Məhkəmə qərarları › İş №2(006)-4463/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4463/2022

28.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4463/2022 28.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq qəbul edilmiş akta əsasən hesablanmış cərimənin silinməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq qəbul edilmiş akta əsasən hesablanmış cərimənin silinməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının mülkiyyətindədir. İddiaçı həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə iddiaçı evdə olmadığı üçün həyat yoldaşı "xxxx" ASC-nin işçisi kimi özünü təqdim edən şəxslərə qapını açmamışdır. Onlar sayğacın işləmədiyini bildirərək daha sonra akt tərtib etmişlər. İddiaçı cavabdeh "xxxx" ASC-yə müraciət etdikdən sonra 1317,85 manat borcunun olduğuna dair məlumat verilmişdir. Bundan sonra iddiaçı, İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət dövlət Xidmətinə müraciət etmişdir. Oradan göndərilən cavabda isə iddiaçının borcunun 684,09 manat az olması bildirilmişdir. Ancaq hazırda iddiaçının sistemdə borcu elə əvvəlki kimi 1317,85 manat göstərilir. İddiaçının mənzilinə dair tərtib edilmiş akt əsassızdır və bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, iddiaçı tərəfindən sayğaca heç bir müdaxilə olmamışdır. Sayğac işlək vəziyyətdə olmasa belə, bunun təqsiri iddiaçıda axtarılmamalıdır. Digər tərəfdən, "xxxx" ASC Binəqədi Rayon Enerji Təchizatı və Satışı idarəsindən iddiaçıya göndərilmiş məktubda nəzarətçi mühəndisin tənbeh edilməsi bildirilir. Bu da onu göstərir ki, iddiaçının nöqsanla bağlı heç bir təqsiri yoxdur. Bundan başqa, aktda iddiaçının son 3 ay ərzində sərfiyyatının 1317,85 manat olması göstərilib. Ancaq iddiaçı aktda göstərilən 3 aydan əvvəlki zaman üçün aylıq 15-30 manat arasında elektrik enerjisi sərfiyyatı ilə bağlı ödəniş etmişdir. Akta nəzər yetirdikdə isə iddiaçının aylıq enerji sərfiyyatının təxminən 440 manat olması görünür. Bu mümkün deyil. Bu baxımdan akt əsassızdır və ləğv edilməlidir. İddiaçıya əsassız hesablanmış 1317,85 manat borc silinməlidir. İddiaçı iki dəfə "xxxx" ASC-nin Binəqədi Rayon Şöbəsinə ərizə ilə müraciət etsə də, hər dəfə mahiyyətdən kənar cavab almışdır. Göstərilənlərə əsasən "xxxx" ASC tərəfindən iddiaçının adına olan **********V0026 saylı abunə koduna, 13441885M201675 saylı işıq sayğacına guya kənar müdaxilə edildiyini əsas götürüb qanunsuz olaraq tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 243773 saylı aktın etibarsız hesab olunması, qanunsuz olaraq yazılmış akta əsasən hesablanmış 1317,85 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" ASC-nin R № 243773 saylı, 19 mart 2022-ci il tarixli aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə ünvan 1 ünvanında quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, sayğac axan cərəyanı tam qeyd etmir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, Qəmbər İnsanova məxsus ünvan 2 ünvanına dair cəmi 676,28 manat məbləğində borc hesablanmışdır. Qeyd olunan arayışdan görünür ki, R № 243773 saylı, 19 mart 2022-ci il tarixli akta əsasən (16+1292,85+9=1317,85; 1317,85-684,09=633,76) 633,76 manat borc hesablanmışdır. İş materiallarında olan “Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında” xx.xx.2013cü il tarixli, AZ-İ № 007156 saylı şəhadətnamənin surətindən görünür ki, X1 “Vahid” soyadına dəyişdirilmişdir. Əsaslandırıcı hissə: Beləliklə, Məhkəmə hesab edir ki, tərtib olunan R № 243773 saylı, 19 mart 2022-ci il tarixli akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış borc silinməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin materiallarında olan R № 243773 saylı, 19 mart 2022-ci il tarixli aktdan da göründüyü kimi sayğac mənzildən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı 1317,85 manat borcun silinməsini tələb etsə də, R № 243773 saylı, 19 mart 2022-ci il tarixli akta əsasən onun borcu 633,76 manat təşkil edir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş R № 243773 saylı, 19 mart 2022-ci il tarixli (abunə haqqında arayışda xx.xx.2022-ci il göstərilib) akt ləğv edilməli, həmin akt əsasında hesablanmış 633,76 (altı yüz otuz üç manat, yetmiş altı qəpik) manat məbləğində cərimə borcu silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş R № 243773 saylı, 19 mart 2022-ci il tarixli (abunə haqqında arayışda xx.xx.2022-ci il göstərilib) akt ləğv edilsin. Həmin akt əsasında hesablanmış 633,76 (altı yüz otuz üç manat, yetmiş altı qəpik) manat məbləğində cərimə borcu silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar