Məhkəmə qərarları › İş №2(006)-475/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-475/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-475/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “adın borclu kimi silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “adın borclu kimi silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “TBC Kredit’' Bank Olmayan Kredit Təşkilatı MMC ilə aralarında 23 aprel 2013-cü il tarixdə AZBA-005480-02 saylı kredit müqaviləsi bağlanmış və 23000 ABŞ dolları kredit götürülmüşdür. Kredit Təşkilatına müvafiq ödənişlər edildikdən sonra, qalmış 1898,71 ABŞ dolları məbləğində pul güzəşt olunduğundan, həmin borcla bağlı İddiaçı qarşı, kredit təşkilatının heç bir iddia və tələbinin olmaması və gələcəkdə də olmayacağı barədə müvafiq məktub verilmişdir. Buna baxmayaraq onun adına Mərkəzləşdirilmiş Kredit Reyestrində gecikmələr yazılmış, borc məbləği müvafiq sistemdən silinməmişdir. Yuxarıda qeyd edilənlərlə bağlı “TBC Kredit" Bank Olmayan Kredit Təşkilatı MMC-yə etmiş olduğu müraciətlə bağlı bildirdilər ki, qalıq pul güzəşt olunmuşdur. Bu səbəbdən onlar özləri həmin məbləği özbaşına silə bilmirlər. Bu səbəbdən heç bir banka müraciət edə bilmir, hazırki vəziyyətdə gələcəkdə də edə bilməyəcək. Göstərilənlərə əsasən, İddiaçı adına rəsmiləşdirilmiş 23 aprel 2013-cü il tarixli, AZBA-005480-02 saylı kredit müqaviləsi üzrə kredit məlumatlarının MKR-dən silinməsi və sözügedən kredit müqaviləsi üzrə adına gecikmiş günlərin sayının silinməsi öhdəliyini və bu barədə məlumatın Azərbaycan Kredit Bürosuna göndərilməsinin TBC Kredit" Bank Olmayan Kredit Təşkilatı MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, onunla cavabdeh TBC Kredit" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış 23.04.2013-cü il tarixli, AZBA005480 saylı kredit müqaviləsi üzrə borcun olmaması barədə arayışın (məlumatın) cavabdeh tərəfindən "xxxx"xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək cavabdehin iddianı tam olaraq qəbul etdiyini və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbləri təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan TBC Kredit" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən İddiaçı ünvanlanmış 31.03.2021-ci il tarixli, 674 HO/OUT nömrəli məktubda bildirilmişdir ki, İddiaçı ilə bağlanmış 23.04.2013-cü il tarixli, AZBA005480 saylı kredit müqaviləsi üzrə 23000 ABŞ dolları kredit götürmüş və bu günə həmin kredit üzrə qalmış 1898,71 ABŞ dolları məbləğində borcla bağlı İddiaçı qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də heç bir tələb irəli sürməyəcək.

8. İş materiallarından görünür ki, iddiaçı həmin məktubu əsas gətirərək cavabdehə müraciət etmiş və mərkəzi kredit reyestrində dəyişiklik edilməsini xahiş etmişdir. Lakin onlar bunun üçün məhkəməyə müraciət etməyini məsləhət görmüşlər.

9. İş materiallarında olan üzrə "xxxx" MMC tərəfindən verilmiş kredit reyestrindən çıxarışla müəyyən olunmuşdur ki, İddiaçı 23.04.2013-cü il tarixli "xxxx" BOKT MMC ilə bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş qalmış borc öhdəliyi var.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Tərəflər arasında kredit münasibətləri mövcud olmuş və əldə edilmiş razılaşma əsasında iddiaçı tərəfindən kredit məbləğləri BOKT-yə ödənilmiş, lakin bunun müqabilində BOKT kredit reyestr məlumatlarına dəyişiklik edilməsi barədə Azərbaycan Kredit Bürosuna müraciət etməmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

12. Eyni Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

13. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir və belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

14. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, cavabdehlərin iddianı etiraf etməsi qanuna zidd deyil və heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur.

15. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddianı etiraf etmənin hüquqi nəticələrini hər iki tərəfə ətraflı izah etmişdir. Cavabdeh bildirmişdir ki, iddianın etirafı ilə bağlı fikri qətidir. İddiaçı isə iddianın etirafının qəbul edilərək məhkəmə tərəfindən təsdiq olunmasını xahiş etmişdir.

16. Göstərilənləri nəzərə alaraq məhkəmə cavabdeh tərəfindən iddianın etiraf olunmasını təsdiq etməyi mümkün saymışdır.

17. Həmin Məcəllənin 191.3-cü maddəsində isə deyilir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

18. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi cavabdeh tərəfindən qəbul edildiyindən həmin iddia tələbi təmin olunmalıdır.

19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, məlumat təchizatçısı olan "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı aktiv kredit öhdəliyinin olmaması barədə məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsinin "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalı, məlumatlar göndərildikdən sonra borcun olmaması barədə məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı adına açılmış tarixçəyə qeyd edilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulmalıdır.

20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Məlumat təchizatçısı olan "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı aktiv kredit öhdəliyinin olmaması barədə məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsinin "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulsun. Məlumatlar göndərildikdən sonra borcun olmaması barədə məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı adına açılmış tarixçəyə qeyd edilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar