Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4471/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2009-cu il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsində yerləşən vətəndaş Etibar Manafova məxsus olan ərazidən, 60 kv,metr torpaq sahəsini alqı-satqı yolu ilə almış və bir müddətin sonra bir mərtəbəli fərdi yaşayış evi tikərək həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Mənzil tikintisi 2011-ci ilin aprel ayında başa çatmış və mənzil elektrik enerjisi ilə təmin olunması üçün Binəqədi rayon Eneıji Təchizatı və Satışı idarəsinə müraciət etmişdir. İddiaçı yüksək səviyyədə qarşılamışlar və sözügedən mənzilin elektrik enerjisi ilə təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulan qaydada iddiaçıya dövlət rüsumu ödətdirmişlər və özlərinin nümayəndələri ilə mənzilə elektrik enerjisi çəklişini təmin etmişlər. Qısa bir müddətdən sonra iddiaçıya məlum olmuşdur ki, Binəqədi rayon Eneıji Təchizatı və Satışı idarəsi quraşdırdığı sayğac qonşuluqda yaşayan bir vətəndaşın adına məxsus olan sayğacdır və üzərində 595 manat məbləğ ödənilməmiş borc vardır. Dərhal bu saxtakarlıq barədə Binəqədi rayon Eneıji Təchizatı və Satışı idarəsinə məlumat vermiş, idarədən bildirmişlər ki, bu problem qısa bir müddətdə aradan qaldırılacaq və yaxın zamanlarda yeni elektrik sayğacı ilə təmin olunacağıını bildirmişmişlər. Bu səbəbdən də iddiaçı gözləməli olmuş və həmin sayğacla da iddiaçının mənzilinə elektrik enerjisinin xətti daim verilmişdir. Bu müddətə kimi də istifadə etdiyi elektrik enerjisinin dəyərini də vaxtında ödəmişdir. 2021-ci ildə Binəqədi rayon Enerji Təchizatı və Satışı idarəsi sayğaca baxış keçirərkən, iddiaçıdan sayğacın üstündə qalan köhnə borcu yəni, 595 manatı ödəməyi bildirmişlər və qısa bir müddətə ödəniş olunmasa mənzilə verilən elektrik enerjisi dayandırılacağını bildirmişlər. Bir həftə müddətdən sonra da mənzilə verilən elektrik enerjisi nümayəndələrin iştirakı ilə kəsilmiş və bu günə kimi mənzilə elektrik enerjisi verilmir. İddiaçı dəfələrlə aidiyyəti qurumlara, "xxxx" ASC-nin rəhbərliyinə müraciət etsə də, iddiaçının sayğacla bağlı problemi həll edilməmişdir. Hesab edir ki, "xxxx" ASC-nin Binəqədi rayon Enerji Təchizatı və batışı İdarəsı 2011-ci ilin aprel ayında quraşdırdığı A170958234M255360 saylı sayğac digər vətəndaşın adına olduğunu və istifadə edilmiş sayğacın iddiaçının mənzilinə quraşdıranda onun üzərində 595 manat borc pul olduğu halda o, borc müəsissə tərəfindən silinməli və mənzilə elektrik enerjisi verilməlidir. Sayğac üzərindəki qalıq borc tamamilə qanunsuz və əsasız olunduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən, iddiaçıya məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında quraşdırdığı A170958234M255360 saylı elektrik sayğacın üzərində istifadəsindən öncə yaranmış 595 manat borcun silinməsi və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında qeyd etmişdir ki, evi sonradan almış, sayğac sonradan quraşdırılmış və borc ona məxsus deyildir. Odur ki, iddia tələbinin tam təm edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki,qeyd olunan ünvanla bağlı abone saldosunda Kamal Manafovun adı qeyd edilmiş və borcda ona məxusdur. İddiaçının bu iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Abunə haqqında Saldondan görünür ki, A170958234M255360 saylı elektrik sayğacı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanına Kamal Manafov adlı şəxsin adına qeydiyyata alınmış və həmin sayğac üzrə borclar həmin şəxsin adına hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçıya məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında quraşdırılmış A170958234M255360 saylı elektrik sayğacı Kamal Manafov adlı şəxsin adına qeydiyyata alınmaqla həmin sayğac üzrə borclar həmin şəxsin adına hesablanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin əsası kimi istinad olunan A170958234M255360 saylı elektrik sayğacının iddiaçının deyil, Kamal Manafov adlı şəxsin adına qeydiyyata alınması və borcların həmin şəxsə hesablanması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki mübahisəli borc iddiaçıya hesablanmamış, habelə, borcun hesablanmasına əsas olan A170958234M255360 saylı elektrik sayğacı iddiaçının adına qeydiyyata alınmamışdır. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia ərizəsinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4471/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4471/2021
12.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver