Məhkəmə qərarları › İş №2(006)-4764/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4764/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4764/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.12.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung LED” televizor üçün 833,80 (səkkiz yüz otuz üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 212.20 (iki yüz on iki manat, iyirmi qəpik) manat dəbbə pulu, 16.03.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********83192 olan “Samsung Galaxy A30s” markalı telefon üçün 383 (üç yüz səksən üç) manat ödənilməmiş hissə, 111 (bir yüz on bir) manat dəbbə pulu, 12.06.2020-ci il tarixli müqaviləyə əsasən, “HOFFMANN” markalı kombi üçün 958,80 (doqquz yüz əlli səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 123.20 (bir yüz iyirmi üç manat, iyirmi qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 2622 (iki min altı yüz iyirmi iki manat) borc, 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 26.12.2019-cu il tarixli, 01160744 saylı alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1302,8 (bir min üç yüz iki manat, səksən qəpik) manat (18 ay x 59,6 manat + 230 manat ilkin ödəniş) “Samsung LED” televizor üçün ümumilikdə 1046 (bir min qırx altı) manat olmaqla ondan 833,8 (səkkiz yüz otuz üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 212.2 (iki yüz on iki manat, iyirmi qəpik) manat dəbbə pulu, 16.03.2020-ci il tarixli, 20181606 saylı alqı-satqı müqaviləsinə əsasən, alqısatqı qiyməti 646,8 (altı yüz qırx altı manat, səksən qəpik) manat (12 ay x 53,9 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********83192 olan “Samsung Galaxy A30s” markalı telefon üçün, ümumilikdə 494 (dörd yüz doxsan dörd) manat olmaqla ondan 383 (üç yüz səksən üç) manat ödənilməmiş hissə, 111 (bir yüz on bir) manat dəbbə pulu və 12.06.2020-ci il tarixli, 20347003 saylı alqı-satqı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1000,8 (bir min manat, səksən qəpik) manat (24 ay x 41,7 manat + 0 manat ilkin ödəniş) “HOFFMANN” markalı kombi üçün, ümumilikdə 1082 (bir min səksən iki) manat olmaqla ondan 958,8 (doqquz yüz əlli səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 123.2 (yüz iyirmi üç manat, iyirmi qəpik) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 774,8 (yeddi yüz yetmiş dörd manat, səksən qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 26.12.2019-cu il tarixli, 01160744 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 1302,8 (bir min üç yüz iki manat, səksən qəpik) manat təşkil edən “Samsung LED” televizor üçün 230 (iki yüz otuz) manat ilkin ödənişlə, 18 ay müddətinə, hər ay 59,6 (əlli doqquz manat, altmış qəpik) manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 16.03.2020-ci il tarixli, 20181606 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 646,8 (altı yüz qırx altı manat, səksən qəpik) manat təşkil edən İMEİ Kodu **********83192 olan “Samsung Galaxy A30s” markalı telefon üçün 0 (sıfır) manat ilkin ödənişlə, 12 ay müddətinə, hər ay 53,9 (əlli üç manat, doxsan qəpik) manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 12.06.2020-ci il tarixli, 20347003 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 1000,8 (bir min manat, səksən qəpik) manat təşkil edən “HOFFMANN” markalı kombi üçün 0 (sıfır) manat ilkin ödənişlə, 24 ay müddətinə, hər ay 41,7 (qırx bir manat, yetmiş qəpik) manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 02.02.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. 25.05.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 26.12.2019-cu il tarixli, 16.03.2020-ci il tarixli,12.06.2020-ci il tarixli müqavilələrə əsasən ümumilikdə 2622 (iki min altı yüz iyimi iki) manat borcu vardır. 26.04.2021-ci il tarixli, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. 26.05.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 26.12.2019-cu il tarixli, 01160744 saylı əşyanın nisyə alqısatqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyaları 230(iki yüz otuz) manat ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 18 ay müddətinə, hər ay 59,6 (əlli doqquz manat, altmış qəpik) manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 16.03.2020-ci il tarixli, 20181606 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyaları 0(sıfır) manat ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 12 ay müddətinə, hər ay 53,9 (əlli üç manat, doxsan qəpik) manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 12.06.2020-ci il tarixli, 20347003 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyaları 0(sıfır) manat ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 24 ay müddətinə, hər ay 41,7 (qırx bir manat, yetmiş qəpik) manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi, yəni iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamış və yüksək hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 26.12.2019-cu il tarixli, 01160744 saylı, 16.03.2020-ci il tarixli, 20181606 saylı və 12.06.2020-ci il tarixli, 20347003 saylı müqavilələr üzrə hesablanmış dəbbə pulunun məbləği endirilməli, 26.12.2019-cu il tarixli, 01160744 saylı müqavilə üzrə 60 (altmış) manat məbləğində, 16.03.2020-ci il tarixli, 20181606 saylı müqavilə üzrə isə 30 (otuz) manat məbləğində və 12.06.2020-ci il tarixli, 20347003 saylı müqavilə üzrə isə 80 (səksən) manat məbləğində müəyyən edilməli, həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 26.12.2019-cu il tarixli, 01160744 saylı müqavilə üzrə “Samsung LED” televizor üçün 833,80 (səkkiz yüz otuz üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 60 (altmış) manat dəbbə pulu, 16.03.2020-ci il tarixli, 20181606 saylı müqavilə üzrə İMEİ Kodu **********83192 olan “Samsung Galaxy A30s” markalı telefon üçün 383 (üç yüz səksən üç) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, 12.06.2020-ci il tarixli, 20347003 saylı müqavilə üzrə “HOFFMANN” markalı kombi üçün 958,80 (doqquz yüz əlli səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 80 (səksən) dəbbə pulu olmaqla, ümumilikdə 2345,60 (iki min üç yüz qırx beş manat, altmış qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 26.12.2019-cu il tarixli, 01160744 saylı müqavilə üzrə “Samsung LED” televizor üçün 833,80 (səkkiz yüz otuz üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 60 (altmış) manat dəbbə pulu, 16.03.2020-ci il tarixli, 20181606 saylı müqavilə üzrə İMEİ Kodu **********83192 olan “Samsung Galaxy A30s” markalı telefon üçün 383 (üç yüz səksən üç) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, 12.06.2020-ci il tarixli, 20347003 saylı müqavilə üzrə “HOFFMANN” markalı kombi üçün 958,80 (doqquz yüz əlli səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 80 (səksən) manat dəbbə pulu olmaqla, ümumilikdə 2345,60 (iki min üç yüz qırx beş manat, altmış qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar