Məhkəmə qərarları › İş №2(006)-453/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-453/2023

09.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-453/2023 09.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə qarşı «kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə qarşı «kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 25B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 25B8/14-2 saylı kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixli 25Bİ8/14-2 saylı İpoteka müqaviləsinə əlavə olan xx.xx.2019-cu il tarixli sazişin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-152/2022 saylı, xx.xx.2022-ci il tarixii qətnaməsi ilə iddiaçı "Unibank” Kommersiya Bankı ASC-nin cavabdehlər ona, X5 və digər şəxslərə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tələbin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilərək məndən 61726.45 manat əsas borc və 30 manat dövlət rüsumu, ipoteka predme:inə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 manat xidmət haqının iddiaçı Unibank KB ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4094-cu məhəllədə yerləşən 3 saylı evin 91 saylı mənzilinə yönəldilməsi, həmin mənzil açıq hərrac yolu ilə realizə edilməsi, həmin mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin ona verilməsi, ipoteka predmetinın ilkin satış qiymətinin 76.500 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4094-cü məhəllədə yerləşən 3 saylı evin 91 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahəsindən onun və ailə üzvlərinin X3, X4, X1 və X2 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması və s. qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti versə də hüquqi savadsızlığı səbəbindən qarşılıqlı iddia vermək hüququ aradan qalxdığından banka qarş kredit və ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı qarşılıqlı iddia verə bilməmişdir. Hazırkı işdə olan bankla aralarında bağlanmış 23 05.2014-cü il tarixli 25B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 25B8/14-2 saylı kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixli, 25Bİ8/14-2 saylı İpoteka müqaviləsinə əlavə olan xx.xx.2019-cu il tarixli sazişin bağlanması zamanı bank tərəfindən aldadılmış və əsl mahiyyyəti dərk etməmişdir. Əvvəllər bağlanmış kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin qrafikə salınması ilə bağlı bankla aralarında razılaşma olmuşdur. Bank nümayəndələri həmin borc üzrə yeni qrafik açılacağını və ona həmin borcu hər ay ödəmək imkanı yaradılacağını bildirmişlər. Bu niyyət və məqsədlə sözügedən kredit müqaviləsinin məzmunu ilə tanış olmamış və müqaviləni imzalamışdır. Sonradan anlamışdır ki, demə bank razılaşdığı şərtləri deyil, onu ağır duruma salan şərtləri müqaviləyə daxil etmiş, əvvəl mövcud olan əsas və faiz borcunu yeni müqaviləyə əsas borc kimi daxil etmiş, ona da əlavə faiz hesablanmışdır. Hesab edir ki, bağlanmış kredit müqaviləsi etibarsız əqddir və məhkəmə həmin əqdin etibarlı olub-olmamasını bu barədə iddia tələbinin irəli sürülübsürülməməsindən asılı olmayaraq yoxlamalıdır. Çünki hazırkı iddia tələbinin əsasında etibarlı olub-olmaması sual yaradan kredit müqaviləsi dayanır. Bank öz hüququndan hüquqa uyğun istifadə etməmiş, sui-istifadə etmiş, onun hüquqi savadsızlığından yararalanmış və onu ağır vəziyyətə salmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(108)-152/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 61726.45 manat əsas borcun və 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 manat xidmət haqqının iddiaçı “Unibank" KB ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4094-cü məhəllədə yerləşən 3 saylı evin 91 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə realizə edilməsi, həmin mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin cavabdeh İddiaçı verilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 76.500 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi məhəllə 4094-də, 3 nömrəli binada yerləşən 91 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər İddiaçı və onun ailə üzvləri X8, X9, X6 və X7 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən müqavilələr 2019-cu ildə bağlanmış, lakin həmin tarixdən 3 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır (xx.xx.2022-ci il tarixdə). Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilələrin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (kəsici müddət) ötürməklə məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, müqavilələrin etibarsız hesab edilməsi üçün məhkəmə tədqiqatı zamanı hər hansı əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçı müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas olan hər hansı bir sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar