Məhkəmə qərarları › İş №2(027)-14/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-14/2025

10.02.2026 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-14/2025 10.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Quba Bələdiyyəsi, Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi və Quba regional “Asan Xidmət” mərkəzinə qarşı “çıxarışların ləğv olunması və alqı-satqı müqavilələrinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Quba Bələdiyyəsi, Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi və Quba regional “Asan Xidmət” mərkəzinə qarşı “çıxarışların ləğv olunması və alqı-satqı müqavilələrinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi tərəfindən Quba Bələdiyyəsinə verilmiş 15 avqust 2018ci il tarixli ********** saylı **********71 reyestr nömrəli çıxarışın ləğv olunması; Cavabdeh4 22 noyabr 2018-ci il tarixli 34/07 saylı hərrac nəticələrinin etibarsız hesab edilməsi, hərracın nəticələrinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların ləşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş АМ seriyalı 007217 saylı şəhadətnamənin ləğv edilməsi; cavabdeh Quba Bələdiyyəsi ilə Cavabdeh1 ilə bağlanmış 3 dekabr 2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh1 Azərbaycan Respublikasının Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi tərəfindən verilmiş RX seriyalı 11402252 saylı **********68 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması; cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 27 aprel 2021-ci il tarixdə Quba Regional Xidmət Mərkəzinin Notariat ofisində bağlanmış AN-İN ******* saylı alqı satqı müqaviəsinin etibarsız hesab olunması və 30 aprel 2020-ci il tarixli **********68 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh4 22 noyabr 2018-ci il tarixli 34/07 saylı hərrac nəticələrinin etibarsız hesab edilməsi, hərracın nəticələrinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların ləşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş АМ seriyalı 007217 saylı şəhadətnamənin ləğv edilməsi; cavabdeh Quba Bələdiyyəsi ilə Cavabdeh1 ilə bağlanmış 3 dekabr 2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh1 Azərbaycan Respublikasının Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi tərəfindən verilmiş RX seriyalı 11402252 saylı **********68 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması; cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 27 aprel 2021-ci il tarixdə Quba Regional Xidmət Mərkəzinin Notariat ofisində bağlanmış AN-İN ******* saylı alqı satqı müqaviəsinin etibarsız hesab olunması və 30 aprel 2020-ci il tarixli **********68 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X5 iddianı onunla əsaslandırmışdır ki, həyat yoldaşı X3 21 dekabr 2017-ci ildə vəfat etmişdir. Mərhum həyat yoldaşının mülkiyyətində JN-1097 (kod ********) saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı" ilə Quba şəhərində 0.62 ha torpaq sahəsi mövcud olmuşdur. Həmin əmlak onların birgə nikahı dövrdə alınmışdır. Mübahisə predmeti olan torpaq sahəsinə onlar 2006-cı ildən heç bir etiraz olmadan sahiblik etmişlər və qeyd edilən torpaq istifadələrində olmuşdur. 2018-ci ildə həmin torpaq sahəsində yeni bir tikilinin tikildiyinin şahidi olmuşlar. Bununla bağlı orada tikinti aparan şəxslərə tikintinin dayandırılmasını tələb etdikləri zaman onlar tikinti işlərini dayandırmış və oradan getmişlər. Daha sonra həmin tikilinin də olduğu torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı AR İN yanında ƏMDX-nin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Qurumdan onlara verilən imtina cavabını məhkəmədə mübahisələndirmiş və qeyd edilən torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. 2020-ci ilin yaz aylarında yenidən onlara aid olan torpaqda tikilmiş tikilidə tikinti işlərinin olduğunu görmüş və bununla bağlı Cavabdeh2 onun bu torpaq sahəsinə dair çıxarışının olduğunu bildirmişdir. Bununla bağlı araşdırma zamanı Cavabdeh2 həmin torpaq sahəsini Cavabdeh1 aldığını öyrənmişlər. Cavabdeh1 da mübahisə predmeli olan torpaq sahəsini Quba Bələdiyyəsindən aldığını aydınlaşdırmışlar. Quba Asan Xidmət Notariat Ofisinə ünvanladığı sorğuya cavab olaraq Quba Bələdiyyəsi ilə Cavabdeh1 arasında 03 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin olduğuna dair məlumat verilmişdir. Məlumata əlavə edilən sənədlərə əsasən əsassız şəkildə onlara məxsus olan torpaq sahəsinə Quba Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli çıxarışın verildiyini öyrənmişlər. Araşdırmalar aparılan zaman onlara məlum olmuşdur ki, Quba bələdiyyəsi həmin torpaq sahəsinin bonlara məxsus olduğuna dair məlumatlı olduğu halda əsassız olaraq DƏDRX 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət elmiş və onlara məxsus torpaq sahəsinin bir hissəsinə dair çıxarış almışdır. Daha sonra həmin torpaq sahəsini isə onların hüquqları pozaraq özgəninikiləşdirmişdir. Bundan əlavə X10 Xidmət Mərkəzinin Notariat ofisinə ünvanladığı sorğuya cavab olaraq cavabdehlərdən Cavabdeh2 ilə Cavabdeh1 arasında 27 aprel 2020-ci il tarixində onların mülkiyyətində olan torpaq sahəsinin 0.04 ha hissəinə dair alqı-satqı müqaviiləsinin bağlandığını öyrənmişlər. Həmin torpaq sahəsi onların mülkiyyətimizdə və sahibliyindədir. X4rın mülkiyyətində olan torpaq sahəsini satması qanunsuzdur. Bütün bunlar onun hüquqlarının pozulmasıdır. İş üzrə iddiaçı X5 məhkəməyə təqdim etdiyi yazılı izahatında bildirmişdir ki, Quba Bələdiyyəsi mübahisə predmeti olan torpaq sahəsini Cavabdeh1 satması tamamilə qanunsuz olmuşdur. Belə ki, bələdiyyədə torpaq sahəsinin başqa şəxsə mənsub olmasına dair məlumat olsa da bələdiyyə həmin torpaq sahəsini sənaye təyinatlı olmasına baxmayaraq yaşayış sahəsi kimi qeydiyyata aldırıb satmışdır. Burada bələdiyyə qanunsuz hərəkət edərək şəxsin mülkiyyətində olan torpaq sahəsini sırf daşınmaz əmlakın sistemində qeydiyyata alınmadığı üçün başqa şəxsə satmışdır. Çünki həmin torpaq sahəsinə əslində iddiaçının mülkiyyət sənədi olmuşdur. Dövlət aktına əsasən mübahisə predmeti olan torpaq sahəsi iddiaçının həyat yoldaşının mülkiyyətində olmuşdur. Məhkəmə qərarları ilə bələdiyyənin qərarları ləğv edilmiş və bələdiyyəyə verilmiş çıxarışlar ləğv edilmişdir. Nəticə etibari ilə bələdiyyə iddiaçının həyat yoldaşının mülkiyyətində olan torpaq sahəsinə yenidən dövlət qeydiyyatı aparmış və iddiaçının hüquqlarını pozmuşdur. Sırf daşınmaz əmlakın reyestrində torpaq sahəsinin qeydiyyatına dair məlumat olmadığı üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsinə yeni sənəd alıb onu satmaq qanunsuz və ədalətsizdir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, bildirdi ki, Quba bələdiyyəsi qanunsuz olaraq başqasına məxsus Quba şəhərində yerləşən torpaq sahəsinə dair adına xx.xx.2018-ci il tarixli çıxarış almışdır. Bələdiyyə həmin torpaq sahəsini sənaye təyinatlı olmasına baxmayaraq yaşayış sahəsi kimi qeydiyyata aldırıb Cavabdeh1 satmışdır. Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə bütün bu qanunsuz hərəkətlərin əsası olan Quba Bələdiyyəsinin 30 sentyabr 2016-cı il tarixli 1106-saylı və 30 avqust 2016-cı il tarixli 1106 saylı qərarları ləğv edilmişdir. Həmin qərarların ləğv edildiyindən ondan irəli gələn bütün hüquqi nəicələr ləğv edilməlidir. Bələdiyyənin qanunsuz hərəkələri sübuta yetirilmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, altı il əvvəl internet üzərindən gördüyü elan əsasında pul verib Cavabdeh1 Quba şəhərində yerləşən 0,04 ha yaşayış təyinatlı torpaq sahəsi almışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Cavabdeh1 ilə aralarında qalqı-satqı prosedurları X10 Xidmət mərkəzində notariat ofisində olmuşdur. Həmin vaxt aldığı torpaq sahəsinin mübahisəli olmasını bilməmişdir. Belə ki, bildiyi təqdirdə torpaq sahəsini almazdı. Torpaq sahəsinin 1 sotunu 6.000 (altı min) manat olmaqla, cəmi 24.000 (iyirmi dörd min) manata Cavabdeh1 almışdır. Ruslan hazırda Massalı rayonunda yaşayır. Göstərilənləri nəzərə alaraq, iddianın ona aid olan hissədə rədd edilməsini xahiş etdi. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 xidmət mərkəzində Notariat ofisinin notarusu İlkin Qasımov məhkəməyə ərizə təqdim edərək, iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu səbəbilə məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini nəzərə alaraq, iş üzrə təyin olunmuş məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Quba Bələdiyyəsi, Cavabdeh4, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: Quba Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 68/4 saylı qərarı əsasında verilmiş JN- 1097 (kod ********) saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı” ilə Quba şəhərində 0.62 ha torpaq sahəsi X2 verilmişdir; AZ-İ № 919502 ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, iddiaçı X1 həyat yoldaşı X3 xx.xx.2017-ci ildə vəfat etmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsinin 15 avqust 2018-ci il tarixli ********** saylı **********71 reyestr nömrəli çıxarışdan görünr ki, Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsi Quba bələdiyyəsinin mülkiyyətindədir; Quba Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-3099 saylı alqı-satqı müqaviləsindən görünür ki, Quba bələdiyyəsi Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsini 2.000 (iki min) manata Cavabdeh1 satmışdır; Azərbaycan Respublikasının Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir; Quba Regional Xidmət Mərkəzinin Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli AN-İN ******* saylı alqı-satqı müqaviəsindən görünür ki, Cavabdeh1 Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsini 10.000 (on min) manata Cavabdeh2 satmışdır; Azərbaycan Respublikasının Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-763/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Quba Bələdiyyəsinin 30 sentyabr 2016-cı il tarixli 1106-saylı və 30 avqust 2016cı il tarixli 1106 saylı qərarları ləğv edilmişdir. "İnzibati icraat haqqında " Azərbaycan Respublikasının qanununun 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz, sayılır. Həmin qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul elmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plennumunun N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki: Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). 20.S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki; Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. 21.“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki; Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqısatqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki iddia tələbinin məzmunundan da aydın olduğu kimi iddiaçının tələbi bir neçə cavabdehə yönəldilməklə üç hissədən ibarətdir: - Cavabdeh4 22 noyabr 2018-ci il tarixli 34/07 saylı hərrac nəticələrinin etibarsız hesab edilməsi, hərracın nəticələrinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların ləşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş АМ seriyalı 007217 saylı şəhadətnamənin ləğv edilməsi; - cavabdeh Quba Bələdiyyəsi ilə Cavabdeh1 ilə bağlanmış 3 dekabr 2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh1 Azərbaycan Respublikasının Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi tərəfindən verilmiş RX seriyalı 11402252 saylı **********68 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması; - cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 27 aprel 2021-ci il tarixdə Quba Regional Xidmət Mərkəzinin Notariat ofisində bağlanmış AN-İN ******* saylı alqı satqı müqaviəsinin etibarsız hesab olunması və 30 aprel 2020-ci il tarixli **********68 reyestr nömrəli çıxarışın ləğv edilməsi. Tələbin ilkin hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin hallarından məlum olduğu kimi, İddiaçı həyat yoldaşı X3 xx.xx.2017-ci ildə vəfat etmişdir. Mərhumun mülkiyyətində Quba Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 68/4 saylı qərarı əsasında verilmiş JN-1097 (kod ********) saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı" ilə Quba şəhərində 0.62 ha torpaq sahəsi mövcud olmuş və həmin torpaq sahəsi 2006-cı ildən onların istifadəsindədir. İddiaçı həmin torpaq sahəsində yeni bir tikilinin tikildiyinin şahidi olmuş, bununla bağlı DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, ona aid olan torpaq sahəsinin Quba Bələdiyyəsin mülkiyyətinə verilməsi ilə bağlı məlumat əldə etmişdir. Quba Bələdiyyəsi qeyd olunan torpaq sahəsinin bir hissəsinə dair adına mülkiyyət hüququna dair çıxarış əldə etmiş və həmin torpaq sahəsini digər şəxsə satmışdır. Bələdiyyənin adına qeyd edilən mülkiyyət hüququna dair çıxarışların verilməsi üçün əsas Quba Bələdiyyəsinin 30 sentyabr 2016-cı il tarixli 1106-saylı və 30 avqust 2016-cı il tarixli 1106 saylı qərarları olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-763/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə həmin qərarların bələdiyyə tərəfindən qanunsuz yolla qəbul edildiyi qənaətinə gələrək, ləğv edilmişdir. Hazırda iddiaçı mübahisəli əmlaka dair ilkin hüquq yaradan inzibati aktların ləğv edilməsini əsas gətirərək, sonrakı əqdlərin də heç bir hüquqi əsası olmadığını qeyd edərək ləğv edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(118)-763/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə mübahisəli torpaq sahəsinə dair Quba Bələdiyyəsinin 30 sentyabr 2016-cı il tarixli 1106-saylı və 30 avqust 2016-cı il tarixli 1106 saylı qərarlarının ləğv edilməsi sonrakı əqdlərin də hüquqi taleyinə birbaşa təsir göstərir. Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(118)-763/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı onunla əsaslandırılmışdır ki, Quba Bələdiyyəsinin 30 sentyabr 2016-cı il tarixli 1106-saylı və 30 avqust 2016-cı il tarixli 1106 saylı qərarların bələdiyyə tərəfindən qəbul edilməsi qanunamüvafiq deyil. Qeyd edilən torpaq sahəsi uzun illər iddiaçının istifadəsində olmuş və bu torpaq sahəsinə dair məhz Quba Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 68/4 saylı qərarı əsasında verilmiş JN-1097 (kod ********) saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı” barəsində Bələdiyyənin məlumatı olmuşdur. Quba Bələdiyyəsi tərəfindən verilmiş T064 saylı məktuba əsasən qərar verilmiş mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının həyat yoldaşının mülkiyyətində olmasına dair cavabdeh xx.xx.2007-ci İldən məlumatı olmuş və 2015-ci ildə avtomatlaşdırılmış məlumat sisteminə məlumatlar əlavə edilmişdir. Quba Bələdiyyəsi həmin torpaq sahəsinin başqa şəxsin istifadəsində olması ilə bağlı məlumatlı olduğu halda əsassız olaraq qərar qəbul etmişdir. Nəzərə alınmalıdır ki, artıq Quba Bələdiyyəsinin 30 sentyabr 2016-cı il tarixli 1106saylı və 30 avqust 2016-cı il tarixli 1106 saylı qərarları əsasında torpaq sahəsi özgəninkiləşdirilməklə, üçüncü şəxsin mülkiyyətinə verilmişdir. Nəticədə üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestri barədə çıxarış mövcuddur. Lakin məhkəmə qeyd edir ki, yuxarıda sadalanan hallar Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün əsas qismində çıxış edir. Belə ki, həmin çıxarışın verilməsinə əsas olan sənədlər hüquqi qüvvəsini itirmişdir. İddia tələbinin digər hissəsinə, yəni Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixdə Quba Regional Xidmət Mərkəzinin Notariat ofisində bağlanmış AN- İN ******* saylı alqı-satqı müqaviləsi və sonuncunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə münasibətdə isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki qanunvericiliyə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız əqdlərdir. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı bir əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanılmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Yuxarıda sadalanan normalardan, eyni zamanda formalaşmış məhkəmə təcrübəsindən də müəyyən olunduğu kimi bağlanmış hər hansı bir əqdin etibarlı olması üçün həmin əqd müəyyən olunmuş şərtlərə tabe olmalıdır. Hazırda iddiaçı Cavabdeh2 qarşı olan tələbini onunla əsaslandırır ki, Cavabdeh1 adına xx.xx.2018-ci il tarixli çıxarışın verilməsinə əsas olan bələdiyyə qərarları ləğv edildiyindən. həmin çıxarışa əsasən sonuncu ilə Cavabdeh2 arasında 27 aprel 2021-ci il tarixdə bağlanmış AN-İN ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da etibarsız hesab edilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Sadalanan qanunvericilik normalarından və formalaşmış məhkəmə təcrübəsindən də müəyyən olunduğu kimi dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.Bununla da artıq dövlət reyestrində yazının mövcudluğu faktının olması əldə edən şəxsin vicdanlı alıcı kimi tanınmasını mümkün edir. Məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsini (********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyat tarixli çıxarışa əsasən) 27 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır. Məhkəmə iclasında izahat verən Cavabdeh2 həmin torpaq sahəsini satın alarkən tərəflər arasında mübahisənin mövcudluğundan xəbərsız olmasını bildirmiş, Cavabdeh1 adına mövcud olan çıxarışa etibar etməklə torpaq sahəsini satın aldığını qeyd etmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında heç bir qohumluq əlaqəsi yoxdur və ya əvvəldən onların tanışlığı olmamışdır. Mikayil Əliyev internet üzərindən gördüyü elan əsasında Cavabdeh1 ilə əlaqə yaratmış və sonuncunun mülkiyyətində olmuş Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsi almışdır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçının torpaq sahəsinə qanunla qorunan hər hansı hüquqları pozulmuş olsa da belə, onun pozulmuş hüquqları torpaq sahəsini sonradan vicdanlı əldə edən şəxsin hesabına kompensasiya edilə bilməz. Belə ki, işin hallarından da məlum olduğu kimi Cavabdeh2 mübahisəli torpaq sahəsini əldə edərkən məhkəmə mübahisələrindən xəbərdar olmamış, Cavabdeh1 məxsus daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa istinadən torpaq sahəsini satın almışdır. Lakin qeyd edilən hal hüquqları pozulmuş şəxsin ona dəymiş ziyan məbləğinin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Belə ki, yuxarıda sadalanan məhkəmə qərarlarında da qeyd olunduğu kimi adına Cavabdeh1 xx.xx.2018-ci il tarixli çıxarışın verilməsinə əsas olan Quba Bələdiyyəsinin 30 sentyabr 2016-cı il tarixli 1106-saylı və 30 avqust 2016-cı il tarixli 1106 saylı qərarları ləğv edilməklə, mübahisəli torpaq sahəsinin ona satılması faktı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı Cavabdeh2 vicdanlı alıcı olması müəyyən edilməklə, mübahisəli torpaq sahəsinin alqı-satqısına dair 27 aprel 2020-ci il tarixli əqdin əhəmiyyətsiz əqd olmasına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Odur ki, məhkəmə qeyd edir ki, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğvi üçün də hər hansı bir əsas mövcud deyildir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh4 22 noyabr 2018-ci il tarixli 34/07 saylı hərrac nəticələri etibarsız hesab edilməli, hərracın nəticələrinə dair Cavabdeh4 tərəfindən verilmiş AM seriyalı 007217 saylı şəhadətnamə ləğv edilməli, cavabdeh Quba Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 3 dekabr 2018-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh1 Azərbaycan Respublikasının Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi tərəfindən verilmiş RX seriyalı 11402252 saylı **********68 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv olunmalıdır. İddia Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh4 22 noyabr 2018-ci il tarixli 34/07 saylı hərrac nəticələri etibarsız hesab edilsin, hərracın nəticələrinə dair Cavabdeh4 tərəfindən verilmiş AM seriyalı 007217 saylı şəhadətnamə ləğv edilsin. Cavabdeh Quba Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 3 dekabr 2018-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunsun, Cavabdeh1 Azərbaycan Respublikasının Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi tərəfindən verilmiş RX seriyalı 11402252 saylı **********68 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv olunsun. İddia Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar