Məhkəmə qərarları › İş №2(006)-4591/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(006)-4591/2021

27.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4591/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 qızının iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı (Cavabdeh4 MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “yeni çıxarışın ləğv edilməsi və payların əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 iyul 2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı 15.12.2017-ci il tarixdə keçirilmiş hərrac prosesinin etibarsız hesab edilməsi və ona məxsus 1/5 payı üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən 3/5 payı barədə sonuncu çıxarışın qismən ləğv edilərək tərəflərin əvvəlki vəziyyətə (İddiaçı1 - 1/5 pay, Cavabdeh1 - 2/5 pay, Cavabdeh2 - 2/5 pay) qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi o - İddiaçı1 Məmmədhüseyn qızının (1/5 pay hissəsi) Cavabdeh2 (2/5 pay hissəsi) və Cavabdeh1 (2/5 pay hissəsi) paylı mülkiyyətindədir. 2017-ci il tarixdə Cavabdeh1 cavabdehlər X5, İddiaçı2 Məmmədhüseyn qızına və Cavabdeh2 qarşı "ümumi əmlakın açıq hərracda satılması və paya uyğun satış pulunun ödənilməsi" tələbinə dair iddiası Nəsimi Rayon Məhkəməsinin 03.03.2017-ci il tarixli, 2(006)-970/2017 saylı qətnaməsi ilə təmin edilmiş və dərhal icra vərəqəsi verilməklə icraya yönəldilmişdir. Həmin qanuni qüvvəyə minmiş qətnamədən o - İddiaçı1 Məmmədhüseyn qızının və bacısı İddiaçı2 Məmmədhüseyn qızının xəbəri olmamışdır. Bu səbəbdən də həmin qətnamədən yuxarı instansiya məhkəməsinə müraciət etmək imkanları olmamışdır. Bildirmək istəyirlər ki, paylı mülkiyyətçinin digər pay sahiblərinə qarşı onların razılığı və xəbəri olmadan belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Həmin iş üzrə iddiaçı Cavabdeh1 onlara qarşı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməsi mülki qanunvericiliyin tələbləri baxımından da tam əsassızdır. Lakin məhkəmə həmin işə baxarkən cavabdeh kimi işdə adı keçən onları Hacıdadş Səbinə və İddiaçı2 Məmmədhüseyn qızını məhkəmə prosesinə cəlb etmədən işə bir tərəfli qaydada baxmış və nəticədə MPM-in 9-cu maddəsində nəzərdə tutulmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini kobud şəkildə pozmuşdur. Məhkəmə həmçinin işin ədalətli araşdırılması pirinsipini də pozmuşdur. Paylı mülkiyyətdə olan və naturada bölünməsi mümkün olmayan fərdi yaşayış evinin payçısı digər pay sahibinə məxsus olan 1/5 payı onun xəbəri olmadan əlindən alaraq onu payından (əmlakından) məhrum etməklə həmin pay üzərində özünün mülkiyyət hüququnu təsdiq edən yeni (3/5 pay barədə) Çıxarış əldə edir. Təbii ki, bütün bu proseslərin baş verməsinin əsasında həm məhkəmənin, həm İcra idarəsinin, həm də həmin hərracı keçirən "X11" MMC-nin qanunsuz əməlləri dayanmışdır. Nəsimi Rayon Məhkəməsi prosesdə onların iştiraklarını təmin etməmiş, İcra Şöbəsi icra işi barədə onlara məlumat verməmiş, hərracı keçirən təşkilat hərrac barədə vaxtında onlara məlumat verməyərək iştiraklarını təmin etməmişdir. İddia tələblərinin əsasını qanununvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi və evin ona məxsus olmuş 1/5 pay hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən 3/5 pay barədə sonuncu Çıxarışın ləğv edilərək, tərəflərin əvvəlki vəziyyətə (Hacıdadaş Şəbinə - 1/5 pay, Cavabdeh1 - 2/5 pay, Cavabdeh2 - 2/5 pay) qaytarılması tələbi təşkil edir. Həmin hərrac maddi və prosessual normaların tələblərinin pozuntusu ilə keçirildiyinə görə nəticələri etibarsız hesab edilərək ləğv edilməli və onun nəticələrinə uyğun olaraq Cavabdeh1 tərəfindən ona məxsus payının üzərində mülkiyyət hüququnu təsdiq edən sonuncu çıxarış həmin hissədə ləğv edilməlidir. Belə ki, icra idarəsi məhkəmə qətnaməsini icra etmək üçün ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 92,5 kv.m olan evin hərraca çıxarılarılaraq satılması barədə "X11” MMC-yə sifarişli məktubla müraciət etmişdir. İlk öncə icra məmuru "İcra haqqında" qanunun tələblərini pozaraq tərəflərə icra hərəkətləri (tədbiri) barədə heç bir məlumat verməmişdir. Evin hərraca çıxarılması barədə tərəf olaraq onlara məlumat verilməli olduğu halda heç bir məlumat verilməmişdir. Bu səbəbdən də həmin hərracda iştirak edə bilməmişlər. Birinci dəfə evin qiyməti "xxxx" MMC-nin 57 saylı, 05.07.2017-ci il tarixli rəyinə əsasən 92.500 manat, ikinci dəfə 10% endirimlə 83.250 manat məbləğində müəyyən edilmiş və Cavabdeh1 və Səlimova X16 tərəfindən həmin qiymətə alınmışdır. Bildirir ki, yekun hərrac 15.12.2017-ci il tarixdə saat ll:00-da keçirilsədə hərrac barədə bildiriş (çağırış məktubu) ona və İddiaçı2 Məmmədhüseyn qızına 3 gün sonra, yəni 18.12.2017-ci il tarixdə çatmışdır. İşdə olan "xxxx" MMC-nin verdiyi arayışda qeyd edilir ki, onlar hərracın keçirilməsi barədə bildirişi 11.12.2017-ci il tarixdə, yəni hərracın keçirilməsindən 4 gün əvvəl almışlar, bu isə hərracın keçirilməsi qaydaları barədə mülki məcəllənin və "İpoteka" haqqında qanunun tələblərinin müvafiq qanunun tələbinin kobud şəkildə pozulmasıdır. Əslində isə onlara hərrac barədə bildiriş 18.12.2017-ci il tarixdə çatmışdır. Həmçinin "X11" MMC-nin 06.12.2017-ci il tarixli, 03/90-1 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin və onun çatdırılmasını təsdiq edən poçt qəbzinin surətinə əsasən qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin təkrar hərracın 15.12.2017-ci il tarixdə, saat 11:00-da ünvan 2 ünvanında keçiriləcəyi barədə İddiaçı1, İddiaçı2, Cavabdeh2 və Nəsimi rayon İcra Şöbəsinə bildirişin göndərilməsi göstərilmişdir ki, guya həmin bildiriş İddiaçı2 Məmmədhüseyn qızı tərəfindən qəbul edilmişdir. Hətta belə olan halda da hərracın keçirilməsi barədə məlumatın verilməsi ilə bağlı Mülki Məcəllənin 415-ci maddəsinin tələbi pozulmuşdur. Göründüyü kimi "xxxx" MMC tərəfindən keçirilmiş hərrac prosesi zamanı "İpoteka'' haqqında qanunun da tələbi kobud şəkildə pozulmuşdur. Hərrac barədə bildirişin 06.12.2017-ci il tarixdə göndərilməsi və tərəflərə 11.12.2017-ci il tarixdə, yəni hərracdan 4 gün əvvəl çatması faktı artıq bəs edir ki, hərrac etibarsız hesab edilsin. O və bacısına isə bildiriş ümumiyyətlə hərracın keçirilməsindən 3 gün sonra çatmışdır. Bildirir ki, əgər o, hərracın keçirilməsində iştirak etsə idi öz payını özü alardı və bu gün belə bir problem olmazdı. Ona xəbər verilmədiyinə görə hərracda iştirakı mümkün olmamış və nəticədə ona məxsus payın daha ucuz qiymətə Cavabdeh1 tərəfindən alınması üçün məqsədli şəkildə təkrar hərrac keçirərək evin ümumi satış qiymətini 10% aşağı salmışlar. Nəticədə ona məxsus pay real dəyərindən daha ucuz qiymətə satılmışdır. Həmçinin həmin hərrac zamanı həm iddiaçı Cavabdeh1, həm də Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi qismində eyni şəxs Vəkil2 iştirak etmişdir ki, bu da maraqların toqquşması prinsipinə uyğun olaraq qanunsuz hesab edilməlidir. Yəni ki, eyni şəxs iddiaçı və cavabdehin maraqlarını qoruya bilməz. Həmçinin yekun hərrac protokolunda Cavabdeh2 payı 2/5 hissə kimi, Cavabdeh1 payı 3/5 hissə kimi qeyd edilmiş, o - İddiaçı1 Məmmədhüseyn qızına məxsus 1/5 hissə payı isə ümumiyyətlə qeyd edilməmişdir. Təkcə bu faktın özü bütövlükdə hərrac prosesinin və yekun hərrac protokolunun etibarsız hesab edilməsi üçün əsasdır. Halbuki bu fakta, yəni adının yekun protokolda qeyd edilməməsinə hərracı keçirən şirkət tərəfindən əsassız olaraq texniki səhv kimi qiymət verilmiş və məhkəmələrdə bu faktı araşdırmadan qanunsuzluğa göz yummuşdur. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, işdə olan sənədlərdə və hərracın yekun protokolunda qeyd edilmişdir ki, Cavabdeh1 həmin evi 83,250 manata satın almışdır, lakin paylar 3/5 və 2/5 kimi müəyyən edilmişdir. Belə bir sual ortaya çıxır ki, əgər Cavabdeh1 həmin evi tam şəkildə satın almışdırsa, nəyə görə həmin ev onun tam mülkiyyətinə keçməmiş və Cavabdeh2 məxsus 2/5 hissə pay onun öz mülkiyyətində saxlanılmışdır. Hərracın keçirilməsi barədə yekun protokolda onun adı mülkiyyətçi kimi qeyd edilməmiş, sonradan protokola düzəliş edilərək adı qeyd edilmişdir. Bu fakt bir daha sübut edir ki, onun hərracın keçirilməsindən ümumiyyətlə xəbəri olmamışdır və protokola sonradan düzəlişin edilməsi onun etibarsız hesab edilməsi üçün əsasdır. Həmçinin hərrac keçirən təşkilata həmin evin şəkilləri təqdim edilməmişdir. Evin ölçüləri paylara uyğun müəyyən edilməmiş, belə ki, ona payına uyğun 18 kv.m sahə çatmalı olduğu halda yalnız 14 kv.m sahə müəyyən edilmişdir. Həmçinin bildirir ki, Cavabdeh2 həmin hərracda real olaraq iştirak etməsi və ya formal şəkildə iştirak etməsi, Cavabdeh1la əlbir olması hələ tam araşdırılmamışdır. Hesab edir ki, onun da bu qanunsuzluqdan xəbəri olmuş, belə ki, onun payı Cavabdeh1 tərəfindən alınmadan olduğu kimi 2/5 hissədə saxlanılmışdır. Bu fakt da məhkəmə prosesində araşdırılmalıdır. Hesab edir ki, payının satılması barədə hərracın keçirilməsi prosesinin özü etibarsız olduğuna görə onun nəticələri də etibarsız hesab edilməlidir. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus olan 1/5 pay hissəsinin Cavabdeh1 satılması barədə hərrac etibarsız olduğuna görə ona məxsus həmin 1/5 payın üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən sonuncu Çıxarış da etibarsız hesab edilərək ləğv edilməli və onlar pay sahibləri olaraq əvvəlki vəziyyətə qayıtmalıdırlar. Hal-hazırda o, konstitusion hüququ olan mülkiyyət hüququndan məhrum olmuşdur. Nəticədə ondan başqa həmin evdə yaşayan bacısı İddiaçı2 Məmmədhüseyn qızı və onun ailə üzvləri də daxil olmaqla ümumilikdə 8 nəfərin mənzildən istifadə hüququ pozulmuşdur. Bildirir ki, qanunvericiliyin tələblərinin kobud şəkidə pozulması keçirildiyindən 15.12.2017-ci il tarixli hərrac prosesi etibarsız hesab edilməli və həmin hərracın nəticələrinə əsasən ona məxsus payının Cavabdeh1 tərəfindən alınaraq həmin pay üzərində mülkiyyət hüququnu təsdiq edən sonuncu çıxarış qismən ona məxsus paya münasibətdə ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı 15.12.2017-ci il tarixdə keçirilmiş hərrac prosesinin etibarsız hesab edilməsi və ona məxsus 1/5 payı üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən 3/5 payı barədə sonuncu çıxarışın qismən ləğv edilərək tərəflərin əvvəlki vəziyyətə (İddiaçı1 - 1/5 pay, Cavabdeh1 - 2/5 pay, Cavabdeh2 - 2/5 pay) qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli, 2(006)-1197/2020 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “Hərracın keçirilməsi prosesinin etibarsız hesab edilməsi və yeni çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli, 2(006)-1197/2020 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) “Hərracın keçirilməsi prosesinin etibarsız hesab edilməsi və yeni çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı1 verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3734/2021 saylı, 15.03.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1197/2020 saylı, 02 mart 2020-ci il tarixli qərardadı “iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) “yeni çıxarışın ləğv edilməsi və payların əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilməsi hissəsində ləğv edilməsi və mülki iş iddiaya qeyd edilən hissələrdə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etmişdir. İddiaçılar və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və bu barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229.2ci maddəsinə əsasən məsələyə iddiaçılar və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Belə ki, İddiaçı1 verilmiş FM seriyalı, 033116 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, S.Əsgərov küçəsindəki, altı otaq, 67,4 kv.m yaşayış sahəsi, 153,1 kv.m ümumi sahəsi, 129 saylı fərdi yaşayış evini İddiaçı1 adına 1/5 payda, digər paylar üzrə M.Cavabdeh2 2/5, Hacı xanım Hacı Əliman qızı 1/5, X17 1/5 h xüsusi mülkiyyət hüququ kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 197 saylı reyestr kitabında 10608-ci səhifədə 30/2812 nömrə ilə 03.02.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-970/2017 saylı, 03.03.2017-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsəgrova küçəsində yerləşən 129 saylı fərdi yaşayış evinin açıq hərrac vasitəsi ilə satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olan Cavabdeh1, X2 və Cavabdeh2 Əlverdi qızı arasında onların əmlakdakı paylarına mütənasib olaraq bölüşdürülməsi qət edilmişdir. Cavabdeh4 MMC tərəfindən sifarişçi Nəsimi rayon İcra şöbəsinə, tələbkar Cavabdeh1, borclular X1, X3 və Cavabdeh2 Əlverdi qızına ünvanlanmış Açıq hərracın keçirilməsinə dair 30.10.2017-ci il tarixli, 03/90 nömrəli bildirişdən görünür ki, Cavabdeh4 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 129 nömrəli fərdi yaşayış evi üzrə 27.11.2017-ci il tarixdə, saat 11:00-da hərracın keçirilməsi və ilkin satış qiymətinin 92.500 manat olması müəyyən edilmiş, hərracın keçirilməsinə dair Kaspi qəzetində 28.10.2017-ci il tarixdə elan dərc edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ümumi sahəsi 138,6 kv.m, torpaq sahəsi 0,01464 ha olan Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 129 nömrəli fərdi yaşayış evi üzrə hüquq sahibləri olan Cavabdeh2 Əlverdi qızına 2/5 hissə, Cavabdeh1 3/5 hissə müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1279/2018 saylı, 12 aprel 2018ci il tarixli qətnaməsinə əsasən, iddiaçılar İddiaçı2 Məmmədhüseyn qızının və X4 cavabdehlər Cavabdeh4 MMC-yə və Cavabdeh1 qarşı (Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və Cavabdeh2 Əlverdi qızı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiaları rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9049/2018 saylı, 09.10.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı2 Məmmədhüseyn qızının və İddiaçı1 Məmmədhüseyn qızının Cavabdeh4 MMC-yə və Cavabdeh1 qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(005)-1279/2018 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(005)- 1279/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15.04.2019-cu il tarixli, 2(102)-2566/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı1 Məmmədhüseyn qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan görünür ki, Bakı şəhəri, S.Əsgərov küçəsindəki, altı otaq, 67,4 kv.m yaşayış sahəsi, 153,1 kv.m ümumi sahəsi, 129 saylı fərdi yaşayış evinin 2/5 hissəsi Cavabdeh1 tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş və o, ilk olaraq bu hissənin mülkiyyətçisi olmuşdur. Həmin əmlakın digər 2/5 hissəsinin mülkiyyətçisi Cavabdeh2 Əlverdi qızı, 1/5 hissəsinin mülkiyyətçisi isə İddiaçı1 Məmmədhüseyn qızı olmuşdur. Cavabdeh1 qeyd edilən əmlakın natural qaydada bölünməsi tələbi ilə məhkəmədə iddia qaldırmış, lakin iddiası rədd edilmişdir. Bundan sonra Cavabdeh1 yeni iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçilərinin əmlakdakı paylarına münasib olaraq bölüşdürülməsi hissəsində təmin edilmişdir. Bu qətnamə qanuni qüvvəsini almış və onun icrası qaydasında əmlakın qiymətləndirilməsi keçirilmiş, müəyyən edilmiş qiymətlə əmlak hərraca çıxarılmış və Cavabdeh4 MMC tərəfindən təşkil edilmiş hərracda satılmışdır. Həmin hərracda İddiaçı1 1/5 hissədə payı Cavabdeh1 tərəfindən əldə edilmiş və bunun dəyərini təşkil edən 16.250 manat məbləğində pul vəsaiti Cavabdeh1 hesaba köçürülmüşdür. Hərracın keçirilməsi ilə bağlı qəzetlərdə elanlar verilmiş, eyni zamanda tərəflərə hərracın keçiriləciyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks edilən bildirişlər göndərilmişdir. Hərracın yekunları barədə protokolun etibarlı olmasını mübahisələndirən iddiaçılar Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər. Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, S.Əsgərov küçəsindəki, altı otaq, 67,4 kv.m yaşayış sahəsi, 153,1 kv.m ümumi sahəsi, 129 saylı fərdi yaşayış evinin satılması ilə bağlı keçirilmiş hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçıların iddia ərizəsində göstərdiyi dəllilər, o cümlədən hərracın onlardan etibarsız keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, mübahisəli əmlakda iddiaçılardan yalnız İddiaçı2 Məmmədhüseyn qızı pasport qeydiyyatında olmaqla yaşayır, digər İddiaçı1 həmin ünvandan köçmüşdür və orada yaşamır. Hərracın vaxtı, yeri və forması, onun qiyməti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş məlumatları əks etdirən bildirişlər göndərilmiş və bildirişlər bu ünvanlarda qəbul edilmişdir. Hərracın yekunlarına dair protokolda İddiaçı1 adı mülkiyyətçi kimi göstərilməsə də, bu səhv həmin protokolun arxasında düzəliş edilməklə aradan qaldırılmışdır. Məhkəmə bildirişlərin onun tərəfindən qəbul edilməməsi ilə əlaqədar qeyd etmişdir ki, Cavabdeh4 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı İddiaçı1 göndərilən bildirişlər onun qeydiyyatda olduğu ünvanı üzrə qəbul edilmiş və bu faktı təsdiq edən sənəd üzərində İddiaçı1 adı və soyadı dəqiq göstərilmişdir. Eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə müvafiq məlumatlar yerləşdirilmişdir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, bildirişlər onun qeydiyyatda olduğu ünvana göndərilmişdir. İddiaçı2 aid hissədə qeyd edilmişdir ki, o, mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olmadığından, qeyd edilən iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Beləliklə iddiaçılar İddiaçı1 Məmmədhüseyn qızı və Hacıdadaş X7 Nurlan Azər oğlu, Cavabdeh2 Əlverdi qızı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “Hərracın keçirilməsi prosesinin etibarsız hesab edilməsi və yeni çıxarışın ləğv edilməsi”nə dair iddia ərizəsi ilə müraciət etməklə məhkəmədən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı 15.12.2017-ci il tarixdə keçirilmiş hərrac prosesinin etibarsız hesab edilməsi və ona məxsus 1/5 payı üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən 3/5 payı barədə sonuncu çıxarışın qismən ləğv edilərək tərəflərin əvvəlki vəziyyətə (İddiaçı1 - 1/5 pay, Cavabdeh1 - 2/5 pay, Cavabdeh2 - 2/5 pay) qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Bu Məcəllənin 416.1-ci və 416.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Mübahisənin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Bu Qanunun 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 46.1-cı maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Beləliklə məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 2/5 hissəsi Cavabdeh1 tərəfindən alı-satqı yolu ilə əldə edilmiş və o, ilk olaraq hissənin mülkiyyətçisi olmuşdur. Həmin əmlakın digər 2/5 hissəsinin mülkiyyətçisi Cavabdeh2 Əlverdi qızı, 1/5 hissəsinin isə mülkiyyətçisi İddiaçı1 Mərnmədhüseyn qızı olmuşdur. Cavabdeh1 qeyd edilən əmlakın natura qaydada bölünməsi tələbi ilə məhkəmədə iddia qaldırmış, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddiası rədd edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra Cavabdeh1 yeni iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçilərinin əmlakdakı paylarına mütənasib olaraq bölüşdürülməsi hissəsində təmin edilmişdir. Bu qətnamə qanuni qüvvəsini almış, onun icrası qaydasında əmlakın qiymətləndirilməsi keçirilmiş və müəyyən edilmiş qiymətlə əmlak hərraca çıxarılmış və Cavabdeh4 MMC tərəfindən təşkil edilmiş hərracda satılmışdır. Həmin hərracda İddiaçı1 Məmmədhüseyn qızını 1/5 hissədə payı Cavabdeh1 tərəfindən əldə edilmiş və bunun dəyərini təşkil edən 16.250 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən müvafiq hesaba köçürülmüşdür. Hərracın keçirilməsi ilə bağlı qəzetlərdə elanlar verilmiş, eyni zamanda tərəflərə hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. Hazırda iddiaçılar qeyd edilən hərrac barədə onlara lazımi qaydada məlumat verilmədiyini, habelə hərracın yekunlarına dair protokolda İddiaçı1 Məmmədhüseyn qızının mülkiyyətçi olması barədə hər hansı qeydin ümumiyyətlə olmadığını bildirir və bu əsasla hərracın etibarsız hesab edilməsini tələb edir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin hərracdan satılma ilə bağlı keçirilmiş hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçıların iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın onlardan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, mübahisəli əmlakda iddiaçılardan yalnız İddiaçı2 Məmmədhüseyn qızı pasport qeydiyyatında olmaqla yaşayır, digər İddiaçı1 Məmmədhüseyn qızı həmin ünvandan köşmüşdür və orada yaşamır. Hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və bildirişlər bu ünvanlarda qəbul edilmişdir. Fərdi yaşayış evində yaşamamasına baxmayaraq, İddiaçı1 Məmmədhüseyn qızı keçiriləcək hərrac barədə məlumatlı olmuşdur. Hərracın yekunlarına dair protokolda həqiqətən də İddiaçı1 Məmmədhüseyn qızı ilə bağlı səhvə yol verilərək, onun adı mülkiyyətçi kimi göstərilməmişdir. Lakin bu səhv həmin protokolun arxasında düzəliş edilməklə aradan qaldırılmışdır. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddiaçı X4 bildirişlərin onun tərəfindən qəbul edilməməsi ilə bağlı qeyd edir ki, Cavabdeh4 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı iddiaçıya göndərilən bildirişlər onun qeydiyyatda olduğu ünvan üzrə qəbul edilmiş və bu faktı təsdiq edən sənəd üzərində iddiaçının (İddiaçı2 Məmmədhüseyn qızı) adı və soyadı dəqiq göstərilmişdir. Eyni zamanda, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə zəruri məlumatlar yerləşdirilmişdir. Məhkəmə onu da vurğulayır ki, həmin bildirişlərin İddiaçı1 Məmmədhüseyn qızının faktiki ünvanı üzrə göndərilməsi, habelə qəzetlərin ona göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının faktiki yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı müəyyən edilmişdir ki, bildirişlər iddiaçının pasport qeydiyyatında olduğu ünvana göndərilmişdir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə tərəfindən iddiaçılar İddiaçı2 Məmmədhüseyn qızının və İddiaçı1 Məmmədhüseyn qızının cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) “Hərracın keçirilməsi prosesinin etibarsız hesab edilməsi və yeni çıxarışın ləğv edilməsi” tələbinə da iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli, 2(006)-1197/2020 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) “yeni çıxarışın ləğv edilməsi və payların əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3734/2021 saylı, 15.03.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1197/2020 saylı, 02 mart 2020-ci il tarixli qərardadı “iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) “yeni çıxarışın ləğv edilməsi və payların əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilməsi hissəsində ləğv edilməsi və mülki iş iddiaya qeyd edilən hissələrdə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu məcəllədə ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda (o cümlədən alınanlar əmlakdan istifadədə, götürülmüş və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin qaytarılmasını ehtiva edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarının 6.10 bəndində göstərilir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Həmin Plenum qərarında daha sonra göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Göründüyü kimi əqd etibarsız hesab edildikdə ümumi qaydaya görə hər bir tərəf əqd üzrə aldığını digər tərəfə qaytarmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə hərracın keçirilməsi prosesinin etibarsız hesab edilməsi üçün hüquqi əsas tapılmadığından iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) “yeni çıxarışın ləğv edilməsi və payların əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 229.1.1-ci və 229.3-cü ş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa əlavə qətnamə çıxara bilər. Əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 229, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) “yeni çıxarışın ləğv edilməsi və payların əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar