Məhkəmə qərarları › İş №2(006)-459/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-459/2025

01.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-459/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi, payın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi, payın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən verilmiş X3 miras əmlakı ilə bağlı «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamənin və onun əsasında verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi; oğlu X3 miras əmlakı üzərində onun və atası, mərhum X5 bərabər paylı vərəsə kimi tanınmaları, yeni vərəsəlik şəhadətnaməsinin verilməsi və bu hüququn dövlət reyestrində qeydiyyata alınması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, oğlu, xx.xx.1965-ci il təvəllüdlü X7 26 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. Qax rayonu Zərnə və Əmircan kəndləri ərazisində yerləşən torpaq sahələri oğlu vəfat edən zaman onun mülkiyyətində olmuşdur. Övlad itkisinin ona vurduğu mənəvi zərbə səbəbindən sağlamlığına ciddi ziyan dəymiş, uzun müddət xaricdə müalicə almışdır. Heç bir zaman oğlunun əmlakları ilə maraqlanmaq hayında olmamışdır. Çünki oğlundan əvvəl 2008-ci ildə də bir qızı vəfat etmişdir. Əlavə olaraq bildirir ki, oğlunun atası Ağakişi Ağayevlə hələ uşaqlar kiçik yaşda olanda ayrılmışlar, uşaqları özü təkbaşına böyütmüşdür. Onun övlad dərdi çəkdiyi vaxtda 06 may 2014-cü il tarixdə 43 saylı notariat ofisinə müraciət edərək vərəsəlik işi açdırmış, oğluna məxsus torpaqlara dair vərəsəlik şəhadətnaməsi almışdır. Onun sağ olduğu halda notariat kontoru digər vərəsələri araşdırmamış, onun birinci dərəcə vərəsə olmasına baxmayaraq onu bu hüquqdan məhrum saxlamışdır. Ağakişi Ağayev özü də 20 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Hazırda oğluna məxsus Qax rayonu Zərnə və Əmircan kəndlərində yerləşən 3 ədəd torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı öncəki məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, torpaqla bağlı məsələdən oğlu rəhmətə gedəndən sonra xəbəri olmuşdur. Oğlu 2012-ci ildə rəhmətə getmiş və dəfnində də özü iştirak etmişdir. Oğlu rəhmətə gedəndən sonra vərəsə kimi ona görə müraciət etməmişdir ki, oğlunun adına torpaq sahəsinin olduğunu sonradan bilmişdir. Oğlu boşanandan sonra onunla yaşayırdı. Bu səbəbdən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisi məhkəməyə məktubla müraciət edərək, iddianı qəbul etmədiklərini, notariat işlərinin çoxluğu ilə əlaqədar nümayəndələrini məhkəmə iclasına göndərə bilmədiklərini qeyd etmiş və məhkəmədən mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd edilən məktubu nəzərə alaraq mülki işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışından tədqiq edilmiş: - Bakı şəhəri 43 saylı dövlət notariat ofisində təsdiq edilmiş xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 1 otaqlı mənzili X2 bağışlamışdır (hədiyyə etmişdir). - xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 582572 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 26 yanvar 2012-ci il tarixdə ürək-damar çatmamazlığından Bakı şəhərində vəfat etmişdir. Bu barədə müvafiq akt qeydləri kitabında 17 fevral 2012-ci il tarixdə Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 108 saylı akt qeydi aparılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat idarəsinin 14 iyun 2019-cu il tarixli 05/C-24/2-1310 saylı məktubundan görünür ki, İddiaçı mərhum oğlu Namiq Ağayevdən qalmış mirasdan ona da pay verilməsi barədə müraciətinə baxılmışdır. Bildirilmişdir ki, xx.xx.2013-cü il tarixdə miras qoyanın atası Ağakişi Ağayevin Bakı şəhəri 13 saylı notariat ofisinə müraciət üzrə mərhum N.Ağayevin adına vərəsəlik işi açılmış, xx.xx.2013-cü il tarixdə isə mirasın tərkibinə daxil olan əmlakın müəyyən olunması üçün DƏDRX-yə sorğu göndərilmişdir. Bundan sonra, Qax rayonu Zərnə və Əmircan kəndləri ərazisində yerləşən torpaq sahələrinə dair Bakı şəhəri 43 saylı notariat ofisində 06 may 2014-cü il tarixdə A.Ağayevə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunmuşdur ki, A.Ağayev tərəfindən notariat ofisinə təqdim olunan ərizədə özündən başqa digər vərəsələrin olmadığı barədə məlumat verilmiş, eyni zamanda İddiaçı da mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmişdir. Göstərilənlərə əsasən İddiaçı nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305-ci maddəsinə uyğun olaraq aparılmış notariat hərəkəti ilə bağlı məhkəməyə müraciət edə bilər. - xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 193921 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 20 aprel 2021-ci il tarixdə sol mədəcik çatmamazlığından Bakı şəhərində vəfat etmişdir. Bu barədə müvafiq akt qeydləri kitabında 27 may 2021-ci il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 979 saylı akt qeydi aparılmışdır. - ƏMDX-nın DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qax rayonu Zərnə kəndində yerləşən 0,12 ha sahəsi olan torpaq sahəsi tam pay üzrə mülkiyyət hüququ ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - ƏMDX-nın DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qax rayonu Əmircan kəndində yerləşən 0,4164 ha sahəsi olan torpaq sahəsi tam pay üzrə mülkiyyət hüququ ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - ƏMDX-nın DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qax rayonu Əmircan kəndində yerləşən 0,4164 ha sahəsi olan torpaq sahəsi tam pay üzrə mülkiyyət hüququ ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - ƏMDX-nın DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş 06 may 2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Bakı şəhəri M.Cəlal küçəsi 10 saylı evin 53 saylı mənzili xüsusi mülkiyyət kimi X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli 2V-188 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi qızı – X4 miras əmlak olan – mərhumun adına olan bank hesablarındakı pul məbləğlərinin 1/2 hissəsi miqdarında irs almalıdır. - X1 notariat ofisinə yazdığı 11 iyun 2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 ondan, Abidli Elçin Hicran oğlundan və Abidli Abdulla Hicran oğlundan başqa vərəsələri yoxdur, əgər gələcəkdə hər-hansı digər vərəsələr çıxarsa onların paylarını ödəməyi öhdəsinə götürür. - Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli 2V-189 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi qızı – X4 miras əmlak olan – mərhumun adına olan bank hesablarındakı pul məbləğlərinin 1/2 hissəsi miqdarında irs almalıdır. - Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən verilmiş 09 iyul 2024-cü il tarixli 2V-231 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi qızı – X6 xx.xx.2008-ci ildə vəfat etməsi ilə əlaqədar olaraq nəvəsi Abidli Elçin Hicran oğlu və nəvəsi Abidli Abdulla Hicran oğlu olmaqla, onların hər biri miras əmlak olan ünvan 2 ünvanda yerləşən mənzildən hər biri miras əmlakın 1/4 hissəsi miqdarında irs almalıdırlar. - Abidli Abdulla Hicran oğlunun notariat ofisinə verdiyi 09 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, o, Bakı şəhəri M.Cəlal küçəsi 10 saylı evin 53 saylı mənzilinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyini bildirmiş, bununla əlaqədar müvafiq məlumatın daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini xahiş etmişdir. - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir Vərəsəlik hüququ hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ( onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzmləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq bu hüququn həyata keçirilməsinə təminat verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1159-cu maddəsinin məzmununa görə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələrdir. - (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş) 1246-cı maddəsinin məzmununa görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. - 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. - 1256-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. - 1267-ci maddəsi ilə müəyyən olunmuşdur ki, vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. -1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü övladı X3 26 yanvar 2012-ci il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış əmlaklar üzərində onun və mərhumun atası, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 bərabər paylı vərəsə kimi tanınmaları, yeni vərəsəlik şəhadətnaməsinin verilməsini iddia etmiş, tələbini onunla əsaslandırmışdır ki, oğlunun əmlakları ilə maraqlanmamış, keçmiş əri tərəfindən 06 may 2014-cü il tarixdə 43 saylı notariat ofisinə müraciət edərək vərəsəlik işi açılarkən notariat kontoru digər vərəsələri araşdırmamış, onun birinci dərəcə vərəsə olmasına baxmayaraq onu bu hüquqdan məhrum etmişdir. İş materiallarından görünür ki, İddiaçı ilə Ağakişi Ağayev arasında nikahın pozulması xx.xx.1986-cı ildə qeydə alınmışdır. Onların birgə nikahdan olan övladlarından X6 xx.xx.2008-ci ildə, X7 26 yanvar 2012-ci il tarixdə vəfat etmişlər. xx.xx.2013-cü il tarixdə Ağakişi Ağayevin Bakı şəhəri 13 saylı notariat ofisinə müraciəti üzrə mərhum Namiq Ağayevin adına vərəsəlik işi açılmış, notariat ofisinə təqdim olunan ərizədə özündən başqa digər vərəsələrin olmadığı barədə məlumat verilmişdir. Halbuki, mərhumun atasından əlavə, anası olan iddiaçı və sonuncunun A.Ağayevlə birgə nikahdan olan digər qızı X4 da sağ olmuşlar ki, onlar da vərəsələr sırasında göstərilməmişdir. İş materiallarından görünür ki, X4 yalnız atası A.Ağayevin ölümündən sonra ondan miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şahədətnamə almaq üçün notariata müraciət etmişdir. İş materiallarından daha sonra görünür ki, A.Ağayevin 13 saylı notariat ofisinə müraciətindən sonra xx.xx.2013-cü il tarixdə mirasın tərkibinə daxil olan əmlakın müəyyən olunması üçün DƏDRX-yə sorğu göndərilmiş, sonradan Qax rayonu Zərnə və Əmircan kəndləri ərazisində yerləşən torpaq sahələrinə dair Bakı şəhəri 43 saylı notariat ofisində 06 may 2014-cü il tarixdə A.Ağayevə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı oğlunun 2009-cu ildə boşanandan sonra onunla yaşamasını, övladının olmamasını, vəfatından sonra dəfnində iştirak etməsini göstərsə də, oğlundan miras əmlak qalmasnı bilmədiyi üçün notariat ofisinə müraciət etməməsini göstərmişdir. Halbuki, xx.xx.2025-ci il tarixində iştirak etdiyi məhkəmə iclasında izahatında təxminən 2018-ci ildə Qax rayonunda olarkən köhnə kürəkənindən oğlunun Qax rayonunda torpağı olmasını eşitməsini göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçı övlad itkisinin ona vurduğu mənəvi zərbə səbəbindən sağlamlığına ciddi ziyan dəyməsini göstərməyi ilə yanaşı bununla əlaqədar uzun müddət xaricdə müalicə alması və heç bir zaman oğlunun əmlakları ilə maraqlanmaq hayında olmamasını göstərsə də vərəsəliyi qəbul etmək üçün müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü səbəblərdən olmasına dair məhkəməyə mötəbər sübut növləri təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Beləliklə də, işin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən mirası nə faktiki, nə də notariata ərizə vermək yolu ilə qəbul etməmiş, qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət də üzürsüz səbəbdən ötürülmüşdür. Məhkəmə həmçinin iddiaçının mərhum keçmiş ərinin hazırda yeganə vərəsəsi kimi birgə nikahlarından olan övladları X1 da miras əmlakda onun da payının olmasına heç bir etirazının olmamasına dair ərizəsində göstərilənlərə də qiymət verərək qeyd edir ki, «A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli qərarında həmin iş üzrə 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verilməli olunması ilə bağlı göstərilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). Hazırki işin materiallarından görünür ki, Qax rayonu Zərnə və Əmircan kəndləri ərazisində yerləşən torpaq sahələrinə dair Bakı şəhəri 43 saylı notariat ofisində 06 may 2014-cü il tarixdə A.Ağayevə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi iddiaçıya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat idarəsinin 14 iyun 2019-cu il tarixli 05/C-24/2-1310 saylı məktubu əsasında məlum olmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı həm həmin zaman qüvvədə olmuş Mülki Məcəllənin 1246-cı maddəsinin tələbləri baxımından mirası qəbul etmək üçün müəyyənləşdirilmiş müddəti ötürmüş, həm də Mülki Məcəllənin 1272-ci maddəsinin tələbləri baxımından iki aylıq müddəti ötürməklə 43 saylı notariat ofisində 06 may 2014-cü il tarixdə A.Ağayevə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı mübahisə açmaq hüququnu itirmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi, payın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi, payın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar