Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4505/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhər Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və müstəqil tələb irəli süməyən 3-cü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə qarşı “xx xxx 2020-ci il tarixli 005/20 nömrəli əmrin ləğv edilməsi, həmin əmrin ləğv edilməsi ilə bərabər, onun işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə xx xxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi, cavabdeh tərəfindən əmək qanunvericiliyin və işçi kimi hüquqlarının pozulması nəticəsində 50000 manat məbləğində dəymiş mənəvi ziyanın ona ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, xx xxx 2020-ci il tarixli 005/20 nömrəli əmrin ləğv edilməsi, həmin əmrin ləğv edilməsi ilə bərabər, onun işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə xx xxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi, cavabdeh tərəfindən əmək qanunvericiliyin və işçi kimi hüquqlarının pozulması nəticəsində 50000 manat məbləğində dəymiş mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkiliddianı müdafiə edərək izahatında göstərdiki, iddiaçı ilə cavabdehin arasında bağlanmış xx xxxx 2019-cu il tarixli əmək müqaviləsi üzrə iddiaçı həmin müqaviləyə xitam verildiyi tarixədək əmək müqavilələri üzrə öhdəliklərini vaxtında və tam şəkildə icra etmiş və cavabdehin nümunəvi işçilərindən olmağı bacarmışdır. Lakin xx xxx 2020-ci il tarixində Philip Naylor adlı şəxs (cavabdehin hal-hazırda direktoru olan şəxs) filiala daxil olaraq həmin şəxsin işdən azad olunduğunu bildirmişdir. Hətta bu zaman həmin şəxsin özü ilə birgə filiala gətirdiyi hüquqşünas iddiaçıya könüllü qaydada işdən azad olunma ilə bağlı ərizə yazmağı təklif etmiş, əks təqdirdə əmək müqaviləsinə cavabdehin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunacağı, bunun isə onun üçün gələcəkdə iş tapmağına maneə olacağı ilə hədələmişdir. İddiaçının hüquqi savadsızlığından istifadə edən həmin şəxslər iddiaçıdan işdən çıxması barədə ərizə almağa nail olmuşlar. Lakin həmin ərizənin təqdim edilməsi üzərindən 24 saat müddət keçməmiş iddiaçı tərəfindən verilmiş ərizənin etibarsız hesab edilməsi barəsində cavabdehə yeni ərizə təqdim edilmişdir. Təəsüflər olsun ki, bugünədək iddiaçının işinə qaytarılması üçün cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bundan əlavə cavabdehin qanunsuz hərəkətləri barəsində iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edilmişdir. Dövlət Əmək Müfəttişliyi tərəfindən cavabdehin etdiyi qanunsuz əməllər araşdıırılmış və nəticədə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Philip Naylorun barəsində İXM-nin 192.4-192.6-cı maddələri ilə xx xxxxxx 2020ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianın təminolunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X2 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək izahatında göstərdi ki, iş üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. İddiaçı öz xahişinə əsasən xx xxx 2020-ci il tarixində işdən azad edilib və bu barədə müvafiq əmr elə həmin gün ona təqdim edilib. Deməli, iddiaçı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə yalnız həmin tarixdən Əmək Məcəlləsinin 296.2-ci maddəsinə uyğun olaraq, bir ay müddətində, yəni xx xxxx 2020-ci il tarixədək müraciət edə bilərdi. İddiaçı isə məhkəməyə işdən azad edildiyi tarixdən 3 aydan artıq vaxt keçdikdən sonra müraciət edib ki, bununla işə bərpa tələbini irəli sürmək üçün iddia müddətini ötürmüş olub. Sonda cavabdehin nümayəndəsi (vəkili) X2 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasın mümkün hesab edir. Azərbaycan RespublikasınınMPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 005/20 saylı xx xxx 2020-ci il tarixli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış xx xxxx 2019-cu il tarixli Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən xx xxx 2020-ci il tarixdən etibarən xitam verilmiş və o, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında tutduğu vəzifəsindən həmin tarixdən etibarən azad edilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx xxxx 2019-cu il tarixdən xx xxx 2020-ci il tarixinədək Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialında logistika üzrə koordinator vəzifəsində çalışmış, xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialında satış üzrə mütəxəssis vəzifəsində işləmiş və xx.xx.2020-ci il tarixdə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əsas hüquqları vardır. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göstərilən Məcəllənin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmçinin, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə görə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göründüyü kimi qüvvədə olan əmək qanunvericiliyi xəbərdarlıq müddətinin qısaldılmasına yol verir. Buna görə də işəgötürən işçinin tələbi ilə xəbərdarlıq müddətibitdikdən sonra deyil, müəyyən hallarla əlaqədar işi davam etdirməsinin qeyrimümkün olması səbəbindən işçinin istədiyi (arzu etdiyi) müddətdə əmək müqaviləsini ləğv etməyə borcludur. Yuxarıda qeyd olunduğu kimi əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda işçi ilə əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada xəbərdarlıq etməmiş olsun. Əmək Məcəlləsinin 69-cu maddəsi ilə əmək müqaviləsi ləğv edildikdən sonra işçinin peşmançılıq çəkərək əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin (verilən ərizənin) heç bir hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi iddiaçı könüllü şəkildə cavabdehə müraciət edərək, işdən azad olunmasını xahiş etmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh təşkilatın iddiaçının işdən azad olunmasına əsas kimi təqdim etdiyi ərizənin iddiaçıya təzyiqlə yazdırılması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən – “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən vəzifədən azad olunması qanunamüvafiqdir. Bundan əlavə araşdırmalar zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.2020-ci il tarixli əmrə əsasən işdən azad olunmuş, əmrin surəti iddiaçıya işdən çıxarıldığı gün verilmiş, iddiaçının əmrlə tanış olduğu vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdeh təşkilatın nümayəndəsi ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə qarşı “xx xxx 2020-ci il tarixli 005/20 nömrəli əmrin ləğv edilməsi, həmin əmrin ləğv edilməsi ilə bərabər, onun işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə xx xxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi, cavabdeh tərəfindən əmək qanunvericiliyin və işçi kimi hüquqlarının pozulması nəticəsində 50000 manat məbləğində dəymiş mənəvi ziyanın ona ödənilməsi tələbinə” dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və müstəqil tələb irəli serməyən 3-cü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə qarşı “xx xxx 2020-ci il tarixli 005/20 nömrəli əmrin ləğv edilməsi, həmin əmrin ləğv edilməsi ilə bərabər, onun işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə xx xxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi, cavabdeh tərəfindən əmək qanunvericiliyin və işçi kimi hüquqlarının pozulması nəticəsində 50000 manat məbləğində dəymiş mənəvi ziyanın ona ödənilməsi tələbinə” dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiyaşi şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4505/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4505/2020
16.10.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver