Məhkəmə qərarları › İş №2(006)-4764/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4764/2020

12.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4764/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: X2 və X9 cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən X1 və X4 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və cavabdeh təşkilatda 04/69-1 saylı abunə kodu altında qeydiyyatda olan qeyriyaşayış sahəsinə xx.xx.2006-cı il tarixədək hesablanmış 19553,75 manat məbləğində borcun abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 hissəsini iddiaçı X9, digər 1/2 hissəsini iddiaçı X8 xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almışdılar. Həmin qeyri-yaşıyış sahəsi hal-hazırda AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçıların paylı mülkiyyətindədir. Qeyd edir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi “X12 Cəmiyyətində 04/69-1 saylı abunə kodu altında qeydiyyata alınmışdır. Deməli, iddiaçıların mülkiyyətində olan və 04/69-1 saylı abunə kodu altında qeydiyyata alınmış qeyri-yaşıyış sahəsinə cavabdeh tərəfindən 19553,75 manat debitor borcun hesablandığı müəyyən olunmuşdur. Belə ki, abunə haqqında məlumat vərəqindən və “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli debitor borcun araşdırılması barədə məktubundan da görünür ki, ünvan 1 ünvanında yerləşən 04/69-1 saylı abunə kodu altında qeydiyyata alınmış qeyri-yaşayış sahəsinin xx.xx.2006-cı il tarixədək 19553,75 manat borcu mövcuddur. Lakin “X12 Cəmiyyətinin rəsmi internet səhifəsindən elektrik enerjisinə görə borc yoxlandıqda 04/69-1 saylı abunə kodunun cavabdehə 358 manat borcu olduğu görsənir. Qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 04/69-1 saylı abunə kodu altında qeydiyyata alınmış qeyri-yaşayış sahəsinə hesablanmış 19553,75 manat borcun silinməsi ilə bağlı cavabdehə olunan müraciət də nəticəsiz qalmışdır. Maraqlısı isə odur ki, xx.xx.2006-cı il tarixədək yaranmış elektrik enerjisinə görə 19553,75 manat borc məbləği indiyədək ümumiyyətlə tələb edilməmiş, cavabdeh tərəfindən bu barədə məhkəmədə iddia qaldırılmamış və həmin borcun tutulması barədə hər hansısa bir məhkəmə aktı qəbul olunmamışdır. Ona görə də bildirir ki, hələ Barmek dövründə yaranmış 19553,75 manat borcu üzrə mülki qanunvericiliklə nəzərdə tutulmuş tələbetmə və iddia müddəti keçmişdir, həmin borcun 14 il keçdikdən sonra tələb olunması qanunsuzdur və buna görə də hesab edir ki, qanunvericiliyə əsasən iddiaçıların mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, 04/69-1 saylı abunə kodu altında qeydiyyata alınmış qeyri- yaşayış sahəsinə xx.xx.2006-cı il tarixədək hesablanmış 19553,75 manat köhnə borc məbləği abunə hesabından silinməlidir. Yuxarıda qeyd edilənlərə əsasən “xxxx” ASC tərəfindən X1 və X4 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və cavabdeh təşkilatda 04/69-1 saylı abunə kodu altında qeydiyyatda olan qeyri-yaşayış sahəsinə xx.xx.2006-cı il tarixədək hesablanmış 19553,75 manat məbləğində borcun abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X1 və X8 məhkəməyə ərizə ilə müraciət edərək onların əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. “xxxx” ASC tərəfindən X6 ünvanlanmış məktubdan görünür ki, 04/69-1 saylı kod altında qeydiyyatda olan qeyri-yaşayış sahəsinin 19553,75 manat debitor borc “Barmek” dövrünə, yəni 2002-2006-cı illərə aiddir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı xüsusi mülkiyyət hüququ üzrə ½ hissə üzrə X3 və ½ hissə üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “xxxx” ASC tərəfindən abunə kodu **********10011 olan X6 ünvanlanmış bildirişə əsasən, ona 19553,75 manat məbləğində borc hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»-nın 8.1-8.3-cü bəndinə görə dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi “xxxx” Açıq Səhmdar Cəmiyyətində 04/69-1 saylı abunə kodu altında qeydiyyata alınmış, qeyri-yaşıyış sahəsinə cavabdeh tərəfindən 19553,75 manat debitor borcu hesablanmışdır. Həmin borc 2002-2006-cı illərə aiddir. Hazırda qeyd edilən qeyri-yaşayış sahəsi X8 və X3 paylı mülkiyyətində olsa da, borcun yaranması məhz iddiaçının həmin sahəyə mülkiyyət hüququ ilə sahiblik etdiyi dövrə təsadüf edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə iddiaçıya məxsus abunə koduna 2002-2006-cı illər üçün hesablanmış borc məbləği ilə bağlı qeyd edir ki, həmin borcun ödənilməsi ilə əlaqədar cavabdeh tərəfindən 14 il ərzində heç bir tələb irəli sürülmədiyindən, iddiaçı tərəfindən isə mübahisə predmeti olan borcdan ödəniş edilmədiyindən, o cümlədən müddətin axımının kəsilməsinə əsas verən digər hal müəyyən olumadığından həmin borcun ödənilməsinə dair öhdəliyə müddətin keçməsi əsası ilə xitam verilmişdir. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmaqla, **********10011 abunə koduna “xxxx” MMC-nin dövründə, yəni 2002-2006-cı il müddəti üçün hesablanmış 19553,75 manat borc qanunvericilikdə nəzərdə tutulmuş tələbetmə müddəti ötürüldüyündən silinməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********10011 abunə kodundan 2002-2006-cı illər üçün hesablanmış 19553,75 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar