Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-462/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdehin nümayəndəsi - X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvana **********05569 abunə koduna əsassız hesablanmış 1.701 manat 44 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 01 oktyabr 2022-ci il tarixli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən **********05569 abunə koduna hesablanmış 1.687 manat 78 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvana **********05569 abonent koduna 1.701 manat 44 qəpik əsassız borc yazılmışdır. Belə ki, həmin evdə yaşayış olmamışdır, yaşayış olmadığı halda 1.701 manat 44 qəpik borcun yazılması tamamilə qanunsuz və əsassızdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı ərazi idarəsi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində 896 saylı reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. 25 avqust 2021-ci il tarixli A seriyalı 655034 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, yuxarıda qeyd olunan torpaq sahəsi X7 kitabında xx.xx.2021-ci il tarixdə 35884 nömrə ilə uçota alınmışdır. Əsas: xx.xx.2021-ci il tarixli 4ə-1642 reyestr saylı alğı-satqı müqaviləsi. Abonentin saldosundan görünür ki, X2 adına olan abonent koduna xx.xx.2022-ci ildə 12.406 kvt. saat olmaqla əlavə sərfiyyat, həmçinin 1.612 manat 78 qəpik pul vəsaiti hesablanmışdır. Eyni tarixdə abonent koduna 48 manat və 27 manat əlavə borc yazılmışdır. Abonentin saldosundan göründüyü kimi, qeyd olunan ünvanda yaşayış olmamışdır. Elektrik enerjisi borcunun necə yarandığı məlum deyil. Cavabdeh tərəf həmin borcun (sərfiyyatın) mənzildə yaşayış olmadığı nəzərə alınmaqla necə yarandığını izah edə və əsaslandıra bilmədi. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 01 oktyabr 2022-ci il tarixli NDM seriyalı 029803 saylı aktda göstərilmişdir ki, sayğaca baxış keçirilərkən cavabdehin əməkdaşları evin qapısını döymüş, qapını açan olmamışdır. Bu hal, evdə yaşayış olmadığını bir daha təsdiq edir. Abonentin saldosunda olan aylar üzrə hesabat cədvəlindən də görünür ki, iddiaçı evi xx.xx.2021-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən alsa da, orada yaşayış olmadığından elektrik enerjisindən istifadə olunmamışdır. Mənzildə həmçinin sudan və təbii qazdan da istifadə olunmamışdar. Çünki, mənzildə faktiki yaşayış mövcud deyil. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 01 oktyabr 2022-ci il tarixli NDM seriyalı 029803 saylı aktda göstərilmişdir ki, iddiaçının cavabdehlik sərhədində olmayan sayğaca baxış keçirilmiş, sayğaca müdaxilə olunmuşdur, sayğacın göstəricisi geri çəkilmişdir. Həmin sayğac xx.xx.2022-ci il tarixdə 229193 saylı protokola əsasən götürülərək müvafiq yoxlamaya təqdim edilmiş, xx.xx.2022-ci il tarixdə sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 010674 saylı protokol tərtib olunmuş, xx.xx.2022-ci il tarixdə əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər müəyyən edilərək, 1.687 manat 78 qəpik itirilmiş sərfiyyata görə borc yazılmışdır. Bütün sənədlər köhnə abonentin adına tərtib edilmişdir. İddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alğı-satqısı barədə müqavilə bağlanmamışdır. Cavabdeh müqavilənin təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. İşin faktiki hallarından göründüyü kimi, sayğaca iddiaçının müdaxilə etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Sayğac ümumiyyətlə iddiaçının cavabdehliyinə aid sahədə quraşdırılmamışdır, sayğac mənzildən kənarda yerləşir. Sayğaca kənar şəxs (şəxslər) tərəfindən müdaxilə olunmuşsa da belə, iddiaçı buna görə hər hansı məsuliyyət və cavabdehlik daşımır. İddiaçı mənzildə yaşamır, mənzildə real olaraq elektrik enerjisindən istifadə olunmur. İstifadə olunmamış elektrik enerjisinə görə hər hansı borc məbləğinin hesablanması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Yeni sayğac quraşdırılan dövrdən sonrakı hesabatdan (abonentin saldosunda olan məlumatlar) göründüyü kimi, 04 noyabr 2022-ci il tarixə verilən məlumata görə mənzildə elektrik enerjisindən istifadə edilməmişdir. Mənzildə hələ də yaşayış yoxdur. İddiaçı mənzilin mülkiyyətçisi olsa da, lüzum, zərurət olmadığından başqa ünvanda yaşayır. Mənzildə yaşamadığından nə aktın tərtib edilməsindən, nə köhnə sayğacın yenisi ilə əvəz edilməsindən xəbəri olmamışdır. Bu, bir daha iddiaçının iddia tələbinin əsaslı olmasını təsdiq edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 01 oktyabr 2022-ci il tarixli NDM seriyalı 029803 saylı akt etibarsız hesab edilməli, həmin akta əsasən ünvan 1 ünvanı üzrə keçmiş abunəçi X1 adına olan **********05569 saylı abunə koduna hesablanmış 1.687 manat 78 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 01 oktyabr 2022-ci il tarixli NDM seriyalı 029803 saylı akt etibarsız hesab edilsin. Həmin akta əsasən ünvan 1 ünvanı üzrə keçmiş abunəçi X1 adına olan **********05569 saylı abunə koduna hesablanmış 1.687 manat 78 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-462/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-462/2023
01.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver