Məhkəmə qərarları › İş №2(006)-4656/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4656/2024

23.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4656/2024 23.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 BOKT ASC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı “hərracın yekunlarının və protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh2 BOKT ASC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı “hərracın yekunlarının və protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC şirkətinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair keçirilmiş açıq hərracın yekunlarının və 30 oktyabr 2023-cü il tarixli 148 nömrəli protokolun etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 25 noyabr 2020-ci il tarixli, 2020/00255-01 nömrəli istehlak krediti müqaviləsinin ləğv edilməsi, iş üzrə cavabdehlər X4 və İddiaçı kreditin əsas borcu üzrə 40000 AZN məbləğində qalıq, ona hesablanmış 6165.85 AZN məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6200 AZN məbləğində dəbbə pulu olmaqla, cəmi 52365.85 AZN məbləğində pulun tutulması, tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 95000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 40000 AZN məbləğində qalıq, ona hesablanmış 6165.85 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6200 AZN məbləğində dəbbə pulu olmaqla, cəmi 52365.85 AZN məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 məbləğində pulun iddiaçı Cavabdeh2 BOKT ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-278/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-278/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 6935/2022 nömrəli qətnaməsi ilə X4 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-278/2022 nömrəli qətnaməsinin qismən – faiz borcu hissəsində ləğv edilməsi, iddianın həmin hissədə qismən təmin edilməsi, cavabdeh X2 iddiaçı Cavabdeh2 BOKT ASC-nin xeyrinə faiz borcu üzrə 6.166,67 manat məbləğində vəsaitin tutulması qət edilmişdir. Bundan sonra adıçəkilən iş üzrə qətnamə icra edilməsi məqsədilə Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə yönəldilmiş və icraata başlanılması üçün qərar qəbul edilmişdir. Beləliklə, sözügedən icra sənədinin icra edilməsi məqsədilə Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılması ilə əlaqədar Cavabdeh3 MMC şirkətinə müraciət olunmuşdur. Bundan sonra qanunsuz olaraq Cavabdeh3 MMC ilə Cavabdeh2 BOKT ASC arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair protokol tərtib olunaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin protokol qanunsuz və əsassızdır. Belə ki, hərracın vaxtı və keçiriləcəyi yer barədə İddiaçı lazımi qaydada məlumat verilməmiş, bununla yanaşı İddiaçı məxsus olan həmin fərdi yaşayış evi ilk növbədə ona almaq məqsədilə təklif olunmadan qanunsuz olaraq cəmi 61837.50 AZN məbləğində pula satılması barədə protokol tərtib edilmişdir. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddia ərizəsi verilən gündə bazar qiyməti 150000-170000 AZN məbləğində müəyyən olunur. Buna görə də Cavabdeh3 MMC şirkətinin 30 oktyabr 2023-cü il tarixli 148 nömrəli protokolu etibarsız hesab edilməli və İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi yenidən qiymətləndirilməli və bundan sonra təkrar olaraq əmlakın satılması məqsədilə hərrac keçirilməlidir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2 BOKT ASC, Cavabdeh3 MMC və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-278/2022 nömrəli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 BOKT ASC ilə X4 arasında bağlanmış 25 noyabr 2020-ci il tarixli, 2020/00255-01 nömrəli istehlak krediti müqaviləsinin ləğv edilməsi, cavabdeh X2 25 noyabr 2020-ci il tarixli, 2020/00255-01 nömrəli istehlak krediti müqaviləsinə əsasən əsas borc kimi 40000 manat, faiz borcu kimi 12.795,33 manat, cərimə borcu kimi 500 manat olmaqla, cəmi 53295.33 manat məbləğində pul vəsaitinin, ekspertiza tədqiqatının dəyəri qismində ödənilmiş 240 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat tutularaq iddiaçı Cavabdeh2 BOKT ASC-yə ödənilməsi, tutmanın İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49 ünvanında yerləşən 104.78 kv.m ümumi sahədən ibarət 85 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49 ünvanında yerləşən 104.78 kv.m ümumi sahədən ibarət 85 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına Cavabdeh2 BOKT ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49 ünvanında yerləşən 104.78 kv.m ümumi sahədən ibarət 85 saylı mənzilin dəyərinin 97000 manat müəyyən edilməsi, tələb İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49 ünvanında yerləşən 104.78 kv.m ümumi sahədən ibarət 85 saylı mənzilə yönəldikdə və mənzil satıldıqdan sonra 1 ay sonra İddiaçı həmin mənziə olan istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi, X2 məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6935/2022 nömrəli qətnaməsindən görünür ki, cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)- 278/2022 nömrəli qətnaməsinin qismən – faiz borcu hissəsində ləğv edilməsi, iddianın həmin hissədə qismən təmin edilməsi, cavabdeh X2 iddiaçı Cavabdeh2 BOKT ASC-nin xeyrinə faiz borcu üzrə 6.166.67 manat məbləğində vəsaitin tutulması qət edilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 1044/2023 nömrəli qərarından görünür ki, cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 6935/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6935/2022 nömrəli icra vərəqəsindən görünür ki, Cavabdeh2 BOKT ASC ilə X4 arasında bağlanmış 25 noyabr 2020-ci il tarixli, 2020/00255-01 nömrəli istehlak krediti müqaviləsi ləğv edilməli, cavabdeh X2 25 noyabr 2020-ci il tarixli, 2020/00255-01 nömrəli istehlak krediti müqaviləsinə əsasən əsas borc kimi 40000 manat, faiz borcu kimi 6.166.67 manat, cərimə borcu kimi 500 manat olmaqla, cəmi 46.666.67 manat məbləğində pul vəsaiti, ekspertiza tədqiqatının dəyəri qismində ödənilmiş 240 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat tutularaq iddiaçı Cavabdeh2 BOKT ASC-yə ödənilməli, tutma İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49 ünvanında yerləşən 104.78 kv.m ümumi sahədən ibarət 85 saylı mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və borcun Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49 ünvanında yerləşən 104.78 kv.m ümumi sahədən ibarət 85 saylı mənzil hərracdan satışdan əldə olunan vəsait hesabına Cavabdeh2 BOKT ASC-yə ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49 ünvanında yerləşən 104.78 kv.m ümumi sahədən ibarət 85 saylı mənzilin dəyəri 97000 manat müəyyən edilməli, tələb İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49 ünvanında yerləşən 104.78 kv.m ümumi sahədən ibarət 85 saylı mənzilə yönəldikdə və mənzil satıldıqdan sonra 1 ay sonra İddiaçı həmin mənzilə olan istifadə hüququna xitam verilməli və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli, X2 məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İcra vərəqəsi xx.xx.2023-cü il tarixdə verilmişdir.

10. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xətai rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 6935/2022 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

11. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclular X3 və İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 6935/2022 nömrəli icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. “Qərar və bildirişlə tanış oldum” yazısının altında “İddiaçı. xx.xx.2023-cü il” qeyd edilmiş və imza edilmişdir.

12. xx.xx.2023-cü il tarixli izahatında İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6935/2022 nömrəli icra sənədindən xəbərdar olduğunu və tələbi 3 (üç) ay sonra tam şəkildə icra edəcəyini qeyd etmişdir.

13. Xətai rayon İcra şöbəsi tərəfindən Cavabdeh3 MMC-yə, İddiaçı, Cavabdeh2 BOKT ASC-yə və digər qurumlara (şəxslərə) ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 6935/2022 nömrəli icra sənədinə əsasən tələbin yönəldiyi İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49 ünvanında yerləşən 104.78 kv.m ümumi sahədən ibarət 85 saylı mənzilin ilkin satış qiyməti 97000 manat olmaqla açıq hərracda satılmalı olması bildirilmiş, əmlakın satışının təşkil edilməsini xahiş edilmiş, tərəflərə hərracda iştirak etmək hüquqlarının olması bildirilmişdir.

14. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, İddiaçı Xətai rayon İcra şöbəsi tərəfindən ona göndərilmiş məktubu xx.xx.2023-cü ildə əldə etmişdir.

15. Cavabdeh3 MMC-nin sifarişçi, tələbkar və borcluya ünvanlandığı açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 219 nömrəli bildirişindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6935/2022 nömrəli icra vərəqəsi və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49 ünvanında yerləşən 104.78 kv.m ümumi sahədən ibarət 85 saylı mənzilin dəyəri 97000 manat olmaqla 14 sentyabr 2023-cü il tarixində, saat 11:00-da ünvan 3 ünvanında açıq hərraca çıxarılacağı, hərracın keçirilməsinə dair “525-ci” qəzetdə 25 avqust 2023-cü il tarixində elan dərc edilməsi, hərracda alıcı qismində iştirak etmək üçün sənədlərin son qəbul gününün 13 sentyabr 2023-cü il tarixində bitməsi bildirilmişdir.

16. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, İddiaçı Cavabdeh3 MMC tərəfindən göndərilmiş məktubu xx.xx.2023-cü ildə əldə etmişdir.

17. Cavabdeh2 BOKT ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 6935/2022 nömrəli qətnaməsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49 ünvanında yerləşən 104.78 kv.m ümumi sahədən ibarət 85 saylı mənzilin Xətai rayon İcra şöbəsinin sifariş məktubuna əsasən 97000 manat olmaqla Cavabdeh3 MMC-də satışa çıxarılması, hərracın xx.xx.2023-cü il tarixdə saat 11:00-da ünvan 3 ünvanında keçiriləcəyi bildirilmiş, hərrac baş tutmamışdan əvvəl Cavabdeh2 BOKT ASC-yə olan borcun tam olaraq ödənilməsi və əmlakın girovdan azad edilməsi təklif olunmuşdur.

18. “Azari ekpress”in 684577 nömrəli qaiməsindən görünür ki, Cavabdeh2 BOKT ASC tərəfindən göndərilmiş bildiriş İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə saat 11:00-da əldə edilmişdir.

19. Cavabdeh3 MMC-nin sifarişçi, tələbkar və borcluya ünvanlandığı açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli 219-1 nömrəli bildirişindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6935/2022 nömrəli icra vərəqəsi və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49 ünvanında yerləşən 104.78 kv.m ümumi sahədən ibarət 85 saylı mənzilin dəyəri 15% endirimlə 82450,00 manat olmaqla 9 oktyabr 2023-cü il tarixində, saat 11:00-da ünvan 3 ünvanında açıq hərraca çıxarılacağı, hərracın keçirilməsinə dair “525-ci” qəzetdə 19 sentyabr 2023-cü il tarixində elan dərc edilməsi, hərracda alıcı qismində iştirak etmək üçün sənədlərin son qəbul gününün 6 oktyabr 2023-cü il tarixində bitməsi qeyd edilmişdir.

20. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, İddiaçı Cavabdeh3 MMC tərəfindən göndərilmiş məktubu xx.xx.2023-cü ildə əldə etmişdir.

21. “525-ci” qəzetin xx.xx.2023-cü il tarixli 150 (6198) nömrəsindən görünür ki, Cavabdeh3 MMC tərəfindən ilkin satış qiyməti ilə xx.xx.2023-cü il tarixdə açıq hərraca çıxarılacaq olan əmlaklardan biri Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49 ünvanında yerləşən, dəyəri 97.000 manat olan mənzildir.

22. “525-ci” qəzetin xx.xx.2023-cü il tarixli 167 (6215) nömrəsindən görünür ki, Cavabdeh3 MMC tərəfindən ilkin satış qiyməti ilə xx.xx.2023-cü il tarixdə açıq hərraca çıxarılan və alıcısı olmadığı üçün baş tutmamış elan olunan əmlardan biri Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49 ünvanında yerləşən, dəyəri 97.000 manat olan mənzildir. Həmin nömrədə sözügedən əmlakın 15 % endirim ilə xx.xx.2023-cü il tarixində açıq hərraca çıxarılacağı barədə elan da dərc edilmişdir.

23. Cavabdeh3 MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli 148 nömrəli protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6935/2022 nömrəli icra vərəqəsi və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49 ünvanında yerləşən 85 saylı mənzil 25% aşağı qiymətə - 61837.50 manata alıcı Cavabdeh2 BOKT ASC-yə satılmışdır.

24. Cavabdeh3 MMC (Təşkilatçı) ilə Cavabdeh2 BOKT ASC (Əldə edən) arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(103)-6935/2022 nömrəli icra vərəqəsi və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən təşkilatçı İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49 ünvanında yerləşən 85 saylı mənzili əldə edənin tam mülkiyyətinə (30 oktyabr 2023-cü il tarixli 148 nömrəli hərracın yekun protokoluna əsasən) verməyi, əldə edən isə həmin daşınmaz əmlakı alıb onun dəyərini tam - 61837.50 manat ödəməyi öz öhdəsinə götürür.

25. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, “qətnamə ilə auksion qiyməti arasında fərq” təyinatı ilə 14900.83 manat pul vəsaiti Cavabdeh2 BOKT ASC tərəfindən Xətai rayon İcra şöbəsinin hesabına köçürülmüşdür.

26. Xətai rayon İcra şöbəsi tərəfindən X3 və İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49 ünvanında yerləşən 104.78 kv.m ümumi sahədən ibarət 85 saylı mənzilin xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə protokola əsasən qalib alıcı Cavabdeh2 BOKT ASC-yə satılması bildirilmiş, protokolun nəticəsindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət etmək hüquqları onlara izah edilmişdir. İcra sənədi üzrə borclu İddiaçı artıq qalan məbləğin ödənilməsindən ötrü bank hesabını Xətai rayon İcra şöbəsinə rəsmi təqdim etməyi xahiş olunmuşdur.

27. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

28. 2(006)-1160/2024 nömrəli iş üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli iclasda İddiaçı hərrac barədə bildirişi aldıqlarını, yoldaşı xəstə olduğuna görə, vaxt verilməsini xahiş etdiklərini, lakin onlara vaxt verilmədiyini etiraf etmişdir (iddiaçı tərəfin vəsatəti ilə xx.xx.2024-cü il tarixdə həmin iş üzrə iddia baxılmamış saxlanılmışdır).

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

29. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh2 BOKT ASC ilə iddiaçının həyat yoldaşı X4 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə ASC arasında rəsmiləşdirilmiş ipoteka müqaviləsinə əsasən, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49 ünvanında yerləşən 104.78 kv.m ümumi sahədən ibarət 85 saylı mənzil ipoteka ilə yüklü edilmişdir.

30. Abdullayev İlham kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müqavilə üzrə borc kimi yaranmış cəmi 46.666.67 manat məbləğində pul vəsaiti, ekspertiza tədqiqatının dəyəri qismində ödənilmiş 240 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manatın ondan tutulması, tutmanın iddiaçının mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun hərracdan satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilin dəyərinin 97000 manat müəyyən edilməsi və s. qət edilmişdir.

31. xx.xx.2023-cü il tarixdə iş üzrə icra vərəqəsi verilmiş, digər cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla icra sənədi üzrə icraata başlanılmışdır.

32. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişi iddiaçı xx.xx.2023cü il tarixdə almış və həmin tarixdə verdiyi izahatında o, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6935/2022 nömrəli icra sənədindən xəbərdar olduğunu, həmin icra sənədi üzrə tələbi 3 (üç) ay sonra tam şəkildə icra edəcəyini bildirmişdir.

33. xx.xx.2023-cü il tarixdə İcra şöbəsi tərəfindən hazırki iş üzrə digər Cavabdeh3 MMC-yə hərracın keçirilməsi ilə əlaqədar sifariş verilmişdir.

34. MMC mübahisə predmeti olan mənzilə dair keçirilməsi nəzərdə tutulan açıq hərracın vaxtı və yeri barədə bildirişləri xəbərnaməli məktubla iddiaçıya (həmçinin, İcra şöbəsinə və tələbkara da) çatdırmış, hərrac barədə bildirişləri həm də müvafiq qəzetdə dərc etdirmişdir.

35. İddiaçı əvvəllər ona bildiriş verilmədiyini iddia etsə də, 2(006)-1160/2024 nömrəli iş üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli iclasda (məhkəmə iclasının audio-videoyazısı əlavə edilir) hərrac barədə bildirişi aldıqlarını, yoldaşı xəstə olduğuna görə, vaxt verilməsini xahiş etdiklərini, lakin onlara vaxt verilmədiyini etiraf etmişdir. Deməli, iddiaçının keçiriləcək hərrac barədə məlumatlı olması, yəni cavabdeh MMC tərəfindən müvafiq bildirişin ona rəsmi qaydada çatdırılması hazırkı işin mübahisəsiz halını təşkil edir.

36. Keçirilmiş hərrac nəticəsində ipoteka saxlayan ipoteka predmetini 25 % aşağı qiymətə əldə etmiş, bu barədə müvafiq protokol tərtib edilərək, hərrac təşkilatçısı ilə onun arasında müqavilə bağlanmışdır.

37. Hazırda iddiaçı mənzilin öz dəyərindən qat-qat aşağı satıldığını, mənzilin dəyərinin əslində 140.000-150.000 manat təşkil etdiyini bildirərək, hərracın yekunlarının etibarsız hesab edilməsini xahiş edir və hesab edir ki, əmlak yenidən qiymətləndirilib, öz dəyərinə hərraca çıxarılmalıdır.

c) Məhkəmənin mövqeyi:

38. Bir daha qeyd edilməlidir ki, hərrac barədə bildirişlərin iddiaçıya çatması faktı həm iş materiallarında olan müvafiq xəbərnamələr, həm də iddiaçının öz izahatı ilə öz təsdiqini taparaq hazırkı işin mübahisəsiz halını təşkil etdiyindən, həmçinin, hərrac təşkilatı tərəfindən açıq hərrac barədə elan ümumi publikaya ünvanlanan oferta kimi müvafiq qəzetdə dərc edildiyindən, iddiaçının bildirişlərin ona çatdırılmaması barədə dəlilləri əsassız, uydurma və formal yazılı mülahizələr hesab edilir. İddiaçı bu dəlilini sübuta yetirməməklə yanaşı, bunun əksini etiraf etdiyindən və iş materialları ilə bildirişlərin ona çatması faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, bu dəlil iddia tələbinin təmin edilməsi üçün heç bir əsas vermir.

39. Məhkəmə hesab edir ki, iddiaçı hərracın nəticələrinin etibarsızlığını mənzilin öz dəyərindən qat-qat aşağı satılması ilə əlaqələndirərək mənzilin hazırkı icraat çərçivəsində yenidən qiymətləndirilməsini tələb etsə də, iş materiallarında olan sənədlərdən mənzilin dəyərinin məhz qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunması, keçirilmiş ilkin hərrac baş tutmadığından, növbəti hərrac keçirilərək mənzilin həmin dəyərindən 15 % aşağı qiymətə satışa çıxarılması, bu zaman da mənzil satılmadığından, növbəti dəfə 25 % endirimlə ipoteka saxlayana təklif edilməsi və onun tərəfindən həmin qiymətə alınması, yəni prosedurun qanunvericiliyin tələblərinə müvafiq olması, hərracın qanun pozuntusuna yol verilmədən yekunlaşaraq, hərrac təşkilatı tərəfindən müvafiq qaydada protokol tərtib edilməsi və əldə edənlə təşkilatçı arasında qanuna müvafiq müqavilə bağlanması müəyyən edilir. Mənzilin dəyərinin məhz məhkəmə qətnaməsi ilə müəyyən edilməsi onun hazırkı icraat çərçivəsində yenidən qiymətləndirilməsini mümkünsüz edir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının bu iddiasını əsaslandırdığı bu hal da əsassız olduğundan, hazırkı iddia təmin edilməməlidir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

40. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

41. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41.1-41.3, 41.5. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Maddə 42. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Maddə 43.2-43.8. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış iymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

42. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı: Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

45. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 BOKT ASC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı “hərracın yekunlarının və protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

46. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.

Nəticə:

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh2 BOKT ASC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı “hərracın yekunlarının və protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar