Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4775/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixli mülkiyyətə dair Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzilə elektrik enerjisinin verilməsi qanunvericiliyin tələbinə əsasən abonentlə elektrik enerjisinin satışını həyata keçirən "xxxx" ASC arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsaən həyata keçirilir. Həmçinin, mənzilə normalara uyğun smart tipli **********24 nömrəli elektrik sayğacı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Nərimanov RETSİ-nin əməkdaşları tərəfindən elektrik sayğacına baxış keçirilərək qanunsuz və əsassız olaraq Rİ 276564 nömrəli Akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, abonent sayğacdan kənar mənzilə elektrik xətti çəkərək elektrik enerjisindən qeyri-qanuni istifadə edir. Nəticədə, 8870 kVts həcmində əlavə elektrik sərfiyyat hesablayaraq 1097.10 manat əlavə borc məbləği abunə cədvəlinə daxil edilmişdir. Bildirilir ki, qeyd edilən aktın yazılmasından ümumiyyətlə xəbəri olmayıb, həmçinin iddiaçı və ailə üzvləri tərəfindən akt imzalanmamışdır. Həmin qanunsuz aktın yazılmasından bir müddət sonra xəbər tutaraq, aktda yazılanlarla razılaşmayıb aidiyyatı orqana müraciət edərək yenidən mənzilə quraşdırılmış, elektrik sayğacına baxış keçirilməsini xahiş etdi. Nəticədə, müarciətinə uyğun olaraq EMTA-nın Bakı filialının müfəttişləri, "xxxx" ASC-nin Nərimanov RETSİ-nin nümayəndələrinin və şikayətçi olaraq iddiaçının nümayəndəsi Arif Nuriyevin iştirakı ilə elektrik sayğacına baxış keçirildi və xx.xx.2023-cü il tarixdə 3-15-2-1/1623 nömrəli Akt tərtib edildi. Həmin aktda qeyd edilmişdir ki, baxış zamanı müəyyən edildi ki, aşkar edilmiş kabel xətti mənzilə məxsus sayğacın çıxışından mənzilin zirzəmisinə çəkilmiş kabel xəttidir və həmin kabel xəttinin istehlak etdiyi elektrik enerjisinin hesabatı və enerji sərfiyyatı mənzilə məxsus elektrik sayğacı tərəfindən qeyd edilir. Nəzərə çatdırılır ki, mənzildə bir sayğac var və zirzəmi mənzilə aid yardımçı sahə olduğuna görə ora çəkilmiş elektrik xətti eyni sayğaca daxildir və həmin kabel xətti ilə istehlak edilmiş elektrik enerjisinin sərfiyyatı sayğac tərəfindən tam şəkildə qeydiyyata alınır. Nəticə etibarı ilə sayğaca kənar müdaxilə yoxdur və sayğacdan kənar elektrik enerjisindən istifadə halı öz təsdiqini tapmamışdır. Göründüyü kimi cavabdeh orqan olan "xxxx" ASC əsassız borc yazarkən həmin borcun yazılma əsasını sübut edə bilməmişdir. Dövlət orqanı cərimə və ya borc hesablayarkən konkret olaraq hansı normativ akta istinad etdiyini göstərməlidir, əks halda həmin borc və ya cərimənin yazılmasının heç bir hüquqi əsası yoxdur. Göstərilənlərə əsasən iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair qanunsuz hesablanmış 1097,10 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixli çıxarışa əsasən qızı İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən elektrik satğacına baxış keçirilərək, qanunsuz və əsassız olaraq, onların iştirakı olmadan akt tərtib edilmişdir. Həmin akta əsasən abonet sayğacından kənar mənzilə elektrik xətti çəkərək elektrik enerjsiindən qeyri-qanuni istifadə edilmişdir. Lakin bu, tam yalandır. Onlar bununla bağlı Energetika Nazirliyinə müraciət etmiş və onun nümayəndələri tərəfindən yenidən baxış keçirilərək, cavabdehin kənar xətt olaraq qeyd etdiyi xətlərin elektrik sayğacından çıxdığı və bununla bağlı sərfiyyatın hesablanması müəyyən edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 tələbini qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, tərəflərindən qanunsuz qoşulma halı müəyyən edilmiş və bu, aktlaşdırılmışdır. Bununla bağı məhkəməyə video yazı təqdim edilmişdir. Akta əsasən iddiaçıya 1097 manat cərimə hesablanmışdır. Daha sonra həmin cərimədən 274 manat çıxılmışdır. Hazırda mövcud cərimə məbləği 771 manat təşkil edir. Belə ki, cərimənin bir hissəsi iddiaçının aylıq elektrik enerjisindən istifadə ilə bağlı yüklədiyi balansdan çıxılmışdır. Odur ki, hesab edilir ki, tərəflərindən bütün prosedurlar tam qanuni aparılmışdır və buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan 2 ünvanına cavabdeh təşkilatın əməkdaşları tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacdan kənar xəttin çəkilməsinə görə qeyri-qanuni istifadə halı mövcuddur. Bununla bağlı xx.xx.2023-cü il tarixli, 276564 nömrəli akt tərtib edilmiş, sayğac üzərinə 1097.10 manat məbləğində borc yazılmışdır. Hazırda iddiaçı tərəf həmin borcun qanunsuz və əsassız yazıldığını iddia edərək, borcun silinməsini tələb edir, cavabdeh isə iddia tələbi ilə razı deyildir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 126, mənzil 37 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 8.Mülki işin materiallarında olan "xxxx" ASC-nin R276564 №-li xx.xx.2023-cü il tarixli akta əsasən abonent Ağamirov Sənana məxsus Bakı şəhəri Nərimanov rayonu, M.Əlizadə 126, mənzil 37 (abonent kodu **********60037) ünvan üzrə yerləşən evinə aid elektrik sayğaca baxış keçirilmiş, baxış zamanı abonent sayğacdan kənar mənzilə elektrik xətti çəkərək elektrik enerjisindən qeyri-qanuni istifadə edir, mənzilə axan yük tərəflərindən ampermaşa vasitəsilə ölçülüb, 2.3 (iki onda üç) amper təşkil edir. Həmin aktdan görünür ki, yoxlama zamanı abonent iştirak etməmişdir. 9.Mülki işin materiallarında olan X1 Agentliyi tərəfindən 3-15-2-1/1623 nömrəli, 20 dekabr 2023-cü il tarixli tərtib olunmuş aktdan görünür ki, EMTA-nın Bakı filialının müfəttişləri Yalçın Həsənov, Murad Allahverdiyev, "xxxx" ASC-nin Nərimanov RETS-nin nümayəndəsi Həsənov Azər tərəfindən akt tərtib olunmuş və ünvan 4 ünvanında yerləşən mənzilin elektrk enerjisi ilə bağlı yaranmış borcun araşdırılmasına köməklik göstərilməsi barədə vətəndaş İddiaçı Energetika Nazirliyinə daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətinə əsasən tərəflərindən şikayətçinin nümayəndəsi X6 iştirakı ilə baxılmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, mənzilin enerji təchizatı Nərimanov RETSİ-nin balans və xidmətində olan 366№-li transformatr yerüstüstansiya 0.4 kV-lıq paylayıcı qurğusundan təchiz edilir. Araşdırma zamanı məlum olmuşdur ki, Nərimanov RETSİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində mənzilə məxsus elektrik sayğacının sxemi yoxlanılarkən elektrik sayğacından kənar elektrik enerjisinin istifadə edildiyi iddia edilərək 276564 №-li akt tərtib edilmiş və itirilmiş enerjinin bərpa edilməsi məqsədi ilə yenidən hesablanma aparılmış və istehlakçının hesabına 8.870 kVts(dəyəri 1097.10 manat) əlavə enerji sərfiyyatı daxil edilmişdir. Lakin baxış zamanı məlum olmuşdur ki, RETSİ-nin nümayəndələri tərəfindən aşkar edilmiş mənzilə məxsus sayğacın çıxışından mənzilin zirzəmisinə çəkilmiş kabel xəttidir və həmin kabel xəttinin istehlak etdiyi elektrik enerjisinin hesabatı və enerji sərfiyyatını mənzilə məxsus elektrik sayğacı qeyd edir. 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyinin X1 Agentliyi Bakı filialı tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-15-2-1/2-Ə-290-5-379/2024 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi 126 ünvanında yerləşən 37 nömrəli mənzilində elektrik enerjisinə görə əlavə hesablanmış borc məbləğinin araşdırılmasına köməklik göstərilməsi barədə Energetika Nazirliyinə və X2 Agentliyinə daxil olmuş müraciətlərə Agentliyin Bakı filialında baxılmışdır. "xxxx" ASC-nin Nərimanov Rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən təqdim olunan sənədlərə əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində mənzilə aid elektrik sayğacının sxemi yoxlanarkən sayğacdan kənar elektrik enerjisindən istifadə edildiyi əsas götürülməklə Rİ 276564 nömrəli akt tərtib edilmiş və hesablaşma aparılaraq istehlakçının hesabına 8870 kVts (dəyəri 1097,10 manat) əlavə elektrik enerji sərfiyyatı abunə haqqında cədvələ daxil edilmişdir. Elektrik enerjisindən istifadədə pozuntuya yol verilməsi ilə bağlı foto və ya videoçəkiliş təqdim edilməmişdir. Məsələ ilə əlaqədar xx.xx.2023-cü il tarixində Agentliyin Bakı filialının müfəttişləri, Nərimanov RETSlnin əməkdaşı və onun nümayəndəsinin iştirakı ilə yerində baxış keçirilən zaman elektrik sayğacından kənar elektrik enerjisindən istifadə edildiyi iddia edilən kabel xəttinin mənzilə məxsus sayğacın çıxışından mənzilin zirzəmisinə çəkilmiş kabel xətti olduğu məlum olmuşdur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra - Qaydalar) 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, akta görə hesablanmış borc məbləğinin silinməsi məsələsinə baxılması məqsədilə tərəflərindən "xxxx" ASC-yə məktublar göndərilmişdir. "xxxx" ASC-nin cavab məktublarında akta görə hesablanmış borcdan 274,34 manat məbləğinin silindiyi qeyd edilmiş, borcun qalan hissəsi Qaydaların hər hansı bəndi ilə əsaslandırılmamışdır. Məlumat üçün bildirilir ki, akta əsasən aparılmış hesabatdan qalan borcla əlaqədar enerji təchizatı müəssisəsinə qarşı məhkəməyə müraciət etmək hüququ vardır. 11.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən Texniki idarənin görəcəyi işlər barədə tələblərdən görünür ki, M.Əlizadə küçəsi, ev 126, mənzil 37 ünvanına kənar xətt qüsuruna görə 1097,10 manat məbləğində borc yazılmışdır (4,4 kvt x 24 saat x 0,7 x 120 gün=8870 kvts). 12.Mülki işin materiallarında olan "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsi tərəfindən verilən MXİ 0014-Ə nömrəli, xx.xx.2024-cü il tarixli razılaşma protokolundan görünür ki, abonentin AR Energetika Nazirliyi X2 Agentliyinin Bakı filialına etdiyi 3-15-2- 1/2-9/2024 saylı, xx.xx.2023-cü il tarixli "xxxx" ASC-yə daxil olmuş 13-13/-1-1-178/2024 saylı, xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən, Nərimanov RETSİ-i tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Rİ 276564 saylı aktla verilmiş 8870 kvts (1097.10 manat) enerji sərfiyyatı ilə əlaqədar baxılmışdır və abonentə 2494 kvts (274.34 AZN) azalma verilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. 14.«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 15.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 16.Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. 17.Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 18.Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 19.Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 20.Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 21.Hazırki iş üzrə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, abonent sayğacdan kənar mənzilə elektrik xətti çəkərək elektrik enerjisindən qeyri-qanuni istifadə edir. Məhkəmə tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki (cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən flaşkarta baxış keçirilən zaman), həqiqətən də elektrik sayğacına kənar xəttin qoşulması faktı mövcuddur. Bununla bağlı, iş materiallarından göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, 276564 nömrəli akt tərtib edilmiş, sayğac üzərinə 1097.10 manat məbləğində borc yazılmışdır. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilən hallardan biri də o olmuşdur ki, cavabdeh təşkilat tərəfindən sayğac üzərinə yazılan həmin borc məbləğindən 274,34 manatı silinmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçıya məxsus mənzildəki sayğaca qanunsuz qoşulma faktı öz təsdiqini tapdığından cavabdeh tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli, 276564 nömrəli akt tam qanuni olmuşdur. Lakin, bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının nə vaxtdan etibarən sayğaca qanunsuz qoşulması müəyyən edilməmişdir. Halbuki, məhkəmə qeyd edir ki, bu, cavabdehin vəzifəsi olmaqla onun tərəfindən sayğaca qanunsuz qoşulma halı əvvəlcədən müəyyən edilməli və bu, qanuna uyğun olaraq aktlaşdırılmalı idi. Odur ki, məhkəmə sayğaca qanunsuz qoşulma halının hansı tarixdən başlanmasının qeyrimüəyyən olmasını və bunun cavabdehin öhdəliyi olması (hər ay olaraq baxış keçirməklə) halını nəzərə alaraq hesab edir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilə dair qanunsuz hesablanmış borc qismən silinməlidir. 22.Bundan başqa, məhkəmə akta əsasən hesablanmış 822,76 (1097,10- 274,34=822,76) manat məbləğində borcun silinməsi hissəsi ilə əlaqədar qeyd edir ki, akta əsasən iddiaçıya 120 gün üçün əlavə ödəniş hesablanmışdır. Elektrik enerjisindən istifadə üzrə hesablaşma dövrünə uyğun olaraq iddiaçıya bir ay üçün əlavə ödəniş hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır və iddiaçıya aylıq ödənişlər nəzərə alınmaqla 30 gün üçün əlavə ödəniş (50 manat həcmində) hesablanması ağlabatan hesab edilir. Odur ki, akta əsasən hesablanmış borcun digər hissəsi – 772,76 manat isə (822,76-50) əsassız hesab edilməklə iddiaçının abunə hesabından silinməlidir. 23.Bununla da məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus ünvan 1 (abonent kodu: **********60037) ünvanına əsassız hesablanmış 772,76 (yeddi yüz yetmiş iki manat, yetmiş altı qəpik) manat məbləğində borc iddiaçının **********60037 saylı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 24.Bundan əlavə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir. 25.Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 26.Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 27.Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu olaraq ödənilməli olan 30 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 30.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 32.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 33.Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 (abonent kodu: **********60037) ünvanına əsassız hesablanmış 772,76 (yeddi yüz yetmiş iki manat, yetmiş altı qəpik) manat məbləğində borc iddiaçının **********60037 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumu olaraq ödənilməli olan 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4775/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4775/2024
02.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver