Məhkəmə qərarları › İş №2(006)-4587/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4587/2021

14.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4587/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 İnşaat və Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “ödənilməmiş əmək haqqının, gecikdirilmiş hər gün üçün hesablanmış ödəncin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 İnşaat və Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “ödənilməmiş əmək haqqının, gecikdirilmiş hər gün üçün hesablanmış ödəncin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilməli olan 546 manat 47 qəpik məbləğində əmək haqqı məbləğinin, əmək haqqının ödəniləcəyi günədək gecikdirilmiş hər gün üçün 546 manat 47 qəpiyin 1 %-i məbləğində ödəncin, ödədiyi dövlət rüsumu kimi 30 manat məbləğində pulun, həmçinin mənəvi ziyanın kompensasiyası kimi 3.000 manat məbləğində pulun, ümumilikdə 3.576 manat 47 qəpik manatın, eləcə də, əmək haqqının ödəniləcəyi günədək gecikdirilmiş hər gün üçün 546 manat 47 qəpiyin 1%-i məbləğində ödəncin cavabdeh X1 İnşaat və Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X1 İnşaat və Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialında faktiki olaraq elektrik vəzifəsində işləmişdir. Lakin vəzifəsi kompüter proqramlaşdırma assistenti kimi göstərilmişdir. Aylıq vəzifə maaşı 265 manat olmuşdur. Cavabdeh şirkətdə cəmi 3 ay – 25 fevral 2021-ci il tarixdən 25 may 2021-ci il tarixədək işləmişdir. Lakin ona yalnız 1 ayın maaşının bir hissəsi, yəni 248 manat 53 qəpik ödənilmiş, qalan 546 manat 47 qəpik məbləğ isə ödənilməmişdir. O, həmçinin cavabdeh şirkətə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin surətinin ona təqdim edilməsi xahiş edilmiş, əmək müqaviləsinin surətinin ona veriləcəyi qeyd edilsə də, bu günədək əmək müqaviləsinin surəti də ona təqdim edilməmişdir. Cavabdeh Şirkət tərəfindən ona ödənilməli olan əmək haqqı ödənilmədiyindən o, müvafiq ərizə ilə müraciət edərək, ona ödənilməli olan 306 manat pul vəsaitinin dərhal ona ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi qeyd edilmişdir. Müraciəti həm cavabdehin faktiki ünvanına, həm də hüquqi ünvanına göndərilmiş, hüquqi ünvana müraciətinin çatdırılması mümkün olmamış, faktiki ünvana isə çatdırılmışdır. Lakin müraciətinə hər hansı bir cavab verilməmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh şirkətin müvafiq vəzifəli şəxslərinin işlədiyi işlərə görə ona ödəməli olduqları məbləği ödəməmələri, etdiyi müraciətlərə hər hansı bir cavab verilməməsi, ona qarşı saymazyana münasibət bəsləmələri, bir neçə dəfə müraciət etməsinə baxmayaraq, qanunvericiliyin imperativ tələblərini pozaraq onunla bağlanmış əmək müqaviləsinin surətinin də ona təqdim edilməməsi və s. hərəkətləri onu mənən alçaltmış, etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Odur ki, cavabdehin bu hərəkətləri nəticəsində hesab edir ki, ona həm də mənəvi zərər vurulmuşdur. Ona vurulmuş mənəvi ziyanı simvolik olaraq 3.000 manat məbləğində qiymətləndirir. Həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X1 İnşaat və Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh X1 İnşaat və Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə işəgötürən (cavabdeh) X1 İnşaat və Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 25 fevral 2021-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı həmin filiala assisten, kompüter/proqramlaşdırma işinə qəbul edilmişdir, aylıq əmək haqqı 265 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həmin filialda 3 ay – 25 fevral 2021-ci il tarixdən 25 may 2021-ci il tarixədək işləmişdir. İddiaçıya yalnız 1 ayın əmək haqqının bir hissəsi, yəni 248 manat 53 qəpik ödənilmiş, qalan 546 manat 47 qəpik məbləğ isə ödənilməmişdir. İddiaçı bununla bağlı cavabdeh X1 İnşaat və Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına 20 may 2021-ci il tarixli ərizə göndərərək, ona ödənilməli əmək haqqının qalan hissəsinin ödənilməsini tələb etmiş, əks təqdirdə hüquqlarının bərpa edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə, eləcə də, məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin, iş materiallarından göründüyü kimi, iddiaçının haqlı tələbi təmin edilməmişdir. Cavabdeh iddiaçının əmək haqqının qalıq hissəsinin ona ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 2-ci bəndinə əsasən kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Əmək Məcəlləsinin 290-cı maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçıya əmək haqqı qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə ödənilməli olsa da, 3 ay əmək fəaliyyəti ilə bağlı ona ödənilməli olan əmək haqqı tam və vaxtında ödənilməmiş, cavabdehin iddiaçıya 546 manat 47 qəpik əmək haqqı borcu qalmışdır. Əmək Məcəlləsinin 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Məhkəmə hesab edir ki, iddia əmək haqqının ödənilməsi hissəsində təmin edilməli, qalıq qalmış 546 manat 47 qəpik əmək haqqı cavabdeh X1 İnşaat və Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia - bu günə qədər ödənilməli olan əmək haqqının ödənilməməsinə görə məhkəmə qətnaməsi çıxarılan günədək hər gün üçün 1 % dəbbə pulu tutulmasına dair hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Qalan hissədə iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı ona əmək haqqından başqa real zərərin vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı əmək haqqının ödənişinin yubandığını görən kimi, cavabdeh tərəfə öz etirazını bildirmiş və tələbi təmin edilmədiyindən iddia müddəti çərçivəsində, dərhal məhkəməyə müraciət etmişdir. Həmin dövr ərzində iddiaçıya hər hansı mənəvi ziyan vurulması halı mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 546 manat 47 qəpik əmək haqqı və həmin əmək haqqı ödənilməyən gündən başlayaraq, hazırkı qətnamə qəbul edilən günədək olan dövr üçün 546 manat 47 qəpik məbləğin 1%-i həddində dəbbə pulu cavabdeh X1 İnşaat və Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçı ödənilməlidir. İddianın qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 546 manat 47 qəpik əmək haqqı və həmin əmək haqqı ödənilməyən gündən başlayaraq, hazırkı qətnamə qəbul edilən günədək olan dövr üçün 546 manat 47 qəpik məbləğin 1%-i həddində dəbbə pulu cavabdeh X1 İnşaat və Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar