Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4644/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC-nin Lənkəran filialına qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, 27 fevral 2014-cü il tarixli № 09B8/14-1 saylı əlavə kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, cavabdeh "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə İddiaçı Məmməd oğlu arasında 27 fevral 2014- cü il tarixli № 09B8/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə, 27 fevral 2017-ci i tarixədək illik 21 %(iyirmi bir ) ödəmək şərti ilə 44500 (qırx dörd min beş yüz) ABŞ dolları kredit verilmişdir. 25 fevral 2014-cü il tarixdə 09B8/14 saylı əsas kredit müqaviləsi əsasında İddiaçı ******* AZN məbləğində 60 ay müddətinə 25 fevral 2019-cu il tarixədək müddət ərzində kredit verilməsi barədə müqavilə bağlanılmışdır. Belə ki, tərəflər arasında bağlanmış əsas kredit müqaviləsinin tələbləri baxımından borc verən borc alana ancaq manatla borc verməli idi. İş üzrə mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçı Unibank ASC İddiaçı Məmməd oğluna krediti dollarla vermişdir. Ancaq nə sazişdə nədə ki, əsas kredit müqaviləsində pulun dollar ilə verilməsi nəzərdə tutulmamışdır. Ümumiyyətlə İddiaçı heç bir ərizə yazmadan və aldadılaraq əlavə kredit müqaviləsinə imza etdirilməklə, manatla tələb etdiyi halda ona dollarla kredit verilmişdir. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.08.2017-ci il tarixli, 2(004)-1283/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər İddiaçı, X4, X8, X7 və X2 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın qiymətləndirilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddiasının qismən təmin edilərək, İddiaçı 22.02.2014cü il tarixli, 09B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 27.02.2014-cü il tarixli, 09B8/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 28793.80 ABŞ dolları, faiz borcu üzrə 1719.37 ABŞ dolları, cərimə borcu üzrə 10 ABŞ dolları olmaqla, cəmi 30523.17 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun) "xxxx" KB ASC-nin xeyrinə tutulması, İddiaçı 09BK8/14 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu kimi 2492.61 manat, faiz borcu kimi 476.95 manat, cərimə borcu kimi 50 manat olmaqla, cəmi 3019.56 manat məbləğində pulun "xxxx" KB ASC-nin xeyrinə tutulması, X3 əsas kredit borcu üzrə 3814.33 manat və faiz borcu üzrə 18.44 manat, cərimə borcu üzrə 40 manat olmaqla, cəmi 3872.77 manatın "xxxx" KB ASC-nin xeyrinə tutulması, "xxxx" KB ASC-nin tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsində qeydə alınması üçün tələb olunan dövlət rüsumu və xidmət haqqı qismində ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın X8 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində 4 nömrəli binada yerləşən 32 saylı mənzilinə, girov predmeti olan X4 məxsus dövriyyədəki mallara (dəyəri 10000 manat olan kiçik buynuzlu heyvanlar) və İddiaçı məxsus dövriyyədəki mallara (dəyəri 10000 manat olan kiçik buynuzlu heyvanlar) yönəldilməsi və açıq hərracda satılması, əldə olunan vəsait hesabına "xxxx" KB ASC-nə olan borcun ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində 4 nömrəli binada yerləşən 32 saylı mənzilin ilkin satış qiymətinin 69000 manat dəyərində müəyyən edilməsi, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlər X12, X9 və X1 mənzildən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2019-cu il tarixli, 2(103)-1129/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.08.2017-ci il tarixli, 2(004)- 1283/2017 nömrəli qətnaməsinin cavabdeh İddiaçı aid hissədə dəyişdirilmədən saxlanması, 150 manat ekspertiza xərcinin İddiaçı Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 iyun 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2019-cu il tarixli, 2(103)-1129/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclası zamanı tədqiq edilmiş sənədlərlə müəyyən edilir ki, tərəflərin, yəni "xxxx" KB ASC ilə iddiaçının arasında müxtəlif müqavilələr bağlanmışdır. Müqavilələr bağlanarkən onun mühüm şərtlərinə əməl edilmiş, tərəflərin imzası təsdiq edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, 27 fevral 2014-cü il tarixli № 09B8/14-1 saylı əlavə kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə aşağıda qeyd olunan maddi normalara əsaslanaraq hesab edir ki, iddiaçı sözügedən müqavilənin etibarsızlığına səbəb ola biləcək halları məhkəmədə sübuta yetirmədi. Belə ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasları, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (Azərbaycan Respublikası MM-nin 14-cü maddəsi). Həmçinin Azərbaycan Respublikası MM-nin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan başqa Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsindən göründüyü kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası MM-nın 331.1-ci maddəsi tələb edir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-nın 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Nəhayət, MM-nın 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər mübahisə predmeti olan müqaviləni bağlayarkən Qanunun tələblərinə riayət etmişlər. Məhkəmə onuda qeyd edir ki, istənilən bir halda məqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya qismən icra edilməsi müqavilənin etibarsız hesab edilməsi üçün deyil, ləğv edilməsi üçün əsas ola bilər. Mülki Məcəllənin 337-ci maddəsinin 1 və 2-ci bəndlərinə uyğun olaraq, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur: «Prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olan məhkəmələr vicdanlı inamdan hakim qərəzliyinə və ya subyektivliyinə keçməmək üçün prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara dönmədən əməl etməlidirlər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir». Odur ki, İddiaçı cavabdeh "xxxx" KB ASC-nin Lənkəran filialına qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" KB ASC-nin Lənkəran filialına qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4644/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4644/2021
06.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver