Məhkəmə qərarları › İş №2(006)-4502/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4502/2020

22.10.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4502/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı «əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının və vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı «əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının və vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2020-ci il tarixli 004/20 saylı əmrin ləğv edilməsi, həmin əmrin ləğv edilməsi ilə bərabər onun işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə xx xxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi, cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulması və işçi kimi hüquqlarının tapdanması nəticəsində ona vurulmuş 50.000 manat məbləğində mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi üzrə İddiaçı həmin müqaviləyə xitam verildiyi tarixədək əmək müqavilələri üzrə öhdəliklərini vaxtında və tam şəkildə icra etmiş və cavabdehin nümunəvi işçilərindən olmağı bacarmışdır. Lakin xx xxx 2020-ci il tarixdə Philip Naylor adlı şəxs (cavabdehin halhazırda direktoru olan şəxs) filiala daxil olaraq həmin şəxsin işdən azad olunduğunu bildirmişdir. Hətta bu zaman, həmin şəxsin özü ilə birgə filiala gətirdiyi hüquqşünas iddiaçıya könüllü qaydada işdən azad olunma ilə bağlı ərizə yazmağı təklif etmiş, əks təqdirdə, əmək müqaviləsinə cavabdehin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad olunacağı, bunun isə onun üçün gələcəkdə iş tapmasına maneə olacağı ilə hədələmişdir. İddiaçının hüquqi savadsızlığından istifadə edən həmin şəxslər iddiaçıdan işdən çıxması barədə ərizə almağa nail olmuşlar. Lakin həmin ərizənin təqdim edilməsi üzərindən 24 saat müddət keçməmiş iddiaçı tərəfindən verilmiş ərizənin etibarsız hesab edilməsi barədə cavabdehə yeni ərizə təqdim edilmişdir. Təəssüflər olsun ki, bu günədək iddiaçının işinə qaytarılması üçün cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bundan əlavə, cavabdehin qanunsuz hərəkətləri barəsində iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edilmişdir. Dövlət Əmək Müfəttişliyi tərəfindən cavabdehin etdiyi qanunsuz əməllər araşdırılmış və nəticədə, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Philip Naylorun barəsində İXM-in 192.4-192.6-cı maddələri ilə xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İddiaçı məhkəməyə teleqram vuraraq, mülki işə baxılmasının təxirə salınmasını xahiş etmişdir (qeyd: İddiaçı xx.xx.2020-ci il tarixdə də eyni məzmunlu teleqram ünvanlayaraq xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir). Cavabdehin nümayəndəsi və vəkili X2 iddiaçının yenidən eyni məzmunlu teleqram göndərərək işin baxılmasını təxirə salınmasını xahiş etməsinin işin baxılmasının süni surətdə uzadılmasına xidmət ediyini, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və yekun məhkəmə aktının çıxarılmasını tələb etmişdir. Məhkəmə qeyd olunanları, həmçinin bu qəbildən olan mülki işlərə baxılma müddətini nəzərə alaraq, mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır. Bundan başqa, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti də üzrlü səbəb olmadan ötürülmüşdür. Bu da, iddianın rədd edilməsi üçün digər bir əsasdır. Məhkəmədən əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və satış üzrə menecer vəzifəsində işləməyə başlamışdır. İşəgötürənin xx xxx 2020-ci il tarixli 004/20 saylı əmri ilə İddiaçı ilə bağlanmış xx xxxxx 2018-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən xx xxx 2020-ci il tarixdən etibarən xitam verilmiş və o, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialında tutduğu vəzifəsindən həmin tarixdən etibarən azad edilmişdir. İddiaçı həmin gün qeyd olunan əmrin bir nüsxəsini və əmək kitabçasını almışdır. Əmək Məcəlləsinin 9-cu maddəsinin «b» bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü. Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti üzrlü səbəblər olmadan buraxmışdır. Bu da, həmçinin, iddianın rədd edilməsi əsasdır. Bundan başqa, iddiaçı iddia tələbini əsaslandırarkən, Dövlət Əmək Müfəttişliyi tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Philip Naylorun barəsində İXM-in 192.4-192.6-cı maddələri ilə xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyinə istinad etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Philip Naylor tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 3(006)- 1980/2020 saylı qərarı ilə (hakim Babək Pənahov) qeyd olunan şikayət təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsaslarından biri kimi istinad etdiyi qərar ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı «əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının və vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan və iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı «əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının və vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar