Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4723/2025 23.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "X5 Xidməti" publik hüquqi şəxsə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "X5 Xidməti" publik hüquqi şəxsə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh tərəfindən hesablanmış “xx/xx/2025 tarixli, 951232 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün” 1098 manat borcun qanunsuz hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddiada qeyd edilən halları: İddiaçı sudan və kanalizasiyadan qanuni istifadə edir. Abşeron rayonu, Saray qəsəbəsində yuyucu sexi var. Fərdi sahibkar kimi uçotu (VÖEN-i) yoxdur. Cavabdehlə aralarında 19390099 saylı müqavilə mövcuddur. Buna baxmayaraq, Cavabdeh publik hüquqi şəxs Abşeron su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən ona “xx/xx/2025 tarixli, 951232 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün” 1098 manat borc hesablanmışdır. İddiaçı heç vaxt su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə etməmişdir, tərtib edilmiş akt və hesablanmış borc qeyri-qanunidir. Həmin borcun qanunsuz və əsassız yazılması ilə əlaqədar yaxın günlərdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə hazırlaşır. Buna baxmayaraq, cavabdeh həmin borcu ödəməyəcəyi təqdirdə iddiaçıya verilən su və kanalizasiya xidmətlərinin kəsiləcəyi barədə xəbardarlıq edir və dəfələrlə buna cəhd edir. Məlum olduğu kimi cavabdeh təbii inhisarın subyektidir və Abşeron rayon ərazisində fəaliyyəti qanunidir. Buna baxmayaraq, hesablanmış borc qanunsuz və əsassızdır. Qeyd edilir ki, iddiaçı heç vaxt və heç yerdə sudan qanunsuz istifadə etməmişdir. Bir halda ki, cavabdehlə qanuni müqaviləsi var, iddiaçı hansı səbəbdən sudan qanunsuz istifadə etməlidir. Əgər cavabdeh israr edirsə ki, iddiaçı sudan qanunsuz istifadə edib, bunu sübut etmək vəzifəsi də onun üzərinə düşməlidir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında iddia tələbini ərizənin məzmununa uyğun müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, iddianı qəbul etmirlər. İddiaçı öz iddia ərizəsində vergi ödəyicisi olmadığını bildirib. Cavabdehlə müqavilənin olduğunu da qeyd edib. Əhali kateqoriyası ilə qeyri-əhali kateqoriyasına tətbiq edilən tariflər müxtəlif olur. Həm VÖEN, həm müqavilə, həm də sayğac olmadığından akt tərtib olunub. Akt mövcuddur, video da var. Göstərilmiş borc buna əsasən yazılıb. Bununla bağlı inzibati məsuliyyət də yarana bilərdi. Əhali adında qeydiyyatdadır, qeyri-əhali olaraq da istifadə edir. Aktlar əsasında hesabat verilib, cərimə deyil. Bu hesabat 1 aylıq, 3 aylıq, 6 aylıq ola bilər. Məhkəm iclasında şahid qismində dindirilmiş: Şahid1 ifadəsində bildirdi ki, sahə nəzarətçisi işləyir. Ərazidə olanda başqa obyektin giriş xəttindən kəsilib qoşulmasını müəyyən etdilər, bu səbəbdən cərimə yazdılar. Aktı tərtib edərkən iki nəfər idilər. Obyektdə işçi var idi. Normal münasibət bildirdilər. Vəziyyət aydın idi, bu səbəbdən irad bildirmədilər. Kənar xətt iddiaçının obyektinin kənarından çəkilib. İki obyektin kodu eynidir. Şahid2 ifadəsində bildirdi ki, qeyri-əhali üzrə nəzarətçi işləyir. Gedib gördülər ki, qanunsuz xətt çəkilib. Videosunu çəkdilər. Qonşunun su xəttindən götürülüb istifadə edilib. Qonşunun xəbəri yox idi, o da obyektdir. Aralarında 10-15 metr məsafə var. Su öz sayğacından götürülməyib. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "X5 Xidməti" PHŞ Abşeron su meliorasiya sistemlərinin istismarı idarəsinin xx.xx.2025-ci il tarixli, ********* saylı arayışından görünür ki, **********8 saylı abonent koduna 1098 manat borc hesablanmışdır. "X5 Xidməti" PHŞ-nin xx.xx.2025-ci il tarixli, ********* saylı arayışdan görünür ki, yuyucu fəaliyyəti ilə məşğul olan İddiaçı onun tərəfindən sudan qeyri-qanuni istifadə edilməsi əsası ilə 1098 manat məbləğində ziyan məbləği hesablanmışdır. "X5 Xidməti" PHŞ-nin xx.xx.2025-ci il tarixli, 951232 saylı aktından görünür ki, yuyucu fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı iştirakı ilə obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirildi və müəyyən edildi ki, obyekt fiziki şəxs Rzayev Raufa (136958) məxsus su xəttindən sayğacdan əvvəl qanunsuz d-15 mm birləşmə edərək, həyətindəki tingləri suvararaq sudan qeyri-qanuni istifadə edir. Qanunsuz hal tərəflərindən video çəkiliş olunaraq qeydə alınmışdır. xx.xx.2025-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsinə görə 31 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: 1.1. Bu Qaydalar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyir. 1.4. Bu Qaydalara uyğun olaraq, hər bir istehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərindən (bundan sonra – STTSAS) istifadə etmək hüququ vardır. 1.9. STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən suyun keyfiyyəti (tərkibi və təchizatın etibarlılığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər müqavilədə göstərilir. 2.1. STKM-in vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək;
1. STKM-in hüquqları aşağıdakılardır: 3.1.1. STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək; 3.1.2. smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək. 6.15. Suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Agentliyin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Agentliyin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. 6.16. Su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. 6.17. Tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. 8.6. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. 8.7. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi, İddiaçı fəaliyyət göstərdiyi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yuyucu sexinə sudan qeyri-qanuni istifadə edilməsi əsası ilə 1098 manat məbləğində ziyan məbləği hesablanmışdır. Həmin məbləğdə ziyanın hesablanmasına əsas olan hal ondan ibarətdir ki, istehlakçı İddiaçı obyekti fiziki şəxs Rauf Rzayevə (136958) məxsus su xəttindən sayğacına birləşmə edərək, həyətindəki tingləri suvararaq sudan istifadə edir. Cavabdeh tərəfindən müvafiq hərəkət qanunsuz hesab edilərək, akt tərtib edilmişdir. İddiaçı hazırda 1098 manat borcun silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, “Sudan istifadə Qaydaları”nda Su təchizatı və kanalizasiya müəssisəsinin balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək Müəssisənin vəzifəsi kimi müəyyən olunmuş və məhz STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququna malik olması təsbit edilmişdir. Hazırkı halda 1098 manat ziyanın yaranmasına əsas olmuş hal ilk növbədə Su təchizatı və kanalizasiya müəssisəsinin balansında olan ümumi şəbəkədən götürülməklə deyil, digər abonent olan fiziki şəxs Rauf Rzayevə məxsus su xəttindən istifadə edilməklə bağlı olmuşdur ki, bu da Qaydaların 3.1.1-ci bəndində nəzərdə tutulan STTSAS-a qanunsuz (özbaşına) qoşulma halının mövcudluğu qənaətinə gəlmək üçün yetərli deyildir. Qeyd edilməlidir ki ki, “Sudan istifadə Qaydaları”na əsasən ziyan hesablanması və tələb edilməsi yalnız su təchizatı və kanalizasiya sisteminə qanunsuz (özbaşına) qoşulma və nəticədə müəssisəyə maddi zərərin vurulması müəyyən edildikdə mümkündür. İddiaçının digər abonentə məxsus sayğaca birləşmə etməklə sudan istifadəsinin həmin abonentin razılığı əsasında həyata keçirilib-keçirilmədiyi müəyyən edilməmiş, belə razılıq olmadıqda isə müvafiq ziyanın müəssisəyə deyil, həmin abonentə dəyməsi və məhz onun dəymiş zərərin əvəzini tələb etmək hüququna malik olması nəzərə alındıqda (Qaydaların 5.1.5-ci bəndinə uyğun olaraq, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququndan istifadə etməklə), cavabdeh müəssisəyə ziyan dəyməsi hazırkı halda sübuta yetirilməmişdir. Sözügedən Qaydalarda da məhz istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıdan tələb edilməsi müəyyən edilmişdir. Qeyd edildiyi kimi iddiaçının istifadə etdiyi su sərfi digər abonentin sayğacı vasitəsilə uçota alınmışdır. Bunu məhkəmə iclasında ifadə verən şahidlər də təsdiq etmişlər. Başqa abonentin sayğacından istifadə edilməsi həmin abonentlə cavabdeh arasındakı daxili münasibətlərin predmeti ola bilər və bu hal özlüyündə su təhcizatına dəymiş maddi zərərin mövcudluğunu təsdiq etmir. Başqa abonentin sayğac xəttinə qoşulma faktı özlüyündə müəssisənin balansında olan şəbəkədən uçotdan kənar və ya gizli götürülməsi kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı cavabdeh tərəfindən hesablanmış “xx/xx/2025 tarixli, 951232 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün” 1098 manat məbləğ silinməlidir. Eyni zamanda iddia təmin edildiyindən iddiaçının ödədiyi 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. "X5 Xidməti" PHŞ tərəfindən fiziki şəxs İddiaçı (Abşeron rayonu, Saray qəsəbəsi, ev 144/16) hesablanmış 1098 (min doxsan səkkiz) manat borc silinsin. "X5 Xidməti" PHŞ-dən 30 manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Həbibə Miriyeva