Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4570/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «bağlanmış müqavilələrin mübahisələndirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «bağlanmış müqavilələrin mübahisələndirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" BOKT MMC ilə X6, X7 və X8 arasında bağlanmış AZBA-001523 saylı kredit müqaviləsi, AZBA-001523 saylı ipoteka müqaviləsi və AZBA-001523 saylı zaminlik müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 10 ildən artıqdır ki, "xxxx" BOKT MMC tərəfindən ona və ailələrinə qarşı olmazın müsibətlər törədilib. Ailələri çox ağır sarsıntılar keçirib, ağır xəstəliklərə, həm psixoloji, həm də cismani, düçar olmuşlar. Bunları deməklə sızıldamır. Demək istəyir ki, cavabdehin onlara vurduqları yaralar Zəngəzurda ermənilərin onlara vurduqları yaralardan daha artıqdır. Adı çəkilən Cəmiyyətin əvvəllər yerləşdiyi ünvan 28 May küçəsində onlara qonşu idi. Bəla da buradan başlayır. Həmin vaxtlarda əraziləri söküntüyə gedirdi. Hər kvadrata görə çox yaxşı pul verirdilər. Hətta evlərini 300.000 ABŞ dollarına qiymətləndirilib 1.000 manat da beh almışdır. Səbəb nə idi? Səbəb o idi ki, cavabdeh evlərini qəsb edib ENLT tikinti şirkətinə satsınlar. Hətta sonuncuların gizli sövdələşmələri də olmuşdur. Bu məqsədlə sonuncular anası ilə onların xəbəri olmadan hansı halda danışıb razılaşıblar ki, sonuncular onlara 150.000 ABŞ dolları və ya ona müvafiq manat ekvivalenti məbləğində kredit verəcəklər. Anası da razılaşmışdır. Ona görə ki, balaca qardaşı X7 xarici təşkilatda ticarətçi işlədiyinə görə özünün müstəqil biznesini qurmaq üçün vəsait tələb olunurdu. Beləliklə, «sağlam» münasibətlər əsasında 16 fevral 2009-cu il tarixdə Bakı şəhərində «AZBA-001523» saylı, 120 ay (10 il) müddətinə, illik 30 faizlə kredit müqaviləsi imzalanmışdır. Girovla təmin olunmuş öhdəliyin icrasına başlanma ərəfəsində ailə üzvlərinin heç biri bu müqaviləyə razı deyildilər və heç bir müqaviləni imzalamamışlar. Özü də o cümlədən. Şəxsən onun ən çox şübhəsi onda idi ki, "xxxx" BOKT MMC yerli deyil, xarici cəmiyyət idi. Tarixçi olduğu üçün ona bəlli idi ki, xarici kapitalistlər daim Azərbaycanda varlanma, qeyri-sağlam rəqabət və münasibətlərlə tamah məqsədi ilə sərmayə yatırırlar. Və nəticədə o deyən kimi olmuşdur. X9 "xxxx" BOKT MMC-nin vədlərinə inanıb 150.000 ABŞ dolları həcmində plan qurub işə başlamışdır. Gənclikdə mağaza üçün yer almış, əlavə xərclər çəkərək mal almış və ilaxır. Hesab edirdi ki, krediti işləyib bütün borclarını bağlayacaq. Nəticədə Cəmiyyət kreditin verilməsini 6 aydan sonra bilərəkdən dayandırmışdır. Baxmayaraq ki, hər iş çox yaxşı gedirdi. Bundan sonra fəlakət başlamışdır. İndiyə qədər onları məhkəmələrdə süründürürlər. İki dəfə evlərini hərraca çıxarmışlar. Hərracın heç biri baş tutmamışdır. Belə ki, birinci dəfə evin qiymətləndirilməsini bilərəkdən aşağı hesablamışlar. Belə ki, 16 fevral 2009-cu il tarixli AZBA-001523 saylı ipoteka müqaviləsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə 87.500 ABŞ dolları və ya Milli Bankın müəyyən etdiyi valyuta kursu üzrə müvafiq manat ekvivalentində manata evi qiymətləndirmişlər. Anasının avamlığını, savadsızlığını, psixoloji durumunun pis olmasını, öz hərəkətlərinin mənasını başa düşmədiyini hiss edən qarşı tərəf fürsətdən istifadə edib evin qiymətinin daha da aşağı salınmasına nail olmuşlar. Təbii ki, bu əvvəlcədən düşünülmüş addım idi. 08 iyun 2011-ci il tarixdə cəmiyyətin rüşvət verməsi müqabilində evin qiyməti "xxxx" MMC tərəfindən daha da azaldılaraq 75.000 manata düşürülmüşdür. Qiymətin aşağı salınması ilə bərabər evin sahəsi də kiçik göstərilmişdir. Belə ki, evlərinin faktiki 120,62 m2 təşkil etdiyi halda qarşı tərəf evin sahəsini 97,88 m2 kimi göstərirlər. Fərəcova Sona tərəfindən verilən iddia ərizəsi əsasında Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 avqust 2012-ci il tarixli 2(009)-167/2012 saylı qətnaməsi ilə X1 "xxxx" MMC-yə qarşı iddiasını təmin edərək, "xxxx" MMC-nin 08 iyun 2011-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi və Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 60 saylı evin 15 saylı mənzilinin 146.700 manat məbləğində olduğunu qət etmişdir. Sahəsi isə 120,62 m2 qeydə alınır. Ardınca, tamahından əl çəkməyən qarşı tərəfin iddiası əsasında Bakı Apellyasiya Məhkəməsi 04 fevral 2014-cü il tarixli 2(103)-924/2014 saylı qətnaməsi ilə Səbail rayon Məhkəməsinin 23 avqust 2012-ci il tarixli 2(009)-167/2012 saylı qətnaməsi ləğv edilmiş, Bakı şəhəri 28 May küçəsi 60, 15 nömrəli mənzilin bazar qiymətinin 130.000 manat olması müəyyən edilmişdir. 14.08.2015-ci il tarixdə evləri qanuna uyğun olaraq 01/3725 sayda açıq hərraca çıxarılmışdır. Birinci və təkrar hərrac baş tutmamış, hərracların baş tutmaması haqda 16.11.2015-ci il tarixdə onlara məlumat vermişlər. Hərracın baş tutmaması haqda «Market» qəzetinin 16 noyabr 2015-ci il tarixli nömrəsində dərc edilmişdir. Hərracın baş tutmamasının əsas səbəbi "xxxx" BOKT MMC evlərini müftə ələ keçirməkdir. Onlar ev satılanda yaranan fərq pulunu, təqribən 82.000 manatı ödəmək istəməməlidir. Qarşı tərəf onlara qarşı istədikləri qeyri-qanuni hərəkətləri tətbiq etmişlər. Onlarla bərabər Azərbaycan qanunlarına da qarşı hörmətsizlik edib maddəni dəyişib öz mənafelərinə uyğun müqavilədə ifadə etmişlər. Məsələn: AZBA-001523 saylı zaminlik müqaviləsinin 2.7-ci bəndində yazılır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 474.1-ci maddəsinə əsasən tərəflər müəyyən edirlər ki, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları kreditora qarşı irəli sürməyə haqlı deyildir». Ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində yazılır: 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. "xxxx" BOKT MMC Qərbi Azərbaycandan qaçqın düşmüş böyük bir ailəni küçələrə salıb onların hesabına varlanmaq istəyir. Mülki Məcəllənin 1091.1-ci və 421.2-ci maddələrinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, "xxxx" BOKT MMC bağladığı müqavilənin icrasını yerinə yetirməkdən qanunsuz olaraq imtina etmişdir. Onlar müqavilənin icrasını yerinə yetirmək, qarşı tərəfə dəstək olmaq əvəzinə həm qanunu, həm də humanizm və digər prinsipləri kobud surətdə pozmuşdur. Digər pozuntu – girov qoyulduqda sakinlərin razılıqları alınmamış, həmin mənzildə yaşayan vətəndaşların mülkiyyətçilik hüquqları pozulmuşdur. Halbuki, Mülki Məcəllənin 277.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşya yalnız bütün mülkiyyətçilərin yazılı razılığı olduqda girov qoyula bilər. Digər pozuntu – həmin mənzildə yaşayan on dörd yaşına çatmamış dörd uşağın valideynlərindən yazılı razılıq almamışlar. Valideynlər evin girov qoyulmasına razı deyildilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Digər pozuntu – ipoteka qoyan qismində çıxış edən X6 mirası qəbul edərkən mövcud dövrün qanunvericiliyinin, 1988-ci ildə dərc edilən Azərbaycan SSR MM-in 555-ci maddəsini kobud surətdə pozmuşdur. Belə ki, X6 MM-in 532-ci maddəsini – mirasın qəbulu, 555-ci maddənin – mirası qəbul edənin hüquqları – tələbinə əməl etməmişdir. Göstərilən maddələrə əsasən X6 miras əmlakı üzərində sərəncam etməyə (satmağa, girov qoymağa və s.) haqlı deyildir. Onu da xüsusilə qeyd etmək istəyir ki, anası X6 1990-cı illərdə ermənilərin kəndlərinə dəfələrlə hücumu nəticəsində dərin qorxu keçirmiş, əsəbləri tamamilə pozulmuşdur. Bu günə qədər ağır dərmanlar qəbul edir. 1990-cı illərdən anası etdiyi hərəkətləri bilmir, danışıqlarının mənasını anlamır, özünü idarə edə bilmir. Onu aldatmaq çox asandır. Təqribən 15-17 il bundan əvvəl şəhərə çıxıb, yaxın məsafədə belə evlərinin yerini tapa bilməmişdi. Ancaq çox hikkəlidi, öz dediyindən dönmür, ailədə heç kimin sözünə baxmır, heç kimi qəbul etmir. Birdən yadına salır ki, «sənədə qol çəkmişəm», «kiməsə çoxlu pul vermişəm» və ilaxır. Soruşanda ki, hansı sənədə qol çəkib, deyir ki, «gəldilər həyətə mənə dedilər bu sənədə qol çək sizin üçün yaxşı olacaq, mən də çəkdim. Pul ver, çoxlu kredit verəcəyik». Bir gün ondan soruşmuşdur ki, «şapka» nədir? Demişdir ki, papaqdır. Demişdir ki, papaqdır. Demişdir ki, «yox e, onu demirəm». Sonra nə qədər cəhd etsə də, bu məsələni aydınlaşdıra bilməmişdir. Hiss etmişdir ki, kiməsə çoxlu pul vermişdir. MM-nin 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olsa da, əqd bağladığı zaman öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. "xxxx" BOKT MMC-nin onların ailəyə vurduğu əsas zərbə ondan ibarətdir ki, ailələrinin nizamı pozulmuşdur. Dərin böhran içindədirlər, ailələrində boşanma olmuşdur, uşaqlarından ayrı düşmüşdür. Şəxsən o, elm adamıdır. Alimlik fəaliyyəti, işgüzar nüfuzu pozulub və ilaxır. O, şərəflərini, ləyaqətlərini, işgüzar nüfuzlarını müdafiə etməyə qadir bir kişidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" BOKT MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 yanvar 2011-ci il tarixli 2(103)-538/2011 saylı qətnaməsindən görünür ki, "xxxx" BOKT MMC X5 və qeyrilərinə qarşı «kreditin, kredit faizlərinin və dəbbə pullarının ipoteka predmetinin realizə edilməsi hesabına qaytarılması, rəsmi qeydiyyatın ləğvi və qeydiyyatda olanların məcburi qaydada çıxarılması» tələbinə dair iddiası Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 iyul 2010-cu il tarixli 2(006)-1979/2010 saylı qətnaməsi ilə qismən təmin edilmiş, "xxxx" BOKT MMC ilə X7 arasında bağlanmış 16 fevral 2009-cu il tarixli AZBA-001523 saylı kredit müqaviləsi ləğv edilərək, X2, X3 və İddiaçı 16 fevral 2009cu il tarixli AZBA-001523 saylı kredit müqaviləsinə əsasən müştərək qaydada əsas borc üzrə 14.289 manat 98 qəpik, faiz üzrə 3.510 manat 67 qəpik, 1.389 manat 08 qəpik dəbbə pulu olmaqla, cəmi 19.190 manat 45 qəpik məbləğində pulun alınaraq "xxxx" BOKT MMCyə verilməsi, cavabdehlərdən tutulmalı olan məbləğin digər cavabdeh X4 məxsus Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 60 saylı evin 15 nömrəli mənzilinə yönəldilməklə həmin mənzilin boşaldılaraq açıq hərracda satılması, cavabdeh X4 məxsus Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 60 saylı evin 15 nömrəli mənzilində rəsmi qeydiyyatda olan şəxslərin qeydiyyatlarının ləğv edilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin isə müştərək qaydada tərəflərə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 iyul 2010-cu il tarixli 2(006)-1979/2010 saylı qətnaməsi qismən – «Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 60 saylı evin 15 nömrəli mənzilinin boşaldılması və həmin ünvanda qeydiyyatda olan şəxslərin qeydiyyatlarının ləğv edilməsi» hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissələrdə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarına əlvə edilmiş müqavilələrdən göründüyü kimi, İddiaçı hazırda mübahisələndirilən müqavilələr üzrə tərəf deyil və müqavilələri mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Digər tərəfdən, yuxarıda qeyd olunan qətnamədən göründüyü kimi İddiaçı hazırda mübahisələndirdiyi müqavilələrin mövcudluğundan artıq 2010-cu ildə məlumatı olmuşdur. Habelə İddiaçı keçirilmiş hərracların baş tutmamasından 2015-ci ildən məlumatı olmuşdur. Məhkəmə qeyd edir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. İddiaçı ikinci hərrac keçirildikdən 5 ildən, mübahisələndirilən müqavilələrdən xəbəri olduğu 2010-cu ildən 10 ildən çox müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, yuxarıda qeyd olunan əqdləri mübahisələndirmək hüququnu ötürmüşdür. Bu səbəbdən, iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «bağlanmış müqavilələrin mübahisələndirilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «bağlanmış müqavilələrin mübahisələndirilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4570/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4570/2021
14.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver