Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4798/2023 04.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq onun adına yazılmış 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı evə qaz sayğacı quraşdırılmışdır. İddiaçı qazdan istifadəyə görə hesablanmış borcları həmişə vaxtında ödəmişdir. Bir müddət əvvəl iddiaçı qazdan istifadə kartını sayğaca daxil edib ödəniş etdiyi zaman qazdan istifadəyə görə 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borcun hesablandığını görmüşdür. Buna səbəb kimi isə guya sayğacın yararsız vəziyyətdə olması göstərilmişdir. Qeyd edilən 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc abonent saldosunda da göstərilmişdir. Halbuki, həmin saldodan görünür ki, iddiaçı hər ay qaz sərfiyyatına görə borcları ödəmişdir. Cavabdehin iddiaçının adına yazdığı borcun yaranmasında iddiaçının və ailə üzvlərinin heç bir təqsiri yoxdur. Belə ki, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməmiş, borcun yaranmasına səbəb olan hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Habelə, sayğac iddiaçının evinin yerləşdiyi həyətin bayır tərəfində, yəni iddiaçı tərəfindən nəzarət edilməsi mümkün olmayan yerdə quraşdırılmışdır. Həmçinin sayğacın müdaxilədən qorunması üçün heç bir tədbir görülmədiyindən (sayğacın üzərində qutu və s. quraşdırılmamasına görə) sayğaca müdaxilə edilməsinə və ya hər hansı problemin yaranmasına görə məhz cavabdehin özü məsuliyyət daşıyır. Buna görə də cavabdeh tərəfindən iddiaçının adına yazılmış 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borcun silinməlidir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********400940 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metereologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 29/1710-02355-1 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu şüsəsinin üzərinə vurulan üç ədəd zavod plastmas plombdan ikisi, alt və üst hissədəki üzərində aşkar olunmadı, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Hesablanmış 1555,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunması iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********00940 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaq, Cavabdeh İB-nin nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, üzürlü səbəbdən baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 24 ünvanında yerləşən 94 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci ildən İddiaçı adına qeydiyyata alınmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı (abonent kodu: **********00940) məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 24 ünvanında yerləşən 94 nömrəli mənzildən **********0 nömrəli “G-4” markalı Zenner tipli qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən çıxarılaraq əvəzində yeni qaz sayğacı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş Qaz sayğacının yoxlanılması barədə 14-2-2/3-5- 4289-1 №-li Aktdan görünür ki, **********0 nömrəli “G-4” markalı Zenner tipli qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üç ədəd zavod plastmas plombdan ikisi, alt və üst hissədəki üzərində aşkar olunmamışdır. Sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür, sayğac istismara yararsızdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı (abonent kodu: **********00940) məxsus ünvan 1 ünvanında 14-2-2/3-5-4289-1 №-li MSK-ya əsasən **********0 nömrəli sayğaca baxış keçirilən zaman “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üç ədəd zavod plastmas plombdan ikisi alt və üst hissədəki üzərində aşkar olunmamışdır. Sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğac istismara yararsızdır. Dəymiş ziyan hesablanmalı və ödənilməlidir. Akt Cavabdeh İB-nin əməkdaşları tərəfindən imzalanmış, istehlakçı İddiaçı isə aktı imzalamaqdan imtina etmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-4289-1 №-li Akta əsasən “G-4” markalı **********0 nömrəli sayğacın hesablaşma mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üç ədəd zavod plastmas plombdan ikisi, alt və üst hissədəki üzərində aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa edilməlidir (əsas: xx.xx.2023-cü il tarixli ******* №-li akt). Qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 12960 m3 (6 x 24 x 90 = 12960 m3) qazın itkiyə getdiyi hesablanmışdır. İddiaçı (abonent kodu: **********00940) məxsus ünvan 1 ünvanı üzrə abonentin saldosundan görünür ki, 2023-cü ilin aprel ayına “qalıq və aktlar” qrafasında 1555,20 manat borc yazılmışdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 24 ünvanında yerləşən 94 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. İddiaçıya məxsus həmin ünvanda olan qaz sayğacı xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üç ədəd zavod plastmas plombdan ikisinin, alt və üst hissədəkinin üzərində aşkar olunmaması, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkün olması və sayğacın istismara yararsız olması səbəbilə yenisi ilə əvəz edilmiş və bu barədə akt tərtib edilmişdir. Bununla bağlı iddiaçıya verilmiş abonent koduna 1555,20 manat məbləğində borc yazılmışdır. Hazırda iddiaçı həmin borcun əsassız yazıldığını iddia edərək, qaz sayğacına edilən müdaxiləyə görə özünün deyil, cavabdehin məsuliyyət daşıdığını bildirib, əsassız yazılmış borcun silinməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəf isə borcun əsaslı yazıldığını bildirərək, iddiaçının sayğacın hesablama mexanizmini pozmaqda maraqlı ola biləcəyini və itirilmiş qaza görə yaranmış borcun məhz iddiaçı tərəfindən ödənilməli olduğunu qeyd edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbinin dəlilləri iş materialları ilə öz təsdiqini tapdığından və qanunvericiliyə müvafiq olaraq, iddiaçının mənzilinə məxsus sayğacın işlək vəziyyətdə saxlanılmasına məsuliyyəti cavabdeh daşıdığından, cavabdeh isə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini, həmçinin, etirazda göstərdiyi dəlilləri təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə görə, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanı üzrə İddiaçı (abonent kodu: **********00940) əsassız hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanı üzrə İddiaçı (abonent kodu: **********00940) əsassız hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-4798/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4798/2023
04.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver