Məhkəmə qərarları › İş №2(006)-4588/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4588/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4588/2020 23.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «vurulmuş zərər olaraq 10.000 manat məbləğində maddi ziyan və 10.000 manat məbləğində mənəvi ziyan» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «vurulmuş zərər olaraq 10.000 manat məbləğində maddi ziyan və 10.000 manat məbləğində mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh MMCdən şassi 467698, mühərrik 636414T olan «Nissan Kicks» markalı avtomobili almışdır. Həmin tarixdə onunla Cavabdeh MMC-nin baş direktoru S.T.Əhmədov arasında «Nissan» servis mərkəzinin qarantiya və servis xidmətləri barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən yeni avtomobilin ümumi qarantiya müddəti, bu müqavilənin müvafiq bəndlərində nəzərdə tutulmuş istisnalar nəzərə alınmaq şərti ilə avtomobil Alıcıya faktiki təhvil verildiyi gündən etibarən, hansı faktın tez baş verməsindən asılı olaraq 60 təqvim ayı və ya 155.000 km. (son 25 təqvim ayı və son 55.000 km. yalnız avtomobilin mühərrikinə şamil edilir) müəyyən olunmuşdur. Avtomobili aldığından bu günə qədər avtomobildə olan zavod qüsurlarına görə problemlər yaşayır. Belə ki, qeyd etdiyi avtomobildə olan bitməyən qüsurlar səbəbindən avtomobil daim xarab olur. Hətta hər dəfə avtomobilin zavod qüsuru səbəbindən yol nəqliyyat hadisəsi də baş vermiş və nəticədə o, xəsarət almışdır. Həmin avtomobilin qüsurları barədə cavabdeh şirkətə dəfələrlə şəxsən müraciət etsə də, Nissan servis mərkəzlərində avtomobilə dair problemlər aradan qalxmamışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qanunvericilikdə göstərildiyi kimi, öz öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud şəkildə pozmuşdur. Cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi müvafiq hüquqi məsuliyyətə səbəb olmaqla, ona vurduğu digər zərəri ödəmək vəzifəsini də əmələ gətirmişdir. Cavabdeh ona qaytarmalı olan pulu əsassız özündə saxlamaqla daha çox zərər vurmuşdur. Cavabdeh bu qanunsuz hərəkətləri ilə ona olan borcunu ödəmədiyindən əldə edə biləcəyi gəlirdən onu məhrum etmişdir. Cavabdehin öhdəliklərini pozması mənəvi iztirablar keçirməsinə səbəb olmuş və nəticədə güclü mənəvi sarsıntı keçirmişdir. Belə ki, cavabdeh şirkət ona qüsurlu avtomobili satmaqla, onu aldatmışdır. Daha sonra isə onun tərəfindən cavabdeh şirkətə avtomobilinin qüsurlarının aradan qaldırılması ilə bağlı çoxsaylı müraciətinə baxmayaraq cavabdeh şirkətin etinasız münasibəti, özünə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Cavabdehin ona qarşı etdiyi etinasız hərəkətlər ona vurulmuş maddi ziyanla yanaşı mənəvi ziyan da vurmuşdur. Göstərilənlərə əsasən Cavabdeh MMC-dən 10.000 manat məbləğində vurulmuş zərərin əvəzi olaraq, eyni zamanda ona vurulmuş mənəvi ziyanın kompensasiya kimi 10.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaya uyğun izahat verərək iddianı müdafiə etdi, təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının aldığı avtomobil iddiaçı tərəfindən dəfələrlə qəzaya düşmüş, maşında yaranan problemlər avtoqəzadan sonra olmuş və servisimiz tərəfindən tam şəkildə ödənişsiz təmir olunmuşdur. İddiaçının iddiası tam əsassızdır və maddi zərərin nədə ifadə olunması, yaranması və sübütları məhkəməyə təqdim edilmədiyindən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan «Satıcı» qismində Cavabdeh MMC ilə «Alıcı» qismində İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli qarantiya və servis xidmətləri barədə müqavilənin surətindən görünür ki, bu müqavilə Alıcı İddiaçı satılmış «Nissan Kicks» markalı, şassi 467698, mühərrik 6364414T olan avtomobilin keyfiyyətinin müqavilə şərtlərinə uyğun olması, Satıcı Cavabdeh MMC tərəfindən verilən qarantiya və qarantiya müddəti dövründə avtomobilə təminatı texniki xidmətin göstərilməsi şərtlərini müəyyən edir. Tərəflər razılaşırlar ki, Qarantiya dövründə, avtomobildə hər hansı cari və ya digər təmir işləri yalnız İddiaçı zəmanət verdiyi, avtorizə olunmuş «Nissan» texniki servis mərkəzində həyata keçiriləcəkdir. Həmin müqavilənin 2.1.1-ci və 2.1.2-ci bəndlərinə əsasən rəsmi distribüterin və ya istehsalçı zavodun təqsiri ucbatından sıradan çıxmış detalın ödənişsiz olaraq təmir edilməsinə və ya dəyişdirilməsinə qarantiya verilir. Qarantiya müddəti avtomobil faktiki alıcıya təhvil verildiyi trixdən başlanır və qarantiya müddətinin müvafiq ayında və günündə, yaxud bu müqavilə ilə müəyyən edilmiş məsafə qət edildikdə bitir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən yeni avtomobilin ümumi qarantiya müddəti, bu müqavilənin müvafiq bəndlərində nəzərdə tutulmuş istisnalar nəzərə alınmaq şərti ilə, avtomobil alıcıya faktiki təhvil verildiyi gündən etibarən, hansı faktın tez baş verməsindən asılı olaraq 60 təqvim ayı və ya 155.000 km (son 24 təqvim ayı və son 55.000 km.yalnız avtomobilin mühərrikinə şamil edilir) müəyyən olunmuşdur. İş materiallarında olan AR DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən «Nissan Kicks» minik markalı ** SF *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan «Nissan Kicks» markalı, ** SF *** dövlət qeydiyyat avtomaşınının Cavabdeh MMC-nin texniki servisində təmir edilməsi ilə bağlı tərtib edilmiş aktlardan görünür ki, göstərilən avtomaşın xx.xx.2019-cu il tarixdə 83 manat, xx.xx.2019cu il tarixdə 420 manat, xx.xx.2019-cu il tarixdə 9.544 manat, xx.xx.2019-cu il tarixdə 1.320 manat, xx.xx.2019-cu il tarixdə 708 manat, xx.xx.2020-ci il tarixdə 1.559,58 manat, xx.xx.2020-ci il tarixdə 10.993,46 manat, xx.xx.2020-ci il tarixdə === manat, xx.xx.2020-ci il tarixdə 2.409 manat məbləğində xidmət (təmir və ehtiyat hissələrin əvəzlənməsi) göstərilmişdir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində həqiqətən də ona maddi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi- törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü- mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1131-ci maddəsinə əsasən malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1132-ci maddəsinə əsasən malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «vurulmuş zərər olaraq 10.000 manat məbləğində maddi ziyan və 10.000 manat məbləğində mənəvi ziyan» tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «vurulmuş zərər olaraq 10.000 manat məbləğində maddi ziyan və 10.000 manat məbləğində mənəvi ziyan» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar