Məhkəmə qərarları › İş №2(006)-4535/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4535/2024

05.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4535/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin, onun nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və məcburi payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anasından miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km, “ünvan 1 ünvanında yerləşən mənzilə dair bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin ünvanda məcburi pay hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km “ünvan 1 ünvanında yerləşən mənzil anası X10 adına olmuşdur. Sözügedən mənzili mərhum anası 01 may 2023-cü il tarixdə cavabdeh olan bacısı Cavabdeh bağışlamışdır, lakin, bu bağşılama cavabdehin anasına olan təzyiq və təhdidlərindən sonra baş vermişdir. Belə ki, mərhum anasının yaşadığı yerdə olan qonşular belə cavabdehin anasına qarşı göstərdiyi şiddətə şahidlik etmişlər. Həmin qonşular hətta anasının cavabdehə "nolar elmə-etmə” deyərək yalvararaq ağladığını belə eşitmişlər. Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km, "ünvan 2 ünvanında yerləşən mənzil mərhum anasının aldanması nəticəsində bağışlandığı üçün etibarsız hesab edilməli və sözügedən mənzil üzərində onun məcburi pay hüququ olmalıdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz təqdim edərək, onun rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, işin hərtərəfli araşdırılmasında maraqlı olduğumuz üçün tərəfimizdən mübahisələndirilən bağışlama müqaviləsinin vedeo görüntülərinin əldə olunması məqsədilə 1 saylı Sumqayıt "Asan xidmət" mərkəzinə müraciət olumuş həmin qurumdan xx.xx.2024-cü il tarixli cavab verilərək 01 may 2023-cü ıl tarixdə rəsmiləşdirilmiş müqavilənin video görüntülərin saxlanmasınin mümkün olmaması səbəbindən video görüntülərin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Həmçinin, iddianın əqdin etibarsız hesab edilməsi hissəsi ələ əlaqədar bildirmişdir ki, MMin 339.2-ci maddəsində deyilir ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Həmin maddənin mənasına görə əqd bağlananması məqsədilə aldadılmış tərəf həmin əqdi mübahisələndirə bilər. Lakin, iddiaçı əqd üzrə tərəf olmadığından həmin əqdi mübahisələndirmək baxımından subyektiv hüquqa malik deyildir. İddiaçının mərhum anası X1 mülkiyyətində 3 yaşayış sahəsi olmuşdur. Mərhum anaları cavabdeh Xatirəyə mənzil bağışlamazdan əvvəl həmin mənzillərdən birini-ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 09 mart 2022-ci ildə 3 saylı Bakı “Asan xidmət" mərkəzində İddiaçı bağışlamış, cavabdeh isə həmin mənzili 09 avqust 2022-ci ildə 1 saylı Bakı “Asan xidmət" mərkəzində X14 adlı şəxsə satmışdır. Sonradan mərhum X3 Gülüş Məhərrəm qızına və X11 qarşı məhz həmin “bağışlama müqaviləsinin etibarsız hesab olunması, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddaçı iddiasını onunla əsaslandırmışdır ki, qızı İddiaçı onu iradəsinin ziddinə olaraq yaşadığı evdən aparmış, qızı Xatirədən gizlətmiş, ona dilənçilik etdirmiş, gecələr yatmağa qoymamış, ona işgəncələr vermişdir. Cavabdein onu saxladığı evdə polis əməkdaşı ona müraciət etdikdə cavabdehin ona işgəncə verdiyini bildirmiş və ona (polisə) yalvarmışdır ki, qızı Xatirə ilə getməsinə köməklik etsin. Nəhayət, qızı Xatirə (hazırkı iddia üzrə cavabdeh) polisin köməkliyi ilə onu Alatavada yerləşən evlərindən taparaq, öz evinə aparmışdır. Qeyd etdiyi həmin hallar Nəsimi Rayon Məhkəməsinin e-2(006)-271/2023 saylı 27 mart 2023-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3871/2023 saylı,13 mart 2023-cü il tarixli qətnamələrində öz əksini tapmışdır. Həmçinin, məhkəmənin diqqətinə çatdırmaq istəmişdir kı, iddiaçı sağlığında onun mülkiyyətində olan əmlakları ələ keçirmək üçün muxtəlif vasitələrdən istifadə etmiş, ona şiddət göstərmişdir. Ona görə də mərhum X2 Abşeron rayon icra Hakimiyyətinə muracıət edərək iddia üzrə İddiaçı tərəfindən zorakılığa məruz qalmasını bildirmiş və Abşeron rayon icra Hakimiyyəti İddiaçı zorakılığın təkrarlanmaması barədə inzibati və cinayət məsuliyyəti edilməklə xəbardarlıq edilməsi və X7 qısamüddətli mühafizə orderi verilməsi barədə 12 sentyabr 2022-ci il tarixli qərar qəbul edərək profilaktik qeydiyyata götürülməsi üçün Abşeron rayon Polis İdarəsinə göndərmişdir. Eyni zamanda məhkəmənin diqqətinə çardırmaq istəmişdir ki, iddiaçı 2021-cı ildə Nəsimi məhkəməsinə mərhum X8 qarşı şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilmədi barədə” iddia vermiş və həmin məhkəmənin 2(006)-2562/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(104)-8520/2021 saylı, xx.xx.2021-ci tarixli qətnamələri ilə iddiası təmin olunmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, mərhum anası X2 onların birgə yaşadıqları Xırdalan şəhəri, İ.Səfərli 3 ünvanda yerləşən evi bağışlamışdır. Həmin evi iddiaçı X4 və anası ilə evdən çıxarılması üçün məhkəməyə müraciət etmişdir. İş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. İddiaçı yaşadıqları evə gəlmiş, onun evdə olmamağından sui-istifadə edərək qapını sındırmış və köməksiz anasını zorla əlil arabasına mindirərək qaçırıb aparmışdır. O, dəfələrlə əraziyə baxan sahə polis müvəkkilinə ərizələrlə müraciət etmişdir. Lakin, onun barəsində ciddi tədbirlər görülməmişdir. Sonda onlar anası ilə birlikdə Abşeron Rayon İcra Hakimiyyətinə “Məişət zorakılığının qarşısının alınması barədə” ərizə ilə müraciət etmiş və nəhayətdə xx.xx.2022-ci il tarxdə 30 gün olmaqla qısamüddətli mühafizə orderi almışlar. Qərarda İddiaçı cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunması qeyd edilmişdir. Mərhum anası və o, dəfələrlə 102 xidmətinə zənglər etmiş, Abşeron Rayon Polis İdarəsi rəisinin ünvanına ərizələr göndərmişlər. Bütün bunlar azmış kimi, mərhum anası X10 dünyasını dəyişəndən sonra iddiaçı prokurorluq orqanlarına şikayət edərək, guya anasını qəsdən öldürməsi və qəbrin ekshumasiya edilməsi barədə tələb irəli sürmüşdür. Ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Mərhum anası X2 mülkiyyətində olan Abşeron rayon Xırdalan şəhəri, İ.Səfərli 3 ünvanda yerləşən mənzili İddiaçı, Abşeron rayonu Xırdalan şəhəri Sumqayıt şossesi 7-ci km, “ünvan 8 ünvanda yerləşən mənzili isə ona bağışlamışdır. Lakin, iddiaçı ailə quraraq həmin mənzilin qapısını sındıraraq evə girib və bu günədək evi boşaltmaqdan imtina edir. Hətta kommunal xərcləri də ödəmir. Kifayət qədər borclar yığılıb. Onun ailəsi ilə birlikdə evdən çıxarılması barədə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası təmin olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil2 iddianı etiraf etməyərək onun təmin olunmamasını xahiş etdilər və cavabdehin izahatına oxar izahat verdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan hədiyyə verən X10 ilə hədiyyə alan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlaması müqaviləsinin surətindən görünür ki, həmin müqavilə hədiyyə verənin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 24, mənzil 176, ümumi sahəsi 58 kv.m olan mənzilin tam mülkiyyət üzrə məxsus hissəsindən-hədiyyə alan Cavabdeh bağışlaması haqqında bağlanmışdır. İş materiallarında olan DƏDKR tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi ev 24, mənzil 176 mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlaklarla bağlı cavabdehlə iddiaçı arasında notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın bağışlama müqaviləsi bağlanmışdır. Həmin vaxt qanunvericiliyin pozulması halı məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlaması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiq edildikdə etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Göründüyü kimi, əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavinin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Bundan başqa, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, mübahisəli daşınmaz əmlakla bağlı müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı anası X5 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməmişdir. İddia ərizəsindən müəyyən edilir ki, iddiaçı əqdin etibarsız olması dəlillərini “bağşılama müqaviləsinin cavabdehin anasına olan təzyiq və təhdidlərindən sonra baş verməsi” ilə əlaqələndirmişdirş İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Abşeron RPİ-nin xx.xx.2023-cü il tarixli qərarında olan İntizar Məmmədovanın izahatında göstərilmişdir ki, İddiaçı onun doğma qızıdır. O, Xırdalan şəhəri, İ.Səfərli küçəsində digər qızı Cavabdeh ilə birlikdə yaşayır. Sonuncu ona daimi qulluq etmiş, onun qayğısına qalmışdır. Lakin, digər qızı İddiaçı mütəmadi olaraq onun qızı ilə birlikdə yaşadığı evə gəlmiş onları narahat etmişdir. Təxminən bir il əvvəl Gülüş onu aldadaraq və zorla onu döyərək yaşadıqları evi tanımadığı şəxsə satmışdır. Mütəmadi olaraq Gülüş onun yaşadığı evə gəlib zorla aparmaq istəmişdir. Buna səbəb Xırdalan şəhərində yerləşən digər evini də öz adına keçirmək istəməsidir. O, əlavə olaraq qızı Cavabdeh tərəfindən döyülmədiyini, İddiaçı yalan məlumat verdiyini bildirmiş, bədəni üzərində xəsarət olmadığından MTE müayinəsindən keçməkdən imtina etmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş “Məişət zorakılığı haqqında iş üzrə” Qərarın surətindən görünür ki,İddiaçı cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunması, Cavabdeh və anası X6 30 gün olmaqla qısamüddətli mühafizə orderi verilməsi (xx.xx.2022-ci il – xx.xx.2022-ci il ) qərara alınmışdır. Göründüyü kimi, İntizar Məmmədova müqavilə bağlanılan vaxt öz hərəkətlərinin mənasını tam dərk etməklə, onları idarə etmək iqtidarında olmuş, müqavilənin mahiyyətini tam olaraq anlamışdır. Bundan əlavə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən bağışlama müqaviləsi üzrə hədiyyə verənin hədiyyəni bağışlamağa niyyəti olmuş, hədiyyə alan Cavabdehnun isə hədiyyəni qəbul etməyə razılığı olmuşdur. Bununla da, bağışlama baş tutmuş və müqavilədə göstərilən bağışlanan mənzil Cavabdeh mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır (Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Göründüyü kimi, qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırki mübahisə üzrə bağışlama müqaviləsinin forma tələbinə əməl edilmişdir. Bundan başqa, qanunvericilik bağışlama müqaviləsinin şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsinin və ya edilməməsinin mümkünlüyünü nəzərdə tutur. Mübahisələndirilən bağışlama müqaviləsinin məzmunundan isə görünür ki, həmin müqavilə şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İşin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün sadalanan qüsurlardan da heç biri mövcud deyildir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddia “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” hissədə təmin edilmədiyindən iddianın “məcburi payın müəyyən edilməsi” hissəsi də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və məcburi payın müəyyən edilməsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar