Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-478/2022 19.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «kredit müqaviləsinin və ona əlavənin etibarsız hesab edilməsi, kredit müqaviləsi ilə bağlı məlumatların silinməsi ilə bağlı "xxxx" MMC-yə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı «müqavilənin etibarsız hesab edilməsi və adında olan gecikmənin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin may ayında öz işlədiyi təşkilatın maliyyə xidmətlərini icra edən «RabitəBank»a pul krediti götürmək üçün onlayn müraciət etmişdir. İki gün sonra həmin bankdan iddiaçıya imtina cavabı gəlmiş, bankın əməkdaşı bildirmişdir ki, ona kredit xətti ayrıla bilməz, onun hal-hazırda 114 gün gecikməsi var, 2528 manat borcu var və hal-hazırda heç bir bank ona kredit ayrıla bilməz. Bank tərəfindən həmin borc barəsində iddiaçıya ətraflı məlumat verilməmişdir. Həmin günü iddiaçı «ASAN xidmət» mərkəzinə üz tutmuş, oradan Mərkəzi Kredit Reyestrindən çıxarış almış və ona məlum olmuşdur ki, həmin borc «Optimal Elektronics» mağazalar şəbəkəsinədir. İddiaçı həmin adı çəkilən şirkətlə əlaqə saxlamışdır. Orada ona məlumat vermişlər ki, guya iddiaçı 2021-ci ilin yanvar ayının 5-də həmin şirkətə online kredit almaq almaq üçün müraciət etmiş, yanvar ayının 6-sı onun adına kredit rəsmiləşdirilib və guya iddiaçı 1 ədəd televizor və 1 ədəd tozsoran əldə etmişdir. Həmin mallar da guya iddiaçıya qeydiyyatda olduğu ünvana çatdırılıb. 2021-ci ilin iyun ayında «Optimal Elektronics»in Nərimanov filialına getmiş, orada iddiaçıya məlum olmuşdur ki, həmin kredit onun adına onun xəbəri olmadan rəsmiləşdirilən zaman şəxsiyyət vəsiqəsində olan məlumatlardan başqa bütün məlumatlar yanlışdır. İş yeri, ailə vəziyyəti, yaşadığı ünvan, qohumluq əlaqələri, telefon nömrələri sistemlərində olan bütün məlumatlar yanlışdır. Guya iddiaçı BP-də işləyir, Xatirə xanım adlı bir xanım onun arvadıdır, halbuki iddiaçı BP-də işləmir və subaydır. Heç vaxt evli olmamışdır, Xatirə adlı xanımı tanımır. Adı çəkilən qohumluq əlaqəsi siyahısında qeyd edilən şəxsoləri tanımır. İddiaçıya xidmət göstərən əməkdaş qeyd edilən əlaqə telefonları ilə əlaqə yaratmağa çalışmış, lakin heç bir telefon nömrəsinə zəng çatmamamış, həmin telefonlar aktiv deyil. Şirkətin əməkdaşı araşdırma aparacaqlarını və iddiaçıya məlumat verəccəklərini bildirmişdir. Bir müddət iddiaçı ilə heç kim əlaqə yaratmamış, şikətin qaynar xətti ilə əlaqə yaratmış və ona bildirilmişdir ki, onun adına kredit rəsmiləşdirilib, həmin kredit borcunu iddiaçı mütləq ödəməlidir, əks halda onu məhkəməyə verəcəklər. Bir neçə müddət sonra yenidən adı çəkilən şirkətə getmiş, orada ona məlum olmuşdur ki, bu vəziyyətdə, yəni adına saxtalaşdırılmış kredit xətti açılan tək iddiaçı deyil. Maliyyə şöbəsi ilə əlaqə yaratmış, oranın əməkdaşı ona inandığını, lakin heç bir köməklik edə bilməyəcəyini bldirmişdir. Daha sonra iddiaçı həmin şirkətin onlayn sifariş departamentinin rəhbəri ilə görüşmüş, müqaviləni tələb etmişdir. Həmin departamentin rəhbəri iddiaçıya heç bir sənədi təqdim də bilməyəcəyini bildirmişdir. Bir müddəit sonra təkrar şirkətin bir neçə əməkdaşına yönləndirilmiş, lakin öz xeyrinə heç bir nəticə əldə edə bilməmişdir. İddiaçı heç vaxt adı çəkilən şirkətdən nisyə mal əldə etməmişdir. Həmin müqavilə saxtalaşdırılmışdır, həmin şirkətdə kredit rəsmiləşdirilən zaman qeyd olunan bütün məlumatlar yanlışdır. Göstərilənlərə əsasən cavabdeh «Optimal Elektronics» tərəfindən iddiaçının iştirakı olmadan onun adından bağlanmış müqavilənin etibarsız hesab edilməsinə və Mərkəzi Bankın Kredit Reyestrində adında qeyd edilən yanlış gecikmənin silinməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə onun arasında 06.01.2021-ci il tarixli kredit müqaviləsinin və ona 1 saylı Əlavənin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsi ilə bağlı məlumatların silinməsi barədə "xxxx" MMC-yə məlumatın verilməsi öhdliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı həmçinin izahatında göstərmişdir ki, onun kredit müqaviləsindən xəbəri belə olmamışdır.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin cavabdehin nümayəndəsi Aydın Hacıyev məhkəməyə ünvanlanmış ərizədə iddia tələbinin rədd edilərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmənin əvvəlki iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı internet vasitəsi ilə sifariş edib və sözügedən məlumatları onalar özü təqdim etmişdir. Onların əməkdaşları da iddiaçının evini tanıdıqlarını, malı öz əlləri ilə aparıb şəxsə təqdim etdiklərini bildirirlər. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
7. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, iddiaçını tanımır, ilk dəfədir ki, görür. O, şirkətin sürücüsüdür. Əşyanın təhvil verilib-verilməməsi yadında deyil, həmin hadisənin üstündən bir il yarımdan çox müddət keçib, həmi dönəmlər 1 gün ərzində 30-35 nəfərə çatdırmalar etmişlər.
8. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, iddiaçını tanımır, siması tanış gəlmir. Yevlaxa çox getmişlər. Əvvəlcə şəxslə əlaqə saxlamışlar, gəlib onları qarşılamışdı. Televizor və tozsoranı aparıb təhvil vermişlər. Gecə idi, təhvil verdiyi şəxsin üzünü görə bilməmişdir. Tarıx yadında qalmayıb.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş üzrə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 06.01.2019-cu il tarixli, ONSK06665 saylı nisyə alqı-satqı müqaviləsinə, həmin müqaviləyə 1 saylı Əlavəyə və təhvil-təslim aktına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı 1 ədəd «Sony» markalı televizor və 1 ədəd «Bosch» markalı tozsoran 12 ay müddətinə, aylıq 211 manat ödəmək şərti ilə nisyə satılmışdır. Əşyanın alqı-satqı qiyməti 2528 manat təşkil edir.
10. İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş 241732 nömrəli, 06.01.2021-ci il tarixli çatdırma qaiməsindən görünür ki, «Bosch» markalı tozsoran müştəri İddiaçı onlayn sifarişi əsasında Yevlax rayonu, Aran qəsəbəsinə çatdırılmışdır, təhvil verdi Elmir adlı şəxs, təhvil aldı İlqar adlı şəxsdir.
11. İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş 242935 nömrəli, 09.01.2021-ci il tarixli çatdırma qaiməsindən görünür ki, «Sony» markalı tozsoran müştəri İddiaçı onlayn sifarişi əsasında Yevlax rayonu, Aran qəsəbəsinə çatdırılmışdır, təhvil verdi Elmir adlı şəxs, təhvil aldı İlqar adlı şəxsdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/259 saylı, 11.04.2022-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki:
1. Ekspertizaya təqdim edilmiş 06.01.2021-ci il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Təhvil aldı» qrafasındakı imza; 06.01.2021-ci il tarixli ONSK06665 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavənin aşağı hissəsində «Borclu» qrafasındakı imza; 06.01.2021-ci il tarixli ONSK06665 saylı nisyə alqı-satqı müqaviləsinin aşağı hissəsində «Alıcı» qrafasındakı imza; 06.01.2021-ci il tarixli, 09.01.2021-ci il tarixli 242935 və 241732 saylı çatdırılma qaimələrinin aşağı hissələrində «Təhvil aldı: Adı, soyadı - İmzası» qrafalarındakı imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
2. Ekspertiza təqdim edilmiş 06.01.2021-ci il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Təhvil aldı» qrafasındakı imza; 06.01.2021-ci il tarixli ONSK06665 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavənin aşağı hissəsində «Borclu» qrafasındakı imzada; 06.01.2021-ci il tarixli ONSK06665 saylı nisyə alqı-satqı müqaviləsinin aşağı hissəsində «Alıcı» qrafasındakı imzada; 06.01.2021-ci il tarixli, 09.01.2021-ci il tarixli 242935 və 241732 saylı çatdırılma qaimələrinin aşağı hissələrində «Təhvil aldı: Adı, soyadı - İmzası» qrafalarındakı imzalarda - oxşaldılmaqla icra olunma əlamətləri müşahidə olunmadı. Ekspert tədqiqatının dəyəri 124 (yüz iyirmi dörd) manat təşkil etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 06.01.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə, həmin müqaviləyə 1 saylı Əlavəyə və təhvil-təslim aktına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı «Sony» markalı televizor və «Bosch» markalı tozsoran 12 ay müddətinə, aylıq 211 manat ödəmək şərti ilə cəmi 2528 manat məbləğində nisyə satılmışdır. Hazırda iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, nisyə alqı-satqı müqaviləsindən onun xəbəri yoxdur. O, cavabdehlə hər hansı nisyə alqı-satqı müqaviləsi bağlamamış və müqavilədə olan imzanın ona məxsus deyil. Bu səbəbdən iddiaçı nisyə alğı-satqı müqaviləsinin və 1 saylı əlavənin etibarsız hesab edilməsi, nisyə alğı-satqı müqaviləsi ilə bağlı məlumatların silinməsi ilə bağlı "xxxx" MMC-yə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) .
15. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
16. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır.
17. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
18. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).
19. Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
20. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
21. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5).
24. İddia tələbində iddiaçı nisyə alğı-satqı müqaviləsinin və əlavənin onun tərəfindən imzalanmadığını və həmin müqaviləsində olan imzanın ona məxsus olmamasını göstərmişdir.
25. Məhkəmə tərəfindən iş üzrə tam və obyektiv araşdırma aparılması məqsədilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və 11.04.2022-ci il tarixli 4/259 saylı ekspert rəyinə əsasən 06.01.2021-ci il tarixli təhvil-təslim aktının aşağı hissəsində «Təhvil aldı» qrafasındakı imza; 06.01.2021-ci il tarixli ONSK06665 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavənin aşağı hissəsində «Borclu» qrafasındakı imza; 06.01.2021-ci il tarixli ONSK06665 saylı nisyə alqı-satqı müqaviləsinin aşağı hissəsində «Alıcı» qrafasındakı imza; 06.01.2021-ci il tarixli, 09.01.2021-ci il tarixli 242935 və 241732 saylı çatdırılma qaimələrinin aşağı hissələrində «Təhvil aldı: Adı, soyadı - İmzası» qrafalarındakı imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
26. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
27. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
28. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
30. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
31. Yuxarıda qeyd edildiyi kimi, mülki qanunvericiliyin tələblərinə əsasən mülki hüquq münasibətlərin və öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olmalıdır.
32. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi 06.01.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindəki, ona 1 saylı Əlavəsindəki və çatdırılma qaimələrindəki imzalar iddiaçıya məxsus deyil və iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə təsdiq edilmişdir ki, nisyə alqı-satqı müqaviləsindəki, ona 1 saylı Əlavəsindəki və çatdırılma qaimələrindəki olan imzalar İddiaçı tərəfindən icra olunmamışdır.
33. Məhkəmə qeyd edir ki, öhdəliyin yaranmasına əsas olan nisyə alqı-satqı müqaviləsindəki imzası iddiaçıya məxsus olmadığından, onun həmin müqaviləsi üzrə hər hansı öhdəliyi yarana bilməz.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
35. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Qeyd edilən Məcəllənin 387.1-ci maddəsinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri — kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda, bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. 35.Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda, ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır.
37. Qeyd edilən Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır.
38. Məhkəmə hesab edir ki, ekspert rəyi ilə nisyə alqı-satqı müqaviləsindəki imzanın iddiaçı tərəfindən icra edilməməsi müəyyən edildiyindən, həmin müqavilə etibarlı əqd kimi qəbul edilə bilməz.
39. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
40. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.
41. Göstərilən Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
42. Məhkəmə mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərini və iş üzrə toplanmış sübutları nəzərə alaraq hesab edir ki, mübahisəli nisyə alqı-satqı müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanıldığından, həmin müqavilənin və ona 1 saylı Əlavənin etibarsız hesab edilməsi ilə bağlı tələb əsaslı hesab edilməli və təmin edilməlidir.
43. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin nisyə alqı-satqı müqaviləsinin və ona 1 saylı Əlavənin etibarsız hesab edilməsi hissəsi əsaslı hesab edildiyi üçün, həmin müqavilə ilə bağlı məlumatların silinməsi barədə "xxxx" MMC-yə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələb də əsaslı hesab edilməlidir.
44. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 06 yanvar 2021-ci il tarixli ONSK06665 saylı nisyə alqı-satqı müqaviləsi və ona 1 saylı Əlavəsi etibarsız hesab edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 06 yanvar 2021-ci il tarixli ONSK06665 saylı nisyə alqı-satqı müqaviləsi ilə bağlı məlumatların bütövlükdə silinməsi barədə "xxxx" MMC-yə məlumatın verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
48. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 124 (yüz iyirmi dörd) manat Cavabdeh MMC-dən tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.
52. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 06 yanvar 2021-ci il tarixli ONSK06665 saylı nisyə alqı-satqı müqaviləsi və ona 1 saylı Əlavəsi etibarsız hesab edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 06 yanvar 2021-ci il tarixli ONSK06665 saylı nisyə alqı-satqı müqaviləsi ilə bağlı məlumatların bütövlükdə silinməsi barədə "xxxx" MMC-yə məlumatın verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri dəyəri 124 (yüz iyirmi dörd) manat Cavabdeh MMC-dən tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov