Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4503/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X10, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2020-ci il tarixli 002/20 nömrəli əmrin ləğv edilməsi, həmin əmrin ləğv edilməsi ilə bərabər, İddiaçı işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə xx xxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi, cavabdeh tərəfindən əmək qanunvericiliyin pozulması və işçi kimi hüquqlarının tapdanması nəticəsində iddiaçıya vurulmuş 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsi üzrə iddiaçı həmin müqaviləyə xitam verildiyi tarixədək filialın direktoru vəzifəsini icra etmiş və hüquqi şəxsin hüquq və mənafelərinin fiziki və hüquqi şəxslər qarşısında layiqincə təmsil edilməsi üçün hərtərəfli çalışmışdır. Bu müddət ərzində əmək fəaliyyəti nəticəsində filial mövcud olduğu biznes sektorunda ən aparıcı təşkilatlardan biri olmuş, hətta, bir neçə böyük dövlət layihələrinin icraçısı olmuşdur. Buna baxmayaraq, anidən, əvvəlcədən heç bir xəbərdarlıq olmadan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxx 2020-ci il tarixində xitam verilərək artıq filialın direktoru vəzifəsini icra etməyəcəyi bildirilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilmənin ümumi əsasları göstərilmişdir. Bu əsaslardan biri də tərəflərin birinin təşəbbüsü anlayışıdır. Məlumdur ki, hazırda əmək müqaviləsinin iki tərəfi var: işçi və işəgötürən. İşçi tərəfindən əmək müqaviləsini xitam etmə qaydası və forması Əmək Məcəlləsinin 69-cu maddəsi ilə tənzimlənir ki, İddiaçı işçi kimi işdən çıxarılması ilə bağlı heç bir ərizə təqdim etməmişdir. İşəgötürən tərəfindən əmək müqaviləsinin xitam olunması isə Əmək Məcəlləsinin 70-ci maddəsindəki əsaslarla mümkündür ki, məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, İddiaçı əmək müqaviləsinə sözügedən maddədə sadalanmış əsaslardan biri ilə də xitam verilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilib tutduğu vəzifədən azad edilərkən yuxarıdakı əsaslardan heç biri olmamışdır. Bundan əlavə, cavabdehin qanunsuz hərəkətləri barəsində iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə müraciət edilmişdir. Dövlət Əmək Müfəttişliyi tərəfindən cavabdehin etdiyi qanunsuz əməllər araşdırılmış və nəticədə, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Philip Naylorun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddələri ilə xx xxxxxx 2020ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq xx xxx 2020-ci il tarixli 002/20 nömrəli əmrin ləğv edilməsi, həmin əmrin ləğv edilməsi ilə bərabər, İddiaçı işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə xx xxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi, cavabdeh tərəfindən əmək qanunvericiliyin pozulması və işçi kimi hüquqlarının tapdanması nəticəsində iddiaçıya vurulmuş 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək məhkəmədən xx xxx 2020-ci il tarixli 002/20 nömrəli əmrin ləğv edilməsi, həmin əmrin ləğv edilməsi ilə bərabər iddiaçının işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə xx xxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutulması; cavabdeh tərəfindən əmək qanunvericiliyinin və işçi kimi iddiaçının hüquqlarının pozulması nəticəsində ona dəymiş 50.000 (əlli min) manat məbləğində ziyanın ona ödənilməsi; AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən xx xxxxxx 2013-cü ildən xx xxxxxx 2020-ci ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı xx xxx 2020-ci il tarixli 002/20 nömrəli əmrin ləğv edilməsi, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi hesablanaraq ona verilməmişdir və bu cavabdehə xidmət göstərən bankın verdiyi çıxarışla təsdiq edilir. Belə ki, iddiaçı xx xxxxxx 2013-cü ildən xx xxxxxx 2020-ci il tarixinədək heç vaxt əmək məzuniyyəti hüququndan istifadə etməmişdir və işəgötürən onunla son haqq-hesab apararkən bu halı nəzərə almayaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi hesablamamış və ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X15 yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X6 iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, 2(006)-4503/2020 saylı məhkəmənin icraatında olan qeyd edilən iş üzrə iddia müddəti İddiaçı tərəfindən ötürülüb. Belə ki, İddiaçı işdən xx xxx 2020-ci il tarixində azad edilib. Deməli, İddiaçı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə yalnız həmin tarixdən Əmək Məcəlləsinin 296.2ci maddəsinə uyğun olaraq, bir ay müddətində, yəni xx xxxx 2020-ci il tarixədək müraciət edə bilərdi. İddiaçı isə məhkəməyə işdən azad edildiyi tarixdən üç aydan artıq vaxt keçdikdən sonra müraciət edib ki, bununla işə bərpa tələbini irəli sürmək üçün iddia müddətini ötürmüş olub. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı "Cavabdeh" şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı işə bərpa, əmək haqqı və s. tələblərinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)- 4503/2020 saylı iş üzrə iddia müddətini tətbiq edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. xx.xx.2012-ci il tarixli RM 02/13 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı “xxxx” Şirkəti tərəfindən biznes inkişafı üzrə menecer vəzifəsinə qəbul edilmişdir. xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmiş “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialındakı xx.xx.2013-cü il tarixdə bağlandığı əmək müqaviləsi üzrə vəzifəsi marketinq üzrə mütəxəssisdir. xx.xx.2016-cı il və xx.xx.2018-ci il tarixlərdə sistemə daxil edilmiş “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildiriş”lərindən görünür ki, İddiaçı “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialındakı xx.xx.2013-cü il tarixdə bağlandığı əmək müqaviləsi üzrə vəzifəsi biznes inkişafı üzrə menecerdir. xx.xx.2017-ci il tarixdə verilmiş, xx.xx.2030-cu il tarixə qədər qüvvədə olması qeyd edilmiş Etibarnamədən görünür ki, həmin etibarnamə ilə xxxx” Şirkəti İddiaçı şirkətin Azərbaycan Respublikasındakı Filialının direktoru təyin etmişdir. Etibarnamənin məzmununa əsasən iddiaçıya Şirkətin adından qanunvericiliyə əsasən filialı idarə etmək, Azərbaycan Respublikasındakı filialın cari fəaliyyəti ilə bağlı bütün zəruri əməliyyatları yerinə yetirmək, zərurət olduqda, alıcılarla, təchizatlarla, işçilərlə və digər orqanlarla müqavilələr imzalamaq və onları icra etmək, filialın işçilərini cəlb etmək və onları işdən azad etmək, üçüncü şəxslərə etibarnamə vermək, banklarda bank hesabları açmaq kimi hərəkətləri icra etmək səlahiyyətləri verilmişdir. xx.xx.2019-cu il tarixdə sistemə daxil edilmiş “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialındakı xx.xx.2013-cü il tarixdə bağlandığı əmək müqaviləsi üzrə vəzifəsi marketinq üzrə direktordur. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli, 002/20 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2020-ci il tarixli, 002/20 saylı əmrindən və aktından görünür ki, İddiaçı ilə “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən xitam verilməsi, işçinin əmrlə tanış edilməsi və əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin bir nüsxəsinin son iş günü işçiyə təqdim edilməsi əmr edilmişdir. Əmrin bir nüsxəsi xx.xx.2020-ci il tarixdə İddiaçı təqdim edilmiş, o, əmrlə tanış olmuş, lakin əmrlə tanış olması barədə sənədi imzalamaqdan və bir nüsxəsini götürməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı və P.A.Kərimovun əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab düzgün hesablanıb ödənilmədiyindən və xitam verilərkən qanunvericiliyin tələbləri pozulduğundan X20 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X20 İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1.700 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı və digərlərinin “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialında əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı müraciətlərə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar "xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyi tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən X9, X3, X4, X5 cəmiyyət ilə aralarında bağlanmış əmək müqavilələrinə xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə (İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər) əsasən xitam verildiyi, İddiaçı isə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi bildirilmiş, son haqq-hesablarının 83-cü maddəsinin 2-ci hissəsinin (əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalamalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu işgünü işçiyə verilməlidir) tələblərinə müvafiq olaraq sonuncu iş günü işəgötürən tərəfindən İddiaçı və X12 tam ödənilmədiyi, və əmək müqavilələrinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulduğu məlum olmuşdur. Bununla bağlı “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru X21 barəsində Azərbäycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və filialın rəhbərliyinə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması ilə bağlı məktub göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X20 verilmiş şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi tərəfindən verilmiş şikayət təmin edilməmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. “xxxx”in İdarə Heyətinin qərarından görünür ki, Qeydiyyat ünvanı və əsas ofisi 362a Spring Road, Southampton, SO 19 2PB, UK-da yerləşən, İngiltərə qanunlarına uyğun olaraq təşkil edilmiş və mövcud olan xxxx şirkətinin aşağıda imzası olan İdarə Heyətinin bütün üzvləri burada yekdilliklə qərara almışdır: “1. xx xxx 2020-ci İl tarixindən etibarən İddiaçı (Azərbaycan Respublikasının vətəndaşı, xx xxxx 2018-cİ il tarixində ASAN2 tərəfindən verilmiş AZE 19176226 şəxsiyyət vəsiqəsinin sahibi) Azərbaycan Respublikasındakı xxxx filialının rəhbəri vəzifəsindən azad edilsin və xxxx şirkəti tərəfindən cənab İddiaçı verilmiş bütün etibarnamələr ləğv edilsin və həmin tarixdən etibarsız hesab edilsin. 2. xx xxx 2020-ci il tarixindən etibarən, cənab X22* (Britaniya vətəndaşı, GBR No. ********* seriyalı pasport sahibi, xx xxxxxxx 2012-ci il tarixində verilmiş və müddəti xx xxxx 2023-də bitəcəkdir) xxxx şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri vəzifəsinə təyin edilsin və xxxx tərəfindən müvafiq etibarnamə verilsin. 3. Yuxanda göstərilən dəyişikliklər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli X1 Şəxslərinin Dövlət Reyestri tərəfindən qeydə alınsın. 4. CASPİAN BUSİNESS CONSULTANTS MMC-yə yuxarıdakı dəyişikliklərin Azərbaycan Respublikasının bütün tələb olunan dövlət orqanlarında qeydiyyatı üçün lazım olan bütün tədbirləri görməyi (ayrıca bir etibarnamə verilərək) səlahiyyət verilsin. Bu qərar qəbul olundu, imzalandı və xx xxxxx 2020-ci il tarixindən qüvvəyə mindi.” Beləliklə işin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixli RM 02/13 saylı əmək müqaviləsinə əsasən “xxxx” Şirkətində biznes inkişafı üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixli etibarnamə ilə ona “xxxx” şirkətinin adından etibarnamədə göstərilən hərəkətləri yerinə yetirmək üçün müvafiq səlahiyyətlər verilmiş və o, kommersiya qurumunun dövlət reyestrindən çıxarışda həmin şirkətin qanuni təmsilçisi kimi qeyd edilmişdir. “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2020-ci il tarixli, 002/20 saylı əmrə əsasən İddiaçı ilə “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən xitam verilmiş, əmrin bir nüsxəsi ona təqdim edilmişdir. İşdən çıxarılması ilə əlaqədar narazı qalan İddiaçı və digərlərinin müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X20 İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1.700 manat məbləğində cərimə edilsə də, həmin qərar qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İddia ərizəsindən göründüyü kimi iddiada cəmləşdirilmiş tələblər üç hissədən ibarətdir: 1) xx xxx 2020-ci il tarixli 002/20 nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə xx xxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutulması; 2) xx xxxxxx 2013-cü ildən xx xxxxxx 2020-ci ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi; 3) cavabdeh tərəfindən əmək qanunvericiliyinin və işçi kimi iddiaçının hüquqlarının pozulması nəticəsində ona dəymiş 50.000 (əlli min) manat məbləğində ziyanın ona ödənilməsi. İddiaçı iddianın birinci tələbinin əsası kimi ona istinad edir ki, ona işdən çıxarılması ilə bağlı heç bir sənəd təqdim edilməmiş, işəgötürən tərəfindən əmək müqaviləsinin xitam olunması isə Əmək Məcəlləsinin 70-ci maddəsində sadalanmış əsaslardan biri ilə də xitam verilməmişdir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Bu Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək müqaviləsinin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsasları və qaydaları ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi iş materiallarında olan tərəflərin arasında bağlanmış əmək müqaviləsinin əmək müqailəsinə xitam verilməsi qaydaları bölümünün 9.1-ci hissəsində də öz əksini tapmışdır. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi təşəbbüsü Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin «a» bəndində nəzərdə tutulsa da, bu ləğvin əsasları həmin Məcəllənin 70-ci maddəsində konkret olaraq sadalanmışdır. Başqa sözlə, qanunverici əmək müqaviləsinin tərəflərin birinin təşəbbüsü ilə xitam verilməsini təsbit etməklə yanaşı onun əsaslarının və qaydalarının da konkret hallarını göstərmişdir. Hazırkı işdən məlum olur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinin təşəbbüsü işəgötürən tərəfindən olmuşdur ki, iddiaçı da bu təşəbbüsün qanuniliyini mübahisələndirir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı xx xxx 2020-ci il tarixli 002/20 nömrəli əmrin ləğv edilməsi və həmin əmrin ləğv edilməsi ilə bərabər özünün işə bərpa olunması dedikdə əmək müqaviləsi üzrə vəzifəsinə deyil, etibarnamə ilə icra etdiyi filialın direktoru vəzifəsinə bərpa olunmağını xahiş edir. Halbuki, işin materiallarından görünür ki, onun bu vəzifəni həyata keçirməsi əmrlə deyil, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun etibarnamə əsasında olmuş, hazırda da etibarnaməni verən bu etibarnaməni ləğv etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi ilə etibarnamənin qüvvəsinə xitam verilir. İşdə olan sənədlərə əsasən müəyyən edildiyi kimi, iddiaçı onun adına verilmiş etibarnamənin ləğv edilməsi yolu ilə Azərbaycan Respublikasındakı “xxxx” filialının rəhbəri vəzifəsindən azad edilmişdir. Başqa sözlə, Şirkət tərəfindən iddiaçının adına verilmiş xx.xx.2017-ci il tarixli etibarnamənin xx.xx.2020-ci il tarixdən hüquqi qüvvəyə malik olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasındakı “xxxx” şirkəti ilə filialının rəhbəri vəzifəsinin icrasına dair münasibətləri əmək qanunvericiliyi baxımından qiymətləndirilməməlidir. Çünki etibarnamə verən şəxslə etibarnamə alan şəxs arasında yaranan münasibətlər daha çox etibarlılıq və qarşılıqlı inam əsasında qurulur. Belə olan halda etibarnamədən kənar filialın rəhbəri ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü əmək qanunvericiliyində nəzərdə tutulmayan, lakin şirkətin mülkiyyətçisinin qanuni maraqlarının müdafiəsinə, şirkətin maliyyə vəziyyətinin bərpasına, maliyyə sağlamlaşdırılmasına birbaşa yönələn əsaslarla əlaqəli ola bilər. Bu əsaslar hüquqi şəxsin icra orqanının fəaliyyətinə nəzarət edən və idarəetməni həyata keçirən orqanın qəbul etdiyi qərarlarla müəyyən edilir. İş materiallarından göründüyü kimi sözügedən etibarnamənin ləğv edilməsi məhz şirkətin direktorlar şurasının xx xxxxx 2020-ci il tarixli qərarına əsasən baş vermişdir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının həmin vəzifədən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarılması və məhz həmin vəzifəyə də bərpa olunmasına dair dəlilləri əsaslı sayıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin xx xxx 2020-ci il tarixli əmrindən göründüyü kimi “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı isə qeyd edilən əmrin ləğv edilməsi ilə əmək müqaviləsində nəzərdə tutulmuş vəzifəsinə, yəni biznes inkişafı üzrə menecer vəzifəsinə bərpa olunmasını iddia etməmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə istinad etsə də, məhkəmə qeyd edilən bildirişi sübut əhəmiyyətli sənəd kimi qiymətləndirmir. Belə ki, Şirkətin Azərbaycan Respublikasındakı filialının rəhbəri vəzifəsinin icra edilməsinə dair etibarnamənin iddiaçıya verilməsi xx.xx.2017-ci il tarixə təsadüf etdiyinə baxmayaraq bu barədə əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildiriş elektron sistemə xeyli müddət sonra, xx.xx.2019-cu il tarixdə daxil edilmişdir. Həmçinin sözügedən müqavilədə dəyişiklik edilməsi, yəni iddiaçının direktor vəzifəsinə qəbul edilməsi barədə əmək kitabçasında qeydlərin aparıldığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki əmək kitabçası işə baxılan zaman iddiaçıda olduğundan onun tərəfindən məhkəməyə təqdim edilə bilərdi. İddiaçı tərəfindən əmək kitabçasının təqdim edilməməsini məhkəmə, filialın rəhbəri vəzifəsinə təyin edilməsi barədə Şirkətin Azərbaycan Respublikasındakı filialının möhürü ilə təsdiq edilmiş qeydlərin kitabçada aparılmaması ilə əlaqələndirir və belə olan halda sözügedən bildirişin İddiaçı əmək müqaviləsi üzrə direktor vəzifəsinə təyin edilməsi ilə əlaqədar əmək müqaviləsinə hər-hansı dəyişikliyin edilməsinə dəlalət etmədiyini hesab edir. Beləliklə də, məhkəmə göstərilən əsaslardan iddianın xx xxx 2020-ci il tarixli 002/20 nömrəli əmrin ləğv edilməsi, bununla bərabər iddiaçının işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə xx xxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutulmasına dair tələblərinin təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə iddia tələbinin ikinci hissəsi olan xx xxxxxx 2013-cü ildən xx xxxxxx 2020ci ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddia tələblərinə əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi hesablanaraq ona verilməmişdir. Belə ki, iddiaçı xx xxxxxx 2013-cü ildən xx xxxxxx 2020-ci il tarixinədək heç vaxt əmək məzuniyyəti hüququndan istifadə etməmişdir və işəgötürən onunla son haqq-hesab apararkən bu halı nəzərə almayaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi hesablamamış və ödəməmişdir. Cavabdehin qanunsuz hərəkətləri barəsində iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə müraciət edilmişdir. Dövlət Əmək Müfəttişliyi tərəfindən cavabdehin etdiyi qanunsuz əməllər araşdırılmış və nəticədə, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Philip Naylorun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddələri ilə xx xxxxxx 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Müəyyən edilmişdir ki, İddiaçı və digərlərinin əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab düzgün hesablanıb ödənilmədiyindən və xitam verilərkən qanunvericiliyin tələbləri pozulduğundan X20 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin də, İddiaçı və digərlərinin əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulduğundan xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X20 İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1.700 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 192.4-ci maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə, 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati qaydada məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Philip Naylorun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 - 192.6-cı maddələri ilə inzibati tənbehə məruz qalmasına istinad etməsi əsassızdır, ona görə ki, işin materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmış, həmin qərar Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Lakin məhkəmə xüsusi olaraq vurğulayır ki, xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarında xitam verilərkən qanunvericiliyin tələblərinin pozulması məhz iddiaçı və digərlərinin əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab düzgün hesablanıb ödənilməməsi ilə bağlı olmuşdur. Bu protokol və qərarlarda iddiaçının mübahisələndirdiyi əmr əsasında işdən çıxarılmasının qanunsuz olması öz əksini tapmamışdır. İşin bu halı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunun da məzmunundan görünür. Buna baxmayaraq məhkəmə eyni zamanda qeyd edir ki, hər bir halda qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri X20 tərəfindən X13, X7, X8 və X11 ilə bağlanılmış əmək müqavilələrinə qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilmiş, filialın əvvəlki rəhbəri olmuş İddiaçı səlahiyyətləri də Mülki Məcəllənin tələblərinə uyğun ləğv olunmuş və bu işə də qurumun yeni rəhbəri olan X18 heç bir aidiyyəti yoxdur. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçının xx xxxxxx 2013-cü ildən xx xxxxxx 2020-ci ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsinə dair tələbi də əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən əmək qanunvericiliyinin və işçi kimi iddiaçının hüquqlarının pozulması nəticəsində ona dəymiş 50.000 (əlli min) manat məbləğində ziyanın ona ödənilməsi ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin (mənəvi zərərlə bağlı) araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının xx xxx 2020-ci il tarixli 002/20 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması, qanunsuz işdən çıxarıldığına görə xx xxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutulması, xx xxxxxx 2013-cü ildən xx xxxxxx 2020-ci ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından və buna görə də iddia tələbləri bu hissələrdə əsassız olduğu üçün rədd olunduğundan iddianın digər, yəni mənəvi ziyanın tutulması tələbinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və onun tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddiasının rədd edilməsi nəticəsinə gəlir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4503/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4503/2020
23.11.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver