Məhkəmə qərarları › İş №2(006)-4629/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4629/2023

20.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4629/2023 20.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı A.S.A. oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı A.S.A. oğlunun cavabdeh "***" Açıq Səhmdar Cəmiyyətinə qarşı "cərimənin silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı A.S.A. oğlu cavabdeh "***" Açıq Səhmdar Cəmiyyətinə qarşı "cərimənin silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. O, həmin evdə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə “***” ASC-dən SMS vasitəsi ilə məlumat verilməklə ona heç bir səbəb olmadan əsassız olaraq cərimə yazılmışdır. “***” ASC-dən ona şifahi olaraq bildirilmişdir ki, baxış keçirilən zaman guya kənar xətt aşkar olunmuşdur. Bunun nəticəsində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinə görə ona 751 manat 04 qəpik məbləğində cərimə yazılmışdır. Hansı ki, iddiaçı və ailəsi elektrik sayğacına heç bir müdaxilə etməmiş, “***” ASC-yə heç bir borclarları olmamış, ödənişlər isə vaxtlı-vaxtında edilmişdir. Göstərilənlərə əsasən “***” ASC tərəfindən hesablanan 751 manat 04 qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı A.S.A. oğlu iddia tələbini müdafiə edərək akt tərtib olunan zaman həmin evdə ümumiyyətlə yaşayış olmadığını, həmin evə oktyabr ayında köçdüyünü, aktın onun iştirakı olmadan tərtib edildiyini, evin tikintisi zamanı qonşuların razılığı ilə onların elektrik şəbəkəsinə qoşulduğunu, evində kənar xəttə qoşulma olmadığını bildirmiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə sözügedən əraziyə “***” ASC-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman iddiaçıya məxsus yaşayış evində elektrik şəbəkəsinə qanunsuz qoşulma müəyyən edilmişdir. İddiaçı tərəfindən sayğac olmadan elektrik enerjisindən istifadə olunmuşdur. İddiaçı həmin vaxt evdə yaşamadığı üçün onun iştirakı olmadan akt tərtib edilmişdir. Sonradan, yəni iyun ayında həmin evə sayğac quraşdırılandan sonra akt əsasında qaydalara uyğun olaraq əvvəlki dövr üçün sərfiyyat nəzərə alınmaqla borc hesablanmışdır. O, həmçinin akt tərtib olunarkən hal şahidlərinin iştirak etmədiyini və video çəkiliş aparılsa da hazırda mövcud olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. «***» ASC-nin NDM № 031310 saylı, 25 yanvar 2023-cü il tarixli aktının surətindən görünür ki, «***» ASC-nin əməkdaşlarının iştirakları ilə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən yaşayış evinə baxış keçirilən zaman məlum olmuşdur ki, abonent elektrik enerjisindən qeydiyyatsız və sayğacsız istifadə edir. «***» ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, A.S.A. oğluna NDM № 031310 saylı, 25 yanvar 2023-cü il tarixli akta əsasən 751,04 manat borc hesablanmışdır. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, iddiaçıya borc əvvəlki 254 gün üçün sərfiyyat nəzərə alınmaqla hesablanmışdır. «***» ASC tərəfindən verilmiş № 487045 saylı, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 52438448 nömrəli Luna tipli abunə kodu **********0745 olan sayğac quraşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, iddiaçı A.S.A. oğlu onun qonşusudur. İddiaçı evin tikintisi zamanı qonşulara məxsus elektrik enerjisindən istifadə etmişdir. Sözügedən ev 1 ildir ki, tikilsə də, iddiaçı evə yeni köçmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı A.S.A. oğlu Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində özünə fərdi yaşayış evi tikmişdir. Tikinti zamanı ona məxsus elektrik sayğacı olmamış və sərf olunan elektrik enerjisi qonşulardan götürülmüşdür. xx.xx.2023-cü il tarixdə sözügedən əraziyə “***” ASC-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman iddiaçıya məxsus yaşayış evində elektrik şəbəkəsinə qanunsuz qoşulma müəyyən edildiyi üçün akt tərtib edilmiş, akt tərtib olunan zaman hal şahidi iştirak etməmiş və aşkar olunan nöqsanla bağlı foto və ya video çəkiliş təqdim edilməmişdir. Sonradan həmin fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixində sayğac quraşdırılmış, xx.xx.2023-cü il tarixində isə kənar xəttə görə əvvəlki 254 gün üçün sərfiyyat nəzərə alınmaqla iddiaçıya 751,04 manat borc hesablanmışdır. Hazırda iddiaçı həmin aktın qanunsuz olduğunu bildirərək borcun silinməsini məhkəmədən xahiş edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin mübahisəsiz və sübuta yetirilmiş halı ondan ibarətdir ki, sözügedən evdə yaşayış olmadığı zaman elektrik şəbəkəsinə qanunsuz qoşulmanın aşkar olunması ilə bağlı akt tərtib olunmuşdur. İddia tələbinin əsaslılığı ilə bağlı sübutetmə yükü iddiaçıya aid olsa da, cavabdeh təşkilat tərəfindən tərtib olunmuş aktın əsaslılığına dair sübutlar həqiqətə nail olmaq üçün məhkəməyə təqdim edilməlidir. Lakin akt tərtib olunarkən iddiaçı iştirak etmədiyindən aşkar edilmiş qanunsuz qoşulmanı sübut edən foto və ya videoçəkiliş aparılmalı olduğu halda, həmin sübutların olmadığı cavabdeh tərəfindən məhkəməyə bildirilmişdir. Bununla da cavabdeh təşkilat aktın qanuniliyi ilə bağlı sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı tərəfin izahatından, şahidin ifadəsindən və abonent hesabından çıxarışdan görünür ki, iddiaçının evində 2023-cü ilin son aylarına qədər yaşayış olmamış, tikinti zananı isə qonşuya məxsus elektrik şəbəkəsinə onun razılığı ilə qoşulmaqla evdə təmirtikinti avadanlıqları işlədilmişdir. Sayğac quraşdırıldığı vaxtdan noyabr ayınadək elektrik enerjisi sərfiyyatının olmaması da evdə yaşayışın olmamasına dəlalət edir. Ona görə yaşayış olmayan evə baxış tarixindən həm əvvəlki 254 gün üçün hesablamanın aparılması, həm də kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyanla bağlı sübutlar olmadan hesablamanın aparılması aktın və hesablamanın qanuniliyini istisna edir. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış borc silinməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh «***» ASC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş NDM № 031310 saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 751,04 (yeddi yüz əlli bir manat dörd qəpik) manat məbləğində cərimə iddiaçı A.S.A. oğlunun abunə hesabından (abunə kodu **********40745) silinməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «***» ASC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş NDM № 031310 saylı akt ləğv edilsin və həmin akt əsasında hesablanmış 751,04 (yeddi yüz əlli bir manat dörd qəpik) manat məbləğində cərimə iddiaçı A.S.A. oğlunun abunə hesabından (abunə kodu **********40745) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar