Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4719/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səmədov Rəşid Əfraim oğlu, Ərizəçi ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X1 məcburi müalicə edilməsi üçün xəstəxanaya göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Qeyd olunan Məcəllənin 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Ərizədən görünür ki, maraqlı şəxsin adı və poçt ünvanı ərizədə qeyd olunmayaraq ərizənin qanunla müəyyən olunmuş formasına riayət olunmamışdır. Bununla yanaşı, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd ərizəyə əlavə olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.4.11-ci maddəsinə əsasən yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 manat məbləğində dövlət rüsumu tutulur. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 305.1.6-cı maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Göründüyü kimi ərizəçi ərizəsində maraqlı şəxsin kim olduğunu qeyd etməmişdir. Eyni zamanda, ərizəçinin tələbi qeyri-müəyyəndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 335-ci maddəsinə əsasən şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur. Ərizədə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir. Psixiatriya müəssisəsinin rəhbərliyi tərəfindən ərizə verildikdə, ərizəyə həkim-psixiatr komissiyasının əsaslandırılmış rəyi də əlavə edilməlidir. Göründüyü kimi ərizəçi oğlu X1 məcburi müalicə edilməsi üçün psixiatriya stasionarına deyil, xəstəxanaya göndərilməsini tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2, 152.1.1, 152.1.5 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4719/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4719/2020
14.09.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver