Məhkəmə qərarları › İş №2(006)-479/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-479/2022

28.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-479/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı “miras payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı “miras payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Accent” minik markalı, **-TS-*** dövlət nömrə nişanlı avtomobilinə və Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 422-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasında 63 nömrəli mənzilinə dair 1/3 hissədə miras payının müəyyən edilməsi, “Hyundai Accent” minik markalı, **-TS-*** dövlət nömrə nişanlı avtomobilin cavabdeh tərəfindən onun istifadə və sahibliyinə verilməsi, qanun üzrə vərəsəlik işi açılan gündən, yəni 14.01.2021-ci il tarixdən indiyə kimi, miras əmlaklardan təkbaşına istifadə etməsinə və onun istifadəsinə verməkdən imtina etdiyinə görə, “Hyundai Accent” minik markalı, **- TS-*** dövlət nömrə nişanlı avtomobili üzrə 2.000 manat, Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 422-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasında 63 nömrəli mənzilinə görə isə 5.000 manat əldən çıxmış fayda şəklində vurulmuş zərərin Cavabdeh1 alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 12.11.1968-ci il təvəllüdlü X5 07.07.2020-ci il tarixdə Bakı şəhərində ağır xəstəlikdən sonra vəfat ermişdir. Sağ ikən, o, 19.12.2006-cı ildə - “Hyundai Accent” minik markalı, **-TS-*** dövlət nömrə nişanlı avtomobili, 04.04.2009-cu ildə - Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ev 241-də yerləşən 52 nömrəli mənzili və 01.04.2013-cü ildə - Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 422-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasında 63 nömrəli mənzili əldə etmişdir. 27 fevral 2017-ci il tarixdə mərhum İddiaçı 2 saylı “ASAN xidmət” Mərkəzində Cavabdeh1la nikahını qeydə aldırmış, övladı dünyaya gələndə isə aşkarlanan xərçəng xətəliyindən 07.07.2020-ci ildə vəfat etmişdir. Qızının mirasına dair Bakı şəhəri 14 saylı Notariat ofisində vərəsəlik işi açılmış və sağ vərəsələr dairəsi olaraq anası - xx.xx.1946-cı il təvəllüdlü İddiaçı, əri — xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh1 və övladı - 01.02.2018-ci il təvəllüdlü X7 olaraq müəyyənləşdirilmişdir. Lakin, 14 saylı Notariat Ofisi “Hyundai Accent” minik markalı, **-TS-*** dövlət nömrə nişanlı avtomobilinə və Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 422-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasında 63 nömrəli mənzilə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim etməkdən yayınmışdır. Baxmayaraq ki, qeyd olunan əmlaklara dair X13 30.01.2021-ci il tarixli, 10579-1281 saylı məktubu və "xxxx" MTK ilə bağlanan 19 nömrəli müqavilə mövcuddur. Hazırda mənzilə onun da vərəsə hüquqlarının mövcud olması və nəzərə alınması ilə bağlı dəfələrlə "xxxx" MTK-ya məlumat verilmiş, Cavabdeh1 tərəfindən mənzildən birtərəfli istifadənin qadağan edilməsi xahiş edilmişdir. Cavabdeh mənzili 3-cü şəxslərə kirayə verərək qeyri-qanuni gəlir əldə edir. Eyni zamanda cavabdeh qızına məxsus avtomobilə də qeyri-qanuni sahiblik edərək, gəlir və fayda götürür, bununla da onun hüquqlarını pozur və maddi zərər vurmuş olur. Hər iki əmlaka dair qanuni vərəsə kimi iddiaçının 1/3 hissədə qanuni miras payı müəyyən olunmalı, əmlaklardan istifadə və sahiblik üzrə cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Cavabdeh 14 saylı Notariat Ofisi “Hyundai Accent” minik markalı, **-TS-*** dövlət nömrə nişanlı avtomobilinə və Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 422-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasında 63 nömrəli mənzilə dair iddiaçıya qanun üzrə vərəsəlik şəhadətnaməsi verməməklə qanunsuzluq edir. Cavabdeh1 isə qeyd olunna hər iki əmlakdan təkbaşına istifadə etməklə və həmin əmlakları iddiaçının da istifadəsinə verməkdən imtina etməklə ona əldən çıxmış fayda şəklində maddi zərər vurur. Belə ki, qanun üzrə vərəsəlik açılan vaxtdan, yəni 14.01.2021ci il tarixdən keçən 10 ay ərzində avtomobili və mənzili kirayə vermiş olduğu zaman, hər ay avtomobilin icarəyə verilməsindən 200.0 manat olmaqla, 10 ay ərzində 2000.0 manat, mənzilin icarəyə verilməsindən hər ay 500.0 manat olmaqla 10 ay ərzində 5000.0 manat gəlirdən məhrum olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək həmçinin bildirmişdir ki, İddiaçı mərhum qızı X2 qalmış bəzi əmlaklara dair 1/3 hissədə miras payının müəyyən olunmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı tərəfindən artıq miras əmlakın bir hissəsinin qəbul edilməsi üçün notariat orqanına müraciət olunmuş, miras payı qəbul edilmiş və adına rəsmiləşdirilmişdir. Sözügedən miras əmlak - Baki şəhəri, Dilarə Əliyeva küçəsi, ev 241, mənzil 52 barəsində iddiaçıya verilmiş qanun üzrə vərəsəlik hüququ şəhadətnaməsi və vərəsənin adına keçməsi barədə müvafiq sənədlər (çıxarış) məhkəməyə təqdim edilmişdir. Mirasın qalan hissəsi olan - Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 422-ci məhəllədə yerləşən, çoxmərtəbəli yaşayış binasının 63 nömrəli mənzili və **-TS-*** dövlət nömrə nişanlı HYUNDAİ ACCENT markalı minik avtomobili barəsində isə mübahisə yaranmış, cavabdehlər Cavabdeh1 və 14 saylı Notariat Ofisi qanunsuz birgəlik nümayiş etdirərək həmin əmlaklara münasibətdə iddiaçının miras payının müəyyən olunmasına mane olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmədən, hazırki işə baxan zaman yuxarıda qeyd olunan bu halları nəzərə almasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddiaya etiraz ərizəsini məhkəməyə ünvanlayaraq bildirmişdir ki, mərhum həyat yoldaşı X5 07.07.2020-ci ildə vəfat etmişdir. O, həyat yoldaşı X3 vəfatından sonra 14 Saylı Notariat Ofisinə müraciət edərək vərəsəlik işinin açılmasını xahiş etmişdi. Həmin vərəsəlik işi üzrə vərəsələrin dairəsi o, oğlu X7 və qaymanası - İddiaçı müəyyənləşdirilmişdir. İddiaçı vərəsəlik işinin açıldığı gündən 19 ay keçməsinə baxmayaraq X2 miras qalmış “Hyundai Accent” minik markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobili və Bakı şəhəri Yasamal rayonu, B. Məcidov küçəsi, 422-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 63 nömrəli mənzilini miras əmlak kimi qəbul etməmişdir. İddiaçı vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində, miras açıldığı gündən isə 6 ay ərzində mirası qəbul edə bilərdi, lakin vərəsəlik işinin açıldığı gündən 19 ay keçməsinə baxmayaraq iddia tələbində qeyd etdiyi miras əmlakları qəbul etmədiyindən hazırda həmin mirasın onlar tərəfindən qəbul edilməsinə qanun yol vermir. Belə ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçı həmin miras əmlaklara nə sahibiik etmiş, nə faktiki idarə etmiş, nə də qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. Beləliklə də iddiaçının mirasın bir hissəsinə belə faktiki sahiblik etməyə başlamadığından mirası qəbul etmədiyi tam sübut olunur. Mülki Məcəllənin müvafiq maddəsinin tələbinə əsasən iddiaçıya bir neçə pay düşməsinə baxmayaraq o, hazırkı iddia tələbinə qeyd etdiyi miras əmlaklardan imtina etmiş və qəbul etməmişdir. O, həmin əmlakları həm faktiki qəbul etmiş, həm də hüquqi cəhətdən qəbul edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. İddiaçının iddia ərizəsinə həm də digər hissədə etiraz edərək bildirir ki, əmlaklar üzərində pay hüquqları müəyyən edilmədiyi, miras əmlakın qəbul edilmədiyi halda iddiaçının həmin əmlakların üzərində pay hüququmun olmasına və istifadəmdə olmasına görə məndən avtomobilə görə 2000 manat, mənzilə görə isə 5000 manat əldən çıxmış fayda şəklində tələb edilən vurulmuş zərər tələbi də tamamilə əsassızdır və təmin edilə bilməz. O, avtomobil və mənzilə faktiki və hüquqi cəhətdən sahiblik etsə də, onlardan heç bir qazanc əldə etməmişdir. İddiaçı X2 qalmış “Hyundai Accent” minik markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobil və Bakı şəhəri Yasamal rayonu, B. Məcidov küçəsi, 422-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 63 nömrəli mənzil miras kimi qəbul edilmədiyindən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. "xxxx" MTK tərəfindən X4 verilmiş 01 aprel 2013-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 422-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasında 63 nömrəli mənzil üzrə pay haqqı tam ödənilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən ünvanlanmış 12.02.2021-ci il tarixli məktuba əlavə edilən kompüter uçot bazasından çıxarışdan görünür ki, “Hyundai Accent” minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil 19.02.2006-cı il tarixdən X3 adına qeydiyyat keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MN seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241, 52 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 151 nömrəli reyestr kitabının 14999 nömrəli vərəqində 04.04.2009-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 05 noyabr 2019-cu il tarixdə verilmiş, AZ-İİ seriyalı 182899 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 və X5 27 fevral 2017-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında həmin tarixdə 368 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hüseynova soyadı verilmişdir. 2 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.07.2020-ci il tarixli, AZ 089253 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07.07.2020-ci il tarixdə yumurtalığın bədxassəli yenitörəməsi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 11.07.2020-ci il tarixdə 658 nömrə ilə qeyd edilmişdir. 14.01.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 07.07.2020-ci il tarixində vəfat etmiş X3 vərəsəsi İddiaçı Bakı şəhər 14 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən miras əmlakına 1/3 hissədə pay hüququ müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241, 52 nömrəli mənzildir. Göstərilən miras əmlakın 2/3 hissəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçının qızı və cavabdehin arvadı olmuş X3 vəfatından sonra Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 13.01.2021-ci il tarixli 2v-21 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı, Cavabdeh1 və X6 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241, 52 nömrəli mənzilin üzərində hər birinin 1/3 hissədə pay hüququ müəyyən edilmişdir. İddiaçı qeyd olunan əmlakdan ibarət miras payı qəbul edib, mülkiyyət hüququ ilə 11.02.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində adına qeydiyyatdan keçirmişdir. Miras əmlakın tərkibinə daxil olan digər əmlakdaki 1/3 hissədən ibarət payı (“Hyundai Accent” minik markalı, **-TS-*** dövlət nömrə nişanlı avtomobil) açıq saxlanılmışdır. Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 422-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasında 63 nömrəli mənzil üzrə "Saray” MTKyə pay haqqı tam ödənildiyi və mərhum X1 borcunun olmadığı müəyyən edilsə də, mənzil tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün bu əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Hazırki iş üzrə hər iki tərəfin miras qoyanın birinci növbədə vərəsəsi olması işin mübahisəsiz halıdır. İş üzrə mübahisələndirilən hal miras qoyanın anası olan cavabdeh İddiaçı tərəfindən “Hyundai Accent” minik markalı, **-TS-*** dövlət nömrə nişanlı avtomobil və Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 422-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasında 63 nömrəli mənzildən ibarət mirasın qəbul edilibedilməməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü, 1246-cı və 1273-1-ci maddələlərinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir (vərəsənin susması). Vərəsəlik institutunun vacib aspektlərindən biri olan mirasın qəbul edilməsi müddəti hüquq münasibəti iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Əgər varis göstərilən müddət ərzində mirası qəbul etməzsə, o, mirası qəbul etmə hüququnu itirir. İddia müddətindən fərqli olaraq mirası qəbul etmə müddətinin ötürülməsi həm hüququn xitamına, həm də onun müdafiəsi hüququnun xitamına səbəb olur. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsə mirası qəbul etməyə yönələn hərəkətləri edərək, ya mirası qəbul etdiyi barədə notariat kontoruna ərizə verməli, ya da əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməlidir. Mirası qəbul etmək hüququ həm birbaşa iradə ifadəsi ilə (mirasın açıldığı yer üzrə notariat kontoruna miras qəbul etmə barədə ərizə verməklə), həm də vərəsənin miras qəbul etmək niyyətini ifadə edən konklyudent hərəkətlərlə (vərəsənin əmlakı faktiki idarə etməsi və ona faktiki sahiblik etməsi) həyata keçirilə bilər. İşdən isə müəyyən olunur ki, iddiaçı rəsmi olaraq miras əmlakın bir qisminin (miras qoyana məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241, 52 nömrəli mənzilin) qəbulu ilə bağlı notariat orqanına müraciət etmiş və ona 14.01.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı əsaslı olaraq Mülki Məcəllənin 1243.3-cü maddəsinə istinad edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, həmin maddənin məzmununa görə vərəsə mirasın yalnız bir hissəsinin qəbul etməyə yönələn hərəkətləri etdikdə hesab edilir ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur. Məhkəmə iddianın ““Hyundai Accent” minik markalı, **-TS-*** dövlət nömrə nişanlı avtomobilin cavabdeh tərəfindən onun istifadə və sahibliyinə verilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 215.1, 215.2 və 215.4-cü paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Bir qayda olaraq paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılaşması əsasında həyata keçirilir. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Beləliklə məhkəmə iddianın bu hissəsinin rədd edilməsi qənaətinə gələrək qeyd edir ki, iddiaçı “Hyundai Accent” minik markalı, **-TS-*** dövlət nömrə nişanlı avtomobilin özünə aid hissəsini naturada ayrılmasını, bu və payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi mümkün olmadıqda, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etmək hüququna malikdir. İddianın “Qanun üzrə vərəsəlik işi açılan gündən, yəni 14.01.2021-ci il tarixdən indiyə kimi, miras əmlaklardan istifadə etməsinə və onun istifadəsinə verməkdən imtina etdiyinə görə, avtomobilə görə 2.000 manat, Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 422ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasında 63 nömrəli mənzilə görə isə 5.000 manat əldən çıxmış fayda şəklində vurulmuş zərərin Cavabdeh1 alınaraq ona ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 422-ci məhəllədə yerləşən yaşayış binasının 63 saylı mənzilinin 1/3 hissəsinə və “Hyundai Accent” minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/3 hissəsinə miras payı müəyyən edilməli, iddia digər hissədə rədd olunmalıdır. Məhkəmə iş üzrə nəticəyə gələrkən, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində pul ödəmişdir. İddia tələblərinin 30%-i təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 422-ci məhəllədə yerləşən yaşayış binasının 63 saylı mənzilinin 1/3 hissəsinə və “Hyundai Accent” minik markalı, **- TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/3 hissəsinə miras payı müəyyən edilsin. İddia digər hissədə rədd olunsun. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 10 manatı məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar