Məhkəmə qərarları › İş №2(006)-4504/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4504/2020

23.09.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4504/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh “R&M X8” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndələri X3 və X2 iştirakları ilə İddiaçı cavabdeh “R&M X8” şirkətinin Azərbaycan Respublikasındakı filialına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinə qarşı “işə bərpa, işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının ödənilməsi və dəymiş mənəvi ziyan tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “R&M X8” şirkətinin Azərbaycan Respublikasındakı filialına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinə qarşı “işə bərpa, işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının ödənilməsi və dəymiş mənəvi ziyan tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi üzrə İddiaçı həmin müqaviləyə xitam verildiyi tarixədək əmək müqavilələri üzrə öhdəliklərini vaxtında və tam şəkildə icra etmiş və cavabdehin nümunəvi işçilərindən olmağı bacarmışdır. Lakin, xx xxx 2020-ci il tarixində Philip Naylor adlı şəxs (cavabdehin halhazırda direktoru olan şəxs) filiala daxil olaraq həmin şəxsin işdən azad olunduğunu bildirmişdir. Hətta, bu zaman, həmin şəxsin özü ilə birgə filiala gətirdiyi hüquqşünas iddiaçıya könüllü qaydada işdən azad olunma ilə bağlı ərizə yazmağı təklif etmiş, əks təqdirdə, əmək müqaviləsinə cavabdehin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad olunacağı, bunun isə onun üçün gələcəkdə iş tapmağına maneə olacağı ilə hədələmişdir. İddiaçının hüquqi savadsızlığından istifadə edən həmin şəxslər iddiaçıdan işdən çıxması barədə ərizə almağa nail olmuşlar. Lakin həmin ərizənin təqdim edilməsi üzərindən 24 saat müddət keçməmiş iddiaçı tərəfindən verilmiş ərizənin etibarsız hesab edilməsi barəsində cavabdehə yeni ərizə təqdim edilmişdir. Təəssüflər olsun ki, bugünədək iddiaçının işinə qaytarılması üçün cavabdeh tərəfindən heç bir addım atılmamışdır.Bundan əlavə, cavabdehin qanunsuz hərəkətləri barəsində iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə müraciət edilmişdir. Dövlət Əmək Müfəttişliyi tərəfindən cavabdehin etdiyi qanunsuz əməllər araşdırılmış və nəticədə, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Philip Naylorun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 - 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləripozularaq xitam verilməsinə görə) maddələri ilə xx xxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən xx xxx 2020-ci il tarixli, 006/20 nömrəli əmrin ləğv edilməsi, həmin əmrin ləğv edilməsi ilə bərabər, İddiaçı işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə xx xxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi, cavabdeh tərəfindən əmək qanunvericiliyin pozulması və işçi kimi hüquqlarının tapdanması nəticəsində iddiaçıyavurulmuş 50 000 (əlli min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “R&M X8” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili X4 bildirmişdir ki, iddiaçı öz ərizəsi ilə işdən çıxarılmış və onun yerinə başqa işçi götürülmüşdür. İddiaçı işdən çıxan zaman qüvvədə olan əmək qanunvericiliyinə tam şəkildə əməl olunmuşdur. Bundan əlavə, ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunvericiliyin tələbi iddia müddətləri baxımından pozulmuşdur. Bu səbəbdən iddia ərizəsi iddia müddətinin ötürülməsi səbəbindən verildiyindən qanunvericiliyin tələbinə əsasən araşdırılmadan imtina edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndələri X7 və X5 iddia tələbinin təmin edilib-edilməməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin materiallarında olan № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdən xx xxx 2020-ci il tarixinədək “R&M X8” şirkətinin Azərbaycan Respublikasındakı filialında satış üzrə mütəxəssis vəzifəsində çalışmış, xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad olunmuşdur. İşin materiallarında olan İddiaçı “R&M X8” şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2020-ci il tarixdən işdən azad edilib, əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İşin materiallarında olan “R&M X8” şirkətinin Azərbaycan Respublikasındakı filialının 006/20 №-li, xx xxx 2020-ci il tarixli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən xx xxx 2020-ci il tarixdən etibarən xitam verilməsi və onun “R&M X8” şirkətinin Azərbaycan Respublikasındakı filialında tutduğu vəzifəsindən həmin tarixdən etibarən azad edilməsi, işçi ilə son haqq-hesabın aparılması və hazırki əmrin icrasının Maliyyə Menecerinə tapşırılması əmr edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı “R&M X8” şirkətinin Azərbaycan Respublikasındakı filialında satış üzrə mütəxəssis vəzifəsində işləmiş və xx.xx.2020-ci il tarixdə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əsas hüquqları vardır. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göstərilən Məcəllənin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmçinin, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə görə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göründüyü kimi qüvvədə olan əmək qanunvericiliyi xəbərdarlıq müddətinin qısaldılmasına yol verir. Buna görə də işəgötürən işçinin tələbi ilə xəbərdarlıq müddəti bitdikdən sonra deyil, müəyyən hallarla əlaqədar işi davam etdirməsinin qeyri-mümkün olması səbəbindən işçinin istədiyi (arzu etdiyi) müddətdə əmək müqaviləsini ləğv etməyə borcludur. Yuxarıda qeyd olunduğu kimi əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda işçi ilə əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada xəbərdarlıq etməmiş olsun. Əmək Məcəlləsinin 69-cu maddəsi ilə əmək müqaviləsi ləğv edildikdən sonra işçinin peşmançılıq çəkərək əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin (verilən ərizənin) heç bir hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi İddiaçı könüllü şəkildə xx.xx.2020-ci il tarixdə cavabdeh “R&M X8” şirkətinin Azərbaycan Respublikasındakı filialına müraciət edərək, xx.xx.2020-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh təşkilatın iddiaçının işdən azad olunmasına əsas kimi təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizənin iddiaçıya təzyiqlə yazdırılması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən – “R&M X8” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən vəzifədən azad olunması qanunamüvafiqdir. Bundan əlavə araşdırmalar zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2020-ci il tarixli əmrə əsasən işdən azad olunmuş, əmrin surəti iddiaçıya işdən çıxarıldığı gün verilmiş, iddiaçının əmrlə tanış olduğu vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdeh təşkilatın nümayəndəsi ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “R&M X8” şirkətinin Azərbaycan Respublikasındakı filialına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinə qarşı “işə bərpa, işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının ödənilməsi və dəymiş mənəvi ziyan tələbi”nə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “R&M X8” şirkətinin Azərbaycan Respublikasındakı filialına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinə qarşı “işə bərpa, işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının ödənilməsi və dəymiş mənəvi ziyan tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar