu orada, Notariat kontorunun altında olan bankın kassasına qoymuşlar. Səhəri gün 12.12.2017-ci il tarixdə pulu kassadan çıxarıb, evdə saxlamış və iddiaçı gəlib hissə-hissə olaraq pulu aparmış və bundan sonra onlara bir daha gəlib-getməmişdir. 2019-cu ilin ortalarında öyrənmişlər ki, iddiaçı narkotik üstündə tutulub, cəza alıb. 2021-ci ilin yay aylarında iddiaçı həbsdən azad olunub, makler Rəsulun üstünə gəlmişdir. Özü ilə 2 nəfər də götürüb, gedib Rəsula hədə qorxu gəlməyə ki, evin satılmasından pulu çox almışdır, qaytarıb versin. Rəsul iddiaçını özündən kənarlaşdırmışdır. Sonra iddiaçı onun yanına gəlmiş və bildirmişdir ki, evi o satdığından, iddiaçıya pul verməlidir. Hətta onu təhqir də etmiş, qapını təpikləyib getmişdir. O, iddiaçını aldatmamışdır. İddiaçının öz razılığı ilə ev satılmışdır və pulu da iddiaçının özünə vermişdir. İddiaçı həmin pulla özünə avtomobil almışdır. Onun dediklərinin hamısını qonşuları, qohumları təsdiq edə bilər. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, şahid X13 məhkəmə iclasında ifadəsində bildirdi ki, 25 ildir makler işləyir, VÖEN-i də olmuşdur. Zümrüd xanım, bacısı Aygün xanım zəng etmişlər ki, Kubinkada evləri var, həmin evi satsın. Evə baxmışdır, təmirsiz ev olmuşdur. O, demişdir ki, evi bütöv şəkildə sata bilməyəcək, ancaq hissə-hissə sata bilər. Evləri iki yerə bölüb satmışlar. Hərəsində 1 otaq, 1 mətbəx olmuşdur. 5 ildən az mülkiyyətçi olduğu üçün notarius demişdir ki, vergi tutulacaq. Buna görə də, o, makler kimi, evi satanlara məsləhət görmüşdür ki, Azad özünə məxsus olan hissəni bacısına bağışlasın, bacısı alğı-satqı etsin, vergi tutulmasın. Notariusda alğı-satqı həyata keçirilərkən, Zümrüd xanım, Azad və xalası biryerdə idilər. Onlar pulu götürüblər, lakin pul onun yanında bölünməmişdir. Hətta Xırdalana gedib Azad üçün evlərə də baxmışlar. Azad evi bəyənməmişdir. Bağışlama müqaviləsi və alğı-satqı müqaviləsi eyni gündə bağlanmışdır. X4 məhkəmə iclasında ifadəsində bildirdi ki, iddiaçı və cavabdeh onun bacısı uşaqlarıdır. O, Azada demişdir ki, evi satmasın, sonra harada yaşayacaq?. Lakin inad etdiyi üçün Zümrüd xanımın evi ilə birlikdə onun da payı satıldı. 7.000 manat və 8.000 manat isə Azada verilmişdir. Azad da həmin pulun bir hissəsinə maşın almış, qalanını da yeyib dağıtmışdır. Zümrüd isə əksinə həmin pula mərhumə anasının qəbri də daxil olmaqla, 4 qəbir düzəltdirmiş və yas vermişdir. Azad isə həmin pulları yeyib içib dağıtmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi 48 ünvanda yerləşən fərdi yaşayış evinin ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan 1/18 hissəsini 11 dekabr 2017-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış 4Ə-924 qeydiyyat nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsinin bağlanmasının təşəbbüskarı məhz İddiaçı olmuşdur. Çünki, o, daşınmaz əmlak alğı-satqısı ilə məşğul olaraq gəlir əldə edən şəxs olmasa da, mülkiyyət hüququ üzrə satdığı payına 5 ildən az sahiblik etdiyi üçün alğı-satqı müqaviləsi bağlasa idi, vergiyə cəlb oluna bilərdi və o, vergi ödəməmək üçün ev alğı-satqısında vasitəçilik edən şəxsin məsləhəti ilə özünə məxsus payı sonradan alğı-satqı edərək, pulunun ona verilməsi üçün bacısı, hazırkı iş üzrə Cavabdeh bağışlamışdır (bunu şahid X9 ifadəsi, həmçinin tərəflərin məhkəmədə verdikləri izahat təsdiq edir). 09 dekabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən mənzil (yaşayış sahəsi) Cavabdeh tərəfindən 15.000 manata X1 (1/36 hissə). 13 mart 2018-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən mənzil (yaşayış sahəsi) Cavabdeh tərəfindən 28.000 manata X2 (22,0 m2). X3, istərsə də X8 onların öz yaşayış sahələrinə dair mülkiyyət hüququnu təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Göründüyü kimi, İddiaçı bacısı Cavabdeh bağışladığı yaşayış sahəsi X5 15.000 manata satılmışdır. Bundan başqa, İddiaçı 13 dekabr 2017-ci il tarixdə notariat orqanına rəsmi şəkildə ərizə təqdim edərək, özünə məxsus payının satılmasına razılıq vermiş, gələcəkdə bununla bağlı hər hansı iddia qalxarsa, bütün məsuliyyəti öz üzərinə götürməsini bəyan etmişdir. İddiaçı hazırda fərdi yaşayış evinin ümumilikdə 45.000 manata satıldığını bildirir və hesab edir ki, ona çatası pul vəsaiti tam şəkildə ödənilməyib. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh fərdi yaşayış evinin qardaşına aid olan hissəsini (payını) 15.000 manata sataraq, pulunu İddiaçı vermişdir. İddiaçı həmin pulun yalnız 8.000 manatını aldığını, həmin puldan 7.000 manata avtomobil aldığını, 300 manata təmir etdirdiyini, 700-800 manat müalicəyə sərf etdiyini etiraf edir. Lakin, X4 ifadəsində Azada evin satılmasından ümumilikdə 15.000 manat pul (7.000 manat + 8.000 manat) pul verildiyini təsdiq edir. Məhkəmə cavabdehin izahatını əsaslı hesab edir, şahidlərin ifadələrini isə mötəbər sübut növü kimi qiymətləndirir. Belə ki, məhkəmədə formalaşmış daxili inama və toplanmış, tədqiq edilmiş sübutların məcmusuna görə, iddiaçı evin özünə aid hissəsinin satılmasında təşəbbüskar olmuş, digər payçılardan evi satmasını tələb etmiş, vergi ödəməməsi üçün payını sonradan alğı-satqı edilməsi üçün bacısına bağışlamış, evin satılması üçün vasitəçini və müştərini tapmış, notariat orqanına özünə aid payın alğı-satqı edilməsinə razı olmasını bildirmiş, payının satılmasından əldə olunan vəsait ona təqdim edilən kimi pulun bir hissəsinə bahalı daşınar əmlak olan avtomobil almış, pulun qalan hissəsini sərf edənədək cavabdehi və başqa şəxsləri narahat etməmiş, pulun qalıq hissəsini sərf edib qurtarandan sonra əlavə pul almaq üçün cavabdehi, evin satılmasında vasitəçilik etmiş şəxsi narahat etmiş və nəhayət məhkəmədə hazırkı iddianı qaldırmışdır. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Digər tərəfdən, məhkəmə vurğulayır ki, bu qəbildən olan iddialar üzrə qanunla müəyyən edilmiş iddia müddəti 1 il təşkil edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür və bu, iddianın rədd edilməsi üçün əsasdır. Hazırkı halda iddia müddətinin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizənin təqdim edilməsinə zərurət yoxdur. Çünki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh (Bakı şəhəri 14 saylı Notariat Ofisini maraqlı şəxs qismində qeyd etməklə) qarşı «daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (Bakı şəhəri 14 saylı Notariat Ofisini maraqlı şəxs qismində qeyd etməklə) qarşı «daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-444/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-444/2022
02.03.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver