Məhkəmə qərarları › İş №2(006)-4537/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4537/2024

21.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4537/2024 21.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Musayeva Samı̇ rə Ələddı̇ n qızının cavabdehlər Baki şəhərı̇ 43 saylı Dövlət Notarı̇ at Ofisi, Musayeva Sevı̇ l Əyyub qızı, Süleymanov Qənı̇ mət Abdulla oğluna qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxılır. MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Bakı şəhər 43 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 Abdbulla oğluna qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əri X3 ilə xx.xx.2010-cu il tarixdə Kürdəmir rayon Topalhəsənli kənd icra hakimiyyəti nümayəndəliyində 14 nömrəli akt qeydi ilə qeyd etdirməklə evlənmişdir və birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Ailə qurduqdan sonra ünvan 1 ünvanında yaşamışdır. 2022-ci il tarixdə Ağamehti ilə ayrılmış və övladı ilə birlikdə kirayə köçmüşdür. X1 həmin evdə qeydiyyatdadır. Mənzil qayınanasına məxsusdur. Bugünlərdə müəyyən edilmişdir ki, keçmiş qayınanası və onun qızı saxta sənəd düzəldərək evi satmışdır. Mübahisəli mənzil ünvan 1-də yerlə.diyi halda cavabdeh və onun qızı ünvan 1-də yerləşdiyi halda cavabdeh və onun qızı Bakı şəhər Nəsimi rayon Pişəvari küçəsi ev 7 mənzil 53-də sənəd almışlar və notariusun səhkənkarlığından alqı-satqı edilmişdir. Göstərilənlərə əsasən, xx.xx.2024-cü il tarixdə Bakı şəhər 43 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinin bağlandığı gündən etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, mübahisəli ev qayınanası Cavabdeh2 mülkiyyətində olmuşdur. Mərhum həyat yoldaşı ilə 2010-cu ildə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş və gəlin kimi mübahisəli evə köçmüşdür. Həmin evdə qeydiyyatda olmamışdır. xx.xx.2011-ci il tarixdə isə oğlum X5 dünyaya gəlmiş və həmin evə qeydiyyata düşmüşdür. 2022-ci ildə isə həyat yoldaşı ilə boşanmış və övladı ilə birlikdə kirayə mənzilə köçmüşdür. Daha sonra mənzildən istifadə hüququnun tanınması ilə bağlı iddia qaldırılmış və bunu görən qayınanası həmin mənzili Cavabdeh3 saxta sənədlər düzəldərək, onlara məlumat vermədən satmışdır. Qeyd edilənləri qanunsuz hesab etmiş və onunla oğlunun hüquqlarını pozduğunu bildirmişdir. Hazırda özünün və oğlunun yaşayış yeri yoxdur. Həmin mənzildə oğlunun da haqqı vardır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə tərəfindən ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, yoldaşı ilə 2010-cu il tarixdə ailə həyatı qurmuş, sözügedən mənzildə qeydiyyatda olmamışdır. Habelə, mənzildən istifadə hüququ ilə bağlı mülkiyyətçi ilə aralarında notariat təsdiqli müqavilə olmamışdır.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, Cavabdeh3 nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, digər cavabdehlər isə gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir.

7. Mülki iş materiallarında olan AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, vətəndaş X7 bəy Əli qızı mülkiyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 28.5 kv.m olan bir otaqlıə yaşayış sahəsini etibarnamə üzrə nümayəndəsi Bayramova gülnarə Əyyub qızı vasitəsilə Cavabdeh2 satmışdır.

8. Mülki iş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh2 ünvan 4 ünvanında qeydiyyatdadır.

9. Mülki iş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X5 ünvan 5 ünvanında qeydiyyatdadır. 10.Mülki iş materiallarında olan AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 28.5 kv.m olan mənzili Bkı şəhər ünvan 7 ünvanında yaşayan Cavabdeh3 80000 manat qarşılığında satmışdır.

11. Mülki iş materiallarında olan “elektron notariat” AİS vasitəsilə “vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən edilmiş çıxarışdan görünür ki, X2 ilə Cavabdeh2 Eyub qızı arasında xx.xx.1965-ci il tarixdə 24 nömrəli akt qeydi ilə nikah qeydə alınmışdır. 12.Mülki iş materiallarında olan 250026 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.1996-cı il tarixdə ölmüşdür. 13.Mülki iş materiallarında olan 202147 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Cavabdeh2 Bakı şəhər Pişəvari küçəsi 7, 53 saylı mənzili xüsusi mülkiyyət kimi hüquqi qeydiyatdan keçirilmişdir. 14.Mülki iş materiallarında olan ƏMDX DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmi arayışdan görünür ki, Cavabdeh2 ünvan 5 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ dövlət reyestrində 309öz reyestr kitabının 44782 nömrəli vərəqində qeydiyyata alınmışdır və tam paylı mülkiyyətçidir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı əri X6 ilə xx.xx.2010-cu il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Nikahdan sonra ünvan 8 ünvanında yaşamağa başlamış, övladı isə həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. 2022-ci il tarixdə əri ilə boşanmış, bir müddət sonra qayınanası Cavabdeh2 onlara məlumat vermədən mülkiyyətində olan sözügedən mənzili Bakı şəhər sakini Cavabdeh3 adlı şəxsə satmışdır. Həmin evdə özünün və oğlunun da hüququ olduğunu iddia edərək, sözügedən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

17. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

18. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

20. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

22. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

23. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd edir ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

24. Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

25. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

26. Etibarsız əqd arzu olunan hüquqi nəticəni yaratmadığına, habelə həmin əqd üzrə alınan maddi nemətlərdən bəziləri (mənzil və s.) əldə edənin əmlakına qarışmadığına görə onun mülkiyyətinə keçmiş sayılmır. Bu səbəbdən əmlakı verən tərəfin mülkiyyət hüququ aradan qalxmır və əldə edən tərəf varlanmış olmur. Belə olan halda, həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq etibarsız əqd əsasında verilən daşınar əşyanın sahibliyinə qaytarılması (Mülki Məcəllə, maddə 157.2), yaxud daşınmaz əşyaya dair dövlət reyestrində düzəlişin aparılması (Mülki Məcəllə, maddə 141) barədə iddia qaldırdıqda, belə tələblərə Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddətin tətbiq edilməsi yolverilməzdir. Çünki, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir (Mülki Məcəllə, 384.0.4).

27. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

28. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.

29. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

30. Beləliklə, iş materiallarına nəzər saldıqda görünür ki, Cavabdeh2 sözügedən mənzili xx.xx.2004-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə etmiş, 27 iyul 2024-cü il tarixdə notariat təsdiqli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satmışdır. Həmin mənzil satılan vaxt mülkiyyətçinin əri X2 həyatda olmamış, sonuncu xx.xx.1996-cı il tarixdə ölmüşdür. Həmin xüsusat iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamə və aidiyyəti arayışlar ilə təsdiq edilmişdir.

31. Bundan əlavə, qeyd etmək lazımdır ki, İddiaçı da təsdiq etdiyi kimi, onun mülkiyyətçi ilə aralarında istifadə hüququna bağlı hər hansı müqavilə bağlanmamış və istifadə hüququnun mövcud olması barədə məhkəməyə müraciət etməmişdir.

32. Eyni zamanda məhkəmə hesab edir ki, hazırki məqamda etibarsızlıq məsələsinə də hüquqi qiymət verilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.

33. Mülki iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh2 ilə Cavabdeh3 ilə alqı-satqı müqaviləsi bağlanılan zaman mülkiyyətçinin həyat yoldaşı sağ olmamış, həmin tarixdən xeyli müddət əvvəl rəhmətə getmişdir. Cavabdeh2 isə həmin mənzildə tam paylı mülkiyyətçi olmuşdur. Göründüyü kimi, Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş etibarsızlıq faktı mövcud olmamışdır.

34. Bundan əlavə, İddiaçı sözügedən mənzildə övladının qeydiyyatda olması və dolayısı ilə onun həmin mənzil ilə bağlı tələb hüququnun olduğunu bildirməsi ilə bağlı məsələyə münasibətdə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

35. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

36. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Yənu bu halda iddiaçının oğlunun həmin mənzildə qeydiyyatda olması sözügedən əqdin etibarsız hesab edilməsinə əsas ola bilməz.

37. Konstitusiya Məhkəməsinin qeyd etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 38.Bu baxımdan məhkəmə hesab edir ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanılması zamanı etibarsızlıq ilə bağlı şərtlərə riayət edildiyindən, hər hansı qanun pozuntusuna yol verilmədiyindən iddia rədd edilməlidir.

39. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən,məhkəmə xərcləri dövlət rüsumunun əvəzi kimi ödənilmiş 100 (yüz) manat iddiaçıya aid edilməlidir. 41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 42.. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Bakı şəhər 43 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar