Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-475/2025 05.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə1 və fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələb edilən şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 xx.xx.1989-cu il tarixdə, Ərizəçi2 isə xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşlar. Valideynləri Cavabdeh və X2r. Ataları Cavabdeh hələ onlar doğulmamışdan əvvəldən də psixi xəstəliyi olmuşdur. Anaları atalarının psixi xəstəliyini bilmədən onunla 1987-ci il tarixdə nikaha daxil olaraq, ailə həyatı qurmuşdur. Valideynlərin nikahı 1994-cü il tarixdə pozulmuşdur. Bundan bir neçə il sonra ataları ikinci dəfə nikaha daxil olmuşdur. AR Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in Baş direktorunun xx.xx.2024-cü il tarixli məktubunda göstərilir ki, Cavabdeh xx.xx.1981-xx.xx.1981 və xx.xx.1981-xx.xx.1982-ci il tarixlərdə həmin xəstəxanada müalicədə olmuşdur. Həmin vaxt atalarına “psixiatriya oyanıq tipli” diaqnozu qoyulmuşdur. AR Səhiyyə Nazirliyi 2 nömrəli X1 Baş həkiminin xx.xx.2024-cü il tarixli məktubundan isə məlum olur ki, Cavabdeh X9 Stansiyasının göndərişinə əsasən ilk dəfə xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək, təkrarən isə yenə X9 Stansiyasının göndərişinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həmin xəstəxanada stasionar müalicələrdə olmuşdur və hər ikisində ona “şizofreniya paranoid forma” diaqnozu qoyulmuşdur. Ataları psixi xəstəliyinə görə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Bununla belə atalarına münasibətləri normal olmuşdur. Lakin son zamanlar onun yaxın ətrafında olan şəxslər onun xəstəliyindən istifadə edərək, ondan ərizəçilərin əleyhinə hərəkətlər etməyə nail olurlar. Məsələn, atalarının adından 6 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2024-cü il tarixli vəsiyyətnaməyə görə o, ərizəçiləri mirasdan məhrum etmişdir. Atalarının bunu etməsi üçün heç bir əsas – pis rəftar, hər hansı münaqişə və s. olmamışdır. Ondan bunun səbəbini soruşduqda belə bir vəsiyyətnaməni xatırlamamışdır. Şərh olunanlara əsasən hesab edilir ki, Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Göstərilənlərə əsasən xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə1 ərizənin məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, İlqar və keçmiş həyat yoldaşı arasındakı nikah 1994-cü ildə pozulmuş və 20 ildən çox müddətdə onun hər hansı bir mənfi emosiyasının olması ağlabatan deyil və bununla bağlı sübut təqdim edilməmişdir. Cavabdeh uşaqları ilə münasibəti hər zaman olmuşdur. Odur ki, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələb edilən şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 ərizəni qəbul etməyərək bildirmişdir ki, ərizəçilərin əsas marağı əvvəllər Cavabdeh mülkiyyətində olmuş əmlakın indiki həyat yoldaşına bağışlamasının ləğv edilməsidir. Belə olmasaydı o halda əmlakla bağlı mübahisələr açılmamışdan əvvəl onunla bağlı hər hansı bir tədbir görülərdi. Ərizənin mahiyyətindən də görünür ki, ərizəçilərin bugünə qədər atası ilə bağlı maddi və mənəvi heç bir təşəbbüsləri olmamışdır. Bunların hər biri məhkəmədə sübut olunmuşdur. Məhkəmənin dindirməsindən və mütəxəssisin rəyindən də görünür ki, həmin şəxsin anlaqsız olması təsdiq olunmamışdur. Qarşı tərəf Cavabdeh əllillik dərəcəsini dəyişmək üçün çox çalışmışdır. Buna səbəb isə onun pensiyasına, qulluq edən şəxsə əlavə ödənişlərin edilməsi ilə bağlı olmuşdur. Hesab edir ki, ərizə tamamilə əsassızdır və tamah məqsədi güdür. Bütün bunlara əsasən ərizənin rədd edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə ekspertizadan sonra Cavabdeh özünün bir neçə dəfə ona zəng vurduğunu, onun da işin yekunlaşması ilə bağlı çox həyəcan keçirdiyini, onun əsas narahatlığının yuxu ilə bağlı olmasını, yata bilmədiyini, yatmaq üçün dərmanlar qəbul etdiyini, bu hadisələrin isə ona mənfi təsir etdiyini, eyni zamanda onun özünün də yaşlı anası, atası olduğunu və onların qulluğunda da dayandığını qeyd etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Əvvəlki məhkəmə iclasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələb edilən şəxs Cavabdeh ərizəyə etiraz edərək bildirmişdir ki, o, xx.xx.1965-ci il tarixində Bakı şəhərində andan olmuşdur. Hazırda 59 yaşı var. İki dəfə ailəli olmuş və 4 uşağı var. Özü ali təhsillidir İki il mühasib kimi çalışmışdır. Daha sonra isə atasının imkanı yaxşı olduğundan işdən çıxaraq onun oyektlərini işlətmişdir. Onun psixoloji vəziyyəti tam qaydasındadır. Daha öncə bununla bağlı müalicələr almışdır. Buna səbəb də məhz üzləşdiyi yuxsuzluq problemi ilə bağlı olmuşdur. Hazırda həmin problemi terapiyalar yolu müalicə edir. Hazırda birinci nikahdan olan övladlarının onun fəaliyyət qabiliyyətsiz hesab edilməyi barədə məhkəməyə müraciət etməsinə səbəb məhz onun mülkiyyətində olan və kifayət qədər yüksək dəyərdə olan qeyri-yaşayış sahəsi ilə bağlıdır. Belə ki, həmin qeyriyaşayış sahəsinin satılması və ondan əldə edilən pulun onlara verilməsi ilə bağlı ərizəçilər dəfələrlə ona telefon zəngləri etmiş, ona hədə-qorxu gəlmişlər ki, obyekti satmasa, onlar onu ruhi xəstəxanaya yerləşdirəcəklər. O da bu kimi təhdidlərdən sonra həmin obyekti hazırki həyat yoldaşına bağışladı və onun mülkiyyətinə keçirdi. Həmin obyekt o və onun ailəsinin yeganə dolanışıq yeridir. Oranı icarəyə verərək oradan aylıq 1700 manat gəlir əldə edir və bununla keçinirlər. Həmçinin, onun himayəsində yaşlı valideynləri var. Bundan bir müddət öncə oğlu Ərizəçi2 onu aldadaraq ondan etibarnamə almış və bunun da məqsədi məhz obyektin mənimsənilməsi olmuşdur. O, bundan xəbər tutduqda isə həmin etibarnaməni ləğv etdirmişdir. Hər iki övladı tüfeyli həyat yaşayır və müxtəlif şəxslərə qarşı dələduzluq əməlləri törətmiş və müxtəlif məbləğlərdə borclar alaraq qaytarmamışlar. Hazırda onlar obyekti öz əllərinə keçirərək onu satmaq və əldə edilən pulla öz borclarını ödəmək niyyətindədir. Həmçinin, o, onların anaları ilə boşanmış olsa da, onlara daim bir ata kimi baxmış, maddi köməklik göstərmişdir. Lakin onlar heç vaxt ona ata kimi hörmət etməmiş, ümumiyyətlə uzun illərdir ki, onu görməyə belə gəlməmişlər. Göstərilənlərə əsasən ərizənin rədd edilməsini xahiş etmiş, əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, axrıncı dəfə 2018-ci ilin mart ayında psixoloj müalicə almışdır. O, təcili yardımla xəstəxanaya getmişdir. Təcili yardımı da məhz öz istəyilə çağırmışdır ki, əlavə xərcləri çıxmasın. Xəstəxanaya getməyinə səbəb isə məhz yuxusuzluqla bağlı olmuşdur. Hazırda yuxusuzluqla bağlı ara bir problem yaşasa da, həkimin verdiyi dərmanı içdikdən sonra keçir. 7.Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan XV-ЖГ seriyalı, 267688 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 1989-cu il tarixdə doğulmuş, atası Cavabdehdur. 9.Mülki işin materiallarında olan XV-ЖГ seriyalı, 267602 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1990-cı il tarixdə doğulmuş, atası Cavabdehdur. 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. 11.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 360 saylı Rəyindən görünür ki, yoxlanılan şəxs Cavabdeh şizofreniya, remissiya vəziyyəti aşkar olunur. Yoxlanılan şəxs Cavabdeh müəyyən edilən şizofreniya paranoid forma remissiya vəziyyətində olduğundan o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Cavabdeh psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar yoxdur. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, ərizəçilər fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələb edilən şəxsin, yəni Cavabdeh övladlarıdır. Hazırda ərizəçilər atalarının əvvəldən psixi xəstəliyinin olduğunu iddia edərək, onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini tələb edirlər. Qarşı tərəf isə onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə heç bir əsasın olmadığını bildirərək, ərizənin rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. 14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslıolmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 15.Təqdim olunmuş sənədlərdən göründüyü kimi, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə verilmiş şəxs Cavabdeh şizofreniya remissiya vəziyyəti aşkar edilsə də, şizofreniya paranoid forma remissiya vəziyyətində olduğundan öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarındadır. 16.Belə ki, ərizəçilərin atalarının fəaliyyət qabiliyyətli olub-olmamasının müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının müvafiq rəyi ilə Cavabdeh fəaliyyət qabiliyyətli olması müəyyən edilmişdir. 17.Məhkəmə belə qənaətə gəlir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi iş materialları ilə sübut olunmur, həmçinin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələb edilən şəxs Cavabdeh məhkəmə zalında dindirilməsi zamanı verdiyi ifadələrdən və məhkəmə psixiatrik ekspertizasının rəyindən müəyyən olunur ki, Cavabdeh öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malikdir. Həmçinin, mülki iş materialları əsasında müəyyən edilir ki, Cavabdeh öz hüquqlarının həyata keçirilməsi üçün vəkilə etibarnamə vermiş, verilən etibarnamə isə müvafiq notarius tərəfindən fəaliyyət qabiliyyəti yoxlanılmaqla təsdiq edilmişdir. 18.Bundan əlavə, məhkəmə qeyd edir ki, ərizəçilərin nümayəndəsi və vəkili tərəfindən iş üzrə təkrar məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsinə dair vəsatət təqdim edilsə də, məhkəmə tərəfindən araşdırma zamanı hazırkı ekspert rəyi kifayət qədər aydın və tam olduğundan, verilmiş vəsatət formal mülahizələrdən çıxış etdiyindən və məhkəmə prosesinin lüzumsuz uzanmasına səbəb olacağından həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Bundan əlavə isə məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən təkrar ekspertizanın keçirilməsi üçün əsas səbəb kimi şəxs barəsində tərtib edilmiş rəyin bir ekspert tərəfindən verilməsi və bunun üç ekspert tərkibdə rəyin verilməsi əsas gətirilmişdir. Bununla bağlı isə məhkəmə qeyd edir ki, ilk öncə məhkəmə tərəfindən şəxs dindirilmiş və onun məhkəmə iclası zamanı vermiş olduğu izahatlarında sərbəst , səliq, axımlı izahat verməsi müəyyən edilmişdir. Bundan sonra isə məhkəmə tərəflər arasındakı şəxsin fəaliyyət qabiliyyətli olub-olmaması barədə qeyri-müəyyənliyin aradan qaldırılması, məhkəməyə inamın artırılması, həmçinin məhkəmə üçün daxildə olan şübhənin aradan qaldırılması üçün buna baxmayaraq məhkəmə psixatrik ekspertizası təyin edilmiş və verilmiş rəyə əsasəndə şəxsin fəaliyyət qabiliyyətli olması müəyyən edilmişdir. Yəni bu halda belə ekspertizanın keçirilməsində bir yox üç ekspertin iştirak etməsinin məcburi olması və bu səbəbdən həmin ekspert rəyinin mötəbər sübut növü kimi sayılmaması artıq formal olaraq yanaşma kimi qiymət verilməlidir. Bu isə məhkəmənin iş yükününü, tərəflərin məhkəmə çəkişməsində uzun müddət qalmalarına gətirib çıxaracağından qeyd edilən etiraz əsaslı hesab edilməməlidir. 19.Belə olan təqdirdə hər hansı ruhi xəstəlikdən əziyyət çəkməyən və bununla bağlı müvafiq qeydiyyata alınmamış, habelə müvafiq ekspert rəyinə əsasən fəaliyyət qabiliyyətli olması müəyyən edilmiş şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəçilər X4 və Ərizəçi2 ərizəsi təmin edilə bilməz. 20.Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ərizəçilər X4 və Ərizəçi2 (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi rədd edilməlidir. 21.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-475/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-475/2025
05.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver