Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4778/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X4, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X2 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X5 qarşı "pul" tələbinə dair iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X2 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “ ilkin iddia tələbinin rədd edilməsi və pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, 14.03.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********51377 olan «Samsung J2» markalı telefon üçün 75 manat ödənilməmiş hissə, 7 manat cərimə; 07.12.2019-cu il tarixli müqaviləyə əsasən «Samsung» markalı LED televizor üçün 1.102 manat ödənilməmiş hissə, 110 manat cərimə olmaqla, cəmi 1.294 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərdiyindən və ərizədə qeyd olunanlarla tanışlıq zamanı, iş üzrə əlavə araşdırmaya, tərəflərin çağırılaraq izahatlarının alınmasına zərurət yarandığından, məhkəmənin müvafiq qərardadına əsasən işə iddia icraatı qaydasında baxılması qərara alınmış, bu barədə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsinə müvafiq olaraq qərardad qəbul edilmişdir. Sonradan, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14.03.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********51377 olan «Samsung J2» markalı telefon üçün 75 manat ödənilməmiş hissə, 7 manat cərimə; 07.12.2019-cu il tarixli müqaviləyə əsasən «Samsung» markalı LED televizor üçün 290 manat ödənilməmiş hissə, 29 manat cərimə olmaqla, cəmi 401 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 14.03.2019-cu il və 07.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********51377 olan «Samsung J2» markalı telefon və «Samsung» markalı LED televizor almış və nəticədə 1.294 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.03.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 414 manat (18 ay x 23 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********51377 olan «Samsung J2» markalı telefon üçün ümumilikdə 82 manat olmaqla, həmin məbləğdən 75 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 manat cərimə; 07.12.2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.244 manat (18 ay x 69 manat + 2 manat ilkin ödəniş) «Samsung» markalı LED televizor üçün ümumilikdə 1.212 manat olmaqla, həmin məbləğdən 1.102 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 110 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 481 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh "xxxx" MMC-yə qarşı «ilk iddia tələbinin rədd edilməsi və pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, tərəflər arasında bağlanmış 07 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən «Samsung» markalı LED televizor üçün ödədiyi 142 manat pulun "xxxx" MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, onunla "xxxx" MMC arasında bağlanmış 14 mart 2019-cu il tarixli müqavilə ilə İMEİ kodu **********51377 olan «Samsung J2» markalı telefon almışdır. Amma telefonu aldıqdan sonra pandemiya səbəbindən iş yerini itirmişdir. Bu səbəbdən, mobil telefonun pulunu hissə-hissə ödəmişdir və indiyədək cəmi 75 manat ödənilməmiş borcu qalıb. Həmin borcu da hissə-hissə ödəməyə hazır olsa da, "xxxx" MMC əlavə 7 manat cərimə hesablayıb. "xxxx" MMC bu müqavilə üzrə borc məlumatını doğru bildirsə də, 07 dekabr 2019-cu il tarixli müqavilə ilə bağlı məhkəməyə tam məlumat verməyib. Belə ki, onunla "xxxx" MMC arasında imzalanan 07 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən «Samsung» markalı LED televizor almışdır. Televizorun ümumi məbləği 1.244 manat olub. Sözügedən müqavilə şərtlərinə uyğun o, 18 ay müddətində hər ay 69 manat (əlavə 2 manat ilkin ödəniş) olmaqla, "xxxx" MMC-yə pul ödəməli idi. Sonrakı 2 ay müddətində 142 manat ödəniş etmişdir. Televizorun ödənişini qayınanasının təqaüdü ilə ödəyirdi. Amma 2020-ci ildə qayınanası X3 rəhmətə gedib. Həm qayınanasının ölümü, həm də öz işi bağlandığından televizorun kredit ödənişini edə bilməyəcəyinin çətin olacağını bilmişdir. Bu barədə "xxxx" MMC-yə məlumat verəndən sonra şirkətin əməkdaşları evlərinə gəlmiş və kreditlə aldığı televizoru akt əsasında evlərindən götürərək aparmışlar. Televizoru evlərindən "xxxx" MMC-nin İlham adlı əməkdaşı aparmışdır və bununla bağlı 7385 saylı təhvil-təslim aktı tərtib etmişdir. Həmin aktdan da göründüyü kimi, «Samsung» markalı LED televizoru evlərindən götürülərkən tam yaxşı vəziyyətdə olub. 07 dekabr 2019-cu il tarixli müqavilə ilə aldığı «Samsung» markalı LED televizor 11 noyabr 2020-ci il tarixdə "xxxx" MMC tərəfindən evlərindən aparılsa da, şirkət ondan televizorun tam məbləğdə ödənilməsini iddia ərizəsində tələb edir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 14.03.2019-cu il tarixli 00562475 saylı müqavilədən görünür ki, X6 "xxxx" MMC-dən dəyərini müqavilə şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə satış dəyəri 414 manat olan İMEİ kodu **********51377 olan «Samsung J2» markalı telefon almışdır. Müqavilənin şərtlərinə görə X6 alınmış əşyaya görə ilkin ödənişsiz, 18 ay müddətində hər ay 23 manat ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş 07.12.2019-cu il tarixli 01106641 saylı müqavilədən görünür ki, X6 "xxxx" MMC-dən dəyərini müqavilə şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə satış dəyəri 1.244 manat olan «Samsung» markalı LED televizor almışdır. Müqavilənin şərtlərinə görə X6 alınmış əşyaya görə 2 manat ilkin ödənişlə, 18 ay müddətində hər ay 69 manat ödəniş etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMCdən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə İMEİ kodu **********51377 olan «Samsung J2» markalı telefon və «Samsung» markalı LED televizor almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə 21.05.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müvafiq olaraq 75 manat və 1.102 manat borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğlərə müvafiq olaraq 7 manat və 110 manat dəbbə pulu hesablanmışdır. Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində; qarşılıqlı iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, 14.03.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********51377 olan «Samsung J2» markalı telefon üçün 75 manat əsas borc, 1 manat cərimə; 07.12.2019-cu il tarixli müqaviləyə əsasən «Samsung» markalı LED televizor üçün 290 manat əsas borc, 4 manat cərimə olmaqla, cəmi 370 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X1 alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İlk iddia qalan hissədə və Cavabdeh "xxxx" MMC-yə qarşı «ilk iddia tələbinin rədd edilməsi və pul» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, iki müqavilə üzrə müvafiq olaraq 1 manat və 4 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, yuxarıda qeyd olunan müqavilələr üzrə müvafiq olaraq 1 manat və 4 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Bundan başqa, televizor təhvil-təslim aktına görə ilk iddia üzrə iddiaçıya qaytarıldığından, televizorun dəyəri ilə əsas borc məbləği arasındakı fərq 290 manat təşkil edir. Bu səbəbdən, həmçinin ilk iddia üzrə iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etdiyindən, televizora görə tutulmalı əsas borc 290 manat müəyyən edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Qarşılıqlı iddia üzrə ödənilmiş 20 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. 14.03.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********51377 olan «Samsung J2» markalı telefon üçün 75 manat əsas borc, 1 manat cərimə; 07.12.2019-cu il tarixli müqaviləyə əsasən «Samsung» markalı LED televizor üçün 290 manat əsas borc, 4 manat cərimə olmaqla, cəmi 370 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X1 alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İlk iddia qalan hissədə və Cavabdeh "xxxx" MMC-yə qarşı «ilk iddia tələbinin rədd edilməsi və pul» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 20 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4778/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4778/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver