Məhkəmə qərarları › İş №2(006)-4555/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4555/2020

24.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4555/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, Cavabdeh «X1 Korporasiyası» ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə və «X1 Korporasiyası» ASC-yə qarşı «zaminlik müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə və «X1 Korporasiyası» ASC-yə qarşı «zaminlik müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun – yəni, İddiaçı adına rəsmiləşdirilərək «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Nərimanov filialından 45.904 manat 50 qəpik məbləğində pulun götürülməsinə dair xx.xx.2013-cü il tarixli İ-13/358 saylı kredit müqaviləsi, eləcə də xx.xx.2013-cü il tarixli İ-13/358 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «X1 Korporasiyası» ASC xx xxxxxx 2013-cü il tarixdə guya ona zamin durmuş və o, guya ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Nərimanov filialından 45.904 manat 50 qəpik məbləğində kredit götürmüşdür. Guya o, həmin krediti ödəməmişdir və buna görə də, «X1 Korporasiyası» ASC guya zamin olduğundan məcbur olub onun əvəzindən banka kredit borcunu ödəmişdir. Guya o, xx xxxxxx 2013-cü il tarixdə İ-13/358 saylı kredit müqaviləsi əsasında «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Nərimanov filialından 45.904 manat 50 qəpik məbləğində kredit götürmüşdür və bu prosesdə «X1 Korporasiyası» ASC ona zamin durmuşdur. Bu saxta fakt kökündən yanlışdır, o, heç vaxt hər hansı bir bankdan kredit götürməmişdir, heç kimi özünə zamin tutmamışdır, heç bir kassa mədaxil və məxaric sənədlərinə imza etməmişdir və heç vaxt onun ssuda hesabına «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Nərimanov filialından hər hansı məbləğ ödənilməmişdir. Baxmayaraq ki, xx xxxxxx 2013-cü il tarixdə İ-13/358 saylı kredit müqaviləsinin 5.1-ci bəndində qeyd olunmuşdur ki, kredit vəsaiti borc alan müraciət etdiyi tarixdən 5 gündən gec olmayaraq borc verən tərəfindən borcalanın ssuda hesabına köçürülür və bu barədə dərhal borc alana məlumat verilir. Bu proseslərin heç biri baş verməmiş və həmin məbləğ «X1 Korporasiyası» ASC tərəfindən nəğdləşdirilərək götürülüb mənimsənilmişdir. O, hər hansı bankdan 45.904 manat 50 qəpik məbləğində kredit götürmək iqtidarında olsa idi, «Akkord» şirkətinin heç nəyə yaramayan təmirsiz mənzilini deyil, yaşamaq üçün hər bir şəraiti olan həyət evi alar və bu cür problemlərlə də üzləşməzdi. İddiası baxılarkən aşağıdakı vəsatətin təmin edilməsi zəruridir: 1) Onun, yəni İddiaçı adına rəsmiləşdirilərək, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Nərimanov filialından 45.904 manat 50 qəpik məbləğində pulun götürülməsinə dair xx.xx.2013-cü il tarixli İ-13/358 saylı kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcverən borcalana 45.904 manat 50 qəpik məbləğində kredit xəttinin açılmasını öhdəsinə götürür, 5.1-ci bəndinə əsasən isə kredit vəsaiti borcalan müraciət etdiyi tarixdən beş gündən gec olmayaraq borcverən tərəfindən borcalanın ssuda hesabına köçürür və bu barədə dərhal borcalana məlumat verilir. Yuxarıda qeyd etdiyi kimi, o, hər hansı bir kredit məbləği almamışdır, bu barədə onun məlumatı olmayıb və ona heç kim bu kredit barədə heç vaxt rəsmi xəbərdarlıq etməyib. Odur ki, onun adına açılan ssuda hesabının nə hesab olduğunu, həmin hesabda aktiv olan məbləğin digər hansı hesablara köçürülməsini, hansı hüquqi, yaxud fiziki şəxs tərəfindən həmin hesabda olan məbləğin götürülməsini və s. halları müəyyən etmək üçün «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Nərimanov filialından, eləcə də, «X1 Korporasiyası» ASC-dən 45.904 manat 50 qəpik məbləğində pula dair bütün mühasibat, xəzinə və digər hesabat sənədləri götürülməlidir. 2) Həmin müqavilənin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2013-cü il tarixli İ-13/358 saylı kredit müqaviləsinin predmeti olan Bakı şəhəri Sabunçu rayonu 2595 saylı məhəllə, Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 7 saylı binanın birinci blok, 16-cı mərtəbə, mənzil 186 (köhnə nömrəsi 158) iki otaqdan ibarət ümumi sahəsi 112,32 m2 olan mənzil üzrə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXdən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarış alındıqdan sonra rəsmiləşdiriləcək. Müqavilə üzrə təminat kimi qəbul olunmuş qeyd olunan mənzilin layihə-smeta sənədləri, eləcə də həmin mənzilin qeydiyyata alınması ilə bağlı bütün zəruri sənədlər «X1 Korporasiyası» ASC-dən və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-dən götürülməlidir. 3) Həmin müqavilənin 5.4-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddəti xx.xx.2023-cü il tarixdə bitir. Kifayət dərəcədə böyük bir zaman qalmasına baxmayaraq həmin məbləğin yerdəyişmələri baş vermişdir. Odur ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Nərimanov filialından, eləcə də, «X4 İnvestisiya Korporasiyası» ASC-dən 45.904 manat 50 qəpik məbləğində pulun müqavilə müddəti bitməmiş, hesabdan hesaba köçürülməsini, yaxud guya zamin kimi geri qaytarılmasını zəruri edən hallar barəsində müvafiq maliyyə arayışları alınmalıdır. Hesab edir ki, yuxarıda qeyd olunan əqdlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337 və 347-ci maddələrinə əsasəq etibarsız hesab olunmalıdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdeh «X1 Korporasiyası» ASC-nin nümayəndəsi X3 mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh «X1 Korporasiyası» ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı iddia tələbinin əsası kimi xx xxxxxx 2013-cü il tarixli müqavilələrə istinad etmişdir. Müqavilə tarixindən 6 ildən çox müddət keçdikdən sonra iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Bundan başqa, hazırkı iş üzrə iddiaçı ilə onların başqa bir məhkəmə çəkişmələri də var. Belə ki, iddiaçı kimi onların çıxış etdikləri birinci instansiya məhkəməsində iddia qismən təmin olunub və onlar iddianın tam təmin olunması üçün apellyasiya şikayəti vermişlər. Hal-hazırda iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Hazırkı iddia həmin işin normal gedişatına maneə yaratmaq üçün verilib. İddiaçı gəlməməklə işin baxılmamış saxlanılmasına, sonra isə ərizə verərək yenidən təzələnməsinə çalışır və beləliklə vaxt qazanmaq istəyir. Məhkəmədən əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh «X1 Korporasiyası» ASC-nin nümayəndəsi X2 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-9313/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-1952/2018 saylı qərarı ilə dəyişiklik edilmədən saxlanılmışdır) görünür ki, «X1 Korporasiyası» ASC-nin İddiaçı qarşı «müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılarkən, hazırkı iş üzrə iddiaçının nümayəndəsi verdiyi izahatda İddiaçı ilə Cəmiyyət arasında mənzil alınması ilə bağlı müqavilə münasibətləri olduğunu, mənzilə görə pulun bir hissəsinin ödənildiyini, digər hissəsinin isə bankdan alınaraq ödənildiyini, ümumi ödənilən məbləğin 72.104 manat vəsait ödənildiyini, İddiaçı Cəmiyyətə mənzilə görə borcu olmadığını bildirmişdir. Apellyasiya instansiyası tərəfindən müəyyən edilmiş işin faktiki halları da eyni səpkili, eyni məzmunludur. Məhkəmə tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrini, həmçinin mənzil alğı-satqısı ilə bağlı müqaviləni qeyd etməyə zərurət görmür. Hazırkı iş üzrə iddiaçı iddia tələbini əsaslandırarkən, cavabdehdən mənzil alınması üçün bankdan heç vaxt pul almadığını bildirsə də, bu, qanuni qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmiş işin faktiki halları ilə təkzib olunur. Göründüyü kimi, iddiaçının iddia tələbi əsassızdır. İddiaçı nəinki istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim edə bilmir, əksinə, qanuni qüvvəyə minmiş məhkəmə aktında təsbit olunmuş və yenidən sübut edilməsinə zərurət olmayan hallarla iddiaçının iddia tələbinin əsasının olmaması, iddia ərizəsinin subyektiv mülahizələrdən ibarət olması təsdiq olunur. Bundan başqa, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. İşin faktiki hallarından görünür ki, İddiaçı tərəflər arasında olan digər mübahisələrə baxılan zaman, istərsə də bundan öncə onunla bank arasında kredit, onunla cavabdehlər arasında zaminlik müqaviləsinin bağlandığını bilirdi. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə qanunla müəyyən olunmuş prosessual müddət ərzində deyil, bu müddəti üzrsüz səbəbdən ötürməklə – yalnız xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Bu da, qanunvericiliyə görə iddianın təmin edilməməsi üçün digər əsasdır. Hazırkı iddia əsassız olmaqla yanaşı, iddia müddəti ötürülməklə verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə və «X1 Korporasiyası» ASC-yə qarşı «zaminlik müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə və «X1 Korporasiyası» ASC-yə qarşı «zaminlik müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar