Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4760/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Günay Alim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 15.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********40246 “Samsung galaxy A10” markalı telefon üçün 152 (yüz əlli iki) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat dəbbə; 18.09.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung LED” televizor üçün 1183 (min yüz səksən üç) manat ödənilməmiş hissə, 354 (üç yüz əlli dörd) manat dəbbə; 02.11.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung Soyuducu” üçün 1134 (min yüz otuz dörd) manat ödənilməmiş hissə, 540 (üç yüz qırx) manat dəbbə; 29.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********87446 “HOFFMANN X Go” markalı telefon üçün 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə; 13.02.2020-ci il tarixli müqaviləyə əsasən, “LG” paltaryuyan üçün 1051.2 (min əlli bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 264.8 (iki yüz altmış bir manat, səksən qəpik) manat dəbbə pulu, ümumilikdə, 4662 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 15.09.2019-cu il, 18.09.2019-cu il, 02.11.2019-cu il, 29.11.2019-cu il, 13.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********40246 “Samsung galaxy A10” markalı telefon, “Samsung LED” televizor, “Samsung” Soyuducu, İMEİ Kodu **********87446 “HOFFMANN X Go” markalı telefon, “LG” Paltaryuyan almış və nəticədə 4662 (dörd min altı yüz altmış iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 312 (üç yüz on iki) manat (12 ay x 26 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********40246 “Samsung galaxy A10” markalı telefon üçün ümumilikdə, 198 (yüz doxsan səkkiz) manat olmaqla ondan, 152 (yüz əlli iki) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat dəbbə; 18.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1638 (min altı yüz otuz səkkiz) manat (18 ay x 91 manat + 0 manat ilkin ödəniş) “Samsung LED” televizor üçün ümumilikdə, 1537 (min beş yüz otuz yeddi) manat olmaqla ondan, 1183 (min yüz səksən üç) manat ödənilməmiş hissə, 354 (üç yüz əlli dörd) manat dəbbə; 02.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1512 (min beş yüz on iki) manat (12 ay x 126 manat + 0 manat ilkin ödəniş) “Samsung” soyuducu üçün ümumilikdə, 1474 (min dörd yüz yetmiş dörd) manat olmaqla ondan, 1134 (min yüz otuz dörd) manat ödənilməmiş hissə, 340 (üçyüz qırx) manat dəbbə; 29.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 144 (yüz qırx dörd) manat (12 ay x 12 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********87446 “HOFFMANN X Go” markalı telefon üçün ümumilikdə, 140 (yüz qırx) manat olmaqla ondan, 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə; 13.02.2020ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1051.2 (min əlli bir manat, iyirmi qəpik) manat (18 ay x 58 manat 40 qəpik + 0 manat ilkin ödəniş) “LG” Paltaryuyan üçün ümumilikdə, 1313 (min üç yüz on üç) manat olmaqla ondan, 1051.2 (min əlli bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 261,8 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1029 manat təşkil edir. Müqavilənin ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlambsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsninə yönəldilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat vermişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 15.09.2019-cu il tarixdə ümumilikdə dəyəri 312 manat təşkil edən “Samsung Galaxy A10” markalı telefon, 18.09.2019-cu il tarixdə ümumilikdə dəyəri 1638 manat təşkil edən “Samsung LED” televizor, 02.11.2019-cu il tarixdə ümumilikdə dəyəri 1512 manat təşkil edən “Samsung” markalı soyuducu, 29.11.2019-cu il tarixdə ümumilikdə dəyəri 144 manat təşkil edən “HOFFMANN X Go” markalı telefon, 13.02.2020-ci il tarixdə ümumilikdə dəyəri 1051,20 manat təşkil edən “LG” markalı paltaryuyanın alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Əlavə Ödəniş cədvəllərinin 2-ci bəndlərinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldə bilər. 15.09.2019-cu il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə “Samsung Galaxy A10” markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 18.09.2019-cu il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə “Samsung LED” televizor tam qüsursuz halda təhvil verilmişdir. 02.11.2019-cu il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə “Samsung” markalı soyuducu markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 29.11.2019-cu il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə “HOFFMANN X Go” markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 13.02.2020-ci il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə “HUAWEİ Y6” markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 24.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№ 7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 02.06.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 15.09.2019-cu il tarixli müqavilə üzrə cavabdehə 152 manat əsas borc, 46 manat cərimə borcu, 18.09.2019-cu il tarixli müqavilə üzrə cavabdehə 1183 manat əsas borc, 354 manat cərimə borcu, 02.11.2019-cu il tarixli müqavilə üzrə 1134 manat əsas borc, 340 manat cərimə borcu, 29.11.2019-cu il tarixli müqavilə üzrə 108 manat əsas borc, 32 manat cərimə borcu, 13.02.2020-ci il tarixli müqavilə üzrə 1051,20 manat əsas borc, 261,80 manat cərimə borcu, bütün müqavilələr üzrə isə ümumilikdə 4662 manat məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilələr üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 15.09.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 18.09.2019-cu il tarixli müqavilə üzrə 50 manat, 02.11.2019-cu il tarixli müqavilə üzrə 50 manat, 29.11.2019-cu il tarixli müqavilə üzrə isə 10 manat, 13.02.2020-ci il tarixli müqavilə üzrə isə 50 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15.09.2019-cu il tarixli müqavilə üzrə cavabdehə 152 manat əsas borc, 10 manat cərimə borcu, 18.09.2019-cu il tarixli müqavilə üzrə cavabdehə 1183 manat əsas borc, 50 manat cərimə borcu, 02.11.2019-cu il tarixli müqavilə üzrə 1134 manat əsas borc, 50 manat cərimə borcu, 29.11.2019-cu il tarixli müqavilə üzrə 108 manat əsas borc, 10 manat cərimə borcu, 13.02.2020-ci il tarixli müqavilə üzrə 1051,20 manat əsas borc, 50 manat cərimə borcu, cəmi 3798,20 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 15.09.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 152 manat, cərimə borcu üzrə 10 manat, 18.09.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1183 manat, cərimə borcu üzrə 50 manat, 02.11.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1134 manat, cərimə borcu üzrə 50 manat, 29.11.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 108 manat, cərimə borcu üzrə 10 manat, 13.02.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1051,20 manat, cərimə borcu üzrə 50 manat, cəmi 3798,20 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı ümumilikdə 3822,20 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4760/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4760/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver