Məhkəmə qərarları › İş №2(006)-4788/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4788/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4788/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Günay Alim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, 19.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********79191 olan “iPhone Xs Max” markalı telefon üçün 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə; 01.11.2019-cu il tarixli müqaviləyə əsasən, “Smart Segway holder”, “Panasonic” epilyator üçün 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24 (iyirmi dörd) manat cərimə; 31.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********12654 “Samsung galaxy A10” markalı telefon, “Nevresim” takımı üçün 326,8 (üç yüz iyirmi altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, 32,2 (otuz iki manat, iyirmi qəpik) manat cərimə, ümumilikdə, 893 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 19.07.2019-cu il, 01.11.2019-cu il, 31.12.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********79191 olan iPhone Xs Max markalı telefon, Smart Segway holder, Panasonic Epilyator, İMEİ Kodu **********12654 Samsung galaxy A10 markalı telefon, Nevresim Takımı almış və nəticədə 893 (səkkiz yüz doxsan üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3276 (üç min iki yüz yetmiş altı) manat (12 ay x 273 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********79191 olan iPhone Xs Max markalı telefon üçün ümumilikdə, 270 (iki yüz yetmiş) manat olmaqla ondan, 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24 (iyirmi dörd) manat cərimə; 01.11.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 581 (beş yüz səksən bir) manat (12 ay x 101 manat + 40 manat ilkin ödəniş) Smart Segway holder, Panasonic Epilyator üçün ümumilikdə, 264 (iki yüz altmış dörd) manat olmaqla ondan, 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24 (iyirmi dörd) manat cərimə; 31.12.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 490.8 (dörd yüz doxsan manat, səksən qəpik) manat (12 ay x 40 manat 90 qəpik + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********12654 Samsung galaxy A10 markalı telefon, Nevresim Takımı üçün ümumilikdə, 359 (üç yüz əlli doqquz) manat olmaqla ondan, 326.8 (üç yüz iyirmi altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.2 (otuz iki manat, iyirmi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3535 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə tərəfindən, ərizə və ona əlavə edilmiş sənədlər araşdırılaraq, iddiaçının ərizədə göstərdiyi dəlillərin əlavə araşdırılmasına ehtiyac yarandığından, onun tərəfindən təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən, iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etmək məqsədi ilə tərəflərin çağırılaraq izahatların alınmasına zərurət yarandığından, 26.07.2021-ci il tarixli qərardadı ilə hazırkı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsinin tələblərinə əsasən, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 19.07.2019-cu il tarixdə ümumilikdə dəyəri 3.276 manat təşkil edən “iPhone Xs Max” markalı telefon, 01.11.2019-cu il tarixdə ümumilikdə dəyəri 581 manat təşkil edən “Smart Segway holder” və “Panasonic” epilyator və 31.12.2019-cu il tarixdə ümumilikdə dəyəri 490,80 manat təşkil edən “Samsung Galaxy A10” markalı telefonun hissə-hissə ödəmək şərti ilə alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Əlavə Ödəniş cədvəllərinin 2-ci bəndlərinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldə bilər. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 19.07.2019-cu il tarixli müqavilə üzrə 24 manat, 01.11.2019-cu il tarixli müqavilə üzrə isə 24 və 31.12.2019-cu il tarixli müqavilə üzrə 32,2 manat təşkil edir. 31.12.2019-cu il tarixli bildiriş və təhvil-təslim aktına əsasən, Cavabdeh 01182346 saylı müqaviləyə üzrə tərtib edilmiş bildirişlə tanış olmuş və müqavilə üzrə avadanlıqları tam qüsursuz halda təhvil almışdır. 01.11.2019-cu il tarixli bildiriş və təhvil-təslim aktına əsasən, Cavabdeh 01021985 saylı müqaviləyə üzrə tərtib edilmiş bildirişlə tanış olmuş və müqavilə üzrə avadanlıqları tam qüsursuz halda təhvil almışdır. 19.07.2019-cu il tarixli bildiriş və təhvil-təslim aktına əsasən, Cavabdeh 00792540 saylı müqaviləyə üzrə tərtib edilmiş bildirişlə tanış olmuş və müqavilə üzrə avadanlıqları tam qüsursuz halda təhvil almışdır. 22.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№ 7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 26.05.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 19.07.2019-cu il tarixli müqavilə üzrə cavabdehə 246 manat əsas borc, 24 manat cərimə borcu, 01.11.2019-cu il tarixli müqavilə üzrə 240 manat əsas borc, 24 manat cərimə borcu, 31.12.2019-cu il tarixli müqavilə üzrə 326,80 manat əsas borc, 32,20 manat cərimə borcu, bütün müqavilələr üzrə isə ümumilikdə 893 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 19.07.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 01.11.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 31.12.2019-cu il tarixli müqavilə üzrə isə 10 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 19.07.2019-cu il tarixli müqaviləyə uyğun olaraq əsas borc üzrə 246 manat, cərimə borcu üzrə 10 manat, 01.11.2019-cu il tarixli müqaviləyə uyğun olaraq əsas borc üzrə 240 manat, cərimə borcu üzrə 10 manat, 31.12.2019-cu il tarixli müqaviləyə uyğun olaraq əsas borc üzrə 326,80 manat, cərimə borcu üzrə 10 manat, ümumilikdə iddiaçının tərəf olduğu müqavilələr üzrə 842,80 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 28 manatı məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 19.07.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 246 manat, cərimə borcu üzrə 10 manat; 01.11.2019-cu il tarixli müqaviləyə əsasən 240 manat, cərimə borcu üzrə 10 manat; 31.12.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 326,80 manat, cərimə borcu üzrə 10 manat, ümumilikdə iddiaçının tərəf olduğu müqavilələr üzrə 842,80 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 28 manatı, cəmi 870,80 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar