Məhkəmə qərarları › İş №2(006)-4582/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4582/2022

02.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4582/2022 02.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "yaranmış borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "yaranmış borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********80019 nömrəli kod üzrə onun adında olan 322.66 manat məlbəğində elektrik enrjisi borcunun silinməsi vəzofəsinin cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, **********80019 nömrəli kod üzrə onun adında olan 322.66 manat və 356,82 manat borcun məbləğində elektrik enerjisi borcunun silinməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 0.09.2022-ci il tarixində cavabdehə müraciət edərək **********80019 nömrəli kod üzrə borcun araşdırılmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubundan məlum olur ki, “...**********80019 nömrəli kod üzrə xx.xx.2006-cı il tarixinədək 356.82 manat məbləğində borcun məcburi köçkün limitindən artıq istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmişdir. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına qədər sözü gedən yaşayış sahəsində məcburi köçkün limitindən artıq istehlak edilmiş 322.66 manat məbləğində elektrik enerjisinin dəyərinə xx.xx.2016-cı il tarixində kompüter məlumatlar bazasında düzəliş edilmişdir. Göstərilən məbləğin ödənişi abonentdən Abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məkhəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 bildirmişdir ki, borc 2017-ci ilə qədər yığılmışdır. Dondurulmuş borcdur. O borcu silmək onların öz səlahiyyətində deyil. Vətəndaşdan da, həmin borcun ödənilməsini tələb etmirlər. Lakin mülkiyyətçi dəyişilərsə, ev satılarsa, vətəndaş o borcu ödəməlidir. Cavabdehin nümayəndəsi, sonda, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə etiraz etmədiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 0199/S-363/6983 saylı məktubdan görünür ki, **********80019 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, 356,82 manat məbləğində borcun xx.xx.2006-ci il tarixinə qədər fərdi yaşayış evində məcburi köçkün limitindən artıq istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmişdir. Məcbüri köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına qədər sözü gedən yaşayış sahəsində məcburi köçkün limitindən artıq istehlak edilmiş 322,66 manat məbləğində elektrik enerjisinin dəyərinə xx.xx.2016- cı il tarixində kompüter məlumatlar bazasında düzəliş edilmişdir. Göstərilən məbləğlərin ödənişi abonentdən Abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur. "xxxx" ASC tərəfindən verilmiş Abunə haqqında çıxarışdan görünür ki, **********80019 nömrəli kod üzrə borc 322.66 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında» Sərəcamına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmçinin sərəncamla Azərbaycan Respublikasının ərazisində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizat üçün zəruri olan və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinin tələblərinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Mülki Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. İş materiallarında olan **********80019 nömrəli kod üzrə "xxxx" ASC tərəfindən verilmiş Abunə haqqında çıxarışdan görünür ki, 356.82 manat borc “BARMEK borcu” olaraq xx.xx.2011-ci il tarixə aiddir. 322.66 manat borc isə xx.xx.2016-cı ilə aid olmaqla “Qacqın borcu silinmə” olaraq qeyd edilmişdir. Göründüyü kimi, hər iki bor məbləği üzrə Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulmuş müdətlər keçdiyindən tələblər öz qüvvəsini itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, **********80019 nömrəli abunə kodu üzrə İddiaçı adında olan 322.66 manat və 356,82 manat borc məbləğində elektrik enerjisi borcunun silinməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********80019 nömrəli abunə kodu üzrə İddiaçı adında olan 322.66 manat və 356,82 manat borc məbləğində elektrik enerjisi borcunun silinməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar