Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4581/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili X3 Cavabdeh BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh BOKT ASC-yə qarşı «10 dekabr 2014-cü il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi və 10 dekabr 2014-cü il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi, 15 yanvar 2010-cu il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi və 15 yanvar 2010-cu il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi üzrə faizlərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh BOKT ASC-yə qarşı «10 dekabr 2014-cü il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi və 10 dekabr 2014-cü il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi, 15 yanvar 2010-cu il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi və 15 yanvar 2010-cu il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi üzrə faizlərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT ASC-dən müqavilə şərtlərinin pozulmasına görə, İddiaçı3 450.000 manat, İddiaçı1 450.000 manat, İddiaçı2 135.000 manat, İddiaçı4 135.000 manat, ümumilikdə 1.170.000 manat məbləğində dividend borcunun, hüquqi yardım göstərilməsi haqqında müqaviləyə görə 301 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.170.331 manat məbləğində borcun onların xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT ASC-dən müqavilə şərtlərinin pozulmasına görə, İddiaçı3 525.000 manat, İddiaçı1 525.000 manat, İddiaçı2 157.500 manat, İddiaçı4 157.500 manat, ümumilikdə 1.365.000 manat məbləğində dividend borcunun, hüquqi yardım göstərilməsi haqqında müqaviləyə görə 301 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.365.331 manat məbləğində borcun onların xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə (hal-hazırda hüquqi varisi olan Cavabdeh BOKT ASC) investorlar arasında 10 dekabr 2014-cü il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi və 10 dekabr 2014-cü il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi, 15 yanvar 2010-cu il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi və 15 yanvar 2010-cu il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi bağlanmışdır. Müqavilələrin şərtlərinə əsasən, investorlar tərəfindən "xxxx" ASC-nin səhmlərinə 6.500.000 manat pul vəsaiti yerləşdirilmişdir. Həmin müqavilələrin şərtlərinə əsasən, səhmlərə görə gəlirlik nominalın 12 % müqabilində hesablanması və 3 aydan bir ödənilmək şərti müəyyən olunmuşdur. Müqavilələr 84 aylıq bağlanmışdır. 21 iyul 2016-cı il tarixdə "xxxx" ASC bank kimi fəaliyyətini dayandırmış və 21 iyul 2016-cı il tarixdən "xxxx" ASC tərəfindən öhdəliklərin icrası dayandırılmış və bağlanmış müqavilələrin 1-ci bəndinin 1.1-ci yarımbəndlərinin şərtləri pozulmuşdur. Həmin müqavilələrin 1-ci bəndinin 1.1-ci yarımbəndlərində qeyd olunur ki, müqavilənin predmetinə əsasən investor banka sərbəst pul vəsaitini bankın səhmlərinə yerləşdirir. Səhmlərə görə gəlirlilik nominalın 12 %-i müqabilində müəyyən olunur. Mətbuatdan əldə olunmuş məlumatlara görə 2017-ci il tarixdə Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən Cavabdeh BOKT ASC "xxxx" ASC-nin hüquqi varisi kimi müəyyən olunmuşdur. 19.04.2021-ci il tarixdə investorların etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X5 tərəfindən cavabdehə müraciət edilərək, öhdəliyin icra edilməməsi nəticəsində yaranmış borc məbləğlərinin qaytarılması haqqında pretenziya irəli sürülmüşdür. "xxxx" ASC 17.05.2021-ci il tarixli 0720/PB saylı məktubu ilə investorlara: - 2019-cu ilin İV rübü üzrə 195.000 manat, 2020-ci ilin İ, İİ, İİİ və İV rübləri üzrə 780.000 manat, 2021-ci ilin İ rübü üzrə 195.000 manat, ümumilikdə isə 1.170.000 manat məbləğində dividend borcunun, həmçinin ayrı-ayrılıqda investorlara: - İddiaçı3 450.000 manat, İddiaçı1 450.000 manat, İddiaçı2 135.000 manat, İddiaçı4 135.000 manat, ümumilikdə 1.170.000 manat məbləğində dividend borcunun olduğu bildirilmişdir. Beləliklə, müqavilə şərtlərinin pozulmasına görə Cavabdeh BOKT ASC tərəfindən investorlara yaranmış dividend borcu 1.170.000 manat təşkil edir və həmin məbləğin cavabdehdən məhkəmə qaydasında tutulmasını mümkün hesab edirlər. İddia tələbinin həcminin artırılması barədə ərizədə əlavə olaraq qeyd edilmişdir ki, 2021-ci ilin İİ rübü üzrə hesablanmış və ödənilməmiş dividendlər üzrə borc İddiaçı1 75.000 manat, İddiaçı3 75.000 manat, İddiaçı2 22.500 manat, İddiaçı4 22.500 manat məbləğində, ümumilikdə isə 195.000 manat təşkil edir. İddiaçıların nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh BOKT ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Milli Depozit Mərkəzinin depo hesabından çıxarışlardan göründüyü kimi, iddiaçılar həqiqətən hesabdan çıxarışlarda qeyd edilən sayda və dəyərdə sənədsiz imtiyazlı adlı səhmlərin sahibidirlər və məhkəməyə hazırkı iddia ərizəsi vermək üçün subyektiv hüquqa malikdirlər. Cavabdeh BOKT ASC-nin 17 may 2021-ci il tarixli 0720/PB saylı arayışında iddiaçıların nümayəndəsi və vəkili X3 19 aprel 2021-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, Cavabdeh BOKT ASC-nin aşağıda adları qeyd olunan şəxslərə qarşı imtiyazlı səhmlərin dividend üzrə borcları aşağıdakı qaydadadır: İddiaçı3 75.000 manat 2019-cu ilin İV rübü üzrə 300.000 manat 2020-ci il üzrə 75.000 manat 2021-ci ilin İ rübü üzrə İddiaçı1 75.000 manat 2019-cu ilin İV rübü üzrə 300.000 manat 2020-ci il üzrə 75.000 manat 2021-ci ilin İ rübü üzrə İddiaçı2 22.500 manat 2019-cu ilin İV rübü üzrə 90.000 manat 2020-ci il üzrə 22.500 manat 2021-ci ilin İ rübü üzrə İddiaçı4 22.500 manat 2019-cu ilin İV rübü üzrə 90.000 manat 2020-ci il üzrə 22.500 manat 2021-ci ilin İ rübü üzrə Cavabdeh BOKT ASC-nin 06 avqust 2021-ci il tarixli 1030/PB saylı arayışında yuxarıda qeyd olunan arayışda göstərilən rəqəmlər təkrarən təsdiq edilməklə yanaşı, 2021-ci ilin İİ rübü üzrə ödənilməli dividend borcları aşağıdakı kimi təsbit olunmuşdur: İddiaçı3 75.000 manat 2021-ci ilin İİ rübü üzrə İddiaçı1 75.000 manat 2021-ci ilin İİ rübü üzrə İddiaçı2 22.500 manat 2021-ci ilin İİ rübü üzrə İddiaçı4 22.500 manat 2021-ci ilin İİ rübü üzrə Cavabdehin verdiyi arayışlardan, həmçinin mübahisənin həllində tətbiq edilməli maddi hüquq normalarının tələbindən də göründüyü kimi, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdehin iddiaçılara təqdim etdiyi arayışlar özü-özlüyündə cavabdeh tərəfindən iddiaçılara dividendlər üzrə borcun mövcud olmasının etirafıdır. Cavabdeh tərəf borcu mahiyyət etibarı ilə etiraf etsə də, bu borcların ödənilməsini bu və ya digər səbəblərdən yubandırır. Obyektiv, yaxud subyektiv səbəblərlə bağlı olmasından asılı olmayaraq, dividendlər üzrə borclar vaxtı-vaxtında iddiaçılara ödənilməlidir. Çünki, cavabdeh iddiaçılar qarşısında müqavilə öhdəliyi daşıyır və öhdəliklərin icra edilməməsi iddiaçıların hüquqlarını pozur. Mülki Məcəllənin 106-3.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Mülki Məcəllənin 106-3.2-ci maddəsinə əsasən səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. Mülki Məcəllənin 106-3.3-cü maddəsinə əsasən adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. Mülki Məcəllənin 106-3.4-cü maddəsinə əsasən imtiyazlı səhm üzrə dividend səhmdar cəmiyyətinin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, imtiyazlı səhm sahiblərinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində ödənilən vəsaitdir. Həmin vəsaitin ödənilməsini təmin etmək üçün səhmdar cəmiyyəti öz vəsaitləri hesabına xüsusi fondlar yarada bilər. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Göründüyü kimi, Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında fərdin sosial, siyasi, iqtisadi hüquqlarının, eləcə də azadlıqlarının və təhlükəsizliyinin dövlət tərəfindən qorunması və müdafiəsi demokratik və hüquqi dövlətə xas olan təminatlar kimi öz əksini tapmaqla fərdin, cəmiyyətin, həmçinin dövlətin hərtərəfli inkişafına təkan verən amillərdən hesab olunur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Dividend – pul, natura və ya hər hansı ödəniş formasında bölüşdürülməli və real faydada ifadə olunmalıdır. Həmçinin, dividend – səhmdar cəmiyyətin mənfəətindən hər il səhmdarlara ödənilən hissəsidir. Sahib olunan səhmlərə uyğun dividend ödənilir. Digər sözlə ifadə etdikdə, dividendlər hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. İddiaçılar real fayda əldə etmək məqsədi ilə cavabdeh tərəflə imtiyazlı səhm müqaviləsi bağlayaraq, yuxarıda qeyd olunan səhmlərə 6.500.000 manat real pul vəsaiti yerləşdirmişlər. Müqavilə şərtlərinə görə, nəzərdə tutulmuş faizlər 3 aydan bir olaraq cavabdeh tərəfindən iddiaçılara ödənilməlidir. Lakin cavabdeh tərəfindən dividendlər 2019cu ilin İV rübü, 2020-ci ilin 4 rübü, 2021-ci ilin İ və İİ rübləri üçün ödənilməmiş, bununla da, cavabdehin iddiaçılar qarşısında ödənilməyən dividendlər üzrə borcu yaranmışdır. İddiaçıların cavabdehə ünvanladığı məktublardan görünür ki, iddiaçılar pretenziya qaydasına riayət edərək, dividend ödənişləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsini cavabdehdən xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını cavabdehin nəzərinə çatdırmışlar. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçılar məhkəməyə müraciət olunması, hüquqlarının müdafiəsinin təşkili ilə bağlı hüquqi yardım göstərən şəxsə 301 manat məbləğində pul vəsaiti ödəmişlər. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh BOKT ASC-dən 2019-cu ilin İV rübü, 2020-ci ilin İ, İİ, İİİ və İV rübü, 2021-ci ilin İ və İİ rübləri üzrə 525.000 manat dividend tutularaq İddiaçı3; 525.000 manat dividend tutularaq İddiaçı1; 157.500 manat dividend tutularaq İddiaçı2; 157.500 manat dividend tutularaq İddiaçı4 ödənilməli; Cavabdeh BOKT ASC-dən göstərilmiş hüquqi yardıma görə 301 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh BOKT ASC-dən 2019-cu ilin İV rübü, 2020-ci ilin İ, İİ, İİİ və İV rübü, 2021-ci ilin İ və İİ rübləri üzrə 525.000 manat dividend tutularaq İddiaçı3; 525.000 manat dividend tutularaq İddiaçı1; 157.500 manat dividend tutularaq İddiaçı2; 157.500 manat dividend tutularaq İddiaçı4 ödənilsin. Cavabdeh BOKT ASC-dən göstərilmiş hüquqi yardıma görə 301 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4581/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4581/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver