Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1650/2025 12.01.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, mütəxəssis Mingəçevir şəhər Rayonlararası Lal Kar İdarə Heyətinin sədri X2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakın bağışlanması barədə notarial qaydada təsdiqlənmiş bağışlanma müqaviləsinin tam ləğv olunması, həmin bağışlama müqaviləsinin bağışlandığı andan ondan yaranan bütün hüquqi nəticələrin etibarsız hesab olunaraq ləğv edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı 6 saylı Bakı “ASAN-xidmət” mərkəzində notariat ofisində xx.xx.2025-ci il tarixdə 4Ə-1732 reyestr nömrə ilə qeyd edilmiş Tərtər rayonu, Qaynaq kəndində yerləşən daşınmaz əmlakın bağışlanması barədə müqavilənin tam ləğv olunması, həmin bağışlama müqaviləsinin başlandığı andan ondan yaranan bütün hüquqi nəticələrin etibarsız hesab olunaraq ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasını onunla əsaslandırmışlar ki, İddiaçı1 xüsusi mülkiyyət hüququ əsasında tam ona məxsus olmuş, Tərtər rayonu, Qaynaq kəndində yerləşən ümumi sahəsi 82,20 kv. metr olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən, fərdi yaşayış üvinin üzərində tikildiyi ümumi sahəsi 0,62 ha olan həyətyanı torpaq sahəsinin paylı mülkiyyəti üzrə ona məxsus 2/4 hissəsini, həmçinin İddiaçı2 həmin ünvanda yerləşən, fərdi yaşayış evinin üzərində tikildiyi ümumi sahəsi 0,62 hektar olan həyətyanı torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus ¼ hissəsini 6 saylı Bakı “ASAN-xidmət” mərkəzində notariat ofisində 01 iyul 2025-ci il tarixli, 4Ə- 1732 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Cavabdeh bağışlamışlar. Cavabdeh ilə öz aralarında, yəni ailə hüquq münasibətləri üzrə belə razılığa gəlmişlər ki, həyatlarının sonunadək həmin fərdi yaşayış evində yaşayacaqlar, evin kommunal xərclərini o, ödəyəcək, müraciət etdikdə onların bütün zəruri maddi ehtiyaclarını qarşılayacaq və bağışladıqları əmlakı özünün heç bir öhdəliyi ilə yüklü etməyəcək, onlara ömrünün axırına qədər baxacaqlar. Lakin cavabdeh öhdəliyi icra etməmişdir. Belə ki, bağışlama müqaviləsini başlamamışdan əvvəl cavabdeh onları Bakı şəhərində yaşadığı mənzilə aparmış və onunla bərabər yaşayacaqlarına söz vermişdir. Lakin bağışlama müqaviləsi bağladıqdan müəyyən müddət sonra cavabdeh onlara Bakı şəhərində yaşadığı mənzildə kommunal xərcləri və digər ailə məsrəfləri onların ödəmələrini tələb etmişdir. Qeyd etmişlər ki, onlar hər ikisi anadan gəlmə lal-kar olmaqla İİ qrup əlillik dərəcəsi ilə xəstəlik, mütəmadi şəkildə müalicə olunmağa ehtiyacları vardır. Cavabdehdən onların zəruri maddi ehtiyaclarını təmin etməsini, müalicə olunmasına kömək etməsini xahiş etmişlər. Cavabdeh isə onların xahişinə heç bir reaksiya verməmişdir. Bundan əlavə cavabdeh bağışlama müqaviləsindən sonra fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini öz adına rəsmiləşdirdikdən sonra ona bağışladıqları evi satmaq istədiyini bildirmişdir. Əvvəl onlar buna ciddi əhəmiyyət verməmişlər. Lakin sonra cavabdehin məqsədinin ciddi olduğunu anlamışlar. Eləcə də hər gün səhhətlərini və maddi vəziyyətləri çətinləşmişdir. Ona görə də cavabdehə bağışlama müqaviləsini ləğv etmək istədiklərini bildirmişdir. Cavabdeh onlarla razılaşsa da sözünün üstündə durmamış və konkret addım atmamışdır. Fərdi yaşayış evini və həyətyanı sahəsi bağışladıqdan sonra ahıl vaxtlarında onların vəziyyətləri daha da çətinləşdirmiş, valideyn kimi, hətta insan kimi də saymamışdır. Əgər əmlaklrını ona bağışlamasaydılar kirayəyə verib normal yaşamalarını təmin etmiş olardılar. Cavabdeh onları aldadıb əliliklərindən və qocalıqlarından istifadə edib evi və həyətyanı torpaq sahəsini ona bağışlamaqları barədə müqavilə bağlamağı təhrik etmişdir. Onlar valideyn kimi cavabdehin yolunda əziyyət çəkmişlər, ona həmişə pullar xərcləmişlər.Ancaq cavabdeh onları evlərindən qovmuşdur. O, evi satıb onları başqalarının evində yaşamağa məcbur etmişdir. Cavabdehin nə işlə məşğul olması məlum deyildir. Bütün ailə üzvləri ondan narazıdırlar. Cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulan vəzifələri kobudcasına pozmuşdur. Həmçinin cavabdeh onlara yardım etmədiyi üçün bağışlama nəticəsində onların əmlak vəziyyətlərinin pisləşməsinə, maddi cəhətdən ağır vəziyyətə düşmələrinə səbəb olmuş, onlar yaşlı, xəstə adamlardır və bunun nəticəsində aclıqdan korluq çəkirlər. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh qarşı 6 saylı Bakı “ASAN-xidmət” mərkəzində notariat ofisində xx.xx.2025-ci il tarixdə 4Ə-1732 reyestr nömrə ilə qeyd edilmiş Tərtər rayonu, Qaynaq kəndində yerləşən daşınmaz əmlakın bağışlanması barədə müqavilənin tam ləğv olunması, həmin bağışlama müqaviləsinin başlandığı andan ondan yaranan bütün hüquqi nəticələrin etibarsız hesab olunaraq ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 mütəxəssis Mingəçevir şəhər Rayonlararası Lal Kar İdarə Heyətinin sədri X2 iştirakı ilə məhkəmə iclasında alınmış izahatından görünür ki, iddia tələbinin təmin edilməsini, iki oğlunun arasında ziddiyyətli münasibət yarandığından, yəni evinin özünə qaytarılmasını xahiş edir. Bağışlama müqaviləsini etibarsız hesab edilməsini xahiş etmişdir. Bağışlama müqaviləsi bağlanarkən notariat ofisində olmuş, tərcüməçi iştirak etmişdir. Nə bağışladı ona izah olunmamışdır. İyun ayında notariatda bağışlama oldu, lakin sonradan iki qardaş mübahisə etdilər. Bu səbəbdən də o, evini özünə qaytarmaq qərarına gəlmişdir. Həmin vaxt orada tərcüməçi olmuşdur. Bağışlamanın ləğv olunmasını və evinin özünə qaytarılmasını xahiş etmişdir. İddiaçı2 mütəxəssis Mingəçevir şəhər Rayonlararası Lal Kar İdarə Heyətinin sədri X2 iştirakı ilə məhkəmə iclasında alınmış izahatından görünür ki, əvvəl notarisda olmuş və evin oğlu Namiqə bağışlanmasına razı olmuşdur. Bağışlama müqaviləsinə imza etmişdir. Lakin səhv edib imza etmşdir. Belə ki, bağışlama müqaviləsindən sonra iki qardaş biri-biriləri mübahisə etmiş, aralarında ziddiyyət yaranmışdır. Onların mübahisələrinin daha da dərinləşməsini istəməmişlər. Odur ki, məhkəmədə iddia qaldıraraq həmin bağışlama müqaviləsinin etibarsız hesab edilməsini və bununla bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddiaçılar onun valideynləridir. Onlarla heç bir ədavətləri olmamışdır. Təqribən 6 ildir ki, Bakı şəhərində kirayədə yaşayır. Valideynləri də onlarla yaşamışdır. Heç bir narazılıqları olmamışdır. Onlar öz istəkləri ilə ona 10 ildir ki, kənarda yaşamasını, ona kömək məqsədi ilə birlikdə yaşamaq üçün evi ona bağışlamışlar. Bağışlamadan sonra qardaşı pul iddiası etməyə bağlamışdır. O da pul verəcəyini və bir müddət gözləməsini bildirmişdir. Lakin o, razı olmamış, bu səbəbdən narazılıq olmuş və valideynləri məhkəmədə barışıq müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmışlar. Halbu ki, bağışlamada qardaşı da iştirak etmiş və öz razılığını bildirmişdir. Qardaşı Qaynaq kəndidə yaşayır. Mübahisəli ev Qaynaq kəndində yerləşir. 3 otaqdır, həyətyanı torpaq sahəsi 0,62 ha ibarətdir. O da Bakı şəhərindən gəlib valideynləri ilə birlikdə yaşamaq istəyir. Bağışlama müqaviləsinin ləğv edilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, iddia ilə bağlı əvvəl etirazı olsa da hazırda iddia tələbini qəbul edir, ailə üzvləri ilə birlikdə kirayədə yaşadığı üçün gəlib valideynlərinin yanında yaşayacaqlar. İşdə olan xx.xx.2018-ci il tarixdə verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1968-ci ildə Tərtər rayon Qaynaq kəndində anadan olmuş və hazırda Tərtər rayon Qaynaq kəndində qeydiyyatdadır. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1971-ci il təvəllüdlüdür. İşdə olan 138165 №-li vəsiqənin surətindən görünür ki, İddiaçı1 İİ qrup əlildir. İşdə olan 138166 №-li vəsiqənin surətindən görünür ki, İddiaçı2 İİ qrup əlildir. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1994-cü il təvəllüdlüdür. İşdə olan Tərtər rayon Qaynaq kənd İƏD-i üzrə nümayəndənin verdiyi 355 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 ailə üzvləri İddiaçı2, Cavabdeh və X1 ibarətdir. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət rüystrindən çıxarış sənədinin surətindən görünür ki, Tərtər rayon Qaynaq kəndində yerləşən 0,62 ha həytyanı torpaq sahəsində inşa edilmiş 82,2 kv.metr sahədən ibarət fərdi yaşayış evi xx.xx.2025-ci il tarixdə İddiaçı2 torpaq sahəsi ¼ hissədə, İddiaçı1 fərdi yaşayış evi tam, torpaq sahəsi 2/4 hissədə, Cavabdeh torpaq sahəsi ¼ hissədə payı müəyyən edilmişdir. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət rüystrindən çıxarış sənədinin surətindən görünür ki, Tərtər rayon Qaynaq kəndində yerləşən 0,62 ha həytyanı torpaq sahəsində inşa edilmiş 82,2 kv.metr sahədən ibarət fərdi yaşayış evi xx.xx.2025-ci il tarixdə Cavabdeh tam payı müəyyən edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı1 və İddiaçı2 Tərtər rayon Qaynaq kəndində yerləşən 0,62 ha həytyanı torpaq sahəsində inşa edilmiş 82,2 kv.metr sahədən ibarət fərdi yaşayış evinin İddiaçı2 torpaq sahəsi ¼ hissədə, İddiaçı1 fərdi yaşayış evi tam, torpaq sahəsi 2/4 hissədə Cavabdeh bağışlamışlar. Hər iki tərəf müqaviləni imzalamışlar. İşdə olan xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş **********173 nömrəli ərizədən görünür ki, X3 qeydiyyatda olduğu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanmasına etirazı yoxdur, razıdır. Məhkəmə işdə iştirak edən iddiaçıları, cavabdehi dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, hər iki tərəfin qeyd etdiyi kimi, həqiqətən Notariat Ofisində iddiaçılar İddiaçı1 və İddiaçı2 01 iyul 2025-ci il daşınmaz əmlakın müqaviləsi ilə Tərtər rayonu, Qaynaq kəndi ünvanında yerləşən İddiaçı2 torpaq sahəsi ¼ hissədə, İddiaçı1 fərdi yaşayış evi tam, torpaq sahəsi 2/4 hissədə, Cavabdeh bağışlamışlar. Bağışlama müqaviləsi hər iki tərəfdən imzalanmışdır. Bundan sonra cavabdeh fərdi yaşayış evinə görə adına çıxarış sənədi almışdır. Məhkəmə iclasında mütəxəssisin iştirakı ilə izahat vermiş İddiaçı1 və İddiaçı2 evlərini oğlu Cavabdeh bağışlayandan sonra digər oğlu iklə Namiq arasında ziddiyyət başlamış, bu da dava-dalaşa səbəb olmuşdur. Oğlanlarının arasında mübahisənin daha da kəskinləşməməsi üçün bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin xahiş etmişlər. Məhkəmə iclasında izahat vermiş Cavabdeh izahatında əvvəlcə iddianı qəbul etmədiyini bildirsə də hazırda iddianı qəbul etdiyini, təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi mübahəsəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüquqi ilə məhdudlaşmamışdır. Həmin əmlaka dair mülkiyyət hüququ İddiaçı2 torpaq sahəsi ¼ hissədə, İddiaçı1 fərdi yaşayış evi tam, torpaq sahəsi 2/4 hissədə, sonra isə bağışlama müqaviləsi ilə Cavabdeh adına sənədləşdirilmişdir. Bağışlama müqaviləsindən sonra iddiaçının ailəsində iki oğlu arasında mübahisə baş verdiyindən, həmin mübahisənin kəskinləşməməsi üçün məhkəmədə hazırki iddianı qaldırmışlar. Göründüyü kimi iddiaçı tərəf bir il keçməmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməısi barədə iddia qaldırmışlar. Cavabde Cavabdeh iddianı qəbul etmiş və təmin edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər . Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 389.2-ci maddəsində göstərilmişdir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinin mənasına görə bağışlama predmeti mülki dövriyyədə olan istənilən əşyalar ola bilər. Qeyd olunan Məcəllənin 667.1-ci maddəsinə görə fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 669-cu maddəsinə görə nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə görə bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; https://e-qanun.az/framework/56801 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 19 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun Qərarının və MM-nin 670.3-cü maddəsinin mahiyyəti hədiyyə verənin və onun vərəsələrinin bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi halı üçün iddia vermək hüququnu nəzərdə tutur. Yuxarıda qeyd edildiyi kimi Mülki Məcəllənin 668.1.1-ci maddəsinə görə daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə o etibarlı sayılır. Həmin Məcəllənin 673.3-cü maddfəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı Niyar Bilalova xx.xx.2021-ci ildə, yəni 1 il müddət keçməmiş bağışlama müqavilənin ləğv edilməsi tələbi ilə notariusa müraciət etmişdir. Bu da iddiaçının bağışlama müqaviləsindən imtina etməsi üçün müddətin ötürmədiyinə dəlalət edir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq iddia tələblərinin hüquqi əsaslarını məhkəmə zamanı sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iddiaçıların mütəxəssis vasitəsi ilə verdikləri izahatlarına və cavabdehin izahatına, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 6 saylı Bakı “ASAN-xidmət” mərkəzində notariat ofisində xx.xx.2025-ci il tarixdə 4Ə-1732 reyestr nömrə ilə qeyd edilmiş Tərtər rayonu, Qaynaq kəndində yerləşən daşınmaz əmlakın Cavabdeh bağışlanması barədə müqavilə, eləcə də həmin müqavilənin başlandığı andan ondan yaranan bütün hüquqi nəticələr etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 227, 357- 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 6 saylı Bakı “ASAN-xidmət” mərkəzində notariat ofisində xx.xx.2025-ci il tarixdə 4Ə-1732 reyestr nömrə ilə qeyd edilmiş Tərtər rayonu, Qaynaq kəndində yerləşən daşınmaz əmlakın Cavabdeh bağışlanması barədə müqavilə, eləcə də həmin müqavilənin başlandığı andan ondan yaranan bütün hüquqi nəticələr etibarsız hesab edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1650/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1650/2025
12.01.2026 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver