Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4456/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında 16 dekabr 2017-ci il tarixli, № 85 saylı Kooperativ Binada Mənzilin tikintisi üçün müqavilə bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, Cavabdeh MMC-yə məxsus binanın 3-cü blokunda 9-cu mərtəbəsində yerləşən 3 otaqlı 190 saylı mənzili 129000 manat dəyər qarşılığında iddiaçının adına rəsmiləşdirmək öhdəliyini öz üzərinə götürmüşdür. Həmin mənzilin 128,5 kv.m olması Mənzil Tikinti Kooperatvi tərəfindən verilmiş 184 N-li 26 fevral 2021-ci il tarixli maliyyə arayışında və Cavabdeh MTK-nın üzvlərinin ümumi iclasının 02 saylı Protokolundan çıxarışda da öz əksini tapmışdır. İddiaçıya adıçəkilən mənzilin qeyd olunan sahəsinin qeyri-qanuni və əslində xeyli az olduğu mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi 05.04.2021-ci il tarixli çıxarışı aldıqdan sonra məlum olmuşdur. Belə ki, yuxarıda qeyd olunan mənzilin sahəsi 05.04.2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən 109,40 kv.m təşkil edir. Belə olan halda, cavabdehin iddiaçını aldatması yolu ilə əsassız varlanmasına gətirib çıxartmışdır. Çünki iddiaçı göstərilən mənzilin sahəsini qanuna uyğun bilib (yəni 128.5 kv/m) qəbul edərək mənzil üçün ( hər kv/m sahəsi üçün 1003,89 manat ) cavabdehə rəsmi olaraq cəmi 129000 manat tam ödəniş etmişdir. Mənzilin sahəsinin qeyd edildiyi kimi olmadığını və mənzilin hər kv.m üçün məbləğdə xeyli fərq etməsi və artıq ödənilən pulun geri qaytarılması barədə müraciət etməyinə baxmayaraq, cavabdeh tərəfindən tələb edilən ödəniş geri qaytarılmamışdır. Göstərilənlərə əsasən İddiaçı tərəfindən Cavabdeh MTK-ya artıq ödənilmiş 19157,30 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun ümumilikdə 19187,30 manat pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 16.12.2017-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanına görə İddiaçı tərəfindən MKT-ya 129.000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Cavabdeh üzvlərinin ümumi iclasının 02 saylı protokolundan çıxarışdan görünür ki, vətəndaş İddiaçı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 14 –də yerləşən Cavabdehnə məxsus binanın 3-cü girişində 9-cu mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 128,5 kv.m olan 190 saylı mənzilin dəyərini tam ödədiyi üçün həmin mənzilə çıxarış verilməsi qərara alınmışdır. İş materiallarındakı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, 109,40 kv.m sahəsi olan Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 2436-cı məhəllə, ev 10,12,14,16,18, mənzil 30 (Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 14, M9, m6) İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 09.09.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, tərtib olunmuş texniki pasporta və inventarlaşdırma qaydalarına əsasən, mənzilin ümumi sahəsi hesablanarkən otaqlar arasında yerləşən arakəsmələrin, şaxtaların və sütunların çıxıntılarının tikintialtı sahələri ümumi sahədən çıxılır. Bundan başqa mənzilin balkon sahəsi şəhərsalma qaydalarına əsasən 0.3 əmsalına vurularaq ümumi sahəyə daxil edilir. Qeyd olunan mənzildə də yuxarıda göstərilən qaydalara əasən mənzilin faktiki ümumi sahəsi 128,9 m2-dir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarxili 07 nömrəli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) -1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış 16 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 1 ünvanında yerləşən MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının 3-cü girişində, 9-cu mərtəbəsindəki, 3 otaqlı, 190 saylı mənzili İddiaçı verməyi öhdəsinə götürmüş, tərəflərin qarşılıqlı razılaşmasına əsasən ümumi sahəsi 128,5 kvadrat metr olan yaşayış sahəsinin müəyyən edilmiş hər bir kvadrat metr-nin qiyməti 1003,89 manat olmaqla, ümumi dəyəri olan 129.000 manat payçı tərəfindən MTK-ya tam ödənilmişdir. Həmçinin müəyyən edilmişdir ki, qeyd olunan mənzil İddiaçı mülkiyyətinə verilmiş və mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların X1 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda və mənzilin texniki pasportunda mənzilin ümumi sahəsinin 109,40 kvadrat metr olması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olub-olmamasıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 2436-cı məhəllə, ev 10,12,14,16,18, mənzil 30-un (Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 14, M9, m6) ümumi sahəsi 109,40 kvadrat metr təşkil edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 09.09.2021-ci il tarixli məktubundan görünür ki, tərtib olunmuş texniki pasporta və inventarlaşdırma qaydalarına əsasən, mənzilin ümumi sahəsi hesablanarkən otaqlar arasında yerləşən arakəsmələrin, şaxtaların və sütunların çıxıntılarının tikintialtı sahələri ümumi sahədən çıxılır. Bundan başqa mənzilin balkon sahəsi şəhərsalma qaydalarına əsasən 0.3 əmsalına vurularaq ümumi sahəyə daxil edilir. Qeyd olunan mənzildə də yuxarıda göstərilən qaydalara əsasən mənzilin faktiki ümumi sahəsi 128,9 m2dir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin 1-ci abzasına əsasən mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Beləliklə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan mənzilin ümumi sahəsi faktiki olaraq 128,9 kvadrat metr olmaqla, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə uyğun azaltma əmsalı tətbiq edilərkən 109,40 kvadrat metr təşkil edir. Yəni mənzilin sahəsinin müəyyən olunmasında fərq yalnız onun hesablanması qaydasının müxtəlif olmasından irəli gəlmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması zamanı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”na uyğun 109,40 kvadrat metr kimi hesablansa da, cavabdeh MTK müqavilə bağlayarkən mənzilin layihə üzrə ümumi sahəsinin 128,9 kvadrat metr təhvil verməyi üzərinə götürmüş və müqavilə üzrə həmin öhdəliyi tam olaraq icra etmişdir. İddiaçı mənzili alarkən onun ümumi layihə sahəsinin 128,9 kvadrat metr olmasını və mənzildə balkonların olmasını bilmiş və həmin şərtlərlə razılaşaraq, müqaviləni imzalamışdır. Cavabdehin iddiaçının hesabına əsassız varlanması iş materialları ilə müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "pul tələbi"nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı "pul tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4456/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4456/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver