Məhkəmə qərarları › İş №2(006)-450/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-450/2022

22.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-450/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nin Qubadlı filialına qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adından Cavabdeh ASC-nin Qubadlı filialı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçının ərizəsi əsasında əsl olmayan Cavabdeh ASC-nin Qubadlı filialı əsl Cavabdeh ASC ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə guya "xxxx" ASC-nin Qubadlı filialı ilə onun arasında GTKR3341163A126 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsinə əsasən ona illik 27% olmaqla, 35 ay müddətinə 3.400 manat məbləğində kredit verilmişdir. Bu barədə o, 2021-ci ilin aprel ayında öyrənmişdir. Ona məlum olmuşdur ki, qohumu olan Orxan Babayev adlı şəxs müəyyən səbəblərdən, onun sənədləri onda olduğundan adından istifadə edərək, "xxxx" ASC-nn Qubadlı filialına onun xəbəri olmadan adına kredit rəsmiləşdirmişdir. O, bu məsələ ilə bağlı cavabdeh təşkilata ərizə yazaraq, onun adından və etibarından sui-istifadə edərək kredit götürən şəxs tərəfindən kreditin ödənilməsinin təmin edilməsini və bununla bağlı araşdırma aparılmasını xahiş etmişdir. Bu barədə dərhal polis orqanlarına da şikayət etmişdir. Lakin heç kim bu məsələ ilə bağlı araşdırma aparmamışdır. Bununla bağlı o, "xxxx" ASC-nin Qubadlı filialına müraciət etmişdir. Lakin ordakı davranışdan belə başa düşmüşdür ki, onlar könüllü şəkildə məsələni həll etmək istəmirlər. Hətta ola bilsin ki, Orxan Babayev də bu məsələdə nəinsə xətrinə əlbir olub. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı onun oğludur. Oğlu Cavabdeh ASC-dən kredit götürməmiş və ümumiyyətlə iddia ərizəsində qeyd edilən müqaviləni bağlamamışdır. Bu məsələnin həlli ilə əlaqədar bir sıra orqanlara, o cümlədən aidiyyəti X3 müraciət etsələr də, nəticə əldə edə bilməmişlər. Oğlunun əmək haqqısından əsassız yerə tutulmalar aparılır. Halbuki, oğlu bağlamadığı müqavilə üzrə məsuliyyət daşımamalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədiyini qeyd edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ASC-nin Qubadlı filialı ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə GTKR3341163A126 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1.2, 1.1.3 və 1.1.4-cü bəndlərinə əsasən İddiaçı 35 ay müddətinə illik 27% dərəcəsi ilə 3.400 manat məbləğində kredit verilmişdir. Müqavilədə İddiaçı şəxsiyyət vəsiqəsi məlumatları və imzası olması əks edilmişdir. Digər tərəfdən bankın etibarnamə əsasında məsul şəxsi İ.A.Əsədovun imzası da qeyd edilən müqavilədə öz əksini tapmışdır. İş üzrə həqiqətin müəyyən edilməsi, eyni zamanda iddiaçının iddia tələbində qeyd etdiyi dəlillərinə hüquqi qiymət verilməsi məqsədilə məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(006)-450/2022 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2022-ci il tarixli, 4/716 saylı ekspert rəyi daxil olmuşdur. Rəyin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 40-cı vərəqində Cavabdeh ASC-nin Qubadlı filialı ilə İddiaçı arasında olan xx.xx.2021-ci il tarixli, GTKR3341163A126 saylı kredit müqaviləsinin 1-ci vərəqinin aşağı sağ hissəsindəki imza və arxa tərəfində “6.2. Müştəri: İddiaçı Akif Oğlu” yazılarından aşağıdakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 125 manat təşkil edir. Beləliklə işin araşdırılmış faktiki halları ilə müəyyən edilmişdir ki, iş materiallarında olan sənədlərə, ən əsası da xx.xx.2021-ci il tarixli, GTKR3341163A126 saylı kredit müqaviləsinə görə Cavabdeh ASC-nin Qubadlı filialı ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmış, bank tərəfindən İddiaçı yuxarıda qeyd edilən şərtlərlə 3.400 manat məbləğində kredit verilmişdir. Bu məsələdən xəbər tutmuş iddiaçı həmin müqaviləni imzalamadığını, ümumiyyətlə bu müqavilədən yalnız 2021-ci ilin aprel ayında xəbər tutduğunu, onun imzasının saxtalaşdırıldığını və müqaviləyə onun əvəzinə başqa şəxsin imza etdiyini qeyd edərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbində sözügedən müqavilənin qanuniliyini mübahisələndirmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə vurğulayır ki, iddiaçı iddia tələbində mübahisə predmeti olan müqavilənin onun tərəfindən imzalanmadığını göstərdiyi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və təqdim edilən ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, GTKR3341163A126 saylı kredit müqaviləsindəki imza İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən münahisələndirilən müqavilə onun tərəfindən imzalanmadığı üçün tərəflər arasında ümumiyyətlə müqavilə münasibətləri yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı bank qarşısında xx.xx.2021-ci il tarixli, GTKR3341163A126 saylı kredit müqaviləsi üzrə hər hansı öhdəlik və vəzifə daşıyıcısı kimi qiymətləndirilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.1, 337.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, GTKR3341163A126 saylı kredit müqaviləsi özü özlüyündə etibarsız əqddir və bu səbəbdən həmin müqavilə etibarsız hesab edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli, GTKR3341163A126 saylı kredit müqaviləsi İddiaçı tərəfindən deyil, digər şəxs tərəfindən imzalanması xüsusatına məhkəmənin xüsusi qərardadı ilə hüquqi qiymət veriləcəkdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli, GTKR3341163A126 saylı kredit müqaviləsi etibarsız hesab edilməli, ekspertiza tədqiqatının dəyəri olan 125 manat Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, GTKR3341163A126 saylı kredit müqaviləsi etibarsız hesab edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 125 manat Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar